Müqəddəs Kitab həyatları dəyişir
Gəncliyində marixuana və tütün çəkən bir nəfər bu pis vərdişlərdən yaxa qurtarmaq üçün gücü haradan əldə etmişdi? Quldur dəstəsinin üzvü nəyin sayəsində qəzəbini cilovlamağı öyrənmiş və irqi nifrətə qalib gələ bilmişdir? Gəlin görək onlar özləri bu haqda nə deyirlər.
ÜMUMİ TANIŞLIQ
ADI: HENRİX MAR
YAŞI: 38
ÖLKƏ: QAZAXISTAN
TARİXÇƏSİ: MARİXUANA VƏ TÜTÜN ÇƏKƏN
KEÇMİŞİM: Mən Qazaxıstanın cənubunda, Daşkənd şəhərindən təxminən 120 kilometr aralıda doğulmuşam. Orada yayda quraqlıq və isti olur, havanın hərarəti müsbət 45 dərəcəyə çatır, qışda isə mənfi 10 dərəcəyə enir. Bu, üzüm və çətənə bitkisinin bitməsi üçün ideal şəraitdir.
Valideynlərim milliyyətcə alman idilər. Onların hər ikisi protestant məzhəbinə mənsub olsalar da, dindar deyildilər. Buna baxmayaraq, onlar mənə İsa Məsihin nümunəvi duasını əzbərlətmişdilər. Anam və böyük bacım bir müddət Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrəndilər. Onda mənim 14 yaşım var idi. Bir dəfə anamla öyrənmə keçirən iki Şahid anama onun köhnə Müqəddəs Kitabından Allahın adının Yehova olduğunu göstərdi və mən də təsadüfən bunu eşitdim. Bu, mənə güclü təsir bağışladı. Lakin anam öyrənməni saxladı, beləliklə mən də Allah haqqında öyrənmək üçün heç bir addım atmadım. Buna baxmayaraq, bir qədər sonra məktəbdə müəllim Yehovanın Şahidləri «təriqəti» haqda uydurma hadisələr danışanda onun dediklərinin kiminsə uydurduğu yalan olduğunu söylədim, çünki bacımla onların yığıncaq görüşlərinin bəzilərində olmuşdum.
15 yaşım olanda məni peşə sahibi olmaq üçün Rusiyanın Leninqrad, indiki Sankt-Peterburq şəhərinə göndərdilər. Yehova haqqında bildiklərimi otaq yoldaşlarıma danışırdım. Lakin mən siqaret çəkməyə başladım. Qazaxıstana, evimizə gedəndə qeyri-qanuni olmasına baxmayaraq, asanlıqla marixuana əldə edirdim. Həmçinin çoxlu araq və evdə düzəlmə çaxır içirdim.
Peşə məktəbini bitirdikdən sonra iki il Sovet ordusunda xidmət etdim. Yeniyetmə olanda Müqəddəs Kitabdan öyrəndiklərim hələ də yadımda idi. Fürsət düşəndə əsgərlik yoldaşlarıma Yehova haqqında danışır və kimsə Yehovanın Şahidləri haqda yalan danışanda onları müdafiə edirdim.
Hərbi xidməti bitirdikdən sonra Almaniyaya köçdüm. Mühacirlərin yaşadığı şəhərdə mənə Müqəddəs Kitabı öyrənmək üçün nəzərdə tutulan Yehovanın Şahidləri tərəfindən dərc edilmiş nəşr verdilər. Mən onu böyük maraqla oxudum və orada deyilənlərin həqiqət olduğunu anladım. Lakin tütündən və marixuanadan əl çəkə bilmirdim. Bir müddət sonra Karlsrue şəhərinin yaxınlığına köçdüm. Orada Yehovanın Şahidlərindən biri ilə tanış oldum və o, mənimlə Müqəddəs Kitabı öyrənməyə başladı.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Mən Müqəddəs Kitabı həmişə Allahın Kəlamı hesab etmişəm. Mənə verdikləri kitabı oxuduqdan sonra isə əmin oldum ki, Müqəddəs Kitab həyatın bütün vacib suallarına cavab verir. Düzdür, pis vərdişləri dərhal ata bilmədim. Axırda, Müqəddəs Kitabın 2 Korinflilərə 7:1 ayəsindəki məsləhətin üzərində ciddi düşündüm və özümü «hər bir bədən və ruh murdarlığından» təmizləmək, yəni tütün və marixuananı tərgitmək qərarına gəldim.
Marixuananı, demək olar ki, dərhal atdım. Tütünə gəlincə isə, düz altı ay vaxt lazım oldu. Bir dəfə mənimlə Müqəddəs Kitabı öyrənən soruşdu: «Sənin həyatının mənası nədir?» Onun sualı məni tütünü atmaq haqqında ciddi düşünməyə təşviq etdi. Bunu etməyə dəfələrlə cəhd göstərmişdim. Bu dəfə isə qərara gəldim ki, siqareti çəkəndən sonra əfv diləmək üçün yox, onu çəkməmişdən əvvəl mənə kömək etməsi üçün dua edim. 1993-cü ildə siqareti atmaq üçün konkret gün təyin etdim. O vaxtdan bəri Yehovanın köməyilə siqaretə heç gözümün ucu ilə də baxmamışam.
MƏNƏ FAYDASI: İndi mən həm baha başa gələn, həm də zərərli olan marixuana və tütündən qurtulmuşam, üstəlik səhhətim də yaxşılaşıb. Hal-hazırda Yehovanın Şahidlərinin Almaniyada yerləşən filialında könüllü kimi xidmət edirəm. Müqəddəs Kitabda olan məsləhətlərə riayət etməyi öyrəndiyim üçün necə də xoşbəxtəm! Müqəddəs Kitabdakı həqiqətləri öyrənməklə həyatımın mənasını tapmışam.
ÜMUMİ TANIŞLIQ
ADI: TAYTUS ŞANQADİ
YAŞI: 43
ÖLKƏ: NAMİBİYA
TARİXÇƏSİ: QULDUR DƏSTƏSİNİN ÜZVÜ
KEÇMİŞİM: Mən Namibiyanın şimalındakı Ohanqvena vilayətinin kəndində böyüyüb boya-başa çatmışam. 1980-ci illərdə orada gedən müharibədə kəndimizin əhalisinin çoxunu döymüş və öldürmüşdülər. Bizim kənddə yalnız dalaşmağı bacaran və başqalarını döyən oğlan uşağı əsil kişi hesab olunurdu. Buna görə də mən dalaşmağı öyrənmişdim!
Məktəbi bitirdikdən sonra dəniz kənarında yerləşən Svakopmund şəhərinə, dayımın yanına köçdüm. Çox keçməmiş quldur dəstəsinə qoşuldum. Biz dava salmaq üçün şəhərin qaraların girməsi qadağan olunan yerlərinə, məsələn, mehmanxanalara, barlara gedirdik. Bir neçə dəfə keşikçilərlə və polislərlə dalaşmışdıq. Hər gecə küçəyə çıxanda özümlə iti, uzun bıçaq götürürdüm. Beləliklə, yolumu kəsən hər kəsə hücum çəkməyə hazır idim.
Bir dəfə başqa dəstə ilə dalaşarkən az qala ölmüşdüm. Həmin dəstədən olan oğlan arxadan mənə yaxınlaşıb başımı kəsmək istəyirdi. Ancaq bizimkilərdən biri onu elə vurdu ki, o, huşunu itirib yerə yıxıldı. Ölümə bu qədər yaxın olmağıma baxmayaraq, həyat tərzimi dəyişmək istəmirdim. Kişi və ya qadın olmasından asılı olmayaraq, kiminləsə sözüm çəp gələndə ilk zərbəni həmişə mən vururdum.
MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ: Mən birinci dəfə Yehovanın Şahidlərindən biri ilə rastlaşanda o, mənə 37-ci məzmurdan bir neçə ayə oxudu və sonra Müqəddəs Yazıların «Vəhy» kitabında başqa gözəl vədlər verildiyini söylədi. Ancaq bu vədlərin harada yazıldığını dəqiq demədiyi üçün mən Müqəddəs Kitab tapıb həmin gecə bütün «Vəhy» kitabını oxudum. Vəhy 21:3, 4 ayələrindəki «artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır» sözləri mənim çox xoşuma gəldi. Şahidlər ikinci dəfə gələndə Müqəddəs Kitabı öyrənməyə razılaşdım.
Düşüncə tərzimi və davranışımı dəyişmək çox çətin idi. Lakin Həvarilərin işləri 10:34, 35 ayələrindən öyrəndim ki, «Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur». Həmçinin Romalılara 12:18 ayəsində yazılan «mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun» prinsipini tətbiq etmək üçün çox çalışırdım.
Mən nəinki öz qəzəbimi cilovlamağı öyrənir, həmçinin siqaretə olan asılılığımdan da qurtulmağa çalışırdım. Çox vaxt ağlaya-ağlaya Yehovaya yalvarıb kömək istəyirdim. Lakin ilk vaxtlar hər şeyi tərsinə edirdim. «Bu, axırıncıdır»,— deyib, siqareti çəkir, sonra dua edirdim. Mənimlə öyrənən Şahid başa saldı ki, siqareti çəkməzdən əvvəl dua etmək lazımdır. Mənə, həmçinin siqaret çəkən insanlardan da uzaq durmaq lazım idi. Bundan başqa, aldığım məsləhətə əməl edərək iş yoldaşlarıma siqaretin ziyanı haqda danışdım. Bunun doğrudan da köməyi dəydi, çünki işdə artıq heç kəs mənə müftə siqaret təklif etmirdi.
Vaxt keçdikcə, siqareti atmağa və əvvəlki həyat tərzimdən yaxa qurtarmağa müvəffəq oldum. Müqəddəs Kitabı öyrənməyə və oradakı prinsipləri tətbiq etməyə başladıqdan altı ay sonra mən vəftiz olub Yehovanın Şahidi oldum.
MƏNƏ FAYDASI: İrqi və dərisinin rəngi müxtəlif olan Yehovanın Şahidləri arasında səmimi məhəbbəti görəndə başa düşdüm ki, bu, həqiqi dindir. Hələ vəftiz olmamışdan əvvəl ağdərili Şahid məni öz evinə nahara dəvət etmişdi. Bu, sanki yuxu idi. Əvvəllər ağdərili insanla sakit oturmağı belə bacarmırdım, o ki qaldı evində oturub onunla nahar edim. Mən özümü beynəlxalq qardaşlığın üzvü kimi hiss etdim.
Keçmişdə keşikçilər və polislər mənim düşüncəmi və hərəkətlərimi dəyişməyə çalışsalar da, cəhdləri boşa çıxırdı. Yalnız Müqəddəs Kitabın sayəsində xasiyyətimi dəyişə və xoşbəxt ola bildim.
[21-ci səhifədəki yazı]
«Çox vaxt ağlaya-ağlaya Yehovaya yalvarıb kömək istəyirdim»