Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/8 s. 3—7
  • «Mən... sizinləyəm»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Mən... sizinləyəm»
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • «HƏQİQİ BİLİK» AŞKAR OLUR
  • «ÇOX ADAM» HƏQİQİ BİLİYİ QƏBUL EDİR
  • «HƏQİQİ BİLİK» ARTIR
  • «DÜNYA RƏBBİN BİLİYİ İLƏ DOLACAQ»
  • Padşahlıq göydə qurulur
    Allahın Padşahlığı hökmranlıq edir!
  • İlahi biliklər aşkara çıxır
    Yehova Allahın müasir xalqı
Gözətçi qülləsi 2012
w12 15/8 s. 3—7

«Mən... sizinləyəm»

«Çox adam özünü ora-bura vuracaq və bilik artacaq» (DAN. 12:4).

NECƏ CAVAB VERƏRDİN?

Müasir dövrdə həqiqi bilik necə aşkar edilib?

Nəyin sayəsində həqiqəti qəbul edənlərin sayı artıb?

Dəqiq bilik necə artıb?

1, 2. a) Haradan bilirik ki, İsa bu gün də öz təbəələri ilədir və gələcəkdə də onlarla olacaq? b) Daniel 12:4 ayəsinə əsasən, Müqəddəs Yazıları diqqətlə araşdırmaq hansı nəticəni verəcəkdi?

BİR ANLIQ özünü Cənnətdə təsəvvür et! Hər səhər gözünü açıb yuxudan duranda özünü gümrah hiss edirsən və qarşıdakı günü səbirsizliklə gözləyirsən. Heç yerin ağrımır. Xəstəliklərin birdəfəlik yox olub. Görmə, eşitmə, iybilmə, toxunma və dadbilmə qabiliyyətlərinin hamısı mükəmməl şəkildə işləyir. Enerjin dolub-daşır, işindən zövq alırsan, çoxlu dostların var və heç nəyin dərdini çəkmirsən. Bütün bu xeyir-duaları sən Allahın Padşahlığının hökmranlığı zamanı alacaqsan. Yehovanın təyin etdiyi Padşah İsa Məsih öz təbəələrinin üzərinə bol-bol xeyir-dualar yağdıracaq və onlara Yehova haqda öyrətməyə davam edəcək.

2 Sadiq xidmətçiləri gələcəkdə ümumdünya maarifləndirmə işində iştirak edəndə Yehova onlarla olacaq. Allah və Onun Oğlu artıq neçə əsrlərdir ki, sadiq insanlara dayaqdırlar. Göyə qalxmazdan öncə, İsa sadiq şagirdlərini onlarla olacağına əmin etmişdi. (Matta 28:19, 20 ayələrini oxu.) Bu vədə olan etibarımızı möhkəmləndirmək üçün gəlin təxminən 2500 il bundan əvvəl qədim Babildə yazılan peyğəmbərlikdən bir parçanı nəzərdən keçirək. Hal-hazırda yaşadığımız axır zaman barədə Daniel peyğəmbər yazmışdı: «Çox adam özünü ora-bura vuracaq və [«həqiqi», YD] bilik artacaq» (Dan. 12:4). «Özünü ora-bura vurmaq» ibrani felinin məcazi mənasını, eləcə də bizim dövrün amillərini nəzərə alsaq, bu fel «diqqətlə araşdırmaq» mənasını verir. Bu necə də böyük xeyir-dualar gətirməli idi! Müqəddəs Yazıları diqqətlə araşdıran insanlar Allahın Kəlamından həqiqi, yəni dəqiq bilik əldə edəcəkdilər. Peyğəmbərlikdə həmçinin deyilir ki, çoxları həqiqi biliyə yiyələnəcək. Üstəlik, bu bilik artacaq, geniş yayılacaq və əlçatan olacaq. Əgər biz bu peyğəmbərliyin necə yerinə yetdiyini araşdırsaq, İsanın bu gün də öz şagirdləri ilə olduğunu və Yehovanın bütün vədlərini yerinə yetirməyə qadir olduğunu bir daha görəcəyik.

«HƏQİQİ BİLİK» AŞKAR OLUR

3. Həvarilərin ölümündən sonra «həqiqi bilik»lə nə baş verdi?

3 Həvarilərin ölümündən sonra, peyğəmbərlik edildiyi kimi, həqiqi məsihçilərin arasında dönüklər peyda oldu və alov kimi sürətlə yayıldılar (Həv. iş. 20:28—30; 2 Salon. 2:1—3). Sonrakı əsrlər ərzində «həqiqi bilik» nəinki Müqəddəs Kitabdan heç bir anlayışı olmayanların, hətta özlərini Məsihin davamçıları adlandıranların arasında belə yox idi. Xristian dünyasının din rəhbərləri Müqəddəs Yazılara inandıqlarını söylədiyi bir halda, insanlara yalan dini təlimləri — Allahı rüsvay edən «cinlərin [təlimlərini]» öyrədirdilər (1 Tim. 4:1). İnsanlar, ümumilikdə, ruhani cahillikdə saxlanılırdı. Dönüklərin təlimlərinə Üç üqnum, ölməz ruh və əbədi cəhənnəm əzabı kimi yalan ehkamlar daxil idi.

4. Bir qrup məsihçi 1870-ci illərdə «həqiqi bilik»ləri necə axtarmağa başladı?

4 Ancaq 1870-ci illərdə, axır günlərin başlanmasına təxminən 40 il qalmış vəziyyət dəyişməyə başladı. ABŞ-ın Pensilvaniya ştatında səmimi məsihçilərdən ibarət kiçik bir qrup Müqəddəs Kitabı diqqətlə araşdırmaq və «həqiqi bilik»ləri axtarıb tapmaq üçün görüşlər keçirirdi (2 Tim. 3:1). Onlar özlərini Müqəddəs Kitab Tədqiqatçıları adlandırırdılar. İsa demişdi ki, biliklər «hikmətli və ağıllı adamlardan» gizli qalacaq, lakin bu sözlər Müqəddəs Kitab Tədqiqatçılarına aid deyildi (Mat. 11:25). Çünki onlar Allahın iradəsini yerinə yetirmək eşqi ilə alışıb-yanan səmimi və təvazökar insanlar idi. Onlar dua edərək Müqəddəs Yazıları oxuyur, incələyir, müzakirə edir və üzərində dərindən düşünürdülər. Üstəlik, bu məsihçilər Müqəddəs Kitab ayələrini bir-biri ilə tutuşdurur və buna bənzər araşdırmalar aparan digər insanların gəldiyi nəticələri tədqiq edirdilər. Tədricən Müqəddəs Kitab Tədqiqatçıları əsrlər ərzində gizli saxlanılan həqiqətləri qavramağa başladılar.

5. «Köhnə ilahiyyat» adlı traktatlar silsiləsinin məqsədi nə idi?

5 Müqəddəs Kitab Tədqiqatçıları öyrəndikləri şeylərə görə çox sevinsələr də, qürrələnmirdilər. Onlar dərk edirdilər ki, bu biliklər hər zaman Müqəddəs Kitabda olub. Buna görə də onları yeni təlim kimi təqdim etmirdilər (1 Kor. 8:1). Əksinə, oxucuları Müqəddəs Kitab həqiqətləri ilə tanış etmək məqsədilə onlar «Köhnə ilahiyyat» adlı traktatlar silsiləsi dərc etdilər. Bu silsilədən olan birinci traktat insanlara «Müqəddəs Kitabı araşdırmağa və bütün yalan insan adət-ənənələrini rədd edib Ağamızın və həvarilərin təbliğ etdikləri köhnə ilahi təlimlərə qayıtmağa» kömək edirdi («Köhnə ilahiyyat» 1-ci nömrə, 1889-cu il aprel ayı, səh. 32).

6, 7. a) 1870-ci illərdən bəri bizə hansı həqiqətlər açıqlanıb? b) Hansı həqiqətləri bildiyinə görə sən xüsusilə sevinirsən?

6 Bu kiçik qrupun fəaliyyətə başladığı andan 100 ildən çox vaxt ötüb. O vaxtdan etibarən necə də heyrətamiz həqiqətlər açıqlanıb!a Bu həqiqətlər cansıxıcı və ilahiyyatçılar tərəfindən müzakirə edilməli olan mücərrəd anlayışlar deyil. Bunlar maraqlı, həyatımıza məna qatan, bizi azadlığa qovuşduran, ürəklərimizi sevinc və ümidlə dolduran təlimlərdir. Bu həqiqətlər sayəsində biz Yehova, Onun gözəl xüsusiyyətləri və niyyətləri haqda öyrənirik. Onlar həm də bizə İsanın rolunu, nə üçün yer üzünə gəldiyini və öldüyünü, eləcə də hal-hazırda nə ilə məşğul olduğunu açıqlayıb. Bu dəyərli həqiqətlər Allahın pisliyə nə üçün yol verdiyini, insanların nə üçün öldüyünü, bizim necə dua etməli olduğumuzu və əsil xoşbəxtliyə necə nail olmaq mümkün olduğunu izah edir.

7 İndi biz əsrlər ərzində «sirr» qalan, lakin bu axır günlərdə yerinə yetən peyğəmbərliklərin açıqlanmasını bilirik (Dan. 12:9). Bunlar xüsusilə Müjdələrdə və «Vəhy» kitabında yazılan peyğəmbərliklərdir. Yehova bizə gözlərimizlə görə bilmədiyimiz hadisələr haqda öyrənməyə kömək edib. Məsələn, biz İsanın taxta çıxdığını, göydə müharibənin baş verdiyini və Şeytanın göydən yerə atıldığını bilirik (Vəhy 12:7—12). Allah həmçinin bizə şahidi olduğumuz hadisələrin — müharibələrin, zəlzələlərin, epidemiyaların, qida çatışmazlığının, eləcə də bu son dərəcədə ağır günləri çətinləşdirən pis insanların nəyə görə daha da artdığının əsil səbəbini açıqlayıb (2 Tim. 3:1—5; Luka 21:10, 11).

8. Biz gördüyümüz və eşitdiyimiz şeylərə görə bütün izzəti kimə veririk?

8 Biz İsanın şagirdlərinə dediyi növbəti sözlərinə şərikik: «Sizin gördüyünüzü görən gözlər necə də xoşbəxtdir. İnanın, bir çox peyğəmbər və padşah sizin gördüklərinizi görmək arzusunda idi, amma görmədi; eşitdiklərinizi eşitmək arzusunda idi, amma eşitmədi» (Luka 10:23, 24). Bu kimi şeyləri görə və eşidə bildiyimiz üçün bütün izzəti Yehova Allaha veririk. Allah İsanın davamçıları olan bizlərə həqiqəti tam dərk etməyə kömək edən «köməkçi», yəni müqəddəs ruhunu göndərdiyi üçün Ona ürəkdən minnətdarıq! (Yəhya 16:7, 13 ayələrini oxu.) Gəlin həqiqi biliyin nə qədər dəyərli olduğunu heç vaxt unutmayaq və bu biliyi səxavətlə başqaları ilə bölüşək!

«ÇOX ADAM» HƏQİQİ BİLİYİ QƏBUL EDİR

9. «Gözətçi qülləsi» jurnalının 1881-ci il aprel sayında hansı çağırış dərc olunmuşdu?

9 «Gözətçi qülləsi» jurnalının ilk nəşrinin işıq üzü görməsindən təxminən iki il sonra, yəni 1881-ci ilin aprel sayında «1000 təbliğçi tələb olunur» çağırışı dərc olunmuşdu. Həmin məqalədə deyilirdi: «Ağamızın işinə vaxtlarının yarısını və ya ondan da çox həsr edə bilənlərə bir təklifimiz var... yəni: imkanınız yol verdiyi qədər böyük və kiçik şəhərlərə kitabpaylayan və ya müjdəçi kimi gedib hər yerdə səmimi məsihçiləri axtarın. Siz görəcəksiniz ki, onların çoxu Allahın qeyrətini çəkir, ancaq bunu biliyə əsaslanaraq etmirlər; onlara Atamızın calalının zənginliyini və Kəlamının gözəlliyini bildirin».

10. İnsanlar tammüddətli təbliğçi olmaq çağırışına necə hay verirdilər?

10 Həmin çağırış göstərirdi ki, Müqəddəs Kitab Tədqiqatçıları həqiqi məsihçilər üçün ən vacib işin təbliğ işi olduğunu dərk edirlər. O vaxtlar Müqəddəs Kitab Tədqiqatçılarının görüşlərində vur-tut bir neçə yüz adam iştirak etdiyi üçün «1000 təbliğçi tələb olunur» çağırışı kiməsə qəribə görünə bilərdi. Lakin traktat və ya jurnal oxuduqdan sonra bir çox insanlar həqiqəti tapdıqlarını dərk edir və bu çağırışa canla-başla hay verirdilər. Məsələn, Müqəddəs Kitab Tədqiqatçılarının dərc etdiyi «Gözətçi qülləsi» jurnalını və bir kitabçanı oxuduqdan sonra Londonda (İngiltərə) yaşayan bir oxucu 1882-ci ildə yazmışdı: «Xahiş edirəm, Allahın mübarək işini icra etmək üçün nəyi və necə təbliğ etməli olduğumu mənə öyrədin».

11, 12. a) Bizim məqsədimiz kitabpaylayanların məqsədinə necə oxşayır? b) Kitabpaylayanlar «siniflər», yəni yığıncaqlar necə təşkil edirdilər?

11 Kitab paylamaq işində 1885-ci ildə 300-ə yaxın Müqəddəs Kitab Tədqiqatçısı iştirak edirdi. Bizim kimi, həmin tammüddətli xidmətçilərin də məqsədi İsa Məsih üçün şagird hazırlamaq idi. Bununla belə, onların təlim üsulları bizimkindən fərqlənirdi. Adətən, biz hər bir insanla ayrı-ayrılıqda dərs keçirik. Sonra Müqəddəs Kitabı öyrətdiyimiz insanı artıq mövcud olan yığıncağa dəvət edirik. Əvvəllər isə bacı-qardaşlar kitablar paylayırdılar, sonra da maraq göstərən insanları bir yerə yığıb onlarla qrup şəklində Müqəddəs Yazıları araşdırırdılar. Bu yolla kitabpaylayanlar yığıncaqlar təşkil edirdilər. Lakin həmin illərdə yığıncağa «sinif» deyirdilər.

12 Məsələn, 1907-ci ildə bir qrup kitabpaylayan bir şəhəri ələk-vələk edərək «Minilliyin şəfəqi» (həmçinin «Müqəddəs Yazıların tədqiqi» adlanır) kitabı olan insanları axtarıb tapmağa çalışırdılar. «Gözətçi qülləsi»ndə qeyd olunurdu: «Onlar [həqiqətə maraq göstərənlər] kiçik qrup şəklində maraqlananlardan birinin evində toplaşdılar. Kitabpaylayan bazar günü onlarla səhərdən axşama qədər Allahın əsrlər planını müzakirə etdi. Növbəti bazar günü isə onları müntəzəm şəkildə görüşlər keçirməyə təşviq etdi». 1911-ci ildə qardaşlar təbliğ üsullarını dəyişdilər. 58 nəfər xüsusi səyyar xidmətçi ABŞ və Kanadada açıq məruzələrlə çıxış edirdi. Bu qardaşlar məruzələrdə iştirak edən maraqlananların ad və ünvanlarını əldə edirdilər və onları şəxsi evlərdə birgə toplaşmağa təşviq edərək «siniflər» təşkil edirdilər. 1914-cü ildə bütün dünyada Müqəddəs Kitab Tədqiqatçılarının 1200 yığıncağı vardı.

13. Həqiqi biliyin yayılması ilə əlaqədar sənə ən böyük təsir bağışlayan nədir?

13 Bu gün bütün dünyada təxminən 109 400 yığıncaq var və təxminən 895 800 qardaş və bacı pioner kimi xidmət edir. İndi səkkiz milyona yaxın insan həqiqi biliyi qəbul edir və öyrəndiklərini həyatlarında tətbiq edirlər. (Yeşaya 60:22 ayəsini oxu.)b Bu, həqiqətən də, heyrətamizdir, çünki İsa qabaqcadan şagirdlərinə adına görə hamının onlara nifrət edəcəyini söyləmişdi. O həmçinin demişdi ki, davamçıları təqiblərlə üzləşəcək, həbsə düşəcək, hətta öldürüləcəklər (Luka 21:12—17). Şeytanın, cinlərin və insanlar arasından olan əlaltılarının təqiblərinə baxmayaraq, Yehovanın xalqı şagird hazırlamaq tapşırığını yeriyə yetirməkdə misli görünməmiş uğur qazanıb. Bizim günlərdə həqiqi məsihçilər «bütün yer üzündə» — tropik cəngəlliklərdən tutmuş soyuq tundraya qədər, dağlarda, səhralarda, şəhərlərdə və əhalisi seyrək olan ərazilərdə təbliğ edirlər (Mat. 24:14). Allahın köməyi olmadan bu işi həyata keçirmək heç vaxt mümkün olmazdı.

«HƏQİQİ BİLİK» ARTIR

14. Nəşrlərimizin sayəsində «həqiqi bilik» necə artıb?

14 «Həqiqi bilik» xoş xəbəri təbliğ edən çoxsaylı insanların sayəsində artıb. Bu işdə nəşrlərimizin də rolu böyükdür. 1879-cu ilin iyul ayında Müqəddəs Kitab Tədqiqatçıları «Gözətçi qülləsi» jurnalının ilk sayını dərc etdilər. Həmin vaxt bu jurnal «Sion Gözətçi qülləsi və Məsihin iştirakının carçısı» adlanırdı. Özəl şirkət tərəfindən çap edilən bu jurnalın ilk tirajı yalnız ingilis dilində 6000 ədəd təşkil edirdi. İyirmi yeddi yaşlı Çarlz Teyz Rassel redaktor seçildi, yetkin Müqəddəs Kitab Tədqiqatçılarından beş nəfər isə müntəzəm şəkildə jurnal üçün məqalələr yazırdı. Hal-hazırda «Gözətçi qülləsi» 195 dildə nəşr olunur. Bu, hər buraxılışı 42 182 000 tirajla çıxan dünyada ən geniş yayılmış jurnaldır. İkinci yerdə isə «Oyanın!» jurnalı durur. Bu jurnal 84 dildə 41 042 000 tirajla çap olunur. Üstəlik, hər il 100 milyona yaxın Müqəddəs Kitab və müxtəlif kitablar da çap olunur.

15. Nəşrlərimizin çap olunması necə maliyyələşdirilir?

15 Bu böyük iş könüllü ianələr hesabına maliyyələşir. (Matta 10:8 ayəsini oxu.) Artıq bu faktın özü poliqrafiya (çap) sənayesində çalışan, çap maşınların, kağızın, mürəkkəbin və digər materialların qiymətindən xəbəri olan insanlar üçün təəccübləndiricidir. Çap ləvazimatlarının alış-verişi ilə məşğul olan bir qardaş deyir: «Mətbəələrimizə baş çəkən iş adamları müasir avadanlıqlarla təchiz edilən və yüksək istehsal qüvvəsi olan bu müəssisələrimizin könüllü ianələr hesabına maliyyələşdirildiyini biləndə onları heyrət bürüyür. Bet-Eldə xidmət edənlərin gənc və xoşbəxt olmaları da onlarda eyni təəssüratı oyadır».

«DÜNYA RƏBBİN BİLİYİ İLƏ DOLACAQ»

16. Həqiqi biliyin artmasına səbəb nədir?

16 Həqiqi bilik yaxşı niyyətdən irəli gələrək artırılır. Allahın iradəsi odur ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:3, 4). Yehova istəyir ki, insanlar həqiqəti bilsin, Ona layiq şəkildə ibadət etsin və xeyir-dualarını alsınlar. Həqiqi biliyin artması sayəsində Yehova məsh olunmuşların yerdə qalan üzvlərini toplayıb. O həmçinin «hər millətdən, hər qəbilədən, hər xalqdan və hər dildən» olan adamların içindən yer üzündə əbədi yaşamaq ümidinə malik olan böyük izdihamı da bir araya gətirir (Vəhy 7:9).

17. Həqiqi məsihçilərin sayının artması nəyə dəlalət edir?

17 Son 130 il ərzində yer kürəsinin hər yerində Allahın həqiqi xidmətçilərinin sayı xeyli artıb. Bu artım açıq-aydın şəkildə göstərir ki, Allah və Onun təyin etdiyi Padşah olan İsa Məsih hər zaman həqiqi məsihçilərin yanında olublar — onlara istiqamət verib, qoruyub, təşkil edib və təlim veriblər. Bu həmçinin Yehovanın gələcəklə bağlı verdiyi vədlərin də hökmən həyata keçəcəyinə dəlalət edir. «Sular dənizi bürüdüyü kimi dünya... [Yehovanın] biliyi ilə dolacaq» (Yeşaya 11:9). Həmin vaxt bəşəriyyət necə də gözəl xeyir-dualar alacaq!

[Haşiyələr]

a «Yehovanın Şahidləri. Əməldə görünən iman, I hissə: Qaranlıqdan nura doğru» və «Yehovanın Şahidləri. Əməldə görünən iman, II hissə: Qoy nur işıq saçsın» adlı videofilmlərə də (rus.) baxmaq faydalı olardı.

b «Yeşayanın peyğəmbərliyi — bütün bəşəriyyət üçün işıq» kitabının II cildinin 320-ci səhifəsinə (rus.) bax.

[6–cı səhifədəki şəkil]

Erkən Müqəddəs Kitab Tədqiqatçıları Allahın iradəsini yerinə yetirmək eşqi ilə alışıb-yanan səmimi və təvazökar insanlar idi

[7–ci səhifədəki şəkil]

Yehova Onun həqiqi biliyini yaymaq səylərini qiymətləndirir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş