İyul
Şənbə, 1 iyul
Cəza... sonradan... bu yolla tərbiyə olunmuş adamlarda salehliyin sülh bəhrəsini yetişdirir (İbr. 12:11).
Yığıncaqdan kənaredilmə Yehovanın günah işləyən insanı islah etmək üçün gördüyü tədbirlərdən biridir. Bu tədbir günah işləyən insan da daxil olmaqla, hər kəsin xeyrinədir. Bəzən yığıncaqda kimlərsə verilən qərarın əleyhinə fikirlər söyləyirlər, amma çox vaxt onlar birtərəfli danışırlar. Nəzərə alın ki, biz bütün faktları bilmirik. Buna görə hikmətli olar ki, intizam komitəsindəki ağsaqqallara etibar edək, onların Müqəddəs Kitab prinsiplərinə əməl etmək və «Yehova üçün» qərar çıxarmaqdan ötrü əllərindən gələni etdiklərinə güvənək (2 Saln. 19:6). Ağsaqqalların yaxınınızla bağlı çıxardığı qərarı dəstəkləməyiniz ona Yehovaya geri dönməyə kömək edə bilər. Elizabet deyir: «Yetkin yaşda olan oğlumuzla bütün münasibətimizi kəsmək hədsiz dərəcədə çətin idi. Amma oğlumuz bərpa olunandan sonra etiraf etmişdi ki, onu haqlı olaraq yığıncaqdan kənar etmişdilər. Sonralar o dedi ki, bunun sayəsində çox şey öyrəndi». w21.09 s. 28—29, abz. 11, 12
Bazar, 2 iyul
Kasıb bir dul qadın da gəlib qaba iki xırda pul saldı (Luka 21:2).
Gəlin fikirləşək. Şübhəsiz, bu dul qadın istəyərdi ki, Yehova üçün daha çox ianə etsin. Bununla belə, o, bacardığını etdi. Əlində nə var idisə, Yehovaya verdi. İsa bilirdi ki, bu qadının ianəsi Yehovanın gözündə dəyərlidir. Deməli, bu əhvalatdan vacib bir şeyi öyrənirik: Biz əlimizdən gələni edəndə, bütün qəlbimizlə, varlığımızla ibadət edəndə Yehova razı qalır (Mət. 22:37; Kol. 3:23). Yehova görəndə ki, biz bacardığımız hər şeyi edirik, sevinir. Biz ibadət üçün vaxtımızı və gücümüzü əsirgəməyəndə, məsələn, təbliğdə, ibadət görüşlərində iştirak etmək üçün əlimizdən gələni edəndə Yehovanın könlü şad olur. Bu əhvalatdan öyrəndiklərinizə necə əməl edə bilərsiniz? Düşünün görün kimləri ruhlandıra bilərsiniz? Kimləri çəkdikləri zəhmətin Yehova üçün dəyərli olduğuna əmin edə bilərsiniz? Məsələn, səhhətinə görə əvvəlki qədər xidmətdə iştirak edə bilməyən və bunun üçün özünü dəyərsiz hiss edən yaşlı bir bacını. w21.04 s. 6—7, abz. 17, 19, 20
Bazar ertəsi, 3 iyul
Sınaqlara tab gətirən adam xoşbəxtdir. Çünki o, bəyənilib... həyat tacını alacaq (Yaq. 1:12).
Yehova yaxşı bilir, bu şər düzənə nə vaxt son qoymaq lazımdır. Onun səbri sayəsində böyük izdihamın yığılması mümkün olub, neçə milyonlarla insan Ona ibadət edir və Onu ucaldır. Onların hər biri şükür edir ki, Yehova bu qədər dözüb, beləcə, onların anadan olmaq, Yehovanı tanıyıb Onu sevmək və özlərini Ona həsr etmək imkanı olub. Axıra kimi dözən milyonlarla insan xilas olunanda gün kimi aydın olacaq ki, Yehovanın bu qədər dözmək qərarı əbəs yerə deyildi! Şeytanın səbəb olduğu əzablara və ürək ağrısına rəğmən, Yehova xoşbəxt Allahdır (1 Tim. 1:11). Biz də Yehovanın Öz adını müqəddəs tutacağı, hakimiyyətinə bəraət qazandıracağı, bütün pisliklərə son qoyacağı və hazırkı problemləri aradan qaldıracağı vaxtı səbirlə gözləyənə qədər sevincimizi qoruya bilərik. Odur ki, gəlin dözüm göstərməyə qəti qərarlı olaq və Yehovanın da bizimlə birgə dözdüyünü bilmək qoy bizə təsəlli versin. w21.07 s. 13, abz. 18, 19
Çərşənbə axşamı, 4 iyul
Heç Nasirədən də fərli bir şey çıxar? (Yəh. 1:46).
Birinci əsrdəki əksər insanlar İsaya iman gətirmirdi. Onların zənnincə, o, adi dülgər oğlu idi. Üstəlik, o, Nasirədən idi, insanlar isə bu şəhərə xor baxırdılar. Hətta sonradan İsanın şagirdi olan Natanail belə demişdi: «Heç Nasirədən də fərli bir şey çıxar?» Ola bilsin, o, Mikə 5:2 ayəsindəki peyğəmbərlikdən bilirdi ki, Məsih Nasirədə yox, Beytləhmdə doğulmalıdır. Əşiya peyğəmbərlik etmişdi ki, İsanın düşmənləri Məsihin əsil-nəcabəti ilə maraqlanmayacaq (Əşy. 53:8). Əgər onlar vaxt ayırıb, faktları araşdırsaydılar, görərdilər ki, İsa Beytləhmdə anadan olub və Davud padşahın nəslindən gəlib (Luka 2:4—7). Deməli, İsa Mikə 5:2 ayəsindəki peyğəmbərlikdə adı çəkilən şəhərdə dünyaya gəlmişdi. Bəs onda problem nə idi? İnsanlar tez-tələsik qərar vermişdilər. Onlar bütün faktları araşdırmamışdılar, buna görə də şübhəyə qapıldılar. w21.05 s. 3, abz. 4—6
Çərşənbə, 5 iyul
Saleh adam... məni tənbeh etsə, sanki, başıma yağ çəkər (Zəb. 141:5).
Müqəddəs Kitabda məsləhəti qəbul edib xeyir tapan insanların nümunəsi var. Məsələn, Əyyub peyğəmbər. O, Allahdan qorxsa da, günahsız deyildi. O, çətin vəziyyətə düşəndə bəzi yanlış fikirlər söylədi. Buna görə də həm Əlihu, həm də Yehova ona birbaşa səhvini göstərdi. Əyyub buna necə yanaşdı? O, məsləhəti təvazökarlıqla qəbul etdi. O dedi: «Mən nadan-nadan danışdım... Sözlərimi geri götürürəm, torpaq içində, kül içində tövbə edirəm» (Əyy. 42:3—6, 12—17). O, bunu özündən daha cavan olan Əlihunun məsləhətini qəbul etməklə göstərdi (Əyy. 32:6, 7). Bəzən, ola bilər ki, bizdən yaşca kiçik biri bizə məsləhət versin və ya verilən məsləhətin bizə aid olmadığını düşünək. Təvazökar olmaq bizə də bu vəziyyətlərdə məsləhəti qəbul etməyə kömək edəcək. Aramızda elə bir insan yoxdur ki, onun ruhun bəhrəsini yetişdirməkdə və xidmət sahəsində inkişafa ehtiyacı olmasın. w22.02 s. 11, abz. 8; s. 12, abz. 12
Cümə axşamı, 6 iyul
Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz (Yəh. 13:35).
Hər birimiz çalışmalıyıq ki, yığıncaqda mehriban ab-hava yaradaq, bir-birimizə məhəbbət göstərək. Beləcə, heç kəs özünün tamamilə tək qaldığını hiss etməyəcək. Bu, hər birimizin məsuliyyətidir. Bizim hansısa sözümüz və ya hərəkətimiz təsəvvür belə etmədiyimiz qədər dindaşımızı ruhlandıra bilər. Bəs həqiqətdə tək olan dindaşınızın özünü yığıncağa yad hiss etməməsi üçün nə edə bilərsiniz? Dost əlinizi uzadın. Buna yığıncağa yeni gələnləri mehriban qarşılamaqla başlaya bilərsiniz (Rom. 15:7). Amma biz təkcə dostyana salamlaşmaq yox, tədricən möhkəm dostluq münasibəti qurmaq istəyirik. Ona görə də yenilərə qarşı mehriban, canıyanan olun. Şəxsi həyatlarına müdaxilə etmədən hansı problemlərlə üzləşdiklərini anlamağa çalışın. Ola bilsin, bəzilərinə hisslərini ifadə etmək çətindir. Buna görə onları danışmağa məcbur etməyin. Dostyana davranın, onların sıxılmadan cavab verə biləcəyi suallar verin və səbirlə qulaq asın. Məsələn, həqiqəti necə öyrəndiklərini soruşa bilərsiniz. w21.06 s. 11, abz. 13, 14
Cümə, 7 iyul
Onlar səsimə qulaq asacaq. Hamısı bir sürüdə birləşəcək. Onların bir çobanı olacaq (Yəh. 10:16).
«Bir sürüdə» birləşib, «bir çobanın» nəzarəti altında Yehovaya xidmət etmək bizim üçün böyük şərəfdir! «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabının 165-ci səhifəsində deyilir: «Yəqin siz xoşbəxtsiniz ki, bu cür insanların arasındasınız, amma sizin üzərinizə bu birliyi qorumaq məsuliyyəti düşür». Buna görə də bacı-qardaşlarımıza «Yehovanın gözü ilə baxmağa» çalışmalıyıq. Yehovanın gözündə hamımız Ona dəyərli olan «kiçiklərin» sırasındayıq. Siz də bacı-qardaşlara bu cür yanaşırsınız? Onlara dayaq olmaq və qeydlərinə qalmaq üçün etdiyiniz hər bir şeyi Yehova görür və qiymətləndirir (Mət. 10:42). Biz dindaşlarımızı sevirik. Buna görə də qarşımıza məqsəd qoymuşuq ki, «heç bir qardaşın yıxılmasına, iman yolundan dönməsinə bais» olmayaq (Rom. 14:13). Biz iman bacımızı və qardaşımızı özümüzdən üstün sayırıq və ürəkdən bağışlamağa hazırıq. Gəlin heç vaxt başqalarının hərəkətindən büdrəməyək. Əksinə, «sülhə aparan və bir-birimizi ruhlandıran şeylərə can ataq» (Rom. 14:19). w21.06 s. 24, abz. 16, 17
Şənbə, 8 iyul
Böyüdən Allahdır (1 Kor. 3:7).
Biz dərin mütaliə etsək, Allahın Kəlamından və təşkilatından aldığımız göstərişlərə əməl etsək, tədricən Məsihə bənzəyəcəyik. Həmçinin Allahı daha yaxından tanıyacağıq. İsa bəyan etdiyimiz Padşahlıq xəbərini kiçik toxuma bənzətmişdi. Toxumun səmimi qəlbli insanların ürəyində tədricən boy atmasını nümunə əsasında belə izah etmişdi: «Toxum necə cücərir, necə böyüyür, o adamın [əkinçinin] xəbəri olmur. Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir» (Mark 4:27, 28). İsa bununla izah edirdi ki, bitki yavaş-yavaş böyüdüyü kimi, Padşahlıq haqqında xəbəri qəbul edən insan da ruhani cəhətdən yavaş-yavaş inkişaf edir. Məsələn, Müqəddəs Kitabı öyrənən şagird Yehovaya yaxınlaşdıqca onda baş verən gözəl dəyişiklikləri görürük (Efes. 4:22—24). Amma unutmamalıyıq ki, bu kiçik toxumu böyüdən Yehova Allahdır. w21.08 s. 8—9, abz. 4, 5
Bazar, 9 iyul
Gözlə görmək xəyal dalınca düşməkdən yaxşıdır (Vaiz 6:9).
Bizə nə sevinc gətirə bilər? Diqqətini gözlə gördüyü şeylərə cəmləyən insan sahib olduğu şeyləri qiymətləndirir, məsələn, o, hazırkı vəziyyətindən məmnundur. Bunun əksinə olaraq, xəyal dalınca düşən insan, sahib ola bilməyəcəyi şeyləri arzulayır. Buradan hansı nəticəni çıxarırıq? Sevinc duymaq üçün biz diqqətimizi əlimizdə olan şeylərə cəmləməliyik və bizim üçün real olan şeylərə can atmalıyıq. Bəs, doğrudanmı, sahib olduğumuz şeylərdən məmnunluq duymaq mümkündür? Bəziləri fikirləşir ki, bu, mümkün deyil, çünki insan vaxt keçdikcə həyatında yeni-yeni şeylər öyrənmək istəyir. Əslində, bu, mümkündür. Biz sahib olduğumuz şeylərdən, sözün əsl mənasında, sevinc duya bilərik. Necə? Bu sualın cavabını tapmaq üçün İsanın Mətta 25:14—30 ayələrində çəkdiyi talant haqda məsələ baxın və diqqət yetirin ki, hal-hazırkı vəziyyətimizdə sevinc duymaq və sevincimizi artırmaq necə mümkündür. w21.08 s. 21, abz. 5, 6
Bazar ertəsi, 10 iyul
Mənim məskənim yüksək, müqəddəs yerdədir. Həm də məzlum, fağır adamların arasındadır (Əşy. 57:15).
«Məzlum, fağır» kəslər Yehova üçün çox dəyərlidir. Tək ağsaqqallar yox, hər birimiz əziz bacı-qardaşlarımızı ruhlandıra bilərik. Bunu etməyin bir yolu onlara səmimi maraq göstərməkdir. Yehova quzularını sevir və istəyir ki, biz Onun sevgisini onlara ötürək (Məs. 19:17). Biz həmçinin təvazökar olmaqla, özümüzlə lovğalanmamaqla da onlara kömək edə bilərik. İstəməzdik ki, diqqəti özümüzə cəlb edib başqalarında paxıllıq yaradaq. Əksinə, biliyimizi və bacarığımızı başqalarını ruhlandırmağa sərf etməliyik (1 But. 4:10, 11). İsa Məsihin davamçıları ilə münasibətindən çox şey öyrənə bilərik. O, dünyada yaşamış ən dahi insan idi. Bununla belə, o, «həlim və qəlbən təvazökar» idi (Mət. 11:28—30). Davamçılarını sadə dillə öyrədirdi. Rahat başa düşmələri üçün nümunələr çəkirdi (Luka 10:21). w21.07 s. 23, abz. 11, 12
Çərşənbə axşamı, 11 iyul
Ağsaqqallarınızdan sorun, danışsınlar (Qan. 32:7).
Yaşlılarla danışmaq üçün özünüz təşəbbüs göstərin. Bəlkə də, onların gözlərinin nuru zəifləyib, asta gəzirlər, dilləri söz tutmur, amma ürəkləri cavandır və Yehovanın qarşısında yaxşı ada sahibdirlər (Vaiz 7:1). Yehovanın onlara nə üçün dəyər verdiyini unutmayın. Onlara həmişə hörmət göstərin. Əlyəsə kimi olun. O, sonuncu dəfə İlyasın yanında olmaq fürsətini əldən vermədi. Əlyəsə təkidlə üç dəfə: «Səndən ayrılmayacağam»,— demişdi (2 Pad. 2:2, 4, 6). Yaşlılara mehribancasına suallar verərək onlarla maraqlandığınızı göstərin (Məs. 1:5; 20:5; 1 Tim. 5:1, 2). Məsələn, soruşa bilərsiniz: «Gənc olanda həqiqəti tapdığınıza sizi nə əmin etmişdi? Həyatda üzləşdiyiniz hansı hadisələr sizi Yehovaya yaxınlaşdırıb? Yehovaya xidmətdə sevincinizi qorumağın sirri nədədir?» (1 Tim. 6:6—8). Onlar danışanda can-dildən qulaq asın. w21.09 s. 5—7, abz. 14, 15
Çərşənbə, 12 iyul
Allah Öz xoş məramına görə sizi qüvvətləndirir. O, qəlbinizdə həm arzu oyadır, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verir (Filip. 2:13).
Təbliğ etmək və şagird hazırlamaq işində əlimizdən gələni edəndə Yehovanı sevdiyimizi göstəririk (1 Yəh. 5:3). Bir düşünün: siz artıq Yehovaya sevgidən irəli gələrək ev-ev təbliğ edirsiniz. Məgər bu əmrə əməl etmək asan idi? Yəqin ki, yox. Sözsüz, ilk qapını döyəndə həyəcan keçirmişdiniz. Amma bilirdiniz ki, bu, İsanın buyurduğu işdir, buna görə də onun əmrinə əməl etmişdiniz. Ola bilsin, vaxt keçdikcə təbliğ etmək sizin üçün daha asan oldu. Bəs şagird hazırlamaq işi barədə nə demək olar? Bu haqda düşünəndə həyəcan keçirirsiniz? Bəlkə də. Amma Müqəddəs Kitab dərsi təklif etmək üçün Yehovaya dua edib cəsarət istəsəniz, O sizə kömək edəcək. w21.07 s. 3—5, abz. 7
Cümə axşamı, 13 iyul
Sağ əllərinə və ya alınlarına nişan [qoydurmalıdırlar] (Vəhy 13:16).
Qədim dövrdə qullara kimə aid olduğunu göstərən damğa vurulurdu. Eynilə bizim dövrümüzdə də hər kəsdən əllərinə və alınlarına məcazi nişanı qoydurmaları gözləniləcək. Onların həm fikirləri, həm də əməlləri siyasi sistemə məxsus olduqlarını və onu dəstəklədiklərini göstərəcək. Biz hökumətlərə sədaqəti göstərən bu məcazi nişanı qəbul edəcəyik? Bu nişandan imtina edənlər çətinliklərlə və təhlükələrlə üzləşəcəklər. «Vəhy» kitabında deyilir: «Üzərində bu vəhşi heyvanın nişanı... olmayan adam alqı-satqı edə [bilməz]» (Vəhy 13:17). Amma Allahın xalqı bu nişana sahib olanların aqibətini bilir (Vəhy 14:9, 10). Ona görə də Allahın xalqı bu nişanı daşımayacaq. Onların əlində, bir növ, «Yehovaya məxsusam» nişanı olacaq (Əşy. 44:5). İndi Yehovaya sədaqətimizin möhkəmliyinə əmin olmaq vaxtıdır. Onda Yehova böyük məmnuniyyətlə Ona məxsus olduğumuzu bəyan edəcək! w21.09 s. 18, abz. 15, 16
Cümə, 14 iyul
Dəmir dəmiri itilər, insan da insanı (Məs. 27:17).
Xidmətimizi yerinə yetirmək üçün başqalarının köməyindən yararlanmalıyıq. Həvari Bulus işlətdiyi təbliğ və təlim üsullarını Timutiyə də öyrədirdi və onu təşviq edirdi ki, o, bu üsulları başqalarına da öyrətsin (1 Kor. 4:17). Timuti kimi, biz də yığıncağımızdakı təcrübəli təbliğçilərdən öyrənə bilərik. Həmçinin duada Yehovadan kömək istəməliyik. Hər dəfə təbliğdə iştirak edərkən Yehovadan sizə yol göstərməsini xahiş edin. Onun qüdrətli müqəddəs ruhunun köməyi olmasa, heç birimiz heç nəyə nail ola bilmərik (Zəb. 127:1; Luka 11:13). Duada Yehovadan konkret kömək istəyin. Məsələn, Yehovadan xahiş edə bilərsiniz ki, sizi Onun haqqında öyrənmək istəyən, dinləməyə hazır olan insanların yanına yönəltsin. Fərdi mütaliəyə də vaxt ayırmalıyıq. Allahın Kəlamında deyilir: «Allahın yaxşı, xoş və kamil iradəsini dərk [edin]» (Rom. 12:2). Allah haqqında həqiqəti bildiyimizə əminliyimiz nə qədər çox olsa, təbliğdə bir o qədər inamla danışacağıq. w21.05 s. 18, abz. 14—16
Şənbə, 15 iyul
Rəbbin... yolunda çəkdiyiniz zəhmət hədər deyil (1 Kor. 15:58).
Ola bilsin, kiməsə Müqəddəs Kitab dərsi keçirik. Amma nə qədər can yandırsaq da, onun üçün dualar etsək də, o, ruhani cəhətdən inkişaf etmir və dərsi dayandırmaq lazımdır. Hətta, ola bilər, indiyə kimi dərs keçdiyimiz heç bir insan vəftiz olunmayıb. Bu zaman özümüzü günahlandırıb, Yehovanın xidmətimizdən razı qalmadığını düşünməliyik? Görün Yehova bizim xidmətimizdən nə zaman razı qalır. O, çəkdiyimiz zəhmətə və göstərdiyimiz dözümə önəm verir. İnsanların necə hay verməsindən asılı olmayaraq, Yehovaya məhəbbətdən irəli gələrək və şövqlə təbliğ ediriksə, Yehova bundan razı qalır. Bulus yazmışdı: «Allah ədalətsiz deyil ki, keçmişdə və indi müqəddəslərə xidmət edərək Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Hətta zəhmətimiz bir nəticə verməsə də, Yehova bu əməyimizi və göstərdiyimiz məhəbbəti qiymətləndirir. Odur ki, həvari Bulusun günün ayəsində dediyi sözləri özümüzə aid edə bilərik. w21.10 s. 25—26, abz. 4—6
Bazar, 16 iyul
Atamın mənə verdiyi hər kəs ardımca gələcək. Ardımca gələni isə mən heç vaxt qovmaram (Yəh. 6:37).
İsanın xeyirxah və məhəbbətli olduğu şagirdləri ilə davranışından görünürdü. O bilirdi ki, onların imkan və bacarıqları bir-birindən fərqlənir. Hansısa işləri hamısının bacarması, hamısının xidmətdə eyni nəticə əldə etməsi mümkün deyil. Amma hər kəsin əlindən gələni etməsini o, çox qiymətləndirirdi. İsanın anlayışlı olduğunu talant haqda çəkdiyi məsəldən görmək olar. Bu məsəldə ağa hər bir nökərin «bacarığını nəzərə alaraq» iş tapşırır. İki çalışqan nökərdən biri o birindən daha çox talant qazansa da, ağa hər ikisini eyni sözlərlə tərifləyir. «Afərin, mənim qoçaq, sadiq nökərim!» — deyir (Mət. 25:14—23). İsa bizə qarşı da məhəbbətli və xeyirxahdır. O bilir ki, hər birimizin bacarığı və şəraiti bir-birindən fərqlidir. Biz öz bacardığımızı edəndə bu ona xoş olur. Biz də başqaları ilə İsa kimi davranmalıyıq. w21.07 s. 23, abz. 12—14
Bazar ertəsi, 17 iyul
Hökmdarıma əl qaldırmaram (1 İşm. 24:10).
Davud padşah heç də həmişə mərhəmətlə davranmırdı. Məsələn, xasiyyətcə kobud olan Nabal Davuda qarşı hörmətsizlik edib ona və adamlarına ərzaq verməyəndə Davud qəzəblənmişdi, onu və evindəki bütün kişiləri öldürmək qərarına gəlmişdi. Amma Nabalın xeyirxah və səbirli arvadı Abiqayil cəld davranıb Davudu qan tökməkdən çəkindirdi (1 İşm. 25:9—22, 32—35). Fikir verdinizsə, Davud qəzəblənəndə Nabalın və onun bütün ev əhlinin ölümə layiq olduğu qənaətinə gəlmişdi. Daha sonra isə o, Natanın məsəlindəki adama ölüm hökmü kəsilməli olduğunu demişdi. İkinci vəziyyətlə bağlı bizdə belə bir sual yarana bilər ki, nəyə görə Davud kimi yumşaqqəlbli bir insan sərt hökm çıxartdı? Gəlin həmin ərəfədə Davudla baş verənlər haqqında düşünək. Onun vicdanı ləkələnmişdi. İnsanın rəhmsiz olması və başqalarını mühakimə etməsi ruhani cəhətdən zəif olduğunun göstəricisidir. w21.10 s. 12, abz. 17, 18; s. 13, abz. 20
Çərşənbə axşamı, 18 iyul
Müqəddəs olun, çünki Mən müqəddəsəm (1 But. 1:16).
Günün ayəsində yazılan sözlərdən öyrənirik ki, müqəddəslik sahəsində ən gözəl nümunə olan Yehovaya bənzəyə bilərik. Biz hər işimizdə müqəddəs olmalıyıq. Amma qeyri-kamil olduğumuz üçün bu, mümkünsüz görünə bilər. Həvari Butrusun özü dəfələrlə səhvlər etmişdi. Amma onun nümunəsi göstərir ki, müqəddəs olmağımız mümkündür. Bəzi ərazilərdə «müqəddəs insan» deyəndə heç vaxt gülməyən, həmişə üzündə ciddi ifadə olan və dini paltarlar geyinən bir insan canlanır. Amma müqəddəslik bu deyil. Müqəddəs olan Yehova «xoşbəxt Allah» adlanır (1 Tim. 1:11). Ona xidmət edən insanlar da «bəxtəvər» və «bəxtiyar» adlanır (Zəb. 144:15). İsa Məsih geyimləri ilə başqalarından fərqlənən və öz salehliklərini nümayiş etdirən insanları məzəmmət edirdi (Mət. 6:1; Mark 12:38). Bir məsihi kimi, müqəddəsliklə bağlı təsəvvürümüzü Müqəddəs Kitabdan öyrəndiklərimiz formalaşdırmalıdır. Biz əminik ki, mehriban Allahımız Yehova bizə heç vaxt gücümüz çatmayan əmri verməz. w21.12 s. 2—3, abz. 1, 3
Çərşənbə, 19 iyul
Allahın Yehovanı bütün qəlbinlə,.. sev (Mark 12:30).
Xeyirxah Allahımız bizə saysız-hesabsız nemətlər verib. Bizə Ona ibadət etmək qabiliyyəti verməsi, bəlkə də, bu nemətlərin ən böyüyüdür. Yehovanı sevdiyimizi «Onun əmrlərinə riayət etmək»lə göstəririk (1 Yəh. 5:3). İsa Məsih Yehovanın buyruğu ilə bizə şagird hazırlamaq və onları vəftiz etmək tapşırığı verib (Mət. 28:19). O həmçinin bizə bir-birimizi sevməyi əmr edib (Yəh. 13:35). Yehova onun əmrlərinə itaət edənləri xidmətçilərindən ibarət ümumdünya ailəsinə daxil edəcək (Zəb. 15:1, 2). Buna görə də insanlara məhəbbət göstərin. Məhəbbət Yehovanın ən əsas xüsusiyyətidir (1 Yəh. 4:8). Biz hələ Yehovanı tanımamışdan əvvəl O bizə məhəbbət göstərib (1 Yəh. 4:9, 10). Biz insanlara məhəbbət göstərəndə Ona bənzəmiş oluruq (Efes. 5:1). İnsanlara məhəbbət göstərməyin ən gözəl yollarından biri, hələ vaxt var ikən, onların Yehova haqda öyrənmələrinə kömək etməkdir (Mət. 9:36—38). Bununla biz onların qarşısında Yehovanın ailəsinin üzvü olmaq imkanı açırıq. w21.08 s. 5—6, abz. 13, 14
Cümə axşamı, 20 iyul
[Bundan] böyük məhəbbət yoxdur (Yəh. 15:13).
