Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/4 s. 12—16
  • Mələklərin insanların həyatında rolu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mələklərin insanların həyatında rolu
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Mələklər haradan peyda olmuşlar?
  • Mələklərin rolu nədən ibarətdir?
  • Məsihin günlərində mələklərin köməyi
  • Müasir dövrdə mələklərin köməyi
  • Mələklərin yaxın gələcəkdəki möhtəşəm rolu
  • Mələklər ‘xidmətçi ruhlardır’
    Gözətçi qülləsi 2009
  • Mələklər bizə necə kömək edir?
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Mələklər insanlara kömək edir
    Böyük Müəllimdən öyrən
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/4 s. 12—16

Mələklərin insanların həyatında rolu

«Bundan sonra göydən enən başqa bir mələyi gördüm. Onun böyük səlahiyyəti vardı... O, güclü və yüksək səslə nida edib dedi: “Yıxıldı! Böyük fahişə Babil yıxıldı!”» (VƏHY 18:1, 2).

1, 2. Nə göstərir ki, Yehova iradəsini yerinə yetirmək üçün mələklərdən istifadə edir?

PATMOS adasında sürgündə olan yaşa dolmuş həvari Yəhya vəhylər alır. O, ‘Ruhun hakimiyyəti altında’ «Rəbbin günündə» baş verən həyəcanlandırıcı hadisələri görür. Həmin gün İsa Məsihin 1914-cü ildə taxta çıxması ilə başlayır və onun Minillik Hökmranlığının sonunadək davam edir (Vəhy 1:10).

2 Yehova Allah bu vəhyi Yəhyaya bilavasitə olaraq verməmişdi. O, xüsusi kanaldan istifadə etmişdi. Vəhy 1:1 ayəsində deyilir: «Bu kitab, İsa Məsihin vəhyidir. Allah bu vəhyi Məsihə verdi ki, tezliklə baş verməsi vacib olan hadisələri qullarına göstərsin. Və Məsih Öz mələyi vasitəsilə bu vəhyi göndərib, qulu Yəhyaya bəyan etdi». Yehova mələkdən istifadə edərək İsanın vasitəsilə Yəhyaya ‘Rəbbin günü’ barədə heyrətamiz açıqlamalar verdi. Yəhya həm də «göydən enən başqa bir mələyi görmüşdü. Onun böyük səlahiyyəti vardı». Bu mələyə hansı tapşırıq verilmişdi? «O, güclü və yüksək səslə nida edib dedi: “Yıxıldı! Böyük fahişə Babil yıxıldı!”» (Vəhy 18:1, 2). Bu güclü mələyə yalan dinin dünya imperiyası Böyük Babilin süqutu barədə xəbər vermək həvalə olunmuşdu. Beləliklə, heç bir şübhə ola bilməz ki, Yehovanın iradəsinin yerinə yetirilməsində mələklərin xüsusi rolu vardır. Mələklərin Allahın niyyətində və bizim həyatımızda oynadığı rolun nədən ibarət olduğunu ətraflı araşdırmazdan qabaq, gəlin bu ruhani varlıqların haradan peyda olduğunu nəzərdən keçirək.

Mələklər haradan peyda olmuşlar?

3. İnsanlar mələklər barədə hansı yanlış təsəvvürə malikdirlər?

3 Bu gün milyonlarla insan mələklərin varlığına inanır. Amma çoxları mələklər və onların haradan peyda olması barədə yanlış təsəvvürlərə malikdirlər. Məsələn, bə’zi dindar insanlar düşünürlər ki, əziz adamları öləndə göyə Allahın yanına qalxır və mələk olurlar. Bəs Allahın Kəlamı mələklərin yaranması, həyatı və məqsədi haqqında bunu öyrədirmi?

4. Müqəddəs Yazılara əsasən, mələklər haradan peyda olmuşlar?

4 Ən qüdrətli və ən böyük səlahiyyəti olan mələk baş mələk Mikayıldır (Yəhuda 9). Bu, məhz İsa Məsihdir (1 Salonikililərə 4:16). Çox-çox əvvəllər Yehova yaratmağa başlayanda, ilk olaraq bu mələyi yaratdı (Vəhy 3:14). Sonralar Yehova vahid Oğlunun vasitəsilə bütün başqa ruhani varlıqları yaratdı (Koloslulara 1:15-17). Bu mələkləri oğlu adlandıraraq Yehova Əyyubdan soruşmuşdu: «Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə... Kim onun guşədaşını qoydu? Onda dan ulduzları birgə nəğmə oxuyurdu, bütün ilahi varlıqlar [«Allah oğulları», KM] sevincdən haray salırdı» (Əyyub 38:4, 6, 7). Aydındır ki, mələkləri Allah yaradıb, özü də insanlardan çox-çox əvvəl.

5. Mələklər necə təşkil olunmuşlar?

5 Müqəddəs Kitabda deyilir ki, «Allah qarışıqlıq deyil, sülh Allahıdır» (1 Korinflilərə 14:33). Buna müvafiq olaraq Yehova ruhani oğullarını üç əsas qrupa bölüb: Onun taxtı önündə xidmət edən, müqəddəsliyini bəyan edən və xalqının ruhani təmizliyini qoruyan seraflar; əzəmətini dəstəkləyən keruvlar; iradəsini yerinə yetirən digər mələklər (Məzmur 103:20; Yeşaya 6:1-3; Yezekel 10:3-5; Daniel 7:10). Bu ruhani varlıqlar insanların həyatında hansı rolu oynayır? (Vəhy 5:11).

Mələklərin rolu nədən ibarətdir?

6. Yehova Eden bağında keruvlara nə tapşırmışdı?

6 İlk dəfə ruhani varlıqlardan Yaradılış 3:24 ayəsində danışılır: «Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar». Keruvlar Adəm və Həvvanı ilk evləri olan Cənnət bağına girməyə qoymurdular. Bu bəşər tarixinin başlanğıcında idi. Bəs sonra onlar nə ilə məşğul olurdular?

7. «Mələk» kimi tərcümə olunan sözün ibrani və yunan dillərində mə’nası mələklərin rolu haqqında nə açıqlayır?

7 Müqəddəs Kitabda mələklərin adı təxminən 400 dəfə çəkilir. «Mələk» kimi tərcümə olunan ibrani və yunan sözləri «elçi» mə’nasını daşıyır. Beləliklə, Allah mələklər vasitəsilə insanlarla ünsiyyət edirdi. Bu məqalənin ilk iki abzasında qeyd edildiyi kimi, Yehova həvari Yəhyaya xəbər çatdırmaq üçün mələkdən istifadə etmişdi.

8, 9. a) Mələyin gəlişi Manoaha və onun arvadına necə tə’sir bağışladı? b) Valideynlər Manoahla Allahın mələyinin söhbətindən nə öyrənə bilərlər?

8 Mələklər, həmçinin Allahın yerdəki xidmətçilərini ruhlandırır, onlara dayaq olurlar. Məsələn, İsraildə hakimlərin dövründə Manoah və onun sonsuz arvadı övlad həsrətində idilər. Yehova mələyini göndərib Manoahın arvadına xəbər verdi ki, onun oğlu olacaq. Müqəddəs Kitabda nəql olunur: «Sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş Nəziri olacaq. O, İsraili Filiştlilərin əlindən qurtarmağa başlayacaq» (Hakimlər 13:1-5).

9 Manoahın arvadı bir oğlan, Müqəddəs Kitabdan yaxşı tanıdığımız Şimşonu dünyaya gətirdi (Hakimlər 13:24). Uşaq dünyaya gəlməzdən əvvəl Manoah xahiş etdi ki, həmin mələk qayıdıb, uşağı tərbiyə etməyi onlara öyrətsin. Manoah soruşdu: «Uşağın həyat tərzi və işi nə olacaq?» Yehovanın mələyi onun arvadına verdiyi göstərişləri bir də təkrar etdi (Hakimlər 13:6-14). Bu, Manoahı necə də ruhlandırdı! Bu gün mələklər adamların yanına gəlmirlər, amma valideynlər Manoahdan nümunə götürərək uşaqlarının tərbiyəsində Yehovanın rəhbərliyini axtara bilərlər (Efeslilərə 6:4).

10, 11. a) Suriya ordusu Elişanı tutmaq üçün gələndə Elişa və qulluqçusu özlərini necə apardılar? b) Bu hadisə üzərində düşünərək biz hansı faydanı ala bilərik?

10 Mələklərin insanlara kömək etdiyini Elişa peyğəmbərin günlərində baş verən hadisədən görmək olar. Elişa İsrailin Dotan şəhərində qalırdı. Bir gün Elişanın qulluqçusu səhər erkən qalxıb bayıra baxanda şəhərin atlarla və döyüş arabaları ilə mühasirə olunduğunu gördü. Suriyanın padşahı Elişanı tutmaq üçün böyük ordu göndərmişdi. Elişanın qulluqçusu nə etdi? O, təlaş içində qışqırdı: «Vay, ağam, nə edəcəyik?» Ona elə gəlirdi ki, artıq hər şey bitib. Ancaq Elişa ona cavab verdi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur». O nəyi nəzərdə tuturdu? (2 Padşahlar 6:11-16).

11 Mələklərin ordusunun onlara kömək etmək üçün orada olduğundan Elişanın xəbəri var idi. Lakin onun qulluqçusu heç nə görmürdü. Buna görə də «Elişa dua edib dedi: “Ya Rəbb, onun gözlərini aç ki, görsün”. Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdılar» (2 Padşahlar 6:17). Qulluqçu bir ordu mələyi görə bildi. Biz də mələklərin Yehovanın və Məsihin rəhbərliyi altında Yehovanın xalqına dayaq durub, onu müdafiə etdiyini ruhani gözlərlə görə bilərik.

Məsihin günlərində mələklərin köməyi

12. Cəbrayıl mələk Məryəmə necə ürək-dirək verdi?

12 Gəlin görək yəhudi qızı bakirə Məryəm «hamilə qalıb bir Oğul doğacaq və Onun adını İsa qoyacaqsan» xəbərini alanda mələk ona necə ürək-dirək verdi. Heyrətləndirici xəbəri çatdırmazdan qabaq Allahın göndərdiyi Cəbrayıl mələk ona dedi: «Qorxma, Məryəm; çünki Allah qarşısında lütf tapdın» (Luka 1:26, 27, 30, 31). Allahın lütfünü qazandığını eşidən Məryəm necə də ruhlanmış və möhkəmlənmişdi!

13. Mələklər İsaya necə dayaq oldular?

13 Başqa bir halda isə Şeytan İsanı səhrada üç dəfə imtahana çəkəndən sonra mələklər ona dayaq olmuşdu. Müqəddəs Yazılardan oxuyuruq ki, sınaqların sonunda «iblis Onu tərk etdi; və budur, mələklər gəlib Ona xidmət edirdilər» (Matta 4:1-11). İsanın ölümündən qabaqkı gecə də buna oxşar hadisə baş verdi. İsa əzab içində diz üstə çöküb dua etdi: «“Ey Ata, əgər istəyirsənsə, bu kasanı Məndən uzaqlaşdır; amma Mənim iradəm deyil, qoy Səninki olsun”... Göydən bir mələk Ona göründü və Ona qüvvət verdi» (Luka 22:42, 43). Bəs bu gün mələklər bizə necə kömək edirlər?

Müasir dövrdə mələklərin köməyi

14. Yehovanın Şahidləri müasir dövrdə hansı tə’qiblərlə üzləşmiş və bunun nəticəsi nə olmuşdur?

14 Yehovanın Şahidlərinin təbliğ işinin müasir tarixinə nəzər salanda mələklərin köməyini aydın görmürükmü? Məsələn, Yehovanın xalqı İkinci Dünya müharibəsindən (1939-1945) əvvəl və müharibə zamanı Almaniya və Qərbi Avropada nasizmin qəzəbli hücumlarına tab gətirə bilmişdir. İtaliya, İspaniya və Portuqaliyada katolik faşist rejimi altında isə onlar daha uzun müddət tə’qiblərə mə’ruz qalmışlar. Onilliklər boyunca Yehovanın Şahidləri keçmiş Sovet İttifaqında və ondan asılı respublikalarda, həmçinin bə’zi Afrika ölkələrində tə’qiblərlə üzləşmişləra. Bu yaxınlarda isə Yehovanın Şahidləri Gürcüstanda amansız tə’qiblərə mə’ruz qalmışlar. Şeytan Yehovanın xidmətçilərini susdurmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Buna baxmayaraq, onlar bir təşkilat kimi belə müqavimətlərə tab gətirmiş və çiçəklənmişlər. Bu, qismən mələklərin müdafiə etməsi sayəsində mümkün olmuşdur (Məzmur 34:7; Daniel 3:28; 6:22).

15, 16. Mələklər ümumdünya təbliğ işində Yehovanın Şahidlərinə necə kömək edirlər?

15 Yehovanın Şahidləri onlara ­həvalə olunmuş Allahın Padşahlığı haqqında müjdəni bütün dünyada təbliğ etmək və hər yanda maraqlanan insanlara Müqəddəs Kitab tə’limlərini öyrədərək şagird hazırlamaq işinə ciddi yanaşırlar (Matta 28:19, 20). Ancaq onlar yaxşı başa düşürlər ki, mələklərin köməyi olmadan bu işin öhdəsindən gələ bilməzlər. Buna görə də Vəhy 14:6, 7 ayələrində deyilənlər onları daima ruhlandırır. Burada həvari Yəhya yazır: «Göyün ortasında uçan başqa bir mələyi də gördüm. Onun əbədi bir Müjdəsi var idi ki, yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa təbliğ etsin. Və o, yüksək səslə deyirdi: “Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi. Göyü, yeri, dənizi və su bulaqlarını Yaradana səcdə edin!”»

