Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • es23 s. 37—46
  • Aprel

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Aprel
  • Müqəddəs Yazıları hər gün araşdırın 2023
  • Başlıqlar
  • Şənbə, 1 aprel
  • Bazar, 2 aprel
  • Bazar ertəsi, 3 aprel
  • ANMA MƏRASİMİNİN TARİXİ
    Gün batandan sonra
    Çərşənbə axşamı, 4 aprel
  • Çərşənbə, 5 aprel
  • Cümə axşamı, 6 aprel
  • Cümə, 7 aprel
  • Şənbə, 8 aprel
  • Bazar, 9 aprel
  • Bazar ertəsi, 10 aprel
  • Çərşənbə axşamı, 11 aprel
  • Çərşənbə, 12 aprel
  • Cümə axşamı, 13 aprel
  • Cümə, 14 aprel
  • Şənbə, 15 aprel
  • Bazar, 16 aprel
  • Bazar ertəsi, 17 aprel
  • Çərşənbə axşamı, 18 aprel
  • Çərşənbə, 19 aprel
  • Cümə axşamı, 20 aprel
  • Cümə, 21 aprel
  • Şənbə, 22 aprel
  • Bazar, 23 aprel
  • Bazar ertəsi, 24 aprel
  • Çərşənbə axşamı, 25 aprel
  • Çərşənbə, 26 aprel
  • Cümə axşamı, 27 aprel
  • Cümə, 28 aprel
  • Şənbə, 29 aprel
  • Bazar, 30 aprel
Müqəddəs Yazıları hər gün araşdırın 2023
es23 s. 37—46

Aprel

Şənbə, 1 aprel

Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi (Yəh. 3:16).

İsa Məsih bizim uğrumuzda canla-başla ölümə getməklə bizə olan dərin məhəbbətini göstərib (Yəh. 15:13). Biz Yehovanın və İsanın bizə olan məhəbbətinin əvəzini heç vaxt verə bilmərik. Amma həyat tərzimizlə onlara minnətdar olduğumuzu göstərə bilərik (Kol. 3:15). Məsh olunmuşlar fidyəni çox qiymətləndirirlər, çünki bunun sayəsində onların möhtəşəm ümidləri var (Mət. 20:28). Məsihin qurbanlığına iman etdikləri üçün Yehova onları saleh sayır və övladlığa götürür (Rom. 5:1; 8:15—17, 23). Başqa qoyunlar da fidyəyə görə minnətdardır. Fidyəyə iman sayəsində onlar Allahın gözündə təmiz sayılırlar və «böyük müsibətdən» xilas olmaq ümidləri var (Vəhy 7:13—15). w22.01 s. 23, abz. 14, 15

Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 10-da baş vermiş hadisələr) Mətta 21:18, 19; 21:12, 13; Yəhya 12:20—50

Bazar, 2 aprel

Məsih bizi satın alıb (Qal. 3:13).

İsa üçün ən çətini edamına səbəb olan ittiham idi. İsaya qara yaxıb, Allaha küfr etməkdə, yəni Allaha, Onun adına hörmətsizlik etməkdə ittiham etdilər (Mət. 26:64—66). Bu ittiham ona əzab verirdi. İsa ümid edirdi ki, Atası onun bu cür alçaldılmasına izin verməyəcək (Mət. 26:38, 39, 42). O, dirəkdən asıldı ki, yəhudiləri lənətdən azad etsin (Qal. 3:10). Onlar Tövrata əməl etməyə boyun olsalar da, bunu edə bilmədilər. Onsuz da onlar günahlı Adəmin övladları olduqları üçün ölümə məhkum idilər (Rom. 5:12). Üstəlik, Qanuna əməl edə bilmədikləri üçün lənət də qazandılar. Qanuna əsasən, ölümə layiq günah işləyən adam öldürülməli idi. Bəzi hallarda isə, öldürülən adamın cəsədini dirəkdən asırdılar (Qan. 21:22, 23; 27:26). İsa dirəkdə edam olunmaqla yəhudilərin düçar olduğu lənəti öz üzərinə götürdü və onların qarşısında bu lənətdən azad olmaq imkanını açdı. w21.04 s. 16, abz. 5, 6

Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 11-də baş vermiş hadisələr) Mətta 21:33—41; 22:15—22; 23:1—12; 24:1—3

Bazar ertəsi, 3 aprel

Mən həyatımı fəda edirəm (Yəh. 10:17).

İsanın yer üzündəki son günü barədə düşünək. Roma əsgərləri onu rəhmsizcəsinə döydülər (Mət. 26:52—54; Yəh. 18:3; 19:1). Qamçıladılar. Qamçı hər dəfə onun bədəninə dəydikcə ətini qoparır, bədənində dərin yaralar açırdı. Sonra isə yaralı kürəyində ağır dirəyi daşımağa məcbur etdilər. İsa dirəyi götürüb edam olunacağı yerə sürüməyə başladı. Amma sonra taqəti tükəndi. Onda əsgərlər dirəyi başqa adama daşıtdırdılar (Mət. 27:32). İsa edam yerinə gəlib çatanda onu əllərindən və ayaqlarından dirəyə mıxladılar. Mıxların açdığı yaralar bədəninin ağırlığından daha da yırtılırdı. Dostları kədər içində idi. Anası ağlayırdı. Yəhudi rəhbərlər isə ona rişxənd edirdilər (Luka 23:32—38; Yəh. 19:25). Ağrılarla, əzablarla dolu saatlar bir-birini əvəz edirdi. Ürəyi və ağ ciyərləri dartıldığı üçün nəfəs almaq İsa üçün get-gedə lap çətinləşirdi. Son nəfəsini verməzdən əvvəl o, zəfərlə Yehovaya axırıncı dəfə dua etdi. Sonra isə başını əyib, canını tapşırdı (Mark 15:37; Luka 23:46; Yəh. 10:18; 19:30). w21.04 s. 16, abz. 4

Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 12-də baş vermiş hadisələr) Mətta 26:1—5, 14—16; Luka 22:1—6

ANMA MƏRASİMİNİN TARİXİ
Gün batandan sonra
Çərşənbə axşamı, 4 aprel

Xatirəmi yad etmək üçün bunu həmişə edin (Luka 22:19).

İsa on bir həvarisinə iki əhd haqqında, yeni əhd və Padşahlıq əhdi haqda danışmışdı (Luka 22:20, 28—30). Bu əhdlər həvarilərin və məhdud sayda olan digər insanların göydə padşah və kahin kimi xidmət etməsinə yol açdı (Vəhy 5:10; 14:1). Məsh olunmuşların yer üzündə qalan hissəsi bu iki əhdə daxil olduqları üçün anma mərasimində çörək və şərabdan yalnız onlar qəbul edə bilər. Yehova onlara heyrətamiz bir ümid verib. Onlar göydə ölməzliyi və çürüməzliyi alacaqlar. Göylərə ucalmış İsa Məsihlə və 144 000-in qalanı ilə birlikdə xidmət edəcəklər. Ən əsası isə Yehovanın hüzurunda olacaqlar (1 Kor. 15:51—53; 1 Yəh. 3:2). Məsh olunmuşlar dərk edirlər ki, ölümə qədər sadiq qalmalıdırlar (2 Tim. 4:7, 8). w22.01 s. 21, abz. 4, 5

Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 13-də baş vermiş hadisələr) Mətta 26:17—19; Luka 22:7—13 (Nisanın 14-də gün batandan sonra baş vermiş hadisələr) Mətta 26:20—56

Çərşənbə, 5 aprel

Sən mənimlə Cənnətdə olacaqsan (Luka 23:43).

İsa ilə birlikdə iki cinayətkar da dirəkdə edam olunmuşdu (Luka 23:40, 41). Onlardan biri İsaya demişdi: «Padşahlığına gələndə məni yada sal» (Luka 23:42). İsa Atasının mərhəmətli olduğunu bilirdi. Buna görə də ölmək üzrə olan bu cinayətkara əminliklə ümid vermişdi (Zəb. 103:8; İbr. 1:3). Yehova mərhəmət göstərib bizi bağışlamağa hazırdır. Amma bir şərtlə, gərək biz günahlarımıza görə tövbə edək və İsa Məsihin tökülən qanı sayəsində günahlarımızın bağışlanacağına iman edək (1 Yəh. 1:7). Amma bəziləri inana bilmir ki, Yehova onları bağışlaya bilər. Əgər sizdə də bəzən belə fikirlər yaranırsa, onda düşünün: İsa ölüm ayağında ikən yenicə iman gətirmiş cinayətkara mərhəmət göstərdi. Görün onda Yehova Ona sədaqətlə ibadət edən xidmətçilərinə necə mərhəmət göstərir (Zəb. 51:1; 1 Yəh. 2:1, 2). w21.04 s. 9, abz. 5, 6

Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 14-də baş vermiş hadisələr) Mətta 27:1, 2, 27—37

Cümə axşamı, 6 aprel

İsa... «Tamam oldu!»— dedi (Yəh. 19:30).

İsa ölənə qədər kamil qalmaqla bir sıra işləri tamamladı. Birincisi, o, Şeytanın yalançı olduğunu sübut etdi. İsa göstərdi ki, Şeytan nə edir etsin, kamil insan sona qədər sadiq qala bilər. İkincisi, İsa öz həyatını fidyə verdi. Bu fidyənin sayəsində qeyri-kamil insanlar Allahın qarşısında saleh sayıla və əbədi yaşaya bilərlər. Üçüncüsü, İsa sübut etdi ki, Yehovanın hakimiyyəti ədalətlidir və Atasının adını rüsvayçılıqdan təmizlədi. Gəlin hər günü elə yaşayaq ki, sanki bu, sadiq qalmaq üçün son şansımızdır. Onda, hətta ölümlə üzləşsək belə, biz deyə biləcəyik: «Yehova, mən sadiqliyimi qorumaq, Şeytanın yalançı olduğunu sübut etmək, adını təmizə çıxarmaq və hakimiyyətini dəstəkləmək üçün əlimdən gələni eləmişəm». w21.04 s. 12, abz. 13, 14

Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 15-də baş vermiş hadisələr) Mətta 27:62—66 (Nisanın 16-da gün batandan sonra baş vermiş hadisələr) Mətta 28:2—4

Cümə, 7 aprel

Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın (Mət. 17:5).

İsanı haqsız yerə ittiham etdikdən və törətmədiyi cinayətə görə təqsirli bildikdən sonra ona lağ edib, amansız işgəncələr verdilər. Sonra isə əllərindən və ayaqlarından dirəyə mıxladılar. Aldığı hər nəfəs, dediyi hər söz ona əzab verirdi. Amma o danışmağa məcbur idi. Çünki deyəcəyi sözlər çox vacib idi. İsa Məsihin ölüm ayağında dediyi sözlərdən mühüm şeylər öyrəndik. Bu sözlər bizə xatırlatdı ki, başqalarını bağışlamalıyıq. Həmçinin Yehovanın bizi bağışlayacağına inanmalıyıq. Biz çox xoşbəxtik ki, bacı-qardaşlardan ibarət gözəl ruhani ailəmiz var. Onlar həmişə bizə kömək etməyə hazırdır. Amma dara düşəndə biz gərək özümüz təşəbbüs göstərib onlardan kömək istəyək. Bilirik ki, başımıza nə gəlirsə gəlsin, Yehova bizə dözməyə kömək edəcək. Həmçinin gördük ki, hər günümüzü sadiqliyimizi sübut etmək üçün son gün kimi yaşamaq çox vacibdir. Əmin olmalıyıq ki, həyatımız etibarlı əllərdə, Yehovanın əlindədir. w21.04 s. 8, abz. 1; s. 13, abz. 17

Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitab qiraəti: (Nisanın 16-da baş vermiş hadisələr) Mətta 28:1, 5—15

Şənbə, 8 aprel

Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar (Yəh. 17:3).

İsanın izi ilə getsək, əbədi yaşaya biləcəyik. Bir dəfə varlı bir cavan İsaya yaxınlaşıb soruşdu ki, əbədi həyatı almaq üçün nə etməlidir. İsa isə cavabında dedi: «Ardımca gəl» (Mət. 19:16—21). Həmçinin onun Məsih olduğuna inanmayan bəzi yəhudilərə dedi: «Mənim qoyunlarım... ardımca gəlirlər. Mən onlara əbədi həyat verəcəyəm» (Yəh. 10:24—29). İsanın dediklərini etməklə və onun kimi davranmaqla ona iman etdiyimizi göstəririk. Belə etsək, əbədi həyata aparan yoldan heç vaxt sapmayacağıq (Mət. 7:14). İsanın izi ilə getməzdən əvvəl biz Onu tanımalıyıq. İsanı tanımaq daimi bir prosesdir. Biz İsanı mümkün qədər yaxşı tanımalıyıq. Onun keyfiyyətləri, düşüncə tərzi və dəyərləri barədə daima öyrənməliyik. Həqiqətdə neçə müddət olmağımızdan asılı olmayaraq, biz Yehovanı və İsanı tanımağa davam etməliyik. w21.04 s. 4, abz. 9, 10

Bazar, 9 aprel

Əvvəllər mən küfr danışır, Allahın xalqını təqib edirdim (1 Tim. 1:13).

Yəqin həvari Bulus keçmişi xatırlayanda çox pis olurdu. O özünü «ən betər» günahkar adlandırmışdı və aydındır nəyə görə (1 Tim. 1:15). Həqiqəti dərk etməzdən öncə Bulus şəhərbəşəhər gəzərək məsihiləri amansızcasına təqib edirdi, onları zindana salırdı və onların edamını dəstəkləyirdi (Həv. 26:10, 11). Təsəvvür edin, vaxtilə Bulus bir gənc məsihinin valideynlərinin edam olunmasını dəstəkləyib. İndi həmin adamla üz-üzə gəlir. Həmin an hansı hissləri keçirərdi? O, keçmişdəki səhvlərinə görə çox peşman idi, amma bilirdi ki, keçmişi dəyişə bilməz. Bulus əmin idi ki, Məsih ondan ötrü ölüb, ona görə də belə sözlər demişdi: «İndi bu mövqeyi Allahın lütfü sayəsində tuturam» (1 Kor. 15:3, 10). Bulusdan nə öyrənirik? Şübhə etməyin ki, Məsih sizdən ötrü ölüb və sizin Yehova ilə sıx dostluq münasibəti qurmağınız üçün yol açıb (Həv. 3:19). Yehova diqqətini keçmişdə etdiyimiz səhvlərə cəmləmir. Onun üçün önəmli olan bugünkü və gələcəkdəki hərəkətlərimizdir (Əşy. 1:18). w21.04 s. 23, abz. 11

Bazar ertəsi, 10 aprel

Vəhylərin Allahdan olub-olmadığını yoxlayın, çünki dünyada çoxlu yalançı peyğəmbər peyda olub (1 Yəh. 4:1).

İsanın dövründəki yəhudilərin əksəriyyəti Məsihin ölməli olduğunu qəbul etməsə də, diqqət yetirin Müqəddəs Yazılarda nə peyğəmbərlik olunmuşdu: «Canını ölümə verdi, asilərə tay tutuldu, çoxlarının günah yükünü daşıdı, asilər üçün imdad dilədi» (Əşy. 53:12). Deməli, İsanın günahkar kimi edam olunması yəhudilərə onu qəbul etməyə mane olmamalı idi. Bu gün biz şübhələrə qapılmamaq üçün faktları araşdırmalıyıq. Dağüstü vəzində İsa dinləyicilərini xəbərdar etmişdi ki, bəziləri onlar haqqında «hər cür yalan və pis söz» danışacaqlar (Mət. 5:11). Bu yalanlar Şeytandan qaynaqlanır. Onun təsiri ilə əleyhdarlar həqiqəti sevənlər haqda çirkin böhtanlar yayırlar (Vəhy 12:9, 10). Bizə qarşı çıxanların bütün yalanlarını rədd etməliyik. Heç vaxt yol verməməliyik ki, bu cür yalanlar ucbatından qorxuya düşək və imanımız zəifləsin. w21.05 s. 11—12, abz. 14, 16

Çərşənbə axşamı, 11 aprel

Qorxmayın. Siz sərçələrdən qat-qat qiymətlisiniz (Mət. 10:31).

Şagirdinizə Yehovaya etibar etməyi öyrədin. İsa davamçılarını əmin etmişdi ki, Yehova onları sevir, buna görə də onlara kömək edəcək (Mət. 10:19, 20, 29, 30). Şagirdinizi Yehovanın ona da kömək edəcəyinə əmin edin. Yehovaya güvənməsinə kömək etmək üçün onunla birgə məqsədləri barədə dua edin. Polşada yaşayan Fransişek deyir: «Müəllimim həmişə mənim məqsədlərim barədə dua edirdi. Yehovanın onun etdiyi dualara cavab verdiyini görəndə mən də dərhal dua etməyə başladım. Yığıncaqlarda və toplantılarda iştirak etmək üçün yeni iş yerimdən icazə alanda Yehovanın mənə necə kömək etdiyini gördüm». Müqəddəs Kitabı öyrənən insanlar Yehova üçün çox dəyərlidir. Yehova bilir ki, insanların Ona yaxınlaşmasına kömək etmək üçün təbliğçilər necə böyük zəhmət çəkir və buna görə onları çox sevir (Əşy. 52:7). Əgər hal-hazırda heç kimə dərs keçmirsinizsə, başqa təbliğçilərlə əməkdaşlıq edib onların şagirdlərinin vəftizə doğru irəliləməsinə kömək edə bilərsiniz. w21.06 s. 7, abz. 17, 18

Çərşənbə, 12 aprel

O, Yehovanın qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır (Zəb. 1:2).

Allahın Kəlamını qiymətləndirdiyimizi onu müntəzəm oxumaqla göstərə bilərik. Biz fərdi mütaliəni hərdənbir, vaxtımız olandan olana etməməliyik. Cədvəlimizdə mütaliəyə vaxt ayırıb, buna əməl etsək, imanımızı möhkəm saxlaya biləcəyik. Bu dünyadakı «hikmətli və ağıllı adamlardan» fərqli olaraq, bizim Allahın Kəlamına əsaslanan möhkəm imanımız var (Mət. 11:25, 26). Müqəddəs Kitabı mütaliə etdiyimiz üçün bilirik ki, dünyadakı vəziyyət nəyə görə pisləşir və Yehova bununla bağlı hansı tədbiri görəcək. Odur ki, gəlin imanımızı möhkəmləndirək və mümkün qədər çox insana Yaradana iman etməyə kömək edək (1 Tim. 2:3, 4). Gəlin nəzərimizi gələcəyə cəmləyək. O zaman yer üzündə olan hər kəs bir ağızdan növbəti sözləri deyəcək: «Allahımız Yehova, Sən şana... layiqsən! Çünki hər şeyin yaradanı Sənsən» (Vəhy 4:11). w21.08 s. 19, abz. 18—20

Cümə axşamı, 13 aprel

Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin (Rom. 12:10).

Ağsaqqalların üzərinə məsuliyyət düşür ki, ehtiyac yarananda məsləhət versinlər. Onlar insana fayda gətirən, onu təşviq edən və könlünü xoşhal edən məsləhəti verməyə çalışmalıdırlar (Məs. 27:9). Ağsaqqallar dindaşlarını çox istəyirlər. Onlar bəzən məhəbbətlərini səhv yola sapan dindaşlarına məsləhət verməklə göstərirlər (Qal. 6:1). Həmin insana məsləhət verməmişdən qabaq ağsaqqal həvari Bulusun məhəbbətin müxtəlif yönləri haqda dediklərini nəzərdən keçirə bilər. O yazmışdı: «Məhəbbət səbirli və xeyirxahdır... Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür» (1 Kor. 13:4, 7). Bu ayələr üzərində düşünmək ağsaqqala kömək edəcək ki, görsün, məsləhət verməyə onu məhəbbət təşviq edir, ya yox. Əgər həmin insan hiss etsə ki, ağsaqqal ona canı yandığından məsləhət verir, çox yəqin ki, məsləhəti qəbul edəcək. w22.02 s. 14—15, abz. 3, 5

Cümə, 14 aprel

Onlar asi çıxdılar, Onun müqəddəs ruhunu incitdilər (Əşy. 63:10).

Yehova həm ruhani varlıqları, həm də insanları kamil, qüsursuz yaradıb. Amma ruhani varlıq Şeytan (mənası «əleyhdar») Allaha üsyan etdi və kamil insanları, Adəmlə Həvvanı, Ona qarşı qaldırdı. Başqa mələklər və insanlar da bu üsyana qoşuldu (Yhd. 6). Haqlı olaraq, Yehova xəyanətlə üzləşdiyini hiss edirdi. Amma O dözür və bütün üsyankarları məhv etmək vaxtı çatana qədər dözəcək. Onda Yehova ilə birgə bu dünyadakı pisliklərə dözən sadiq xidmətçiləri dinclik tapacaq! Şeytan Yehovanın dürüst xidmətçisi Əyyuba və onun simasında Yehovanın bütün sadiq xidmətçilərinə şər atıb iddia etdi ki, onlar Yehovaya xudbin məqsədlə qulluq edirlər (Əyy. 1:8—11; 2:3—5). İblis ta bu günə kimi Yehovanın xidmətçilərini ittiham etməyə davam edir (Vəhy 12:10). Amma biz onun yalançı olduğunu sübut edə bilərik. Necə? Yehovaya sevgidən irəli gələrək sadiq qalmaqla və sınaqlara dözməklə. w21.07 s. 9, abz. 7, 8

Şənbə, 15 aprel

Şər əməllərinizi gözümün önündən uzaqlaşdırın, pislikdən əl çəkin (Əşy. 1:16).

Həvari Bulus həyat tərzimizdə dəyişiklik etməyin vacibliyini vurğulamaq üçün təsirli nümunə çəkmişdi. Yazmışdı ki, biz köhnə şəxsiyyəti dirəyə mıxlamalıyıq (Rom. 6:6). İsa Məsih Yehovanı razı salmaqdan ötrü dirəkdə mıxlanmağa hazır olduğu kimi, biz də Yehovanı razı salmaqdan ötrü Onun nifrət etdiyi əməlləri öldürməyə hazır olmalıyıq. Yalnız bu addımları atdığımız təqdirdə təmiz vicdana sahib olacağıq və əbədi yaşamaq ümidimiz olacaq (Yəh. 17:3; 1 But. 3:21). Yehova bizə görə Öz qayda-qanunlarını dəyişməyəcək, Onun qayda-qanunlarına uyğun gəlmək üçün biz dəyişməliyik (Əşy. 1:17, 18; 55:9). Hətta vəftiz olunandan sonra da siz günahlı arzularınızla mübarizə aparacaqsınız. Odur ki, duada Yehovadan kömək istəyin; öz gücünüzə yox, Yehovanın müqəddəs ruhuna arxalanın (Qal. 5:22; Filip. 4:6). Köhnə şəxsiyyəti əyninizdən çıxarmaq və bir daha geyinməmək üçün qətiyyətli olun. w22.03 s. 6—7, abz. 15—17

Bazar, 16 aprel

[Yehova] sənə dayaq olar (Zəb. 55:22).

Yehova vəd edir ki, əgər biz Padşahlığı hər şeydən üstün tutsaq, Onun saleh qanunlarına uyğun yaşasaq, yeməyimiz, geyimimiz və yaşamağa yerimiz olacaq (Mət. 6:33). Əgər biz Yehovanın bu vədinə etibar etsək, onda düşünməyəcəyik ki, bu dünyanın təklif etdiyi maddi şeylərə sahib olsaq, dərdimiz olmaz və xoşbəxt olarıq. Bilirik ki, əsl qəlb rahatlığına sahib olmağın yeganə yolu Yehovanın iradəsini yerinə yetirməkdir (Filip. 4:6, 7). Amma, ola bilər, maddi imkanımız çox şey almağa yol verir. Bəs bu şeyləri istifadə etmək və onların qulluğunda durmaq üçün vaxtımız və gücümüz olacaq? Sahib olduğunuz şeylərə çox bağlısınız? Unutmayın ki, Yehova ailəsinin üzvlərinə müəyyən işlər tapşırıb. Yol verməməliyik ki, nələrsə bizi bu işləri yerinə yetirməkdən yayındırsın. Biz maddi şeylərə bağlı olduğu üçün İsanın ardınca getməkdən imtina edən varlı gəncə bənzəmək istəmirik. O, bu qərarı ilə Yehovaya xidmət etmək və Onun oğlu olmaq imkanını itirdi! (Mark 10:17—22). w21.08 s. 6—7, abz. 17

Bazar ertəsi, 17 aprel

Hər kəsin qarşısında ümidinizi müdafiə [edin] (1 But. 3:15).

Mütaliə etdikcə Yehovanın necə uca Varlıq olduğunu daha aydın görəcəksiniz. O Varlıq ki, xüsusiyyətləri yaradılışda əks olunan xüsusiyyətlərlə həmahəngdir. Gün kimi aydındır ki, bu xüsusiyyətlər kiminsə uydurması ola bilməz, onlar var olan Allaha məxsusdur (Çıx. 34:6, 7; Zəb. 145:8, 9). Yehovanı daha yaxından tanıdıqca, Ona imanınız artacaq, məhəbbətiniz dərinləşəcək və Onunla daha möhkəm dost olacaqsınız. Allaha imanınız haqda başqalarına da danışın. Ola bilsin, təbliğ etdiyiniz insan Allahın varlığına şübhə etdiyini deyir və siz ona nə deyəcəyinizi bilmirsiniz. Bu zaman nə edə bilərsiniz? Belə məqamda nəşrlərimizdən Müqəddəs Kitaba əsaslanan cavab tapın və həmin insanla bölüşün. Həmçinin təcrübəli dindaşınızdan da kömək istəyə bilərsiniz. Həmin insan Müqəddəs Kitabdan verdiyiniz cavabı qəbul etsə də, etməsə də, araşdırmağınızın sizin özünüzə xeyri olacaq. İmanınız daha da möhkəm olacaq. w21.08 s. 18, abz. 14, 15

Çərşənbə axşamı, 18 aprel

Sizə xeyir gətirən şeylər haqqında danışmaqdan,.. vaz keçmədim (Həv. 20:20).

Yehovanı razı salmaq o demək deyil ki, sevdiyimiz hər şeydən vaz keçməliyik (Vaiz 5:19, 20). Amma heç nəyi qurban vermək istəmədiyimiz üçün Yehovaya xidməti genişləndirmək istəmiriksə, İsanın bir məsəlindəki adamın səhvini təkrarlamış olarıq. O, Allahı unudub, özünə rahat şərait qurmuşdu (Luka 12:16—21). Çətinliklərlə üzləşən zaman Yehovaya dua edirik ki, çıxış yolu tapmaq üçün düşüncəmizi işə salmağa kömək etsin (Məs. 3:21). Yehova müxtəlif yollarla bizə nemətlər verir. Onu mədh etmək üçün əlimizdən gələni etməklə bu nemətlərə görə Ona minnətdar olduğumuzu göstəririk (İbr. 13:15). Yehovanı mədh etməyin bir üsulu xidmətimizi genişləndirməkdir. O, bunu əvəzsiz qoymayacaq, bizə başqa nemətlər də bəxş edəcək. Gəlin dadıb, Yehovanın necə gözəl Allah olduğunu görmək üçün hər gün müxtəlif yollar axtaraq (Zəb. 34:8). Onda İsa Məsih kimi, biz də deyəcəyik: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun buyurduğu işi tamamlamaqdır» (Yəh. 4:34). w21.08 s. 30—31, abz. 16—19

Çərşənbə, 19 aprel

Əcəldən qabaq qürur, süqutdan öncə təkəbbür gələr (Məs. 16:18).

Şeytan istəyir ki, biz qürurlu insan olaq. O bilir ki, biz qürrələnsək, onun kimi olacağıq və əbədi yaşamaq imkanını itirəcəyik. Bulus xəbərdar etmişdi ki, insan ehtiyatlı olmasa, «qürrələnib İblisə çıxarılmış hökmə düçar» olar (1 Tim. 3:6, 7). Bu, hər birimizlə baş verə bilər, fərqi yoxdur həqiqətdə yeniyik, yoxsa uzun illərdir Yehovaya xidmət edirik. Qürur bir növ xudbinlikdir. Şeytanın məqsədi odur ki, biz xudbin olaq, Yehovadan çox özümüz haqda fikirləşək, xüsusilə də problemlərlə üzləşəndə. Məsələn, olubmu ki, sizi haqsız yerə ittiham etsinlər, yaxud sizinlə ədalətsiz davransınlar? Bu zaman Yehovanı və ya təşkilatı günahlandırsaq, bu, Şeytanın ürəyindən olar. Şeytan istəyir ki, problemimizi həll etmək üçün Yehovanın Kəlamı vasitəsilə verdiyi məsləhətlərə əməl etməyək, öz bildiyimiz kimi davranmağın yeganə çıxış yolu olduğunu düşünək (Vaiz 7:16, 20). w21.06 s. 15, abz. 4, 5

Cümə axşamı, 20 aprel

Yehova bəyan edir: «Ey məmləkət əhli, mərd olun və işləyin!» Ordular Allahı Yehova bəyan edir: «Mən sizinləyəm!» (Həq. 2:4).

Yehova Həqqay peyğəmbərə vacib bir tapşırıq vermişdi. Böyük ehtimal ki, Həqqay eramızdan əvvəl 537-ci ildə Babildən Yerusəlimə qayıdan əsirlərin arasında idi. Vətənə çatandan sonra çox keçməmiş bu sadiq insanlar qollarını çirmələyib Yehovanın evinin, məbədin təməlini qoydu (Üzr. 3:8, 10). Amma çox keçməmiş vəziyyət pisləşdi. Müqavimətlə üzləşdikləri üçün onların əlləri işdən soyudu və tikintini dayandırdılar (Üzr. 4:4; Həq. 1:1, 2). Ona görə də eramızdan əvvəl 520-ci ildə Yehova Həqqaya buyurdu ki, xalqın şövqünü alovlandırsın və onları məbədin tikintisini bitirməyə təşviq etsin (Üzr. 6:14, 15). Həqqayın bəyan etdiyi xəbər yəhudilərin Yehovaya imanını möhkəmləndirmək üçün idi. Şübhəsiz ki, «ordular Allahı Yehova» ifadəsi onları ürəkləndirmişdi. Axı Yehovanın əmri altında mələklərdən ibarət nəhəng ordu var. Ona görə də yəhudilər işi başa çatdırmaq üçün Yehovaya bel bağlamalı idilər. w21.09 s. 14—15, abz. 4, 5

Cümə, 21 aprel

Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz (Yəh. 13:35).

Dünyanın harasında yaşamalarından asılı olmayaraq bu gün Yehovanın Şahidləri arasında məhəbbət və birlik var və digər dinlərdən fərqli olaraq, onların bir-birinə məhəbbəti milli, irqi və sosial sərhədləri aşır. Biz bu cür məhəbbəti yığıncaqlarda və böyük toplantılarda görürük. Bu isə bizi bir daha əmin edir ki, Yehovaya Onun bəyəndiyi şəkildə ibadət edirik (Yəh. 13:34). Allahın Kəlamı bizi təşviq edir ki, bir-birimizi hərarətlə sevək (1 But. 4:8). Biz də bir-birimizi bağışlamaqla və bir-birimizin səhvlərinə qarşı səbirli olmaqla bu cür məhəbbət göstəririk. Həmçinin biz yığıncaqda hər kəsə, hətta xətrimizə dəyən insana qarşı da qonaqpərvərlik göstərməyə və əliaçıq olmağa çalışırıq (Kol. 3:12—14). Doğrudan da, bu cür məhəbbət əsl məsihiləri fərqləndirən başlıca cəhətdir. w21.10 s. 22, abz. 13, 14

Şənbə, 22 aprel

Oğlunu sevən onun tərbiyəsi ilə ciddi məşğul olar (Məs. 13:24).

Tövbə etməyən günahkarın yığıncaqdan kənar edilməsi ona dəyişməyə kömək edə bilər? Bəli. Ciddi günah işlədiyinə görə yığıncaqdan kənar edilən bir çox bacı-qardaş deyir ki, məhz ağsaqqalların belə ölçü götürməsi sayəsində səhvlərini başa düşdülər, tövbə etdilər və yenidən yığıncağa qayıtdılar (İbr. 12:5, 6). Belə bir nümunəyə baxaq. Çoban görür ki, sürüdəki qoyunlardan birinə xəstəlik düşüb. O bilir ki, bu elə bir xəstəlikdir ki, qoyunu sürüdən ayırıb sağaltmaq lazımdır. Amma qoyun sürünün içində olmağı xoşlayan heyvandır, o, tək qala bilmir, sürüdən ayrı olanda vurnuxur. Bəs çoban qoyunu bu yolla müalicə edirsə, o deməkdir ki, o, qəddar, zalım çobandır? Əlbəttə ki, yox. Çoban bilir ki, xəstə qoyun sürünün içində olsa, bu xəstəlik o biri qoyunlara da keçəcək. Onu ayırmaqla çoban bütün sürünü qoruyur. w21.10 s. 10, abz. 9, 10

Bazar, 23 aprel

Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər (Mət. 5:16).

Məhəbbətin hökm sürdüyü ümumdünya ailəyə sahib olmaq böyük şərəfdir. İstəyirik ki, mümkün qədər çox insan Yehovaya ibadətdə bizə qoşulsun. Buna görə də ehtiyatlı olmalıyıq ki, Yehovanın və Onun xalqının adına ləkə gətirəcək hərəkətə yol verməyək. Biz çalışırıq, elə davranaq ki, insanlar xoş xəbəri öyrənmək istəsin. Səmavi Atamıza itaət etdiyimiz üçün bəzən təqiblərə və təhqirlərə məruz qalırıq. İnsanlara etiqadımız haqda danışmağa qorxuruqsa, nə edə bilərik? Yehovanın və İsa Məsihin köməyimizə çatacağına arxayın ola bilərik. İsa şagirdlərinə demişdi: «Nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz. Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq» (Mət. 10:19, 20). w21.09 s. 24—25, abz. 17, 18

Bazar ertəsi, 24 aprel

Yehovaya deyərəm: «Pənahgahım, istehkamım,.. Sənsən» (Zəb. 91:2).

Musa peyğəmbər də buna bənzər təsvirlə Yehovanı «sığınacağı» adlandırmışdı (Zəb. 90:1, haş.). Bundan əlavə, ömrünün sonuna yaxın Musa peyğəmbər qəlboxşayan bir bənzətmədən istifadə etmişdi. O yazmışdı: «Ta bineyi-qədimdən Allah pənah yeridir, səni əbədi qolları üstündə gəzdirir» (Qan. 33:27). «Səni əbədi qolları üstündə gəzdirir» ifadəsi bizə Yehova haqda nə deyir? Yehovaya pənahgahımız kimi yanaşanda özümüzü təhlükəsizlikdə hiss edirik. Amma bəzən olur ki, ruh düşkünlüyünə qapılırıq və heç cür dirçələ bilmirik. Belə vaxtlarda Yehova bizdən ötrü nə edir? (Zəb. 136:23). O bizi qollarına alıb, ehmalca qaldırır və kömək edir ki, yenidən ayaq üstə duraq (Zəb. 28:9; 94:18). Biz bilirik ki, hər zaman Yehovaya arxalana bilərik. Bu bizə iki sahədə kömək edir. Birincisi, bilirik ki, harada yaşamağımızdan asılı olmayaraq, pənah yerimiz var. İkincisi, səmavi Atamız bizim qayğımıza qalır. w21.11 s. 6—7, abz. 15, 16

Çərşənbə axşamı, 25 aprel

Siz... müxtəlif sınaqlar ucbatından... kədərlənməli olursunuz (1 But. 1:6).

İsa bilirdi ki, üzləşdikləri haqsızlıqlar şagirdlərinin imanını sınayacaq. Buna dözməyə kömək etmək üçün İsa onlara bir nümunə çəkmişdi. Bu haqda «Luka» kitabında yazılıb. Bir dul qadın haqq-nahaq tanımayan hakimə dəfələrlə üz tutur ki, ədaləti bərqərar etsin. O əmindir ki, israrlı olması nəticəsiz qalmayacaq. Axırda hakim onun xahişini yerinə yetirir. Buradan nə öyrənirik? Yehova ədalətsiz deyil. Buna görə də İsa demişdi: «Əgər o, belə etdisə, məgər səbirli Allah Ondan gecə-gündüz imdad diləyən seçilmişləri üçün ədaləti bərpa etməyəcək?» (Luka 18:1—8). Sonra İsa sözünə belə davam etdi: «Görəsən, insan Oğlu gələndə yer üzündə belə iman tapacaq?» Biz haqsızlıqla üzləşəndə səbrimiz və dözümümüzlə dul qadın kimi güclü imana sahib olduğumuzu göstərməliyik. Bu cür imanın sayəsində arxayınıq ki, Yehova gec-tez bizim xeyrimizə hərəkətə keçəcək. Həmçinin duanın gücünə də iman etməliyik. w21.11 s. 23, abz. 12; s. 24, abz. 14

Çərşənbə, 26 aprel

Cavan adam yolunu necə pak saxlaya bilər? Sənin sözünə baxıb özünü gözləməklə (Zəb. 119:9).

Əziz gənclər, bəzən sizə elə gəlirmi ki, Yehovanın yolunda çox qadağalar var, istədiyinizi edə bilmirsiniz? Şeytan da elə bu cür düşünməyinizi istəyir. O istəyir ki, siz geniş yolda yeriyənlərə baxıb, onların necə əyləncəli vaxt keçirdiyini düşünəsiniz. Bunun üçün o, məktəb yoldaşlarınızdan, internetdə gördüklərinizdən istifadə edə bilər. Sizdə belə fikir oyada bilər ki, siz həyatdakı maraqlı şeylərdən məhrumsunuz. Şeytanın məqsədi odur ki, Yehovanın qayda-qanunlarının sizə həyatdan tam zövq almağa mane olduğunu düşünəsiniz. Bir şeyi yadda saxlayın, Şeytan istəmir ki, onun yolunda yeriyənlər bu yolun onları hara apardığını düşünsünlər (Mət. 7:13, 14). Yehova isə əksinə, istəyir biləsiniz ki, həyata aparan yolda yeriyənləri qarşıda necə gözəl həyat gözləyir (Zəb. 37:29; Əşy. 35:5, 6; 65:21—23). w21.12 s. 23—24, abz. 6, 7

Cümə axşamı, 27 aprel

Başqalarını ürəkdən [bağışlayın] (Mət. 18:35).

Bilirik ki, başqalarını bağışlamalıyıq və bu cür davranmaq düzgündür. Amma yenə də bu bizə çətin gələ bilər. Ola bilsin, həvari Butrus üçün də bu, bəzən çətin olurdu (Mət. 18:21, 22). Bəs bizə nə kömək edə bilər? Birincisi, Yehovanın sizi nə qədər çox bağışladığı haqda düşünün (Mət. 18:32, 33). Biz Onun əfvinə layiq olmasaq da, O bizi ürəkdən bağışlayır (Zəb. 103:8—10). Üstəlik, biz «bir-birimizi sevməyə borcluyuq». Buna görə də bağışlamaq seçim məsələsi deyil. Bacı-qardaşları bağışlamaq bizim borcumuzdur (1 Yəh. 4:11). İkincisi, bağışlamağın xeyri haqda düşünün. Bununla xətrimizə dəyən insana kömək edirik, yığıncaqda birlik olur, Yehova ilə münasibətimizi qoruyuruq və çiynimizdəki yükdən azad oluruq (2 Kor. 2:7; Kol. 3:14). Üçüncüsü, sizə bağışlamağı buyuran Yaradana dua edin. Şeytana dindaşlarınızla aranızda olan sülhü pozmağa imkan verməyin (Efes. 4:26, 27). Şeytanın tələsinə düşməmək üçün Yehovanın köməyinə ehtiyacımız var. w21.06 s. 22, abz. 11; s. 23, abz. 14

Cümə, 28 aprel

İsrailin padşahı sən olacaqsan (1 İşm. 23:17).

İsrailin qüdrətli padşahı Talut Davudu öldürmək istəyirdi. Buna görə də Davud canını qorumaq üçün qaçaq həyat yaşayırdı. Davudun yeməyə ehtiyacı olanda Nub şəhərinə gəlmişdi və orada kahindən cəmi-cümlətanı beş kömbə çörək istəmişdi (1 İşm. 21:1, 3). Sonra o, adamları ilə birgə mağaraya sığınmışdı (1 İşm. 22:1). Davud bu vəziyyətə necə düşmüşdü? Talut padşah Davuda qazandığı qələbələrə, ad-sanına görə paxıllıq edirdi. Talut həmçinin bilirdi ki, itaətsizliyinə görə Yehova onu İsrailin padşahı kimi rədd edib və onun yerinə Davudu seçib (1 İşm. 23:16, 17). Amma hələ İsrailin padşahı olduğu üçün Talutun böyük ordusu və çoxlu tərəfdarları var idi. Buna görə də Davud canını qurtarmaq üçün qaçmalı olmuşdu. Doğrudanmı, Talut düşünürdü ki, Yehovanın Davudla bağlı niyyətinə qarşı çıxa bilər? (Əşy. 55:11). Müqəddəs Kitabda bu barədə heç nə deyilmir, amma biz bir şeyə əminik: Talut başına böyük bəla açmışdı. Allaha qarşı çıxanlar məğlubiyyətə məhkumdur! w22.01 s. 2, abz. 1, 2

Şənbə, 29 aprel

Nikodem... gecə vaxtı İsanın yanına [gəldi] (Yəh. 3:1, 2).

İsa xidmətə can qoyurdu. O, insanlara hər fürsətdə təbliğ edirdi (Luka 19:47, 48). Onu buna nə təşviq edirdi? İsa insanların halına acıyırdı. Bəzən o qədər adam İsanın sözlərini eşitmək istəyirdi ki, o və şagirdləri çörək yeməyə imkan tapmırdılar (Mark 3:20). Həmçinin İsa onunla gecə söhbət etmək istəyən bir nəfərə vaxt ayırmışdı. İsanı dinləyənlərin əksəriyyəti onun şagirdi olmadı. Amma hamısı ətraflı şahidlik aldılar. Biz də istəyirik ki, hər kəsə xoş xəbəri eşitmək imkanı yaradaq (Həv. 10:42). Bunu etmək üçün isə xidmətə münasibətimizi dəyişməliyik. Biz özümüzə rahat olan vaxtda yox, insanlara daha çox rast gələcəyimiz vaxtda təbliğ etmək üçün cədvəlimizdə dəyişiklik etməliyik. Belə etsək, əmin ola bilərik ki, Yehova bizdən razı qalacaq. w22.01 s. 17, abz. 13, 14

Bazar, 30 aprel

İnsanın insana ağalıq etməsi insanın zərərinə olub (Vaiz 8:9).

Bu gün çoxlarına səlahiyyət sahiblərinə etibar etmək çətindir. Onlar görür ki, hökumət və qanunları çox vaxt varlıların və nüfuzlu şəxslərin xeyrinə işləyir, kasıblar isə əzilir. Üstəlik, din xadimlərinin əməlləri heç də ürəkaçan deyil. Bunun ucbatından çoxlarının Allaha da etibarı itib. Buna görə də dərs keçdiyimiz insanlara həm Yehovaya, həm də Onun xalqına rəhbərlik etmək üçün təyin etdiyi şəxslərə etibar etməyi öyrətməli oluruq. Əlbəttə, bunu təkcə Müqəddəs Kitab dərsi keçdiyimiz insanlar yox, biz də öyrənməliyik. Hətta Yehovaya uzun illər xidmət edənlər də unutmamalıdır ki, Yehova hər şeyi həmişə mükəmməl tərzdə görür. Bəzən buna etibarımızı sınayan vəziyyətlərlə üzləşə bilərik. w22.02 s. 2, abz. 1, 2

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş