Ölülər dirilərə kömək edə bilərmi?
QƏRBİ Afrikadan olan Tamba adlı gənc məktəb imtahanlarını verməyə hazırlaşırdıa. Anası onu inandırmağa çalışırdı ki, uğur qazanması üçün mütləq ölmüş əcdadlarının köməyi gərəkdir. Siciliyanın Palermo şəhərində turistlər mumiyalanmış yüzlərlə cəsədin sərgiləndiyi katakombaları ziyarət edirlər. Bəziləri inanır ki, bu cəsədlər insanı qoruyan ilahi qüvvəyə malikdirlər. İnsanlar hər il ABŞ-ın Nyu–York ştatının qərbindəki çoxsaylı mediumları ilə tanınan Lili-Deyl şəhərinə gəlirlər. Bu insanlar ümid edirlər ki, həmin mediumların vasitəsilə ölən əzizləri və ya dostları ilə əlaqə yarada və onlardan kömək ala bilərlər.
Bütün dünyada insanlar inanır ki, ölülər dirilərə kömək etməyə qadirdir. Bəs siz necə düşünürsünüz? Ola bilsin, sizə də bu etiqadı aşılayıblar, yaxud yaxınlarınızdan kimsə buna inanır. Ölən əzizimiz üçün darıxmağımız normal haldır. Mediumlar insanı ölən əzizi ilə görüşdürə biləcəklərini iddia edirlər. Bir medium qadının «Taym» jurnalında yazılmış sözlərinə əsasən, ruhani aləmin qapıları «hər zaman açıqdır, yetər ki, köməyə çağırın». Bu həqiqətdirmi? Doğrudanmı ölülər dirilərə kömək edə bilər? Bu suala Müqəddəs Kitabın verdiyi aydın cavab sizi təəccübləndirə bilər.
Ölülər haradasa yaşamağa davam edirmi?
Müqəddəs Kitab ölülərin hansı vəziyyətdə olduğunu sadə, açıq-aydın şəkildə izah edir. Vaiz 9:5 ayəsində yazılanlara diqqət yetirin: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir. Onlara daha heç vaxt əvəz verilməyəcək». Ölülər hisslərə malik ola bilərmi? 6-cı ayədə cavab verilir: «Ölülərin sevgisi, nifrəti, paxıllığı artıq məhv olub. Səma altında görülən işlərdə daha payları olmayacaq». Həmçinin həmin fəslin 10-cu ayəsi də bunu vurğulayır: «Ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var». «Ölülər diyarı» kimi tərcümə olunan ibrani sözü «şeol» bəşəriyyətin ümumi məzarını bildirir. Diqqətə layiqdir ki, buna müvafiq olan yunan sözü «hades» İsa Məsihin öləndən sonra müvəqqəti olaraq harada olduğunu göstərmək üçün işlədilmişdi (Həvarilərin işləri 2:31).
İsa hələ sağ ikən bir çoxlarına kömək edirdi, amma o bilirdi ki, öləcək. O, qəbirdə olanda da insanlara kömək edə biləcəyini düşünürdümü? Xeyr. O, ölümünü işləməyin mümkün olmadığı gecə vaxtı ilə müqayisə etmişdi (Yəhya 9:4). İsa yaxşı bilirdi ki, insan öləndə ‘kölgə kimi’, yəni gücsüz olur (Yeşaya 26:14).
Ölüm haqda oxşar fikri vurğulamaq üçün İsa, həmçinin müqayisədən istifadə etmişdi. Dostu Lazar öləndə, o, ölümü yuxuya bənzətmişdi (Yəhya 11:11—13). Biz yatan insandan kömək gözləmirik, elə deyilmi? Yatan adam heç nə hiss etmir və onun heç kimə köməyi dəymir.
Ölən insandan yaşayan bir hissə ayrılırmı?
Ölən adam şüursuz və fəaliyyətsiz olur. Allah Adəmə hökm kəsərək belə demişdi: «Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən, ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:19). Yehova Adəmi torpaqdan yaratmazdan əvvəl o, harada idi? Təbii ki, o, heç yerdə yaşamırdı! Bir sözlə, Adəm mövcud deyildi! Beləliklə, Yehova Allah Adəmə «torpağa qayıdacaqsan» deyərkən onun öləcəyini və torpağa qarışacağını nəzərdə tuturdu. Adəm heç bir ruhani aləmə köçmədi. Ölməklə Adəm yenidən yoxluğa qayıtdı. Onun cəzası başqa aləmə köçmək yox, ölüm, həyatın mövcud olmaması oldu (Romalılara 6:23).
Lakin kimsə deyə bilər: «Bəs ölü ilə əlaqə yaratdığını, səsini eşitdiyini, hətta özünü gördüyünü söyləyən insanların danışdıqlarına nə ad vermək olar?» Bu cür məlumatlar dünyanın bir çox yerlərində mütəmadi eşidilir. Belə sözlər əzizini, yaxud yaxın dostunu itirənlərə ümid verir, onları ölülərlə əlaqə qura bildiyini iddia edən ruh çağıran mediumlara müraciət etməyə təşviq edir.
Bəs bu cür əhvalatlar həqiqətdirmi? Əgər belədirsə, bəs onda bu, yuxarıda Müqəddəs Kitabdan gətirilən fikirlərə zidd getmirmi? Məsih İsa Allahın Kəlamının həqiqət olduğunu demişdi (Yəhya 17:17). Həqiqət özü-özünə zidd gedə bilməz. Ölülərin yaşayanlara kömək edə biləcəyi ilə bağlı deyilən iddialara necə münasibət göstərməli olduğumuza dair əslində Müqəddəs Kitabda aydın göstəriş var. Müqəddəs Kitabda ölüdən kömək almağa cəhd göstərən bir adamdan bəhs edilir. Həmin hadisəni diqqətlə oxusaq, həqiqət üzə çıxacaq.
Padşah ölüdən kömək istəyir
İsrailin şimalında qanlı döyüşlər gedirdi. Dəhşətli filişt ordusu Şaul padşaha və onun adamlarına qarşı vuruşurdular. Şaul filiştlilərin düşərgəsini görəndə «qorxudan ürəyi əsdi». Hakimiyyətinin belə bir dövründə Şaul həqiqi ibadətdən üz döndərdi. Bu, ona gətirib çıxardı ki, Yehova onun kömək üçün etdiyi yalvarışlarına hay vermədi. Bəs Şaul kömək üçün hara üz tutsun? Allahın peyğəmbəri Şamuel də artıq ölmüşdü (1 Şamuel 28:3, 5, 6).
Şaul rəhbərlik üçün En-Dordakı cindar qadına müraciət etdi. O yalvarıb cindardan xahiş etdi ki, onun üçün ölmüş Şamueli çağırsın. Cindar bir ruh çağırdı. Bu «Şamuel» Şaula dedi ki, filiştlilər onları məğlub edəcək, Şaul və oğulları isə döyüşdə öləcək (1 Şamuel 28:7—19). Bu sözləri deyən həqiqətənmi Şamuelin özü idi?
Bu haqda düşünün. Müqəddəs Kitabda deyilir ki, insan öləndə ‘torpağa düşür’ və ‘niyyətləri yox olur’ (Məzmur 146:4). Həm Şaul, həm də Şamuel bilirdi ki, Allah cindarlara və ruh çağıranlara müraciət etməyi mühakimə edir. Məhz bu səbəbdən Şaul əvvəllər ölkəni bu cür işlərlə məşğul olan insanlardan təmizləmişdi (Levililər 19:31).
Bunun üzərində düşünün. Əgər həqiqətən də sadiq Şamuel ruh kimi yaşayırdısa, o, Allahın əmrini pozar və Şaulla görüşmək üçün mediumla əlbir olardımı? Yehova Şaulla danışmırdı. Bəs onda demək olarmı ki, cindar qadın mahiyyət etibarı ilə Külli-İxtiyar Allahı ölmüş Şamuelin vasitəsilə Şaulla danışmağa məcbur etmişdi? Xeyr. Aydındır ki, bu «Şamuel» heç bir vəchlə Allahın həqiqi peyğəmbəri ola bilməzdi. Bu ruh, ölmüş Şamuelin cildinə girmiş cin idi.
Cinlər bəşər tarixinin əvvəlində Allahın hakimiyyətinə qarşı üsyana qalxan mələklərdir (Yaradılış 6:1—4; Yəhuda 6). Bu cinlər insan sağ olanda onu izləyə bilərlər; hər bir insanın necə danışdığından, baxdığından və hərəkət etdiyindən xəbərdardırlar. Cinlər can atırlar ki, Müqəddəs Kitabda deyilənlərin guya yalan olduğunu sübut etsinlər. Buna görə də Müqəddəs Kitabın bizi spiritizmin istənilən növündən uzaq durmağa səsləməsi təəccüblü deyil! (Qanunun təkrarı 18:10—12). Bu pis ruhlar bu gün də fəaldırlar.
İndi biz başa düşə bilərik ki, nə üçün bəziləri ölən əzizinin «səsini eşitdiyini» və ya «özünü gördüyünü» deyir. Hərdən insanlar belə görüntülərin faydalı olduğunu düşünsə də, bu pis ruhların əsas məqsədi insanları aldatmaqdırb. (Efeslilərə 6:12). Həmçinin bir şeyi düşünün: Yehova bizim qeydimizə qalan məhəbbətli Allahdır. Əgər ölülər həqiqətən də haradasa yaşamağa davam edirlərsə, həmçinin dostlarının və ailəsinin dadına çata bilirlərsə, o zaman məhəbbətli Yaradanımız onlarla əlaqə qurmağı qadağan edərdimi və buna «iyrənc» bir şey kimi baxardımı? Əlbəttə ki, yox! (1 Peter 5:7). Bəs onda köməyi hansı etibarlı mənbədən ala bilərik?
