Başqalarına ehtiyac duymağımızın səbəbi
“İki nəfər bir nəfərdən yaxşıdır... Çünki düşərlərsə, biri dostunu qaldırar” (Süleyman padşah).
QƏDİM İSRAİL padşahı Süleyman demişdir: “İki nəfər bir nəfərdən yaxşıdır, çünki əməkləri üçün yaxşı mükafatları olar. Çünki düşərlərsə, biri dostunu qaldırar; fəqət yalnız olub düşənin vay başına! Onu qaldıracaq kimsə yoxdur” (Vaiz 4:9, 10). Burada insan təbiətinin görkəmli bilicisi Süleyman vurğulayır ki, biz ünsiyyətə və dostluq münasibətlərinə ehtiyac duyuruq və yaxşı olardı ki, özümüzü insanlardan təcrid etməyək. Lakin bu adi bir insan fikri deyildir. Süleymanın sözləri — yuxarıdan, Allahdan nazil olan müdrikliyin bəhrəsidir.
İnsanın özünü təcrid etməsi müdrik davranış deyil. İnsanlar bir-birlərinə lazımdırlar. Biz hamımız ətrafımızdakı insanlardan ala biləcəyimiz dəstək və köməyə ehtiyac duyuruq. Müqəddəs Kitab məsəlində deyilir: “Tənhalığı sevən niyyətinin ardınca düşmüş olar, sağlam şüurun əleyhinə çıxar” (Süleymanın məsəlləri 18:1, MKŞ). Buna görə də təəccüblü deyil ki, sosioloqlar insanları müəyyən bir qrupa aid olmağa və başqaları ilə maraqlanmağa təşviq edirlər.
Professor Robert Putnam ictimai həyatın dirçəlişinə dair tövsiyələrdən birini xatırladır; bu, “Allaha iman etməyin göstərdiyi tə’sirin gücləndirilməsidir”. Bununla bağlı Yehovanın Şahidlərinin nümunəsi maraqlıdır: onlar bütün dünyada mövcud olan ailəyə bənzər yığıncaqlarında özlərini mühafizə olunmuş hiss edirlər. Həvari Peterin sözlərinə əsasən onlar ‘Allahdan qorxan’ bütün ‘qardaşlığı sevirlər’ (1 Peter 2:17). Yehovanın Şahidləri təcrid olunmaqdan və onun zərərli nəticələrindən qaçınırlar, çünki onların həqiqi ibadətlə bağlı çoxlu işləri var: onlar daima çalışırlar ki, yaxınlarına Allahın Kəlamındakı həqiqəti öyrənməkdə kömək etsinlər (2 Timoteyə 2:15).
Məhəbbət və dostluq münasibətləri onların həyatını dəyişmişdir
Yehovanın Şahidləri, hər bir üzvü vacib olan birləşmiş cəmiyyəti təşkil edirlər. Latın Amerikasında yaşayan bir ailənin üzvləri olan Migelin, Froylanın və Alma-Rutun nümunəsini nəzərdən keçirək. Onlar cırtdanboyluluğa səbəb olan sümük toxumalarında zədə ilə doğulmuşlar. Onların üçü də əlil arabasında gəzirlər. Yehovanın Şahidləri ilə ünsiyyət onların həyatına necə tə’sir etmişdir?
Migel deyir: “Son dərəcədə gərgin anlarım olub, lakin Yehovanın xalqı ilə ünsiyyətdə olmağa başladıqdan sonra, həyatım dəyişdi. Özünü insanlardan təcrid etmək çox təhlükəlidir. Yığıncaq görüşlərində həmimanlılarla ünsiyyət etmək, hər həftə onlarla birlikdə olmaq məmnunluq hissi duymaqda mənə çox kömək etdi”.
Alma-Rut əlavə edir: “Hərdən bərk mə’yusluğa qapılırdım və çox qəmli olurdum. Ancaq Yehova haqqında öyrənməyə başladıqdan sonra, Onunla sıx münasibətlər qura biləcəyimi anladım. Bu münasibətlər mənim üçün həyatda çox dəyərli oldu. Doğmalarımız bizə böyük köməklik göstərdilər və bu, ailəmizi daha da yaxınlaşdırdı”.
Migelin atası ona məhəbbətlə yazmağı və oxumağı öyrədirdi. Sonradan Migel bu işdə Froylana və Alma-Ruta kömək etdi. Bu, onların ruhani cəhətdən inkişaf etmələri üçün vacib idi. Alma-Rut deyir: “Oxumağı bacarmağımız sayəsində çox şeyə nail ola bilmişik, çünki artıq biz Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxumaqla ruhən qidalana bilirik”.
Hazırda Migel məsihçi ağsaqqalı kimi xidmət edir. Froylan Müqəddəs Kitabı doqquz dəfə oxuyub. Alma-Rut isə 1996-cı ildə pioner xidmətinə başlayaraq, Padşahlığın tammüddətli təbliğçisi kimi Yehovaya xidmətini genişləndirmişdir. O qeyd edir: “Bu məqsədimə Yehovanın köməyi sayəsində nail oldum. Bu işdə mənə əziz bacılarım kömək edirlər; onlar mənə yalnız təbliğ etməkdə deyil, həmçinin öyrətmək işində də kömək edirlər. Hazırda mənim başlamağa nail olduğum 11 Müqəddəs Kitab öyrənməm var”.
Həmçinin Emiliya da yaxşı nümunə verir. Bədbəxt hadisə nəticəsində onun hər iki ayağı və onurğa sümüyü zədələnmişdir və indi o, əlil arabasından istifadə etmək məcburiyyətindədir. Yehovanın Şahidləri Müqəddəs Kitabı onunla Meksikada öyrənmişlər və o, 1996-cı ildə vəftiz olunmuşdur. Emiliya deyir: “Həqiqəti bilməzdən əvvəl həyatıma son qoymaq istəyirdim; yaşamaq istəmirdim. Boşluq hiss edir və gecə-gündüz ağlayırdım. Ancaq Yehovanın xalqı ilə ünsiyyətdə olmağa başlayanda bacı-qardaşların məni sevdiklərini hiss etdim. Onlar mənə şəxsi maraq göstərirlər, bu isə mənə güc verir. Bir ağsaqqal mənim üçün bir qardaş və ya bir ata kimi oldu. O və bir neçə xidməti köməkçi məni arabamla görüşə və təbliğ xidmətinə aparırlar”.
1992-ci ildə Yehovanın Şahidi kimi vəftiz olunan Xose tək yaşayır. Onun 70 yaşı var. O, 1990-cı ildə təqaüdə çıxmışdır. Xose əvvəllər depressiyadan əziyyət çəkirdi. O, bir dəfə Yehovanın Şahidi ilə söhbət etdikdən sonra, məsihçi görüşlərinə gəlməyə başladı. Orada eşitdikləri və gördükləri onun xoşuna gəlirdi. Misal üçün, Xose diqqət yetirdi ki, qardaşları dostluq münasibətləri birləşdirir və o, onların diqqətini şəxsən öz üzərində hiss edirdi. İndi yığıncağın ağsaqqalları və xidməti köməkçiləri onun qayğısına qalırlar (1 Peter 5:2; Filipililərə 1:1). Bu həmimanlılar onun üçün “təsəlli” oldular (Koloslulara 4:11). Onlar Xoseni həkimə aparır, evdə ona baş çəkirlər. Qardaşlar ona, hətta keçirtdiyi dörd cərrahiyyə əməliyyatı zamanı da kömək edirdilər. Xose deyir: “Onlar mənim üçün narahat olurlar. Onlar mənim ailəmdir. Özümü onların arasında yaxşı hiss edirəm”.
Vermək — əsl bəxtiyarlıq gətirir
Süleyman padşah bütün gücümüzü var-dövlət yığmağa sərf etməyin nə dərəcədə əbəs olduğunu təsvir etdikdən dərhal sonra ‘iki nəfərin bir nəfərdən yaxşı olduğunu’ demişdir (Vaiz 4:7-9). Axı bu gün insanların çoxu məhz belə davranırlar, bu zaman onlar necə ki, ailə daxilindəki, eləcə də ondan kənardakı insani münasibətləri qurban verdiklərini nəzərə almırlar.
Bu cür acgözlük və xudbinlik ruhu üzündən bir çoxları özlərini insanlardan təcrid edirlər. Nəticədə bu onlara nə xoşbəxtlik gətirir, nə də məmnunluq, çünki bu ruhun tə’siri altına düşdükdə insan çox vaxt mə’yusluq və ümidsizlik hissi keçirir. Və əksinə, yuxarıda gətirilən nümunələrdən görünür ki, Yehovaya xidmət edən, Ona və yaxınlarına olan məhəbbətdən irəli gələrək davranan kəslərlə ünsiyyətdə olmaq necə də faydalıdır. Müntəzəm olaraq məsihçi görüşlərinə gəlmək, həmimanlılarımızın kömək və dəstək olmaları, həmçinin xidmətdə sə’ylə iştirak etmək insanlardan təcrid edilmə ilə bağlı yaranan mənfi hisslərin öhdəsindən gəlməkdə həlledici rol oynamışdır (Süleymanın məsəlləri 17:17; İbranilərə 10:24, 25).
Bir-birimizdən asılı olduğumuz üçün, başqalarına kömək edərkən məmnunluq duymağımız tamamilə təbiidir. Çəkdiyi zəhməti başqalarının xeyrinə xidmət edən Albert Eynşteyn demişdir: “İnsanın dəyəri... onun qəbul etməyə hazır olduğu şeylərə əsasən deyil, verdiyi şeylərə əsasən müəyyən edilməlidir”. Bu, Rəbbimiz İsa Məsihin sözlərinə müvafiqdir: “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35). Başqalarından məhəbbət görmək yaxşıdır, lakin başqalarına məhəbbət göstərmək də çox faydalıdır.
Uzun illər ərzində yığıncaqlara baş çəkib, onlara ruhani köməklik göstərən və maddi cəhətdən imkanları məhdud olan məsihçilərə yığıncaq görüşləri keçirmək üçün zalların tikilməsində kömək edən bir səyyah nəzarətçi öz hissləri ilə bölüşür: “Qardaşlarıma xidmət etməkdən əldə etdiyim sevinc və onların üzündəki minnətdarlıq ifadəsi təşviq edir ki, başqalarına kömək etmək imkanları axtarmağa davam edim. Təcrübəm məni əmin edir ki, başqalarına şəxsi maraq göstərmək xoşbəxtliyin açarıdır. Mən həmçinin bilirəm ki, biz ağsaqqallar “yeldən saxlanacaq bir yer kimi... quraq yerdə axar sular kimi, yorucu diyarda böyük qaya kölgəsi kimi” olmalıyıq” (İşaya 32:2).
Bir yerdə yaşamaq nə xoşdur!
Başqalarına kömək və Yehovaya xidmət edən kəslərlə dostluq münasibətləri, sözsüz ki, böyük fayda və əsl bəxtiyarlıq gətirir. Məzmurçu nida etmişdir: “Budur, qardaşların bir yerdə yaşaması nə yaxşıdır və nə xoşdur” (Məzmur 133:1). Migelin, Froylanın və Alma-Rutun nümunəsi göstərir ki, qarşılıqlı kömək etməkdə ailənin birliyi vacib rol oynayır. Və həqiqi ibadətdə birləşmək doğrudan da xeyir-duadır! Həvari Pavel ərlərə və arvadlara ünvanladığı məsləhətlərdən sonra yazır: “Nəhayət, hamınız həmfikir, başqalarının dərdlərinə şərik, qardaş sevən, şəfqətli, mehriban, təvazökar olun” (1 Peter 3:8).
Əsl dostluq necə ki, emosional, eləcə də ruhani cəhətdən böyük fayda gətirir. Pavel iman qardaşlarına müraciət edərək, onları də’vət edir: “Cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun... Həmişə bir-birinizə və hamıya yaxşılıq etməyə çalışın” (1 Saloniklilərə 5:14, 15).
Bu səbəbdən başqalarına əməldə kömək etmək üçün imkanlar axtarın. “Hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək”, çünki bu, həyata əsl mə’na və məmnunluq gətirir (Qalatiyalılara 6:9, 10). Məsihin şagirdi Yaqub yazırdı: “Əgər qardaşlarınızdan və yaxud bacılarınızdan biri çılpaqdırsa və gündəlik yeməkdən məhrumdursa və sizlərdən biri onlara, “Salamat gedin. İsinin və doyun”, — deyib, onların bədəni üçün zəruri olan şeyləri vermirsə, nə faydası vardır?” (Yaqub 2:15, 16). Cavab mə’lumdur. Biz ‘yalnız öz mənfəətimizi deyil, başqalarının da mənfəətini güdməliyik’ (Filipililərə 2:4).
Yehovanın Şahidləri başqalarına maddi yardım göstərməkdən savayı, xüsusi hallarda və ya təbii fəlakətlər zamanı, onlar həmçinin yaxınlarına son dərəcədə vacib köməklik etməyə, məhz onlara Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ etməyə sə’y göstərirlər (Matta 24:14). 6 000 000-dan çox Şahidin bu ümid və təsəlli xəbərini bəyan etməkdə iştirak etməsi, onların başqalarına səmimi və məhəbbət dolu maraq göstərdiklərini göstərir. Ancaq Müqəddəs Kitab vasitəsilə göstərilən yardım bəşəriyyətin daha bir ehtiyacının tə’min edilməsinə kömək edir. Hansı?
Ən zəruri ehtiyacların tə’min edilməsi
Əsl mə’nada xoşbəxt olmaq üçün, biz Allahla lazımi münasibətlərə malik olmalıyıq. Bir kitabda belə deyilir: “İnsan hər zaman və hər yerdə, tarixin başlanğıcından bu günə kimi özündən yüksək və güclü hesab etdiyi nəyə isə müraciət etməyə təşviq olunur. Bu göstərir ki, din insan təbiətinə xasdır və elm tərəfindən qəbul olunmalıdır. [...] İnsanın ali varlığın ümumdünya xarakterli axtarışı və ona imanı bizi lərzəyə gətirməli, valeh etməli bizdə dərin hörmət hissi hasil etməlidir” (Kressi Morrison, “Man Does Not Stand Alone”).
İsa Məsih demişdir: “Nə bəxtiyardırlar ruhən yoxsullar; çünki Göylərin Padşahlığı onlarındır” (Matta 5:3, İ–93). Uzun müddət özünü başqalarından təcrid etmək insanı əmin-amanlıqdan məhrum edir. Yaradanımızdan ayrılmaq isə daha ciddidir (Vəhy 4:11). “Allah biliyi” qazanmaq və onu tətbiq etmək həyatımızda vacib yeri tutmalıdır (Süleymanın məsəlləri 2:1-5). Bəli, biz öz ruhani tələbatlarımızı tə’min etməyə qəti qərarlı olmalıyıq, çünki biz başqaları və Allah olmadan keçinə bilmərik. Xoşbəxtlik və həyatda əsl məmnunluq ‘dünya üzərində... Uca olan’ Yehova ilə yaxşı münasibətlərdən asılıdır (Məzmur 83:18).
[5-ci səhifədəki şəkil]
Migel: “Son dərəcədə gərgin anlarım olub, lakin Yehovanın xalqı ilə ünsiyyətdə olmağa başladıqdan sonra, həyatım dəyişdi”.
[5-ci səhifədəki şəkil]
Alma-Rut: “Yehova haqqında öyrənməyə başladıqdan sonra, Onunla sıx münasibətlər qura biləcəyimi anladım”.
[6-cı səhifədəki şəkil]
Emiliya: “Həqiqəti bilməzdən əvvəl... boşluq hiss edirdim”.
[7-ci səhifədəki şəkil]
Allahın həqiqi xidmətçiləri ilə ünsiyyətdə olmaq ruhani tələbatları tə’min etməyə kömək edir.