Xeyirxah işlər Allahı izzətləndirir
MƏSİHÇİLƏR xeyirxah işləri və nümunəvi davranışları ilə Allahı izzətləndirirlər (1 Peter 2:12). Bu, son illər əüzində İtaliyada baş verən hadisələrdən görünür.
1997-ci ilin sentyabr ayında Marke və Umbriya vilayətlərində baş verən güclü zəlzələ nəticəsində 90 000 ev zədələnmişdir. Yehovanın Şahidləri qruplara bölünərək, həmimanlılarına və başqa insanlara dərhal kömək təklif etdilər. Zərər çəkənlərə qoşma vaqonlar, yataq kisələri, mətbəx pilətələri, generatorlar və başqa əşyalar verildi. Bu cür yardım diqqətdən yayınmadı.
“Çentro” qəzetində qeyd edilirdi: “Zərər çəkənlərə kömək etmək üçün Rozeto şəhərindən (Teramo vilayəti) birinci Yehovanın Şahidləri gəldilər... Vaxtaşırı dua etmək üçün bir yerə toplaşmaqdan savayı, Yehovaya sadiq olan bu insanlar, zərər çəkənlərə hansı dinə mənsub olduqlarını sormadan, kömək göstərməklə xeyirxahlıq edirlər”.
Daha çox zərər çəkən şəhərlərdən biri olan Noçera-Umbranın bələdiyyə rəisi Yehovanın Şahidlərinə yazmışdı: “Noçeranın sakinlərinə göstərdiyiniz köməyə görə sizə şəxsən ürəkdən minnətdarlığımı bildirirəm. Bununla, bütün şəhər əhalisinin hisslərini ifadə etdiyimi düşünürəm”. Bundan əlavə, Daxili İşlər Nazirliyi Yehovanın Şahidlərinin yığıncağını (“Congregazione Cristiana dei Testimoni di Geova”), “Umbriya və Marke vilayətlərinin sakinlərinə kömək edərkən göstərdikləri sə’y və əməyi qeyd edərək”, fəxri fərman və medal ilə mükafatlandırdı.
İtaliyanın şimalında yerləşən Pyemonti vilayətində 2000-ci ilin oktyabrında güclü daşqın baş verdi. Şahidlər yenə də tezcə köməyə gəldilər. Bu xeyirxah iş də nəzərdən yayınmadı. Pyemonti vilayətinin hökumət orqanları, “daşqından zərər çəkənlərə könüllü surətdə kömək göstərdiklərinə” görə Şahidləri şərəf nişanı ilə təltif etdilər.
İsa Məsih şagirdlərinə bu göstərişi vermişdir: “Qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, xeyirxah işlərinizi görsünlər və Göylərdəki Atanıza həmd etsinlər” (Matta 5:16). Yehovanın Şahidləri yaxınlarına ruhani və başqa sahələrdə kömək göstərərək, “xeyirxah işləri” ilə özlərini deyil, Allahı sevinclə izzətləndirirlər.