Sınaqlara baxmayaraq Yehovaya xidmət etdiyim üçün Ona minnətdaram
Nəql etdi Matyö dö Yongö-van den Höyvol
MƏNİM 98 yaşım var. Ömrümün 70 ilini Yehovaya xidmətə sərf etdiyimə görə çox xoşbəxtəm. Lakin bu müddət ərzində imanım dəfələrlə sınağa məruz qalıb. İkinci Dünya müharibəsi zamanı məni həbs düşərgəsinə göndərdilər və bir dəfə orada o qədər ruhdan düşmüşdüm ki, sonradan peşman olduğum bir addım atdım. Bir neçə il sonra mən daha bir şiddətli sınaqla üzləşdim. Bütün bu sınaqlara baxmayaraq, Yehovaya xidmət etdiyim üçün Ona minnətdaram.
1940-cı ilin oktyabr ayında həyatım kökündən dəyişdi. Mən Niderlandın paytaxtı Amsterdamdan təxminən 24 kilometr cənub-şərqdə yerləşən Hilversüm şəhərində yaşayırdım. Ölkə nasistlərin hakimiyyəti altında idi. Artıq beş il idi ki, ailə həyatı qurmuşdum. Yoldaşım Yap dö Yonge çox qayğıkeş insan idi. Bizim Villi adında üçyaşlı gözəl qızımız vardı. Qonşuluqda isə səkkiz uşağı olan kasıb bir ailə yaşayırdı. Özlərini güc-bəla ilə dolandırmalarına baxmayaraq, onlar hələ üstəlik evlərində qalan cavan oğlanın da qayğısına qalırdılar. Hər dəfə özümdən soruşurdum: «Görəsən, nəyə görə onlar belə ağır yükün altına giriblər?» Bir dəfə onlara yemək aparanda öyrəndim ki, bu cavan oğlan pionerdir. O, mənə Allahın Padşahlığı və onun gətirəcəyi xeyir-dualar barədə danışdı. Eşitdiklərim mənə o qədər dərin təsir bağışladı ki, həqiqəti dərhal qəbul etdim. Elə həmin il həyatımı Yehovaya həsr edib vəftiz oldum. Bundan bir il sonra ərim də vəftiz oldu.
Hələ biliyim az idi, amma mən dərk edirdim ki, Yehovanın Şahidi olmaqla qadağa altında olan təşkilatın üzvü oluram. Həmçinin bir çox Şahidlərin təbliğ etdiklərinə görə həbsə düşdüklərindən də xəbərim var idi. Buna baxmayaraq, mən dərhal evdən-evə təbliğ etməyə başladım. Bizim qapımız həmişə pionerlərin və səyyar nəzarətçilərin üzünə açıq idi. Bundan əlavə, bizim evimizdə Amsterdamdakı bacı-qardaşların gətirdiyi ədəbiyyatlar saxlanılırdı. Onlar velosipedlərini çoxlu-çoxlu kitablarla yükləyib üzünü brezentlə örtürdülər. Bu kuryerlərin göstərdiyi məhəbbət və cəsarəti sözlə ifadə etmək qeyri-mümkündür! Onlar bacı-qardaşlara görə öz həyatlarını təhlükəyə atırdılar (1 Yəh. 3:16).
«Anacan, evə tez qayıdacaqsan?»
Vəftiz olandan təxminən 6 ay sonra üç polis zabiti evimizə gəlib axtarış apardı. Onlar içi ədəbiyyatla dolu olan şkafı aşkar edə bilməsələr də, çarpayının altında gizlədilmiş bir neçə kitab tapdılar. Zabitlər dərhal mənə onlarla birgə polis məntəqəsinə getməyi əmr etdilər. Vidalaşmaq üçün qızımı qucaqlayanda o, məndən soruşdu:
— Anacan, evə tez qayıdacaqsan?
— Hə, mənim balam, ana tezliklə evdə olacaq.
Lakin yalnız əzab-əziyyətli 18 aydan sonra mən yenidən əziz balamı bağrıma basa bildim.
Bir polis zabiti sorğu-sual üçün məni qatarla Amsterdama apardı. Müstəntiqlər istəyirdilər ki, mən Hilversümdən olan üç nəfərin Yehovanın Şahidi olduğunu təsdiqləyim. Mən dedim: «Onlardan yalnız birini tanıyıram, o da bizə süd gətirir». Dediyim həqiqət idi, çünki həmin adam, doğrudan da, südsatan idi. Sonra əlavə etdim: «Onun Yehovanın Şahidi olub-olmadığını bilmək istəyirsinizsə, məndən yox, onun özündən soruşun». Artıq heç nə söyləməyəcəyimi deyəndə isə onlar üzümdən vurdular və məni həbsxana kamerasına atdılar. Orada məni iki ay saxladılar. Ərim mənim harada olduğumu axtarıb-tapıb bəzi paltarlarımı və bir qədər qida gətirdi. 1941-ci ilin avqust ayında məni Berlindən (Almaniya) təxminən 80 kilometr şimalda yerləşən və dəhşətli bir yer kimi tanınan Ravensbrük qadın həbs düşərgəsinə göndərdilər.
«Əziz bacım, ruhdan düşmə!»
Düşərgəyə çatar-çatmaz bizə bildirdilər ki, əgər imanımızı inkar etdiyimizi göstərən bəyannaməyə qol çəksək, elə həmin dəqiqə bizi evə buraxacaqlar. Əlbəttə ki, mən onu imzalamadım, buna görə də əynimdəki bütün paltarlarımı və əşyalarımı təhvil verib hamama getməli idim. Orada mən Niderlanddan olan bir neçə bacıya rast gəldim. Hər birimizə üzərinə bənövşəyi üçbucaq tikilmiş bir dəst düşərgə paltarı, bir boşqab, parç və qaşıq verdilər. İlk gecəni müvəqqəti baraklarda (alman həbs düşərgələrində dustaqların saxlanıldığı yer) keçirdik. Həbs olunduğum gündən bəri birinci dəfə idi ki, məni ağlamaq tutdu. «Məni nə gözləyir? Nə vaxta qədər burada qalacağam?» — deyə hönkür-hönkür ağlayırdım. Açığını desəm, Yehova ilə münasibətlərim hələ möhkəm deyildi, çünki həqiqəti bir neçə ay idi ki, bilirdim və öyrənəcəyim çox şey var idi. Növbəti gün bizi sıraya düzüb adbaad çağıraraq yoxlama keçirəndə həmin bacılardan biri mənim kədərli olduğumu görüb: «Əziz bacım, ruhdan düşmə! Bizə kim nə edə bilər ki?!» — deyə təskinlik verdi.
Yoxlamadan sonra bizi başqa baraklara apardılar. Orada Almaniyadan və Niderlanddan olan yüzlərlə bacı var idi. Onlar bizi xoş qarşıladılar. Alman bacılardan bəziləri isə bir ildən çox idi ki, burada idilər. Onların arasında olmaq məni ruhlandırdı və güc-qüvvət verdi. Düşərgədəki digər baraklarla müqayisədə bacıların qaldığı barakların çox təmiz olması mənə böyük təsir bağışladı. Baraklarımız nəinki səliqə-səhmanı ilə seçilirdi, həmçinin oğurluğun, dava-dalaşın olmadığı və söyüş söyülmədiyi bir yer kimi də tanınırdı. Düşərgədəki dəhşətli vəziyyətdən fərqli olaraq, bizim baraklarımız, sanki, çirkli dənizin ortasında təmiz bir ada idi.
Düşərgədəki gündəlik həyat
Düşərgədə bizi çox işlədir, amma lap az yemək verirdilər. Biz sübh tezdən, səhər saat beşdə dururduq və bundan az sonra yoxlama başlayırdı. Havanın günəşli və ya yağışlı olmasından asılı olmayaraq, nəzarətçilər təxminən bir saat bizi çöldə saxlayırdılar. Axşam saat beşdə, ağır iş günündən sonra yoxlama bəlası yenidən təkrarlanırdı. Sonra biz bir dilim çörəklə şorba yeyib tamamilə əldən düşmüş halda yatmağa gedirdik.
Bazar gününü çıxmaq şərtilə, məni hər gün işləmək üçün fermaya aparırdılar. Orada mən dəryazla taxıl biçir, arx qazır və donuz pəyələrini təmizləyirdim. İş nə qədər çirkli və ağır olsa da, onun öhdəsindən gələ bilirdim, çünki hələ cavan idim və yetərincə gücüm var idi. Həm də ki işləyə-işləyə Padşahlıq nəğmələrini oxumaqla özüm-özümü möhkəmləndirirdim. Amma hər gün ərim və övladım üçün bərk darıxırdım.
Bizə çox az yemək verirdilər. Hamımız verilən çörəkdən hər gün bir az saxlamağa çalışırdıq ki, bazar günü Müqəddəs Kitab mövzularını müzakirə etmək üçün birgə toplaşanda yeməyə bir şey olsun. Bizim Müqəddəs Kitab nəşrlərimiz yox idi, lakin mən sadiq yaşlı alman bacıların apardığı ruhani söhbətlərə diqqətlə qulaq asırdım. Biz hətta Məsihin ölümünün Xatirə Gecəsini də qeyd edə bildik.
Bədbəxtlik, peşmançılıq və təsəlli
Hərdən bizə birbaşa olaraq müharibə ilə bağlı olan və nasistlərin fəaliyyətini dəstəkləyən işləri görməyi əmr edirdilər. Siyasi məsəllərdə bitərəf mövqe tutduqlarına görə bütün bacılar belə işləri görməkdən imtina edirdilər; mən də bu cəsarətli bacılara baxıb onlar kimi davranırdım. Cəza olaraq bizə günlərlə yemək vermir və saatlarla çöldə saxlayıb yoxlama keçirirdilər. Hələ bir dəfə, qışın soyuq çağında hamımızı bumbuz baraklara salıb 40 gün işıq üzünə həsrət qoymuşdular.
Yehovanın Şahidləri olan bizlərə dəfələrlə deyirdilər ki, əgər bəyannaməyə qol çəkərək imanımızdan dönsək, bizi evə buraxacaqlar. Ravensbrükdə bir ildən çox yaşadıqdan sonra mən tamamilə ruhdan düşdüm. Ərimi və övladımı görmək həsrəti məni o qədər sıxırdı ki, artıq dözə bilmədim və nəzarətçilərin yanına gedib həmin bəyannamənin surətini istədim və ona qol çəkdim.
Bu hərəkətim haqda xəbər tutan bacılardan bəziləri məndən yan gəzməyə başladılar. Ancaq ahıl yaşında olan iki alman bacı, Hedviq və Gertrud məni tapıb öz məhəbbətlərinə əmin etdilər. Donuz pəyələrində birgə işləyərkən onlar mənə Yehova qarşısında nöqsansızlığı qoruyub saxlamağın vacibliyini və güzəştə getməməklə Ona məhəbbətimizi necə göstərə biləcəyimizi nəzakətlə və mehribancasına izah etdilər. Onların ana qayğısı və zərif məhəbbəti ürəyimi riqqətə gətirdia. Mən səhv iş gördüyümü dərk edirdim və bəyannamənin ləğv olunmasını xahiş etmək istəyirdim. Axşam çağı bir bacı ilə söhbət edərkən ona öz qərarım barədə dedim. Oradakı işçilərdən biri, deyəsən, bizim söhbətimizi eşitdi, çünki elə həmin axşam gözlənilmədən məni qatara mindirib Niderlanda göndərdilər. Düşərgədə nəzarətçi işləyən bir qadın — onun üzü hələ də yadımdadır — mənə dedi: «Sən hələ də Bibelforşersən (Müqəddəs Kitab Tədqiqatçısı) və Bibelforşer olaraq qalacaqsan». «Bəli, Yehovanın köməyilə qalacağam», — deyə cavab verdim. Amma mən hey fikirləşirdim: «Görəsən, bu bəyannaməni necə ləğv etmək olar?»
Bəyannamənin bir bəndində deyilirdi: «Mən bildirirəm ki, daha heç vaxt Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçılar Cəmiyyəti üçün heç bir iş görməyəcəyəm». Mən artıq nə edəcəyimi bilirdim! 1943-cü ilin yanvarında evə çatan kimi yenidən təbliğ etməyə başladım. Əlbəttə, əgər Allahın Padşahlığını təbliğ edən zaman bir daha tutulsaydım, cəzam daha ağır olacaqdı.
Yehovanın sadiq xidmətçisi olmaq istəyimi Ona bir daha göstərmək üçün ərim və mən yenə də evimizin qapılarını kuryerlərin və səyyar nəzarətçilərin üzünə açdıq. Yehovaya necə də minnətdaram ki, Ona və xalqına olan məhəbbətimi sübut etmək üçün mənə ikinci dəfə şans verdi!
Çox ağır sınaq
Müharibənin qurtarmasına bir neçə ay qalmış ərimlə mən çox ağır sınaqla üzləşdik. 1944-cü ilin oktyabr ayında qızımız qəflətən xəstələndi. Villi difteriyaya tutulmuşdu. Onun vəziyyəti tez bir zamanda pisləşdi və üç gündən sonra o öldü. Övladımın cəmi-cümlətanı yeddi yaşı vardı.
Gözümüzün ağı-qarasını, bircə qızımızı itirmək bizim üçün böyük zərbə oldu. Düzünü desəm, Ravensbrükdə çəkdiyim əzablar bu ağrı ilə müqayisədə heç nə idi. Kədərli anlarımızda biz həmişə Məzmur 16:8 ayəsindəki sözlərdən təsəlli tapırdıq: «Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram». Yehovanın ölüləri dirildəcəyinə nə mən, nə də ki yoldaşım şübhə edirdi. Biz həqiqətdən möhkəm yapışmışdıq və xoş xəbəri həmişə canla-başla təbliğ edirdik. 1969-cu ildə ərim vəfat etdi. Yehovaya minnətdarlıqla xidmət etməkdə o, mənə böyük dayaq olmuşdu.
Xeyir-dua və sevinc
Ötən onilliklər ərzində tammüddətli xidmətçilərlə ünsiyyət mənə böyük sevinc gətirirdi. Müharibə dövründə olduğu kimi, evimin qapıları yığıncağımıza baş çəkən səyyar nəzarətçilərin və onların həyat yoldaşlarının üzünə həmişə açıq idi. Bu cütlüklərdən biri, Marten və Nel Kaptein mənim evimdə düz 13 il yaşadı. Nel xəstələnib ölümcül hala düşəndə mən üç ay ərzində evimdə onun qayğısına qaldım. Onlarla və yerli bacı-qardaşlarla ünsiyyət sayəsində ruhani cənnətdə yaşadığımı hiss edirdim.
Həyatımın yaddaqalan anlarından biri də 1995-ci ildə Ravensbrükdə keçirilən mərasimə aldığım dəvət oldu. Orada həbs düşərgəsində birlikdə olduğum və 50 ildən çoxdur ki, görmədiyim bacılarla rastlaşdım. Onlarla birlikdə keçirdiyim bu unudulmaz anlar mənə çoxlu sevinc bəxş etdi. Fürsətdən istifadə edərək biz bir-birimizi ruhlandırır və ölən əzizlərimizin diriləcəyinə dair ümidimizi möhkəmləndirirdik.
Romalılara 15:4 ayəsində həvari Pavel yazmışdı ki, ‘dözüm və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olacaq’. Bizə belə bir ümid verdiyinə görə Yehovaya ürəkdən minnətdaram. Bu ümid mənə, sınaqlara baxmayaraq, Ona minnətdarlıqla xidmət etməyə kömək etdi.
[Haşiyə]
a O vaxt Almaniyadakı qardaşların baş idarə ilə əlaqələri olmadığı üçün bitərəf mövqe ilə bağlı məsələləri hərə öz bildiyi kimi həll edirdi. Bitərəf mövqe ilə əlaqədar fikirlərin müxtəlifliyi bununla izah olunur.
[10-cu səhifədəki şəkil]
1930-cu il, Yapla birlikdə
[10-cu səhifədəki şəkil]
Qızımız Villi yeddi yaşında
[12-ci səhifədəki şəkil]
1995-ci il. Ravensbrükdəki mərasimdə. Qabaq cərgədə soldan ikinci mənəm