Biz haradan gəlmişik?
BU SUALIN CAVABINI TAPMAQ NƏ ÜÇÜN VACİBDİR? Bir çox insanlara yer üzündə həyatın təsadüf nəticəsində yarandığını öyrədiblər. Onlara deyiblər ki, bir sıra inanılmaz və təsadüfi hadisələrin, yəni təkamülün nəticəsində emosional, əqli və ruhani qabiliyyətlərə malik olan insan peyda olub.
Ancaq düşünün: əgər biz doğrudan da təkamülün bəhrəsiyiksə və Yaradan yoxdursa, demək olar ki, bəşər ailəsi yetimdir. Onda bəşəriyyətə məsləhət verəcək ali hikmət mənbəyi, yəni problemlərimizin həllində kömək edəcək bir kimsəmiz yoxdur. Deməli, təbiətin məhv edilməsinin qarşısını almaq, siyasi münaqişələri həll etmək və şəxsi problemlərimizdən çıxış yolu tapmaq üçün insan müdrikliyinə bel bağlamaqdan başqa çarəmiz qalmır.
Bu fikir sizə qəlb rahatlığı gətirirmi? Əgər gətirmirsə, onda gəlin başqa variant üzərində düşünək. Bu nəinki daha cəlbedicidir, həmçinin daha məntiqidir.
Müqəddəs Kitab nə deyir?
Müqəddəs Kitab öyrədir ki, bəşəriyyəti Allah yaradıb. Biz məhəbbət və şüurla heç bir bağlılığı olmayan təkamülün bəhrəsi yox, sevən şüurlu Atanın övladlarıyıq. Gəlin buna dair Müqəddəs Kitabın verdiyi aydın məlumatlara diqqət yetirək.
Yaradılış 1:27. «Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı».
Məzmur 139:14. «Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm».
Matta 19:4-6. «Oxumamısınızmı ki, Yaradan başlanğıcdan “onları kişi və qadın yaratdı”? Və demişdir: “Buna görə insan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır. İkisi də bir bədən olacaqdır”. Belə ki, onlar artıq iki deyil, bir bədəndirlər. Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır».
Həvarilərin işləri 17:24, 25. «Dünyanı və onun içində olan bütün şeyləri yaradan Allah, göy və yerin Rəbbi olduğundan, əl ilə tikilmiş məbədlərdə yaşamaz. Madam ki, hamıya həyat, nəfəs və hər şeyi verən Özüdür, bir şeyə möhtac imiş kimi, insanların əlləri ilə Ona xidmət oluna bilməz».
Vəhy 4:11. «Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı».
Müqəddəs Kitabın verdiyi cavablar əsl qəlb rahatlığını necə gətirir?
«Yer üzündə hər ailənin Ondan [Allahdan] ad aldığı»nı bilməyimiz insanlara baxışımızı dəyişir (Efeslilərə 3:14). Bu bilik özümüzə və problemlərimizə necə münasibət göstərməyimizə də təsir edir. Gəlin görək bu bilik növbəti vəziyyətlərdə düşüncəmizə necə təsir göstərir.
Çətin qərarlar qəbul etmək lazım gələndə insanların ziddiyyətli fikirləri bizi həddindən artıq narahat etməyəcək. Əksinə, biz əminliklə Müqəddəs Kitabın məsləhətinə güvənəcəyik. Nə üçün? Çünki «hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin» (2 Timoteyə 3:16, 17).
Düzdür, Müqəddəs Kitabın məsləhətlərini tətbiq etmək üçün səy göstərmək və intizamlı olmaq tələb olunur. Bəzən onun məsləhətləri fikirlərimizə zidd davranmağı da tələb edə bilər (Yaradılış 8:21). Lakin sevən səmavi Ata tərəfindən yaradıldığımızı qəbul ediriksə, hansı yolun bizim üçün ən yaxşı olduğunu Onun bildiyi qənaətinə gəlmək məntiqəuyğundur (Yeşaya 55:9). Buna görə Allahın Kəlamı bizi əmin edir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər» (Süleymanın məsəlləri 3:5, 6). Bu məsləhətə əməl etsək, problemlərlə üzləşəndə və qərarlar qəbul edəndə bir çox narahatçılıqdan uzaq olacağıq.
Haqqımızda yaranmış yanlış fikirlərlə üzləşəndə başqa irqdən və ya mədəniyyətdən olan insanlardan nədə isə aşağı olduğumuzu düşünməyəcəyik və dəyərsizlik hissi ürəyimizi sıxmayacaq. Əksinə, biz tarazlı şəkildə özünəhörmət hissini inkişaf etdirəcəyik. Nə üçün? Çünki Atamız Yehova Allah «insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur» (Həvarilərin işləri 10:34, 35).
Bunu dərk etməyimiz, əvvəlcədən yaranmış yanlış fikrin insanlara münasibətimizə təsir etməsinə yol verməyəcək. Biz başa düşəcəyik ki, özümüzü digər irqlərdən olan insanlardan üstün tutmağa heç bir əsas yoxdur, çünki Allah «bütün xalqlardan olan insanları bir qandan yaratdı ki, bütün yer üzündə yaşasınlar» (Həvarilərin işləri 17:26).
Şübhəsiz, yaradıldığımızı və Yaradanımızın qeydimizə qaldığını bilməyimiz bizdə əsl qəlb rahatlığı hasil edir. Ancaq qəlb rahatlığını itirməmək üçün gəlin görək daha nə lazımdır.
[4-cü səhifədəki çərçivə]
İnsan təkamülünmü bəhrəsidir?
[5-ci səhifədəki şəkil]
Yaradanımızın qayğımıza qaldığını bilmək əsl qəlb rahatlığı hasil edir