Çoxlarını qorxuya salan nədir?
«Fəlakətlə üz-üzə durduğumuzu başa düşmək üçün dindar olmaq lazım deyil» (STİVEN O’LİRİ, ŞİMALİ KALİFORNİYA UNİVERSİTETİNİN KAFEDRA PROFESSORU)a.
YUXARIDA gətirilən bu fikirlə razısınızmı? Bu məqalələr silsiləsində insanların gələcəkdən nəyə görə qorxduqlarının bəzi səbəbləri gətirilir. Eyni zamanda, bu məqalələrdə yer üzündə həyatın davam edəcəyinə nəyə görə əmin ola biləcəyiniz göstərilir. Aşağıda gətirilən qorxulu faktlara baxmayaraq, nikbin olmaq üçün tutarlı səbəblər var.
Nüvə müharibəsinin təhlükəsi hələ də yüksək olaraq qalır. 2007-ci ildə atom alimlərinin dərc etdirdiyi bülletendə belə bir sözlər yer alırdı: «Xirosima və Naqasaki şəhərlərinə ilk atom bombalarının atılmasından bu günə qədər dünya belə təhlükəli seçim qarşısında qalmamışdı» («Bulletin of the Atomic Scientists»). Belə narahatçılıq nədən irəli gəlir? Bu bülletendə deyilirdi ki, 2007-ci ildə dünyada təxminən 27 000 nüvə silahı mövcud idi və onlardan 2 000-i cəmi «bir neçə dəqiqə ərzində işə salına bilərdi». Əgər onların kiçik faizi belə işə salınsaydı, bu, böyük fəlakətlə nəticələnə bilərdi!
Həmin ildən bəri nüvə müharibəsinin təhlükəsi nə dərəcədə azalıb? Nüvə silahına malik olan beş əsas aparıcı ölkə — ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya — «ya yeni nüvə silah növlərinin hazırlanması üzərində işləyirlər, ya da ki, bu niyyətdə olduqlarını bəyan etmişlər», — deyə SİPRİ-ninb 2009-cu il üçün hesabatında qeyd olunurc. Həmçinin həmin hesabatda deyilir ki, nüvə silahına malik olan başqa ölkələr də var. Bəzi məlumatlara əsasən, Hindistan, Pakistan və İsrail kimi ölkələrin hər biri 60—80 ədəd nüvə başlığına malikdir. Bu gün dünyada döyüş hazırlığında saxlanılan 8 392 ədəd nüvə-döyüş başlığı mövcuddur!
İqlim dəyişkənliyi fəlakətə gətirə bilər. «İqlim dəyişkənliyinin doğurduğu təhlükələr nüvə silahlarının yaratdığı təhlükələrdən heç də geri qalmır», — deyə həmin bülletendə qeyd olunur. Kembric Universitetinin keçmiş professoru Stiven Hokinq və həmin universitetin nəzdində olan Triniti-kollecin rəhbəri Ser Martin Ris kimi mötəbər alimlər bu fikri təsdiq edirlər. Onlar belə düşünürlər ki, texnologiyaların düzgün istifadə edilməməsi və insanın ətraf mühitə mənfi təsir göstərməsi yer üzündəki həyatı tamamilə dəyişə və hətta sivilizasiyanın məhvinə gətirib çıxara bilər.
Dünyanın axırı haqqında deyilənlər milyonlarla insanı narahat edir. Əgər məşhur bir İnternet axtarış sistemində «dünyanın sonu» və «2012» ifadələrini yazsaq, həmin ildə dünyanın sonu olacağı barədə çoxlu məlumat çıxacaq. Nəyə görə məhz 2012-ci ildə? «Uzun hesablama» kimi tanınan Maya təqvimi 2012-ci ilə qədər hesablanıb. Elə buna görə də, bir çoxları qorxur ki, bu, bizə məlum olan sivilizasiyanın məhvinin tarixinə işarə edir.
Bir çox dindar insanlar inanır ki, Müqəddəs Kitabda yerin tamamilə məhv olacağı xəbəri verilir. Onlar savab iş görənlərin cənnətə düşəcəyini, qalan insanların isə xaos içində olan yer üzündə qalacağına və yaxud cəhənnəm odunda yanacağına inanırlar.
Doğrudanmı, Allahın Kəlamında bunun belə olacağı deyilir? «Eşitdiyiniz hər ilhamlanmış kəlməyə inanmayın, lakin onların Allahdan olub-olmadığını yoxlayın, çünki dünyada bir çox saxta peyğəmbər peyda olub», — deyə Allahın Kəlamı xəbərdarlıq edir (1 Yəhya 4:1). Başqalarının sözünə inanmaqdansa, nəyə görə Müqəddəs Kitabı açıb özünüz dünyanın sonu haqqında onun nə dediyini öyrənməyəsiniz? Ola bilsin, oxuyacağınız şeylər sizi təəccübləndirsin.
[Haşiyələr]
a 2005-ci ilin 19 oktyabrında MSNBC-nin veb-saytında dərc olunmuş «Fəlakətlər dünyanın axırı haqqında fikirlərin yaranmasına zəmin yaradır» məqaləsindən («Disasters Fuel Doomsday Predictions»).
b Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu.
c Bu illik hesabat SİPRİ-nin baş elmi işçisi və Nüvə silahlarının yayılmasının qarşısının alınması və ona nəzarət proqramının rəhbəri Şennon Kayl, həmin proqramda iştirak edən ekspert Vitali Fedçenko və Amerika Alimləri Federasiyasının nüvə informasiyasının direktoru Hans Kristensen tərəfindən hazırlanıb.
[4-cü səhifədəki şəkil. İcazə ilə]
Mushroom cloud: U.S. National Archives photo; hurricane photos: WHO/League of Red Cross and U.S. National Archives photo