Çoxsaylı çətinliklərin öhdəsindən gəlməkdə övladlarınıza kömək edin
GƏNCLƏRİMİZƏ daim təzyiqlər göstərilir. Onlar Şeytanın pis dünyasında hökm sürən ruhun təsirinə məruz qalır və ‘gənclik ehtirasları’ ilə mübarizə aparmalı olurlar (2 Tim. 2:22; 1 Yəh. 5:19). Üstəlik, onlar ‘Yaradanlarını xatırlamağa’ çalışdıqları üçün imanlarına qarşı çıxanlar tərəfindən rişxəndə, hətta istehzalara məruz qalırlar (Vaiz 12:1). Uşaqlığını xatırlayaraq Vinsent qardaş deyir: «Yehovanın Şahidi olduğum üçün mənə həmişə istehza edir, sataşır və ya məni davaya cəlb etməyə çalışırdılar. Çox vaxt təzyiqlər o qədər güclü olurdu ki, mən heç məktəbə də getmək istəmirdim»a.
Dünyanın təzyiqindən savayı, övladlarımız həmyaşıdları kimi olmaq arzusu ilə də mübarizə aparırlar. 16 yaşlı Ketlin deyir: «Başqaları səni qəribə adam hesab edəndə özünü pis hiss edirsən». 21 yaşlı Alan isə etiraf edir: «Sinif yoldaşlarım məni tez-tez istirahət günlərini onlarla keçirməyə dəvət edirdilər. Əslində, mən getmək istəyirdim». Üstəlik, məktəbdəki idman tədbirlərində iştirak etmək arzusu uşaqlarda çox güclü ola bilər və bu, asanlıqla pis dostluğa gətirib çıxara bilər. «Mən idmanı çox sevirəm,— deyə gənc bacımız Tanya etiraf edir. — İdman müəllimlərimiz həmişə çalışırdılar ki, mən komandada oynayım. Bundan imtina etmək çox çətin idi».
Siz uşaqlarınıza çoxsaylı çətinliklərin öhdəsindən gəlməyə necə kömək edə bilərsiniz? Yehova valideynlərə uşaqlarına rəhbərlik verməyi tapşırıb (Sül. məs. 22:6; Efes. 6:4). Allah qorxusuna malik olan valideynlərin məqsədi övladlarının ürəyində Allaha tabe olmaq arzusu inkişaf etdirməkdir (Sül. məs. 6:20—23). Yalnız bu halda valideynləri yanlarında olmayanda da uşaqlar dünyanın ruhuna müqavimət göstərə bilərlər.
Eyni vaxtda ailəni dolandırmaq, uşaqları tərbiyə etmək və yığıncaq işləri ilə məşğul olmaq müşkül məsələdir. Bəziləri bunu tək etməli olurlar; digərləri isə imanlarına şərik olmayan həyat yoldaşı tərəfindən müqavimətlərlə üzləşirlər. Bununla belə, Yehova valideynlərdən uşaqlarına öyüd-nəsihət vermək və onlara kömək etmək üçün vaxt ayırmağı tələb edir. Siz uşaqlarınızı hər gün üzləşdikləri istehzalardan, həmyaşıdlarının təzyiqindən və şirnikdirici arzulardan özlərini qorumağa necə öyrədə bilərsiniz?
Yehova ilə sıx münasibət
Hər şeydən öncə, gənclərimiz Yehovanı real Şəxs kimi tanımalıdırlar. Onlara ‘Görünməyəni görməyə’ kömək etmək lazımdır (İbr. 11:27). Yuxarıda adı çəkilən Vinsent valideynlərinin ona Yehova ilə sıx münasibət inkişaf etdirməyə necə kömək etdiyini xatırlayır: «Onlar mənə dua etməyin nə qədər vacib olduğunu öyrədiblər. Yadımdadır ki, yatmazdan öncə hər axşam Yehovaya dua etməyə başlayanda hələ körpə idim. Çünki Yehova mənim üçün real idi». Uşaqlarınızla birgə dua edirsinizmi? Nəyə görə uşaqlarınızın şəxsi dualarında Yehovaya dediklərinə qulaq asmayasınız? Onlar dua zamanı eyni sözləri təkrarlayırlar, yoxsa Yehovaya olan əsil hisslərini ifadə edirlər? Onların dualarına qulaq asmaqla ruhani inkişaflarının nə yerdə olduğunu anlayacaqsınız.