Dirilər və ölülər üçün əsil kömək
Deyilənlərdən başa düşdük ki, ölülər dirilərə kömək edə bilməzlər. Bundan əlavə, kömək üçün ölülərə müraciət etmək nəinki heç bir nəticəni vermir, hətta ziyan da gətirir. Belə ki, bu cür davranmaqla biz Allahın qanununu pozar və təhlükəli vəziyyətə, cinlərin təsiri altına düşə bilərik.
Müqəddəs Kitab bizi ən yaxşı kömək Mənbəyinə — Yaradanımız Yehovaya yönəldir. O, bizi ölümün pəncəsindən xilas edə bilər (Məzmur 33:19, 20). Yehova bizə kömək etməyə hər zaman hazırdır. Onun verdiyi ümid, yalançı mediumların verdiyi ümiddən fərqli olaraq, realdır.
Məqalənin əvvəlində adı çəkilən Tamba mediumların təqdim etdiyi saxta ümidlə Yehovanın bizə çatdırdığı həqiqət arasındakı fərqi şəxsi təcrübəsində gördü. Cindar ona ölmüş əcdadlarının ruhuna qurban gətirməsə, məktəb imtahanından kəsiləcəyini iddia edirdi. Tamba Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. O, ölülərin əslində hansı vəziyyətdə olduğunu, habelə özlərini ölmüş əcdadların yerinə qoyan pis qüvvələr haqqında öyrəndi. Anasının mediumdan kömək istəməsi üçün ona güclü təzyiq etməsinə baxmayaraq, Tamba: «Bu dəfə kəsilsəm, gələn il yenə cəhd göstərərəm»,— deyərək imtina etdi.
Bunun axırı necə oldu? Tamba imtahandan əla qiymət aldı! Buna mat qalmış anasının mediumlara inamı itdi və bundan sonra qurban gətirmək haqda bir kəlmə də kəsmədi. Tamba öyrəndi ki, Yehova bizi ‘dirilər barəsində ölülərlə danışmaqdan’ çəkindirir (Yeşaya 8:19). Müqəddəs Kitabı öyrənmək Tambanı əmin etdi ki, əgər Allahın qanunundan zövq alarsa, uğur qazanacaq (Məzmur 1:1—3).
Bəs ölən əzizlərimiz haqqında nə demək olar? Onlar üçün heç bir ümid yoxdur? Yaşayanlara yardım etməklə yanaşı, Yehova qəbirlərdə olanlara da kömək edəcəyini vəd edir. Ölənlərin nə qədər gücsüz olduğunu təsvir etdikdən sonra Yeşaya peyğəmbər 26-cı fəslin 19-cu ayəsində nida edir: «Sənin ölülərin yaşayacaq.... Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun». Peyğəmbərlikdə bu sözlərin ardınca ‘torpaqdakı ölülərin’ yenidən yaşayacağı deyilir.
Bir təsəvvür edin! Qəbirlərdə yatan milyardlarla köməksiz insan həyata qayıdacaq! Bəli, Müqəddəs Kitabda deyilir ki, Yehova ölülərə həyat verməyin ‘həsrətini çəkir’ (Əyyub 14:14, 15). Bu vədlər inanılmaz kimi görünür? İsa Məsih bu ümidin gerçək olduğuna o qədər əmin idi ki, ölmüş insanların artıq Yehovanın gözündə yaşadıqlarını demişdi (Luka 20:37, 38).
İstəyərdinizmi ki, sizin də bu cür ümidiniz olsun?c Müqəddəs Kitabdan dəqiq biliyi almağa davam edin. Öyrəndikcə əmin olacaqsınız ki, Yehova həm yaşayanlara, həm də ölənlərə kömək edə bilər və Onun vədi «həqiqi və etimada layiqdir» (Vəhy 21:4, 5).
[Haşiyələr]
a Ad dəyişdirilib.
b Bu mövzuya dair əlavə məlumatı Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Ölənlərin ruhu. Onlar sənə kömək edə və ya zərər verə bilərlərmi? Onlar həqiqətən də mövcuddurlarmı?» broşürasından (rus.) tapa bilərsiniz.
c Müqəddəs Kitabın dirilmə haqqında verdiyi ümid barəsində daha çox məlumat əldə etmək üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 7-ci fəslinə baxa bilərsiniz.
[23-cü səhifədəki yazı]
İtirdiyimiz əzizimizin həsrətini çəkmək normaldır
[24-cü səhifədəki şəkil]
Şaul padşahla danışan doğrudanmı Şamuelin ruhu idi?