16 Bu sözlərdən aydın görünür ki, Yehovanın Şahidlərinin ümumdünya təbliğ işi mələklərin rəhbərliyi və köməyi ilə həyata keçirilir. Yehova mələklərdən istifadə edərək Öz xidmətçilərinə səmimi insanları tapmağa kömək edir. Mələklər, həmçinin Şahidləri layiq olanlara yönəldirlər. Yehovanın Şahidlərinin çətinlikdə olan və ruhani köməyə ehtiyacı olan insanlara düz vaxtında rast gəlmələrinin səbəbi məhz budur. Belə hadisələr o qədər tez-tez baş verir ki, onları sadəcə təsadüf hesab etmək olmaz.

Mələklərin yaxın gələcəkdəki möhtəşəm rolu

17. Bir mələk Assuriya ordusuna nə etdi?

17 Elçi kimi xidmət etməkdən və Yehovaya ibadət edənlərə dayaq olmaqdan savayı, mələklər başqa işi də yerinə yetirirlər. Keçmiş zamanlarda onlar Allahın hökmlərini yerinə yetirirdilər. Məsələn, b. e. ə. səkkizinci əsrdə assuriyalılar böyük ordu ilə Yerusəlimi işğal etməyə hazırlaşırdılar. Yehova nə etdi? O dedi: «Mən bu şəhəri Özüm üçün, qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm». Sonra baş verənlər Müqəddəs Kitabda belə təsvir olunur: «O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb» (2 Padşahlar 19:34, 35). Bəli, insan ordusu bir mələyin gücü ilə müqayisədə necə də zəifdir!

18, 19. Mələklər yaxın gələcəkdə hansı möhtəşəm işi görəcəklər və bu, bəşəriyyətdə öz əksini necə tapacaq?

18 Mələklər yaxın gələcəkdə də Allahın hökmünü icra edəcəklər. Çox tezliklə İsa «qüdrətli mələkləri ilə alovlu atəş içərisində» gələcək. Onların məqsədi ‘Allahı tanımayan və Özü [İsa Məsih] barəsindəki Müjdəyə itaət etməyənlərə cəza vermək’ olacaqdır (2 Saloniklilərə 1:7, 8). Bunun bəşəriyyətdə necə dərin iz buraxacağını bir təsəvvürünüzə gətirin! Allahın hazırda bütün dünyada təbliğ olunan xoş xəbərinə biganə yanaşanlar məhv olunacaqlar. Yehovaya, salehliyə və təvazökarlığa meyl salanlar isə Onun ‘qəzəb günündə qurtulacaq’ və zərər almayacaqlar (Sefanya 2:3).

19 Biz minnətdarıq ki, Yehova qüdrətli mələklərinin vasitəsilə yer üzündəki xidmətçilərinə dayaq olur və onları möhkəmləndirir. Mələklərin Allahın niyyətində oynadığı rolu başa düşməyimiz xüsusilə təsəllivericidir, çünki elə mələklər vardır ki, Yehovaya qarşı üsyan qaldırmış və Şeytanın rəhbərliyi altına düşmüşlər. Bəs həqiqi məsihçilər Şeytan İblisin və onun cinlərinin güclü tə’sirindən necə qoruna bilərlər? Bu sual növbəti məqalədə müzakirə olunacaq.

[Haşiyə]

a Tə’qiblər dalğası haqda daha ətraflı mə’lumatı 1983 (Anqola) (ing.), 1972 (Çexoslovakiya) (ing.), 2000 (Çexiya respublikası) (rus.), 1992 (Efiopiya) (ing.), 1974 (ing.) və 1999 (Almaniya) (rus.), 1982 (İtaliya) (ing.), 1999 (Malavi) (rus.), 2004 (Moldaviya) (rus.), 1996 (Mozambik) (rus.), 1994 (Polşa) (ing.), 1983 (Portuqaliya) (ing.), 1978 (İspaniya) (ing.), 2002 (Ukrayna) (rus.) və 2006-cı il (Zambiya) (rus.) üçün olan «Yehovanın Şahidlərinin illik məcmuəsi»ndən tapa bilərsiniz.

Siz nə öyrəndiniz?

• Mələklər haradan peyda olmuşlar?

• Allah keçmişdə mələklərdən necə istifadə edirdi?

• Vəhy 14:6, 7 ayələri mələklərin bu günki fəaliyyəti haqqında hansı mə’lumatı verir?

• Mələklər yaxın gələcəkdə hansı möhtəşəm işi görəcəklər?

[13-cü səhifədəki şəkil]

Mələk Manoahı və onun arvadını ruhlandırdı.

[15-ci səhifədəki şəkil]

«Bizimlə olanlar onlarla olanlardan çoxdur».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş