Bioqrafiya
Altmış illik dostluq — bu bir başlanğıcdır
1951-ci ilin bir yay axşamı 20 yaşlarında olan dörd gənc oğlan İtakada (Nyu-York ştatı, ABŞ) bir-birlərinə yanaşı telefon köşklərinə girib Miçiqana, Ayovaya və Kaliforniyaya zəng sifariş edirdi. Onların dostları və ailə üzvləri ilə bölüşəsi xoş xəbərləri var idi!
ELƏ həmin ilin fevral ayında Gilead Məktəbinin 17-ci sinfinə dəvət alan 122 pioner Nyu-Yorkun Saut-Lansinq şəhərinə axışmışdı. Gələcək xüsusi təyinatlı müjdəçilər arasında Louell Törner, Uilliam (Bill) Kasten, Riçard Kelsi və Ramon Templton da vardı. Louell və Bill Miçiqandan, Riçard Ayovadan, Ramon isə Kaliforniyadan idi. Çox keçməmiş onlar yaxın dost oldular.
Təxminən beş ay sonra baş idarədən olan Neytan Norr qardaşın tələbələrlə söhbət etməyə gələcəyi məlum olanda onları həyəcan bürüdü. Bu dörd qardaş xahiş etdi ki, əgər mümkündürsə, onları eyni yerə təyin etsinlər. Bəs, görəsən, onları hara təyin edəcəklər?!
Neytan qardaş məzunların təyinatlarını elan etməyə başlayanda həyəcanları daha da artdı. Səhnəyə dəvət edilən ilk məzunlar bu dörd gənc oldu. Onlar çox həyəcanlı idilər, ancaq xidməti birlikdə davam etdirəcəklərini biləndə rahat nəfəs aldılar! Onların Almaniyaya təyin olunduqları elan ediləndə təəccüb içində olan sinif yoldaşlarından gurultulu alqışlar qopdu.
Bütün dünyadakı Yehovanın Şahidləri Hitler Almaniyasındakı həmimanlılarının 1933-cü ildən üzləşdikləri şiddətli sınaqlara rəğmən sadiq qaldıqları barədə eşidəndə heyrətə gəlirdilər. Bir çox tələbələr xatırlayırlar ki, İkinci Dünya müharibəsinin nəticələrindən əziyyət çəkən avropalı qardaşlar üçün içində pal-paltar olan, eləcə də üzərində «CARE» («Cooperative for American Remittances to Europe») yazılmış bağlamalar hazırlayırdılar. Yehovanın Almaniyadakı xalqı iman, əzmkarlıq, cəsarət və Yehovaya etibar təzahür etdirməkdə böyük nümunə idi. Louell qardaş həmin an ağlından keçdiyi fikri xatırlayır: «İndi biz bu əziz bacı-qardaşlarla şəxsən tanış olacağıq». Təəccüblü deyil ki, həmin axşam bu sevindirici xəbəri qohum-əqrəbalarına və dostlarına çatdırmaq üçün onlar telefon köşklərinə qaçdılar!»
ALMANİYAYA YOLA DÜŞÜRLƏR
1951-ci ilin iyulun 27-də dörd dost Nyu-Yorkun İst-River çayının limanından «Homeland» (azərbaycanca «Vətən» deməkdir) gəmisi ilə Almaniyaya yola düşdü. Gilead Məktəbinin təlimatçılarından biri və sonradan Rəhbərlik Şurasının üzvü olan Albert Şröder onlara almanca bir neçə cümlə öyrətmişdi. Qardaşlar ümid edirdilər ki, gəmidə onlarla gedən bir neçə alman sərnişinin köməyi ilə almanca daha çox öyrənəcəklər. Lakin dostlar onların müxtəlif ləhcələrdə danışdıqlarını biləndə məyus oldular!
On bir gün sürən səyahətdən sonra, avqustun 7-si çərşənbə axşamı səhər tezdən dəniz xəstəliyinə tab gətirən qardaşlar, nəhayət ki, Almaniyanın Hamburq şəhərinə ayaq basdılar. Hər yerdə altı il əvvəl başa çatan müharibənin izləri görünürdü. Gördüklərindən mütəəssir olan qardaşlar gecə qatarı ilə o vaxtlar ofisimizin yerləşdiyi Visbaden şəhərinə yola düşdülər.
Çərşənbə günü sübh tezdən onların Almaniyada qarşılaşdıqları ilk Şahid adi alman adı daşıyan Hans adlı bir qardaş oldu. Qardaş onları vağzalda qarşılayıb Bet-Elə gətirdi və ingiliscə bir kəlmə bilməyən çox əzmkar yaşlı bacının yanında qoyub getdi. Görünür, bacı düşünürdü ki, ucadan danışarsa, dil sərhədi aradan götürüləcək. Lakin bacının getdikcə səsini qaldırmasına baxmayaraq, həm onun özü, həm də qardaşlar daha çox məyus olurdular. Filial xidmətçisi Erik Frost gələndə və onları səmimiyyətlə ingiliscə salamlayanda vəziyyət düzəldi.
Avqustun sonlarına yaxın ilk dəfə qardaşlar alman dilində keçirilən konqresdə iştirak etdilər. «Təmiz ibadət» adlanan bu konqres Frankfut-Mayn şəhərində keçirilmişdi. İştirakçıların ən yüksək sayı 47 432 nəfər idi və 2373 nəfər vəftiz olunmuşdu. Bu, qardaşların təbliğ etmək arzusunu daha da alovlandırdı. Ancaq bir neçə gündən sonra Norr qardaş onların Bet-Eldə xidmət etməyə təyin edildiklərini dedi.
Ramon, həqiqətən də, xüsusi təyinatlı müjdəçi olmaq istəyirdi və hətta buna görə bir dəfə ABŞ-dakı Bet-Eldə xidmət etmək təklifindən imtina etmişdi. Nə Riçard, nə də ki Bill heç vaxt Bet-El xidməti barədə fikirləşmirdi. Lakin sonradan təyinatlarından aldıqları sevinc onları tam əmin etdi ki, Yehova həmişə nəyin ən yaxşı olduğunu bilir. Öz arzularımızın arxasınca getməkdənsə, Onun rəhbərliyinə tabe olmaq yaxşıdır! Bu dərsi mənimsəyənlər Yehovaya hər yerdə və istənilən təyinatda xidmət etməyə şad olacaqlar.
VERBOTEN!
Almaniyadakı Bet-El ailəsinin bir çox üzvləri Amerikadan qardaşların gəldiyini biləndə çox sevinmişdilər. Çünki düşünürdülər ki, nəhayət, ingilis dillərini təkmilləşdirəcəklər. Günlərin bir günü yeməkxanada olarkən onların bu ümidləri gözlənilmədən alt-üst oldu. Frost qardaş həmişəki kimi şövqlə alman dilində ciddi bir məsələ barədə danışmağa başladı. Yeməkxanaya səssizlik çökmüşdü və çoxu başını aşağı salmışdı. Yeni gələnlər qardaşın nə haqda danışdığını anlamasalar da, yavaş-yavaş bunun onlarla bağlı olduğunu dərk etməyə başladılar. Frost qardaş ucadan və bir neçə dəfə vurğulayaraq «VERBOTEN!» («Qadağandır!») deyəndə onlar pərt oldular. Maraqlıdır, görəsən, onlar nə iş görmüşdülər ki, qardaş belə sərt reaksiya göstərdi?
Hamı öz otağına dağılışdı. Sonra qardaşlardan biri izah etdi: «Siz bizə kömək edə biləsiniz deyə alman dilini öyrənməlisiniz. Məhz buna görə Frost qardaş dedi ki, dili öyrənənə qədər sizinlə ingiliscə danışmaq “VERBOTEN”dir».
Bet-El ailəsi bu göstərişə dərhal əməl etməyə başladı. Bu, təzə gələnlərə alman dilini öyrənməyə kömək etməklə yanaşı, həm də onlara öyrətmişdi ki, sevən qardaşın verdiyi məsləhətləri ilk başdan tətbiq etmək çətin olsa da, bu, çox vaxt onların xeyrinədir. Frost qardaşın verdiyi məsləhətlər Yehovanın təşkilatının rifahını düşündüyündən və qardaşlarına bəslədiyi məhəbbətindən irəli gəlirdia. Heç də təəccüblü deyil ki, dörd dost onu qardaş kimi sevməyə başladı!
DOSTLARIMIZDAN ÖYRƏNİRİK
Ürəklərində Allah xofu olan dostlarımızdan dəyərli dərslər öyrənə bilərik. Bu isə bizim Yehova ilə dostluğumuzu daha da möhkəmləndirəcək. Bu dörd dost sadiq alman bacı-qardaşlarından, — onların sayı o qədər çoxdur ki, adbaad sadalamaq mümkün deyil — eləcə də bir-birlərindən çox şey öyrənib. Riçard deyir: «Louell alman dilini bir az bilirdi; biz bu dili güc-bəla ilə öyrəndiyimiz halda, o, demək olar ki, əziyyət çəkmirdi. Üstəlik, o, bizdən yaşca böyük olduğundan dillə və digər məsələlərlə bağlı məsləhət almaq üçün ona üz tuturduq». Ramon xatırlayır: «Almaniyada bir il xidmət etdikdən sonra isveçrəli bir qardaş ilk məzuniyyətimizi İsveçrədəki kənd evində keçirməyi təklif edəndə sevincim yerə-göyə sığmırdı! Bu zaman fikirləşdim ki, nəhayət, iki həftə alman dilindən istirahət edəcəyəm! Lakin Louelli tamamilə unutmuşdum. O israr etdi ki, biz hər səhər gündəlik ayəni oxuyub müzakirə edəndə bunu almanca edək! Onun qərarında qəti olduğunu görəndə qanım yaman qaraldı. Lakin biz çox vacib dərs — bəzən razı olmasaq da, yaxşılığımızı düşünənlərin rəhbərliyinə tabe olmağı öyrəndik. İllər boyunca bu, bizə xeyir gətirməklə yanaşı, teokratik göstərişlərə riayət etməyimizi də asanlaşdırdı».
Dörd dost, Filipililərə 2:3 ayəsində deyildiyi kimi, həm də bir-birlərinin səciyyəvi xüsusiyyətlərini qiymətləndirməyi öyrəndilər: «Təvazökar olub başqalarını özünüzdən üstün sayın». Bu səbəbdən Louell, Riçard və Ramon onlardan daha yaxşı öhdəsindən gələcəyini düşündükləri məsələlərdə Bilə üz tuturdular. Louell xatırlayır: «Çətin məsələnin həlli üçün vacib və xoşagəlməz addım atmaq lazım gələndə həmişə Bilə müraciət edərdik. O, belə vəziyyətlərin öhdəsindən yaxşı gəlirdi. Buna görə də həmin işi görmək üçün cəsarətimiz və ya gücümüz çatmayanda köməyi ondan istəyərdik».
AİLƏ SƏADƏTİ
Qardaşlar bir-bir evləndilər. Onların dostluğu Yehovaya və tammüddətli xidmətə olan məhəbbətə əsaslanırdı, buna görə də onlar Yehovanı həyatlarında birinci yerə qoymağa hazır olan bacılarla ailə qurmağa qərarlı idilər. Tammüddətli xidmət sayəsində onlar öyrəndilər ki, vermək almaqdan daha yaxşıdır və şəxsi istəklər lazımi yerdə — Padşahlığın maraqları ilə müqayisədə, ikinci yerdə durmalıdır. Bu səbəbdən onlar öz təşəbbüsləri ilə tammüddətli xidmətə başlayan bacılarla ailə qurdular. Nəticədə, hər biri xoşbəxt və möhkəm ailəyə sahib oldu.
Dostluq və ya nikah möhkəm olsun deyə münasibətlərdə Yehova da iştirak etməlidir (Vaiz 4:12). Bill və Ramonun həyat yoldaşları sonradan vəfat etdilər. Lakin onlar sağ ikən ərlərinə dayaq olmuş və birgə xoşbəxt yaşamışlar. Sadiq həyat yoldaşın öz ərinə verə biləcəyi dəstəkdən Louell və Riçard bu günə kimi faydalanırlar. Bill ikinci dəfə ailə qurdu; müdrik seçim etməsi sayəsində o, tammüddətli xidmətini davam etdirdi.
Sonrakı illərdə bu dostların hərəsini təyinatları ilə əlaqədar müxtəlif yerlərə, əsasən, Almaniyaya, Avstriyaya, Lüksemburqa, Kanadaya və Amerika Birləşmiş Ştatlarına göndərmişdilər. Onlar əvvəlki kimi birgə istədikləri qədər vaxt keçirə bilmirdilər. Onları böyük məsafələr ayırsa da, həmişə bir-birləri ilə əlaqə saxlayırdılar: birgə gülüb, birgə ağlayırdılar (Rom. 12:15). Bu kimi dostların qədrini bilmək lazımdır və onlara adi yanaşılmamalıdır. Onlar Yehovanın qiymətli hədiyyəsidir (Sül. məs. 17:17). İndiki dövrdə əsil dostlara çox nadir hallarda rast gəlinir! Lakin hər bir həqiqi məsihçinin çoxlu əsil dostları ola bilər. Yehovanın Şahidləri olan bizlərin həm dünyadakı həmimanlılarımız, həm də, ən əsası, Yehova Allah və İsa Məsih kimi dostlarımız var.
