Ailələr nəyə görə dağılır?
«Fəriseylər İsanın yanına gəldilər və onu sınamaq üçün soruşdular: “Kişi istənilən səbəbə görə arvadını boşaya bilər?”» (Matta 19:3).
İSA PEYĞƏMBƏRİN günlərində yaşayan bəzi insanlar nikahı qoruyub saxlamağın qeyri-mümkün olduğunu düşünürdülər və buna can atmağı lazım bilmirdilər. Elə növbəti sözləri İsa Məsih belə insanlara ünvanlamışdı: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasından ayrılıb arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Matta 19:4—6)a. Aydındır ki, Allah nikahın daimi olmasını istəyirdi.
Bir çox ölkələrdə qurulan ailələrin təxminən 40 faizi boşanma ilə nəticələnir. Demək olarmı ki, Allahın Kəlamında buna dair verilən məsləhətlər artıq köhnəlib? Bəlkə, problem nikah quruluşunun özündədir?
Gəlin belə bir nümunəyə baxaq: hər iki ailə eyni modeldə maşın alır. Ailənin biri avtomobilini yaxşı saxlayır və onu ehtiyatla sürür; onların avtomobili saz vəziyyətdə qalır. Digər ailə isə avtomobilinə yaxşı baxmır və onu necə gəldi idarə edir. Müəyyən vaxtdan sonra maşın xarab olur və onu atmalı olurlar. Sizcə, problem nədədir: maşında, yoxsa onun sahibində? Aydındır ki, əsas məsuliyyət sahibin üzərinə düşür.
Eynilə də, bir çox ailələrin dağılması o demək deyil ki, nikah quruluşunun özündə qüsur var. Uğurlu olan milyonlarla nikahlar bunun əksini sübut edir. Belə nikahlar ayrı-ayrı insanlara, ailələrə və cəmiyyətə xoşbəxtlik və sabitlik gətirir. Lakin əgər nikahın daimi olmasını istəyiriksə, maşın kimi, ona da müntəzəm qayğı və diqqət göstərmək lazımdır.
Fərqi yoxdur, təzə ailə qurmusunuz, yaxud çoxdan, nikahı qorumağa və onu möhkəmləndirməyə dair Müqəddəs Kitabda yer alan məsləhətlər mütləq sizə fayda gətirəcək. Gəlin növbəti səhifələrdə onlardan bəzilərini nəzərdən keçirək.
[Haşiyə]
a Allahın Kəlamına əsasən, boşanmaq üçün yeganə səbəb qarşı tərəfin cinsi əxlaqsızlıq etməsidir (Matta 19:9).