Kişilərə ruhən böyüməyə kömək edin
«İndən belə diri adam ovlayacaqsan» (LUKA 5:10).
1, 2. a) Kişilər İsanın təbliğ etdiyi xoş xəbərə necə münasibət göstərirdilər? b) Bu məqalədə biz nə müzakirə edəcəyik?
İSA şagirdləri ilə birgə Qalileyada təbliğ edirdi və bir gün onlar qayığa minib sakit bir yerə çəkilmək istədilər. Lakin camaat onların dalınca getdi. «Qadınları və uşaqları hesablamasaq», həmin gün İsanın yanına gələn «kişilərin sayı təxminən beş min nəfər idi» (Mat. 14:21). Başqa vaxt isə çoxlu sayda insan xəstəliklərindən şəfa tapmaq və təlimlərinə qulaq asmaq üçün onun yanına gəlmişdi. «Qadınları və uşaqları hesaba almasaq», bu dəfə onların arasında «dörd min kişi» var idi (Mat. 15:38). Gördüyümüz kimi, İsanın yanına çoxlu kişilər gəlirdi və onlar İsanın təlimlərinə maraq göstərirdilər. Lakin o bilirdi ki, gələcəkdə bundan da çox adam həqiqəti qəbul edəcək. Bu, şagirdlərinə möcüzəvi şəkildə balıq tutmağa kömək etdikdən sonra İsanın Peterə dediyi sözlərdən bəllidir: «İndən belə diri adam ovlayacaqsan» (Luka 5:10). Şagirdlər öz torlarını «bəşəriyyət dənizinə» atmalı idilər və «torlarına» çoxlu kişilərin düşəcəyinə ümid edə bilərdilər.
2 Bu gün də kişilər təbliğ etdiyimiz xoş xəbərə maraq göstərir və ona hay verirlər (Mat. 5:3). Lakin çoxları Müqəddəs Kitabı öyrənməyə başlasa da, ruhən inkişaf etmirlər. Onlara necə kömək etmək olar? İsa kişilərə xüsusi şəkildə təbliğ etməsə də, onları narahat edən məsələlərə toxunurdu. Bu məqalədə İsanın kişilərə necə kömək etdiyi və onun nümunəsini necə izləyə biləcəyimiz haqda öyrənəcəyik. Gəlin kişiləri narahat edən üç sahəyə — 1) pul qazanmaq məsələsinə, 2) ictimai rəy qorxusuna və 3) özünə inamsızlıq hissinə nəzər salaq.
Pul qazanmaq məsələsi
3, 4. a) Əksər kişiləri bu gün ən çox narahat edən nədir? b) Nəyə görə bəzi kişilər pul qazanmağı ruhani məşğuliyyətlərdən üstün tuturlar?
3 Bir dəfə bir mirzə İsanın yanına gəlib ona dedi: «Müəllim, sən hara getsən, mən də sənin ardınca gedəcəyəm». İsa ona: «İnsan Oğlunun başını qoymağa belə yeri yoxdur», — deyəndə mirzə öz fikrindən döndü. Görünür, yeməyini harada yeyəcəyini, gecəni harada keçirəcəyini bilməməsi onun xoşuna gəlmədi, çünki Müqəddəs Kitabın heç bir yerində onun Məsihin davamçılarına qoşulduğu deyilmir (Mat. 8:19, 20).
4 Çox vaxt kişilər pul qazanmağı ruhani məşğuliyyətlərdən üstün tuturlar. Ali təhsil və yüksək məvacibli iş əksər kişilər üçün ən ümdə məsələdir. Onlar düşünürlər ki, işləyib pul qazanmaq Müqəddəs Kitabı öyrənib Allahla yaxın münasibət qurmaqdan daha vacibdir və bunun xeyri daha çoxdur. Müqəddəs Kitab təlimləri onları cəlb etsə də, «bu dövrün qayğıları, var-dövlətin aldadıcı qüvvəsi» onlarda yaranan marağı boğa bilər (Mark 4:18, 19). Lakin İsa şagirdlərinə nəyin daha vacib olduğunu başa düşməyə kömək edirdi. Biz də onun nümunəsini izləyə bilərik.
5, 6. Andreas, Peter, Yaqub və Yəhyaya təbliğ işini pul qazanmaqdan üstün tutmağa nə kömək etdi?
5 Andreas və onun qardaşı Şimon Peter birgə balıqçılıqla məşğul olurdular. Yəhya və Yaqub, eləcə də onların atası Zebedey də balıqçı idilər. İşləri yaxşı getdiyi üçün onların hətta muzdlu işçiləri də var idi (Mark 1:16—20). Andreas və Yəhya İsa haqqında ilk dəfə Vəftizçi Yəhyadan eşidəndə Məsihi tapdıqlarına heç bir şübhə etmədilər. Andreas bu xəbəri qardaşı Şimon Peterə çatdırdı və ola bilsin, Yəhya da bu barədə qardaşı Yaquba danışdı (Yəh. 1:29, 35—41). Növbəti aylar ərzində onların dördü də İsa ilə birgə Qalileya, Yəhudeya və Samariyada təbliğ etmişdi, lakin sonra əvvəlki məşğuliyyətlərinə qayıtdılar. Bu şagirdlər ruhani şeylərə maraq göstərsələr də, xidmət onların həyatında əsas yeri tutmurdu.
6 Bir qədər sonra İsa Peterlə Andreası onu izləməyə və «insan» tutan balıqçılar olmağa dəvət etdi. Qardaşlar bu çağırışa necə hay verdilər? «Onlar dərhal torlarını atıb onun ardınca getdilər». Yaqubla Yəhya da eyni cür davrandılar. «Onlar dərhal qayığı və atalarını qoyub İsanın dalınca getdilər» (Mat. 4:18—22). Bu insanları tammüddətli xidmətə başlamağa nə təşviq etmişdi? Onlar bu qərarı hisslərə qapılaraq, düşünmədən verdilər? Xeyr! Əvvəlki aylar ərzində onlar İsanı dinləmiş, onun möcüzələrini görmüş, salehliyə necə can yandırdığını müşahidə etmiş və insanların onun təbliğ etdiyi xoş xəbərə necə hay verdiyinin şahidi olmuşdular. Bunun sayəsində onların Yehovaya imanı və etibarı daha da möhkəmlənmişdi.
7. Müqəddəs Kitabı öyrətdiyimiz insanlara Yehovanın Öz xalqının maddi tələbatlarının qayğısına qalmaq bacarığına etibar etməyi necə öyrətmək olar?
7 İsanın nümunəsini təqlid edərək Müqəddəs Kitabı öyrətdiyimiz insanlara Yehovaya etibar etməyi necə öyrədə bilərik? (Sül. məs. 3:5, 6). Bu, bizim onlara necə təlim verməyimizdən asılıdır. Onları öyrədərkən biz növbəti fikri vurğulamalıyıq: Allah vəd edir ki, əgər Padşahlığın maraqlarını həyatımızda birinci yerə qoysaq, bizi bol-bol xeyir-dualandıracaq. (Malaki 3:10; Matta 6:33 ayələrini oxu.) Müqəddəs Kitabdan Yehovanın Öz xalqının maddi tələbatlarının qayğısına necə qaldığını göstərməklə yanaşı, biz öz nümunəmizdən də istifadə edə bilərik. Öyrətdiyimiz insanlarla öz təcrübəmizi bölüşməklə onlara Yehovaya qarşı etibar inkişaf etdirməyə kömək etmiş olacağıq. Biz həmçinin nəşrlərimizdən oxuduğumuz ruhlandırıcı nümunələri də onlarla bölüşə bilərika.
8. a) Nəyə görə Müqəddəs Kitabı öyrənən insan Yehovanın xeyirxah Allah olduğuna şəxsən özü əmin olmalıdır? b) Biz Müqəddəs Kitabı öyrənən insana Yehovanın xeyirxah Allah olduğunu başa düşməyə necə kömək edə bilərik?
8 Müqəddəs Kitabı öyrənən insanın imanı möhkəm olsun deyə yalnız Yehovanın başqalarını necə xeyir-dualandırdığı haqda oxumağı və eşitməyi kifayət deyil. O, Yehovanın xeyirxah Allah olduğunu öz şəxsi təcrübəsindən də görməlidir. Məzmurçu oxuyurdu: «Dadın, görün Rəbb nə qədər şirindir [yəni xeyirxahdır], nə bəxtiyardır Ona pənah gətirənlər!» (Məz. 34:8). Biz nə etməliyik ki, öyrətdiyimiz insan Yehovanın, həqiqətən də, xeyirxah Allah olduğunu başa düşsün? Tutalım, o adamın maliyyə problemləri var və bununla yanaşı, o, hansısa pis vərdişin, məsələn, siqaret çəkməyin, qumar oynamağın və ya əyyaşlığın daşını atmağa çalışır (Sül. məs. 23:20, 21; 2 Kor. 7:1; 1 Tim. 6:10). Biz ona pis vərdişinin öhdəsindən gəlməsi üçün duada Yehovadan kömək diləməyi öyrədə bilərik. Müqəddəs Kitabı öyrənənin həyatı yaxşılaşanda o, Yehovanın xeyirxah Allah olduğuna əmin olacaq. Sonra biz onu Yehovaya ibadəti həyatında birinci yerə qoymağa təşviq etməliyik. Bunun üçün biz ona hər həftə Müqəddəs Kitabı araşdırmağı, yığıncaq görüşlərinə hazırlaşmağı və onlarda iştirak etməyi öyrətməliyik. Bəs bu, hansı bəhrələri gətirəcək? O, Yehovanın onun səylərinə xeyir-dua verdiyini görəndə imanı get-gedə möhkəmlənəcək!
İctimai rəy qorxusu
9, 10. a) Nəyə görə Nikodim və arimateyalı Yusif İsanın şagirdi olduqlarını gizli saxlayırdılar? b) Nəyə görə bu gün bəzi kişilər Məsihin ardınca getməyə tərəddüd edirlər?
9 Bəzi kişilərin Məsihi tam şəkildə izləməmələrinə səbəb ictimai rəy qorxusudur. Məsələn, Nikodim və arimateyalı Yusif İsanın şagirdi olduqlarını gizli saxlayırdılar, çünki digər yəhudilərin bu barədə öyrəndikləri təqdirdə onlara deyəcəkləri və edəcəkləri şeylərdən qorxurdular (Yəh. 3:1, 2; 19:38). Onların qorxusu əsassız deyildi. Din xadimlərinin İsaya nifrəti o qədər böyük idi ki, onlar ona iman edən hər kəsi sinaqoqdan qovurdular (Yəh. 9:22).
10 Bizim günlərdə bəzi ərazilərdə kişi Allaha, Müqəddəs Kitaba, yaxud dinə böyük maraq göstərəndə iş yoldaşları, dostları və ya qohumları onu tənqid edir və ya maneçilik törədirlər. Digər yerlərdə isə kişinin dinini dəyişməsi barədə danışması belə həyatı üçün təhlükə yaradır. Hərbiçi, siyasətçi və ya yüksək vəzifə sahibi olan kişilər üçün xüsusilə çətindir. Məsələn, Almaniyada yaşayan bir kişi etiraf edir: «Siz Şahidlərin Müqəddəs Kitabdan təbliğ etdikləriniz həqiqətdir. Lakin əgər mən bu gün Yehovanın Şahidi olsam, sabah hər kəs bundan xəbər tutacaq. İş yoldaşlarım, qonşularım və ailəmin mənsub olduğu klubun üzvləri mənim barəmdə nə fikirləşəcəklər? Bunu özümə sığışdıra bilmərəm».
11. İsa şagirdlərinə insan qorxusunun öhdəsindən gəlməyə necə kömək edirdi?
11 İsanın həvarilərinin hamısının cəsarətli olmalarına baxmayaraq, bəzən onlar da insan qorxusu ilə mübarizə aparmalı olurdular (Mark 14:50, 66—72). İnsanların ədavətli mövqelərinə rəğmən İsa onlara həqiqətdə inkişaf etməyə necə kömək edirdi? O, öz şagirdlərini gələcəkdə üzləşəcəkləri təqiblərə hazırlayırdı. O demişdi: «İnsan Oğlundan ötrü adamlar sizə nifrət edəndə, sizi qovanda, təhqir edəndə və adınızı bədnam edəndə siz necə də xoşbəxtsiniz» (Luka 6:22). İsa şagirdlərini xəbərdar etmişdi ki, onlar «insan Oğlundan ötrü» təhqirlərə məruz qalacaqlar. Eyni zamanda İsa onları əmin etdi ki, əgər Yehovaya güvənsələr, Ondan kömək və güc istəsələr, Yehova onlara dayaq olacaq (Luka 12:4—12). Üstəlik, İsa onun ardınca təzəcə getməyə başlayan insanları şagirdləri ilə sərbəst şəkildə ünsiyyət və dostluq etməyə çağırırdı (Mark 10:29, 30).
12. Yenilərə insan qorxusunun öhdəsindən gəlməyə necə kömək etmək olar?
12 Biz də Müqəddəs Kitabı öyrətdiyimiz kəslərə insan qorxusunun öhdəsindən gəlməyə kömək etməliyik. Adətən, insan nə ilə üzləşəcəyini biləndə ona daha asan olur (Yəh. 15:19). Məsələn, biz ona iş yoldaşlarının və digər insanların verdiyi suallara, eləcə də etirazlara sadə, müdrik və Müqəddəs Kitaba əsaslanan cavablar hazırlamaqda öz köməyimizi göstərə bilərik. Ola bilsin, biz Müqəddəs Kitabı öyrətdiyimiz insanla dostluq edirik, lakin eyni zamanda, onu yığıncağın digər üzvlərilə, xüsusilə də vəziyyətləri və ya maraqları onunla eyni olan bacı-qardaşlarla tanış etmək olar. Ən vacibi isə biz ona ürəkdən və müntəzəm şəkildə dua etməyi öyrətməliyik. Bu, ona Yehovaya yaxınlaşmağa və Onu özü üçün Sığınacaq və Qaya hesab etməsinə kömək edəcək. (Məzmur 94:21—23; Yaqub 4:8 ayələrini oxu.)
Özünə inamsızlıq hissi
13. Özünə inamsızlıq hissi bəzilərini ruhani işlərlə məşğul olmaqdan necə çəkindirir?
13 Kişilərin bəziləri yaxşı oxuya və fikirlərini səlis ifadə edə bilmədiklərindən, yaxud da sadəcə utandıqlarından ruhani işlərlə məşğul olmaqdan çəkinirlər. Digərləri isə ictimai yerlərdə fikir və hisslərini bölüşməyi xoşlamırlar. Araşdırma aparmaq, məsihçi görüşlərində şərh vermək və ya imanları barədə başqaları ilə danışmaq fikri onları vəlvələyə salır. Bir qardaş etiraf edir: «Gənc olanda qapıya tez yaxınlaşıb özümü elə göstərirdim ki, guya zəngi basıram. Sonra heç kimin məni eşitməyəcəyinə və görməyəcəyinə ümid edərək yavaşca oradan uzaqlaşırdım... Evdən-evə təbliğ etmək barədə düşünmək belə canıma üşütmə salırdı».
14. Nəyə görə İsanın şagirdləri cinə tutulmuş oğlanı sağalda bilməmişdilər?
14 İsanın şagirdləri cinə tutulmuş oğlanı sağalda bilməyəndə keçirdikləri hissləri təsəvvür etməyə çalışın. Çox güman ki, onlar özlərinin yararsız olduqlarını düşünürdülər. Oğlanın atası İsaya yaxınlaşıb dedi: «Balam xəstədir, ürəkgetməsi, tutmaları olur, gah suya düşür, gah da oda yıxılır. Onu sənin şagirdlərinin yanına gətirdim, amma onlar uşağı sağalda bilmədilər». İsa cini qovdu və uşaq sağaldı. Bir qədər sonra şagirdlər İsanın yanına gəlib soruşdular: «Biz cini niyə qova bilmədik?» İsa onlara cavab verdi: «İmanınızın az olduğundan. Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq» (Mat.17:14—20). Dağabənzər maneələri aşmaq üçün insan gərək Yehovaya iman etsin. Bəs əgər insan bunu nəzərdən qaçırıb diqqətini çatışmayan cəhətlərinə yönəltsə, onda nə baş verəcək? O, uğursuzluğa düçar olacaq və Yehovaya xidmət etmək üçün lazımi bacarıqlarının olmadığını düşünəcək.
15, 16. Müqəddəs Kitabı öyrənən insana özünə inamsızlıq hissinin öhdəsindən gəlməyə necə kömək etmək olar?
15 Özünə inamsızlıq hissi ilə mübarizə aparan insana kömək etməyin yaxşı üsullarından biri onu diqqətini özünə yox, Yehovaya yönəltməyə təşviq etməkdir. Peter yazmışdı: «Təvazökar olub qüdrətli Allaha boyun əyin. Vaxtı gələndə O, sizi ucaldacaq. Bütün qayğılarınızı Onun üzərinə qoyun» (1 Pet. 5:6, 7). Bunun üçün biz Müqəddəs Kitabı öyrətdiyimiz adama ruhaniliyini inkişaf etdirməkdə köməyimizi əsirgəməməliyik. Ruhani baxışları olan insan üçün ruhani dəyərlər çox qiymətlidir. O, Allahın Kəlamını sevir və «Ruhun bəhrəsi»ni həyatında təzahür etdirir (Qalat. 5:22, 23). Dua onun həyatının ayrılmaz hissəsidir (Filip. 4:6, 7). Bundan əlavə, o başa düşür ki, istənilən vəziyyətə sinə gərmək, eləcə də istənilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirmək üçün lazımi cəsarəti və gücü ona Yehova verəcək. (2 Timoteyə 1:7, 8 ayələrini oxu.)
16 Müqəddəs Kitabı öyrənən insanların bəzilərinin oxumaq, ünsiyyət etmək və danışıq qabiliyyətlərini yaxşılaşdırmaqda köməyə ehtiyacları var. Bəzilərinin isə Yehova barədə öyrənməmişdən əvvəl əməlləri pis olduğu üçün özlərini Ona xidmət etməyə layiq bilmirlər. Belə vəziyyətlərdə bizim onlara qarşı məhəbbət və səbir göstərməyimiz ehtiyac duyduqları kömək ola bilər. İsa demişdi: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır» (Mat. 9:12).
Kişilərə daha çox təbliğ edin
17, 18. a) Daha çox kişiyə təbliğ etmək üçün nə etməliyik? b) Növbəti məqalə nə haqdadır?
17 Yalnız Müqəddəs Kitabdakı xoş xəbər insana əsil xoşbəxtlik gətirir, buna görə də biz istəyirik ki, mümkün qədər çox kişi həqiqəti qəbul etsin (2 Tim. 3:16, 17). Bunun üçün nə etmək lazımdır? Biz çalışmalıyıq ki, əksər kişilərin evdə olduqları vaxt, yəni axşamlar, istirahət və bayram günlərində təbliğ edək. Təbliğ edərkən qapını ailənin digər üzvü açarsa, mümkündürsə, biz ondan ailənin başçısını çağırmağı xahiş edə bilərik. Həmçinin gəlin qeyri-rəsmi şəkildə kişi iş yoldaşlarımıza və imanlarına şərik olmayan bacılarımızın ərlərinə təbliğ etmək üçün hər fürsətdən istifadə edək.
18 Biz qarşımıza çıxan hər bir insana təbliğ ediriksə, əmin ola bilərik ki, bu xəbərə müsbət hay verən insanları tapacağıq. Gəlin həqiqətə səmimi maraq göstərən bütün insanlara səbirlə köməklik göstərək. Bəs yığıncaqdakı vəftiz olunmuş kişilərə daha çox məsuliyyətlərə can atmağa və qoyulan tələblərə cavab vermələrinə necə kömək edə bilərik? Bu sualın cavabı növbəti məqalədədir.
[Haşiyə]
a «Gözətçi Qülləsi», «Oyanın!» (rus.) və «Yehovanın Şahidlərinin illik məcmuəsi»ndə (rus.) dərc olunan həyat hekayələrinə bax.
Necə cavab verərdiniz?
• Kişilərə ruhani məşğuliyyətlərin daha vacib olduğunu dərk etməyə necə kömək edə bilərik?
• Yenilərə insanların pis münasibətinin öhdəsindən gəlməyə necə kömək etmək olar?
• Özünə inamsızlıq hissinin öhdəsindən gəlməkdə kişilərə nə kömək edəcək?
[25–ci səhifədəki şəkil]
Xoş xəbəri kişilərə çatdırmaq üçün hər fürsətdən istifadə edirsənmi?
[26–cı səhifədəki şəkil]
Müqəddəs Kitabı öyrətdiyin adama onun üzləşəcəyi çətinliklərə hazırlaşmağa necə kömək edə bilərsən?