Hər birimizdə olduğu kimi, bu dörd dostun da həyatı çətinliklərsiz ötüşməyib: aralarında həyat yoldaşını itirməyin acısını çəkən, ciddi xəstəliyin gərginliyini yaşayan, yaşlı valideynlərinə baxarkən narahatçılıq keçirən, tammüddətli xidmətdə ola-ola övlad böyütməyin əziyyətinə qatlaşan, yeni teokratik təyinat alarkən güclü həyəcan hissi keçirən olub. İndi isə onlar qocalığın gətirdiyi çətinliklərlə üzləşirlər. Ancaq onlar öz təcrübələrindən görmüşlər ki, həm yaxında, həm də uzaqda olan dostlar Yehovanı sevənlərə hər bir problemin öhdəsindən müvəffəqiyyətlə gəlməyə kömək edirlər.
ƏBƏDİYYƏN DAVAM EDƏCƏK DOSTLUQ
Necə də xoşdur ki, Louell 18, Ramon 12, Bill 11, Riçard isə 10 yaşında özlərini Yehovaya həsr etmişdilər və 17—21 yaş arasında onların hamısı tammüddətli xidmətə başlamışdır. Onlar Vaiz 12:1 ayəsinin təşviq etdiyi kimi davrandılar: «Cavanlıq günlərində səni Yaradanı xatırla».
Əgər sən gənc məsihçi qardaşsansa, mümkündürsə, Yehovanın tammüddətli xidmətə başlamaq çağırışına hay ver. Yehovanın lütfü sayəsində sən də, bu dörd dost kimi, xidmətin müxtəlif növlərində iştirak etməyin gətirdiyi sevinci dada bilərsən. Sən rayon və vilayət nəzarətçisi, ya da filiallar üzrə nəzarətçi, bet-elli, filialın komitə üzvü, Padşahlıq və ya Pioner Xidməti Məktəblərində təlimatçı ola, eləcə də böyük və kiçik konqreslərdə natiq kimi çıxış edə bilərsən. Dörd dost necə də xoşbəxt idi ki, onların fəaliyyəti on minlərlə insana fayda gətirib! Bütün bunların hamısı onların gənc ikən Yehovanın Ona bütün ürəklə xidmət etmək çağırışına hay vermələri sayəsində mümkün olub (Kolos. 3:23).
Louell, Riçard və Ramon yenidən birgə Zeltersdə, Almaniya filialında xidmət edirlər. Əfsuslar olsun ki, Bill 2010-cu ildə vəfat etdi. Həmin vaxt o, Amerika Birləşmiş Ştatlarında xüsusi pioner kimi xidmət edirdi. Dörd qardaşın 60 illik dostluğuna ölüm qısamüddətli ara verdi! Ancaq Allahımız Yehova heç vaxt dostlarını unutmur! Biz əmin ola bilərik ki, ölümün ayırdığı dostlar Onun Padşahlığının rəhbərliyi altında bir-birlərinə yenidən qovuşacaqlar.
Ölümündən bir qədər əvvəl Bill yazmışdı: «Yadımda deyil ki, dostluq etdiyimiz 60 il ərzində aramızda xoşagəlməz bir hadisə baş versin. Münasibətlərimiz mənim üçün həmişə xüsusi məna kəsb edib». Yeni dünyada dostluqlarını davam etdirəcəklərinə zərrə qədər də şübhə etməyən üç dost bir ağızdan: «Bu sadəcə bir başlanğıcdır», — dedilər.
[Haşiyə]
a Frost qardaşın həyəcan dolu həyat hekayəsi «Gözətçi qülləsi»nin 1961-ci il 15 aprel sayının 244-dən 249-dək səhifələrində (ing.) dərc olunub.
[18–ci səhifədəki yazı]
Təyinatlarından aldıqları sevinc onları tam əmin etdi ki, Yehova həmişə nəyin ən yaxşı olduğunu bilir
[21–ci səhifədəki yazı]
«Yadımda deyil ki, dostluq etdiyimiz 60 il ərzində aramızda xoşagəlməz bir hadisə baş versin»
[17–ci səhifədəki şəkil]
Soldan sağa: Riçard, Louell, Ramon və Bilin dostluğu Gilead Məktəbindən başlamışdı
[18–ci səhifədəki şəkillər]
Üstdə: Ramon Padşahlıq Xidməti Məktəbini aparır; sağda: Riçard Visbadendəki Bet-Eldə adresoqrafda işləyir
[19–cu səhifədəki şəkillər]
Üstdə: Frost qardaş (sağda) və başqaları Norr qardaşın (solda) başçəkməsi zamanı; sağda: 1952-ci ildə İsveçrədə məzuniyyətdə olarkən
[20–ci səhifədəki şəkil]
Soldan sağa: Riçard, Bill, Louell və Ramon Zeltersdə yeni filialın həsr edilmə mərasimində, 1984-cü il
[21–ci səhifədəki şəkil]
Soldan sağa: Ramon, Riçard və Louell