Allahın Kəlamını oxumaq da gənclərin Yehovaya yaxınlaşmasında vacib rol oynayır. Yuxarıda adı çəkilən Ketlin deyir: «Gənc yaşlarımdan Müqəddəs Kitabı oxumağın mənə böyük köməyi dəyib. Bunun sayəsində bir şeyə əmin oldum ki, insanlar mənə qarşı olsalar da, Yehova mənimlədir». Uşaqlarınız müntəzəm olaraq Müqəddəs Kitabı oxuyurlarmı? (Məz. 1:1—3; 77:12).
Düzdür, uşaqların hamısı valideynlərin nəsihətinə eyni cür hay vermir. Onların ruhani inkişafı yaşlarından da asılı ola bilər. Lakin kömək olmadan Yehovanı real Şəxs kimi tanımaq uşaqlar üçün çətin olacaq. Valideynlər Allahın sözlərini övladlarına aşılamalıdırlar ki, harada olmalarından asılı olmayaraq, onlar Yehovanı «eşitməyi» bacarsınlar (Qanun. t. 6:6—9). Uşaqlar bilməlidirlər ki, Yehova şəxsən onların qayğısına qalır.
Ünsiyyətin xoş olması üçün nə etməli?
Uşaqlara kömək etməyin digər vacib üsulu ünsiyyətdir. Əlbəttə, yaxşı ünsiyyət qurmaq üçün uşaqlarla sadəcə söhbət etmək kifayət etmir. Bura suallar vermək və cavablara səbirlə qulaq asmaq daxildir — hətta cavabları sizi qane etməsə belə. İki oğul anası Enn deyir: «Onların düşüncə tərzini və nə ilə qarşılaşdıqlarını başa düşünə qədər suallar verirəm». Uşaqlar sizin onları dinlədiyinizi görürlərmi? Yuxarıda sözləri sitat gətirilən Tanya deyir: «Valideynlərim mənə həqiqətən də qulaq asırdılar və söhbətlərimizi unutmurdular. Sinif yoldaşlarımı adbaad tanıyırdılar. Həmçinin onlarla və əvvəllər müzakirə etdiyimiz digər şeylərlə maraqlanırdılar». Dinləmək və yadda saxlamaq yaxşı ünsiyyət üçün çox əhəmiyyətlidir.
Bir çox ailələr süfrə arxasına yığışanda ünsiyyət edirlər. «Bir süfrə arxasında yemək yemək ailəmiz üçün çox vacib idi,— deyə Vinsent izah edir. — İmkan daxilində hamımız süfrə arxasında olmalı idik. Bu zaman televizora baxmaq, radioya qulaq asmaq və ya oxumaq olmazdı. Çox vaxt ünsiyyətimiz sərbəst və sakit ab-havada keçdiyindən məktəbdəki təzyiq və qarmaqarışıqlıqdan dincəlirdim». O əlavə edir: «Süfrə arxasında valideynlərimlə danışmağa vərdiş etmişdim, buna görə də daha ciddi mövzular barədə söhbət etmək lazım gələndə özümü sərbəst hiss edirdim».
Özünüzdən soruşun: «Ailəmizlə həftədə neçə dəfə masa arxasına toplaşırıq?» Bu sahədə dəyişiklik etsəniz, sizcə, uşaqlarınızla daha çox və daha səmərəli ünsiyyət etmək imkanınız olmayacaqmı?
Ailəvi ibadətin vacibliyi
Hər həftə keçirilən ailəvi ibadət ailə üzvlərinə səmimi söhbətlər etməyə imkan yaradır və uşaqlara qarşılaşdıqları problemlərin öhdəsindən gəlməyə kömək edir. Yuxarıda xatırlanan Alan deyir: «Ailəvi öyrənmə zamanı valideynlərimiz fikirlərimizi və hisslərimizi bölüşməyə təşviq edirdilər. Müzakirə üçün onlar bizim qarşılaşdığımız problemlərə uyğun mövzular seçirdilər». Alanın anası deyir: «Ailəvi öyrənmə zamanı biz onların qarşılaşdıqları vəziyyətləri səhnələşdirirdik. Bunun sayəsində uşaqlarımız imanlarını müdafiə etməyi və etiqadlarının həqiqət olduğunu sübut etməyi öyrənirdilər. Bu, onlara üzləşdikləri çətinliklərin öhdəsindən gələcəklərinə əminlik verirdi».
Həmyaşıdların təzyiqi ilə üzləşəndə uşaqlara çox vaxt sadəcə «yox» deyib getmək kifayət etmir. Onlar «nəyə görə?» və «nəyə görə yox?» kimi suallara cavab verməyi bacarmalıdırlar. İmanlarına görə istehza hədəfinə çevriləndə onlarda özlərinə əminlik hissi də olmalıdır. Əgər onlar imanlarını müdafiə edə bilməsələr, həqiqi ibadətdən yapışmaq onlara çətin olacaq. Uşaqların məktəbdə üzləşdikləri problemləri səhnələşdirmək onlara bu cür əminlik inkişaf etdirməyə kömək edəcək.
18-ci səhifədəki çərçivədə ailəvi ibadət zamanı məşq edə biləcəyimiz vəziyyətlər sadalanır. Uşaqlarınızın cavablarına əks arqumentlər gətirməklə şərti vəziyyətləri daha real edin. Bu məşğələlərlə yanaşı, Müqəddəs Kitab nümunələrinin öyrətdiyi praktiki dərsləri də nəzərdən keçirin. Şübhəsiz, belə məşqlər uşaqlarınıza məktəbdə və başqa yerlərdə qarşılaşdıqları çətinliklərə hazırlayacaq.
Eviniz təhlükəsiz sığınacaqdırmı?
Demək olarmı ki, uşaqlarınız hər gün məktəbdən çıxanda evə həvəslə qayıdırlar? Əgər eviniz təhlükəsiz sığınacaqdırsa, onda uşaqlarınız gündəlik problemlərin öhdəsindən daha asanlıqla gələcəklər. Hal-hazırda Bet-Eldə xidmət edən bir bacı deyir: «Uşaqlıqda evimizin təhlükəsiz sığınacaq olmasının mənə çox köməyi dəyib. Məktəbdə vəziyyət nə qədər pis olursa-olsun, əmin idim ki, evə gələndə hər şey yaxşı olacaq». Bəs sizin evinizdə necə ab-hava hökm sürür: «münaqişə, həsəd, qəzəb», yoxsa «məhəbbət, sevinc, [və] sülh»? (Qalat. 5:19—23). Əgər çox vaxt evinizdə dava-dalaş baş verirsə, bunun səbəbini öyrənib aradan qaldıra bilərsinizmi ki, eviniz uşaqlarınız üçün təhlükəsiz sığınacaq olsun?
Uşaqların çətinliklərin öhdəsindən gəlməsində ruhlandırıcı ünsiyyətin də rolu böyükdür. Buna görə də, məsələn, ailənizlə istirahət edərkən yığıncaqdan ruhən yetkin bacı-qardaşları sizinlə vaxt keçirməyə, yaxud səyyar nəzarətçini və ya başqa tammüddətli xidmətçiləri nahar etməyə dəvət edə bilərsinizmi? Elə bir missioner və ya bet-elli tanıyırsınızmı ki, övladınız onunla heç olmasa telefon və ya məktub vasitəsilə ünsiyyət edə bilsin? Bunun sayəsində uşaqlarınız düzgün addımlar atmağı və qarşılarına ruhani məqsədlər qoymağı öyrənəcəklər. Həvari Pavelin gənc Timoteyə göstərdiyi müsbət təsir barədə fikirləşin (2 Tim. 1:13; 3:10). Pavelin Timoteylə yaxın ünsiyyəti ona fikirlərini ruhani məqsədlərə cəmləməyə kömək edirdi (1 Kor. 4:17).
Uşaqlarınızı tərifləyin
Şeytan dünyasının göstərdiyi təzyiqlərə rəğmən, gənclərin həqiqətin tərəfini tutmasını görmək Yehovaya çox xoşdur (Məz. 147:11; Sül. məs. 27:11). Şübhə yoxdur ki, gənclər düzgün yolu seçəndə siz də sevinirsiniz (Sül. məs. 10:1). Öz hisslərinizi uşaqlarınıza bildirin və səmimi tərif sözlərini heç vaxt onlardan əsirgəməyin. Bunda valideynlər üçün ən gözəl nümunə Yehovadır. İsa vəftiz olunanda O demişdi: «Sən Mənim sevimli Oğlumsan! Səndən çox məmnunam» (Mark 1:11). Atasının onu Öz məhəbbətinə əmin etməsi qarşılaşacağı çoxsaylı çətinliklərin öhdəsindən gəlməkdə İsanı necə də möhkəmləndirmişdi! Eynilə, qoy uşaqlarınız sizin onları nə qədər sevdiyinizi bilsinlər və onların nailiyyətlərini heç vaxt nəzərdən qaçırmayın.
Düzdür, siz uşaqlarınızı təzyiqlərdən, iztehzalardan və rişxəndlərdən tamamilə qoruya bilməzsiniz. Bununla belə, siz onlara çox şeydə kömək edə bilərsiniz. Onlara Yehova ilə sıx münasibət inkişaf etdirməyə kömək edin. Evinizdə açıq və səmimi ünsiyyəti asanlaşdıran ab-hava yaradın. Qoy ailəvi ibadətiniz praktiki, eviniz isə təhlükəsiz sığınacaq olsun. Bəli, bütün bunlar uşaqlarınıza çoxsaylı çətinliklərin öhdəsindən gəlməkdə kömək edəcək.
[Haşiyə]
a Bu məqalədə bəzi adlar dəyişdirilib.
[18-ci səhifədəki çərçivə/şəkil]
ŞƏRTİ VƏZİYYƏTLƏR
Aşağıda gənclərin qarşılaşdığı bəzi vəziyyətlər sadalanır. Nəyə görə ailəvi ibadət zamanı bu vəziyyətlərdən bir neçəsini məşq etməyəsiniz?
▸ İdman müəllimi qızınızı məktəb komandasına yazılmağa təşviq edir.
▸ Məktəbdən evə qayıdanda oğlunuza siqaret təklif edirlər.
▸ Uşağınız təbliğ edəndə onu bir sinif yoldaşı görür və növbəti gün məktəbdə ikrahla ondan soruşur: «Xristian olmusan?»
▸ Evdən-evə təbliğ edərkən qızınız sinif yoldaşlarından biri ilə rastlaşır.
▸ Sinif qarşısında qızınızdan nəyə görə dövlət himnini ifa etmədiyini soruşurlar.
▸ Bəzi uşaqlar sizin uşağınızdan uzaq gəzirlər, çünki onun «təriqətə» düşdüyünü fikirləşərək ona nifrət edirlər.
[17-ci səhifədəki şəkil]
Uşaqlarınız Müqəddəs Kitabı oxuyurlarmı?
[19-cu səhifədəki şəkil]
Ruhən yetkin bacı-qardaşları sizin ailəvi istirahətinizə qoşulmağa dəvət edirsinizmi?