İsa Yehovanı çox sevdiyi üçün həm Onun yolunda, həm də bizlərdən ötrü qurbanlar verib (Yəh. 14:31). O, yer üzündə sürdüyü fədakar həyat tərzi ilə insanlara olan böyük məhəbbətini sübut etdi. Hətta bəziləri ona qarşı çıxsa da, o, hər gün məhəbbətlə və şəfqətlə davranırdı. Ən əsası da insanlara sevgisini onlara Allahın Padşahlığı haqqında danışmaqla göstərirdi (Luka 4:43, 44). Üstəlik, o, günahkarların əlində əzabla ölməyə razı olmaqla göstərdi ki, Allahı və insanları özündən də çox sevir. Bununla da bizim əbədi yaşamağımız üçün yol açdı. Biz Yehovanı sevdiyimiz üçün özümüzü Ona həsr edib vəftiz olunmuşuq. Bu sevgidən irəli gələrək İsa kimi biz də insanlarla yaxşı rəftar etməliyik. Həvari Yəhya yazmışdı: «Gördüyü qardaşını sevməyən adam görmədiyi Allahı sevə bilməz» (1 Yəh. 4:20). w22.03 s. 10, abz. 8, 9
Cümə, 21 iyul
Diqqətli olun, düşüncəsizlər kimi yox, müdriklər kimi hərəkət edin... vaxtınızın qədrini bilin (Efes. 5:15, 16).
Yehova ilə vaxt keçirmək bizə xoş olsa da, bəzən buna vaxt tapmaq asan olmur. Çünki çox məşğuluq, iş, ailə məsuliyyətləri və digər vacib şeylər çox vaxtımızı aldığı üçün dua etməyə, Allahın Kəlamını mütaliə etməyə və üzərində düşünməyə vaxtımızın olmadığını fikirləşirik. Vaxtımızı əlimizdən alan gizli bir şey də var. Əgər ehtiyatlı olmasaq, öz-özlüyündə pis olmayan şeylər Yehovaya yaxınlaşmaq üçün ayırmalı olduğumuz vaxtı oğurlaya bilər. Məsələn, götürək əyləncə məsələsini. Düzdür, istirahət etmək lazımdır, amma hətta faydalı əyləncəyə başımız o qədər qarışa bilər ki, ruhani işlərə çox az vaxtımız qalar. Əyləncəyə qədərində vaxt ayırmalıyıq (Məs. 25:27; 1 Tim. 4:8). w22.01 s. 26—27, abz. 2, 3
Şənbə, 22 iyul
Aranızda yaşayan yadelliyə yerli adam kimi baxın. Onu özünüzü sevdiyiniz kimi sevin (Lav. 19:34).
Yehova israillilərə insanları sevməyi buyuranda O, təkcə onların milliyətindən olan insanları nəzərdə tutmurdu. Onlar həmçinin aralarında yaşayan yadelliləri də sevməli idi. Lavililər 19:33, 34 ayələrində Yehova bunu açıq-aydın demişdi. Onlar yadellilərə «yerli adam kimi» yanaşmalı idilər və onları da özlərini sevdiyi kimi sevməli idilər. Məsələn, israillilər həm kasıb-kusuba, həm də qəriblərə yerə tökülən başaqları yığmağa icazə verməli idilər (Lav. 19:9, 10). Qəribləri sevməklə bağlı prinsip bu gün məsihilərə də aiddir (Luka 10:30—37). Hansı mənada? Bütün dünyada milyonlarla mühacir var və ola bilsin, sizə yaxın ərazidə də mühacirlər yaşayır. Çox vacibdir ki, bu kişilərlə, qadınlarla və uşaqlarla hörmətlə davranaq. w21.12 s. 12, abz. 16
Bazar, 23 iyul
Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz (Zəb. 34:10).
İndidən hər sahədə Yehovanın verdiyi rəhbərliyə etibar etsək, gələcəkdə Onun bizi xilas etməyə qadir olduğuna əminliyimiz bir o qədər möhkəm olacaq. Bizim ürəyimizdə iman və istək olmalıdır ki, Yehovaya etibar edib müdirimizdən toplantılarda iştirak etmək üçün icazə alaq, yaxud ondan bütün yığıncaq görüşlərinə qatılmaq və xidmətdə daha çox iştirak etmək üçün iş cədvəlimizdə dəyişiklik etməsini xahiş edək. Tutaq ki, müdirimiz bizim xahişimizi nəzərə almadı və işimizi itirdik. Belə vəziyyətdə Yehovanın bizi heç vaxt atmayacağına və zəruri ehtiyaclarımızı təmin edəcəyinə iman edəcəyik? (İbr. 13:5). Tamvaxtlı xidmətçilərin bir çoxu Yehovanın onların ən çətin anlarında necə dadına çatdığını öz təcrübələrindən deyə bilərlər. Yehova sədaqətli Allahdır. O bizimlədir, buna görə də gələcəkdə üzləşəcəyimiz sınaqlar bizi qorxutmamalıdır. Nə qədər ki Yehovanın iradəsini həyatımızda hər şeydən üstün tuturuq, O bizi heç vaxt tərk etməyəcək. w22.01 s. 7, abz. 16, 17
Bazar ertəsi, 24 iyul
İnsan üçün yox, Yehova üçün hökm çıxarırsınız (2 Saln. 19:6).
Ağsaqqallara olan etibarımız necə sınana bilər? Təsəvvür edək ki, bizə yaxın olan adam yığıncaqdan kənar edilib. Ürəyimizdə xal qala bilər ki, görəsən, ağsaqqallar hadisəni hərtərəfli araşdırıblar? Görəsən, Yehova da onların verdiyi qərarı verərdi? Ağsaqqalların qərarına düzgün yanaşmağa bizə nə kömək edə bilər? Yadda saxlamalıyıq ki, yığıncaqdan kənaredilmə Yehovanın gördüyü tədbirdir. Bu, yığıncağın rifahı üçündür və yığıncaqdan kənar edilən insana da fayda gətirə bilər. Əgər tövbə etməyən günahkar yığıncaqda qalsa, o başqalarını da günaha sürükləyə bilər (Qal. 5:9). Bundan əlavə, o, günahının ciddiliyini başa düşməz, Yehovanın rəğbətini yenidən qazanmaq üçün düşüncəsində və əməllərində düzəliş etməyə çalışmaz (Vaiz 8:11). Əmin ola bilərik ki, ağsaqqallar insanın yığıncaqdan kənar edilməsi ilə bağlı qərar verərkən hər şeyi ciddi götür-qoy edirlər. w22.02 s. 5—6, abz. 13, 14
Çərşənbə axşamı, 25 iyul
[O,] sınmış qamışı əzməyəcək, közərən piltəni söndürməyəcək (Mət. 12:20).
Səbir və mehribanlıq kimi xüsusiyyətləri, xüsusilə nə zaman təzahür etdirmək vacibdir? Məsləhət verdiyimiz insan əvvəl-əvvəl məsləhəti qəbul etməyəndə. Bu zaman ağsaqqal çalışmalıdır ki, təmkinini pozmasın. Buna görə də ağsaqqal öz duasında Yehovadan xahiş edə bilər ki, həmin məsihiyə yar olsun, ona verilən məsləhətin vacibliyini anlamağa və əməl etməyə kömək etsin. Ola bilsin, məsihiyə deyilənlər üzərində düşünmək üçün vaxt lazımdır. Əgər ağsaqqal səbirli və mehriban olsa, insan diqqətini məsləhətin verilmə tərzinə yox, məsləhətə cəmləyəcək. Təbii ki, məsləhət həmişə Allahın Kəlamına əsaslanmalıdır. Biz istəyirik ki, məsləhətimiz effektiv olmaqla yanaşı, həmçinin «könlü xoşhal» etsin (Məs. 27:9). w22.02 s. 18, abz. 17; s. 19, abz. 19
Çərşənbə, 26 iyul
Uzun intizar ürəyi xəstə salar (Məs. 13:12).
Yehovadan hansısa çətinliyə dözmək və ya zəifliyimizlə bacarmaq üçün kömək diləyəndə bizə elə gələ bilər ki, duamızın cavabı gözlədiyimizdən gec gəlir. Nəyə görə Yehova bütün dualarımıza dərhal cavab vermir? O bizim ürəkdən gələn dualarımıza imanımızın sübutu kimi baxır (İbr. 11:6). Həmçinin Yehova görmək istəyir ki, dualarımıza uyğun yaşamağa və Onun bəyəndiyi kimi davranmağa nə qədər qətiyyətliyik (1 Yəh. 3:22). Buna görə də pis vərdişimizin və ya zəifliyimizin öhdəsindən gəlmək üçün Yehovaya dua edəndə səbirli olmaq və duamıza uyğun davranmaq lazım gələ bilər. İsa Məsih demişdi: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar. Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açırlar» (Mət. 7:7, 8). w21.08 s. 8, abz. 1; s. 10, abz. 9, 10
Cümə axşamı, 27 iyul
Qanununu elə sevirəm ki! Gecə-gündüz onu düşünürəm (Zəb. 119:97).
Yaradana imanınızı möhkəmləndirmək üçün Müqəddəs Kitabı dərindən mütaliə etməyə davam etməlisiniz (Yuş. 1:8). Oradakı peyğəmbərliklərin yerinə yetməsinə, daxili uyğunluğuna fikir verin. Bunun sayəsində daha da əmin olacaqsınız ki, bizi məhəbbətli və hikməti Allah yaradıb və Müqəddəs Kitab Onun ilhamı ilə yazılıb (2 Tim. 3:14; 2 But. 1:21). Həmçinin Müqəddəs Kitabı mütaliə edərkən oradakı məsləhətlərin necə faydalı olduğuna diqqət yetirin. Ta qədimdən Müqəddəs Kitabda xəbərdarlıq olunmuşdu ki, pulpərəstlik zərərlidir və çoxlu əzablara səbəb olur (1 Tim. 6:9, 10; Məs. 28:20; Mət. 6:24). Həqiqətən də, Müqəddəs Kitabda pulpərəstlikdən çəkinməklə bağlı verilən məsləhət bizim xeyrimizədir! Müqəddəs Kitabdakı başqa hansı məsləhətlərin xeyrini görmüsünüz? Oradakı məsləhətlərin dəyəri haqda nə qədər çox düşünsək, Yaradanın verdiyi bu hikmətli məsləhətlərə bir o qədər çox bel bağlayacağıq (Yaq. 1:5). Beləcə, həyatdan daha çox zövq alacağıq (Əşy. 48:17, 18). w21.08 s. 17—18, abz. 12, 13
Cümə, 28 iyul
Axı Allah ədalətsiz deyil ki,.. Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun (İbr. 6:10).
Əgər yaşa dolmusunuzsa, əmin olun ki, Yehova keçmişdə etdiyiniz xidməti unutmayıb. Siz təbliğ işini həmişə canla-başla dəstəkləmisiniz. Həyatda çoxlu problemlərlə üzləşmisiniz, hətta bəziləriniz böyük qəlb ağrısı yaşamısınız. Allahın saleh normalarına bağlı qalmısınız, çiyinlərinizdə böyük məsuliyyət yükü daşımısınız, başqalarına təlim vermisiniz. Yehovanın sürətlə hərəkət edən təşkilatı ilə ayaqlaşmaq üçün var gücünüzlə çalışmısınız. Başqalarına dayaq olmusunuz və onları tamvaxtlı xidmətə təşviq etmisiniz. Sadiq olduğunuz üçün Yehova sizi çox sevir. O, «sadiq bəndələrini tərk etməz»! (Zəb. 37:28). O söz verib: «Başınız ağaranadək sizi gəzdirəcəyəm» (Əşy. 46:4). Buna görə də elə düşünməyin ki, yaşa dolmusunuz deyə, Yehovanın təşkilatında artıq elə də əhəmiyyətli deyilsiniz. Bu, qətiyyən belə deyil! w21.09 s. 3, abz. 4
Şənbə, 29 iyul
Yehova Ondan qorxanlara... rəhm edir (Zəb. 103:13).
Yehova hikmətli olduğu üçün mərhəmət göstərir. Müqəddəs Kitabda yazılıb ki, «yuxarıdan nazil olan hikmət... mərhəmətli və faydalı bəhrələrlə doludur» (Yaq. 3:17). Sevən bir valideyn kimi, Yehova bilir ki, mərhəmətlə davranması övladlarının xeyrinədir (Əşy. 49:15). Yehovanın mərhəməti sayəsində qeyri-kamil insanların gələcəyə ümidi var. Beləliklə, Yehova misilsiz hikmətə sahib olduğu üçün insanlara mərhəmət göstərir. Amma Yehova mərhəməti tarazlı şəkildə təzahür etdirir. Mərhəmətli olması o demək deyil ki, O, günaha göz yumur. Yehovanın verdiyi istənilən qərar həmişə bəndələrinin xeyrinədir. Belə bir vəziyyətə baxaq. Yehovanın bir xidmətçisi günahlı həyat tərzini seçir. Bu zaman biz nə etməliyik? Həvari Bulus Yehovadan ilham alaraq yazmışdı ki, belə insanlarla daha oturub-durmayaq (1 Kor. 5:11). Günah işləyən insan tövbə etmədiyi halda yığıncaqdan kənar edilir. Bu, sadiq bacı-qardaşları qorumaq üçün və Yehovanın qanunlarının tərəfində olduğumuzu göstərmək üçün mütləqdir. w21.10 s. 9—10, abz. 7, 8
Bazar, 30 iyul
Allah gülərüzlə verəni sevir (2 Kor. 9:7).
Biz Padşahlıq işini dəstəkləmək üçün ianə edərkən Yehovaya ibadət edirik. İsraillilər Yehovanın hüzuruna əliboş gəlməməli idilər (Qan. 16:16). Onlar imkanlarının yol verdiyi qədər bəxşiş gətirməli idilər. Bununla onlar ruhani cəhətdən möhkəm qalmaları üçün Yehovanın gördüyü tədbirlərə minnətdarlıqlarını bildirirdilər. Bəs biz Yehovaya məhəbbətimizi və aldığımız ruhani nemətlərə görə minnətdarlığımızı necə ifadə edə bilərik? Bunun bir yolu yığıncağımızı və ümumdünya işini imkanımız çərçivəsində maddi cəhətdən dəstəkləməkdir. Həvari Bulus bunu belə ifadə etmişdi: «Ürəkdən verilən bəxşiş Allaha xüsusilə xoşdur, çünki O, insandan gücü çatanı gözləyir, gücü çatmayanı yox» (2 Kor. 8:4, 12). Yehova ürəkdən verdiyimiz istənilən ianəni, hətta xırda bir şeyi də qiymətləndirir (Mark 12:42—44). w22.03 s. 24, abz. 13
Bazar ertəsi, 31 iyul
Qəmginlərə təskinlik verin, zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin (1 Salon. 5:14).
Ağsaqqallar Yehovanın xidmətçilərinin üzləşdiyi bütün çətinlikləri aradan qaldıra bilməzlər. Amma bununla belə, Yehova istəyir ki, ağsaqqallar Onun quzularını qorusunlar və ruhlandırsınlar. Bəs ağsaqqallar bu qədər işin arasında dindaşlarına necə vaxt ayıra bilərlər? Həvari Bulusun nümunəsini izləməklə. Bulus həmişə çalışırdı ki, dindaşlarını tərifləsin, onları ürəkləndirsin. Ağsaqqallar da Yehovanın xalqı ilə nəvazişlə davranaraq Bulusdan örnək götürə bilərlər (1 Salon. 2:7). Bulus dindaşlarına onları sevdiyini deyirdi. Həmçinin əmin edirdi ki, Yehova da onları sevir (2 Kor. 2:4; Efes. 2:4, 5). O, yığıncaqdakı bacı-qardaşlara dost kimi yanaşırdı, onlarla vaxt keçirirdi. O, onlara etibar edib, səmimi şəkildə öz zəifliyi, narahatlığı haqda danışırdı (2 Kor. 7:5; 1 Tim. 1:15). Amma onun məqsədi diqqətini öz problemlərinə cəmləmək yox, bacı-qardaşlara kömək etmək idi. w22.03 s. 28, abz. 9, 10