Arxivimizdən
Piliqrimlərin izləri ilə
«MƏN heç cür evdən-evə təbliğ edə bilmərəm!» Bir çoxları Müqəddəs Kitabı təzə-təzə öyrənməyə başlayanda tanımadıqları insanlara təbliğ etmək barədə bu cür fikirləşirlər! Lakin bu sözlər vaxtilə piliqrim adlanan təcrübəli natiqə və Müqəddəs Kitabı öyrədən şəxsə aiddir.
Kilsəni tərk edən «Sion Gözətçi qülləsi»nin bir çox oxucuları onlar kimi Müqəddəs Kitab həqiqətlərinə susayan insanlarla toplaşmağa ehtiyac duyurdular. Bu jurnal onları belə dəyərli imana sahib olan digər insanları tapıb onlarla Müqəddəs Kitabı araşdırmaq üçün müntəzəm şəkildə bir yerə toplaşmağa təşviq edirdi. 1894-cü ildən başlayaraq Gözətçi Qülləsi Cəmiyyəti onlara baş çəkməyi xahiş edən qruplara öz səyyar nümayəndələrini göndərirdi. Bu təcrübəli, zəhmətkeş qardaşlara sonradan piliqrimlər deyildi. Onlar həlim olmalarına, Müqəddəs Kitabı yaxşı bilmələrinə, gözəl natiqlik və müəllimlik qabiliyyətlərinin olmasına, eləcə də fidyə təliminə sadiqliklərinə görə seçilirdilər. Onların başçəkmələri bir-iki gün çəkirdi. Bir çox Müqəddəs Kitab Tədqiqatçılarının təbliğ xidmətində ilk təcrübələri piliqrimlərin açıq məruzələrinə dəvətnamə paylamaqdan ibarət idi. Sonradan Rəhbərlik Şurasının üzvü olan Hüqo Rimer məktəblərin birində nitqlə çıxış etdikdən sonra gecə yarısına qədər Müqəddəs Kitab suallarına cavab verdi. O, yorğun olmasına baxmayaraq, sevincli idi və bu görüşün gözəl keçdiyini dedi.
«Gözətçi qülləsi»ndə deyilirdi ki, piliqrim başçəkmələrinin əsas məqsədi imanlı insanların evlərində keçirilən görüşlər vasitəsilə onların imanını möhkəmləndirməkdir. Ətrafda yaşayan Müqəddəs Kitab Tədqiqatçıları nitqə qulaq asmaq və sual-cavabda iştirak etmək üçün həmin evə gəlirdilər. Daha sonra məsihçilər öz qonaqpərvərliyini göstərirdilər. Mod Abbott adlı bir bacı uşaqlığını xatırlayaraq deyir ki, səhər məruzəsindən sonra hamı çöldə açılan uzun masa arxasına toplaşırdı. «Masaya çoxlu ləziz təamlar — qaxac edilmiş donuz əti, qızardılmış toyuq, növbənöv çörəklər, piroq və tort düzülürdü! Hamı o ki var yeyirdi və saat ikidə növbəti məruzə başlayırdı. Lakin hamı, — deyə bacı etiraf edir, — yarıyuxulu vəziyyətdə olurdu». Uzun müddət piliqrim kimi xidmət edən Benjamin Barton bir dəfə zarafatyana demişdi: «Əgər mənə təklif olunan bütün naz-nemətləri yesəydim, piliqrim xidmətini çoxdan başa vurmuş olardım». Nəhayət, Bruklindəki baş idarədən gələn məktubda qonaqpərvər bacılara məsləhət görülürdü ki, piliqrimlərə «adi gündəlik yemək» və «sakitcə yatmaq» imkanı verilsin.
Piliqrimlər təlim verməkdə, eləcə də sxem, maket və mövzunu daha canlı çatdırmağa kömək edən əllərinə keçən əyani vəsaitlərdən istifadə etməkdə çox məharətli idilər. Riçard Barberin nitqləri həmişə «ruhani ədviyyatlar»la zəngin olurdu. İnsanlara ata qayğısı ilə yanaşan Uolter Torn Allahın «qədim zamanlardakı sadiq yaşlı xidmətçiləri kimi» danışırdı. Şild Tutciyan isə bir dəfə maşınla gedərkən qəflətən: «Saxla!» — deyə qışqırdı, sonra maşından tullandı və bir dəstə gül dərib, Yehovanın yaratdıqlarının bir nümunəsi kimi əməkdaşlarına verdi.
Piliqrim xidməti çox çətin iş idi, xüsusilə də ortayaşlı və orta yaşdan yuxarı olan qardaşlar üçün. Bəzilərinin isə ən böyük sınağı bu işin məqsədinin dəyişilməsi oldu. İndi onlar evdən-evə təbliğ etmək işində rəhbərliyi öz üzərlərinə götürməli idilər. «Gözətçi qülləsi»nin 1924-cü il 15 mart sayında qeyd olunurdu ki, həqiqi məsihçilərə həvalə olunan «ən əsas tapşırıqlardan biri Padşahlıq haqda şahidlik etməkdir. Piliqrimlər məhz bu məqsəd üçün göndərilir».
Bəzi piliqrimlər bu dəyişikliyə hiddətlənərək səyyar xidmətlərini dayandırdılar, narazı olan digər piliqrimlər isə hətta öz təriqətlərini yaratdılar. Robi Adkins xatırlayır ki, gözəl natiqlik qabiliyyəti olan bir piliqrim bu dəyişiklik haqqında xiffətlə dedi: «Əlimdən gələn yeganə iş səhnədən təbliğ etməkdir. Mən heç cür evdən-evə təbliğ edə bilmərəm!» Robi qardaş xatırlayır: «Növbəti dəfə onu 1924-cü ildə Ohayo ştatının Kolumbus şəhərində konqresdə gördüm. O, tək-tənha balaca ağacın kölgəsində dayanmışdı. Sevinc içində olan minlərlə qardaşların arasında o ən yazıq insan kimi görünürdü. Bundan sonra mən onu bir daha görmədim. Bir müddət sonra həmin qardaş təşkilatı tərk etdi». Evdən-evə təbliğ etməyə hazır olan bir çox qardaşlar isə oradan keçərək sevinclə maşınlarına kitablar aparırdılar (Həv. iş. 20:20, 21).
Bir çox piliqrimlər vaxtilə özləri təbliğə göndərdikləri bacı-qardaşlar kimi həyəcanlı olsalar da, yenə də bu işə can yandırırdılar. Evdən-evə təbliğ etmək barədə almandilli piliqrim Maksvel Frend yazmışdı: «Piliqrim işinin bu hissəsi xeyir-dualardan biridir». Piliqrim Con Bonet bildirmişdi ki, ümumilikdə qardaşlar əsas diqqətin Padşahlığın təbliğ işinə yönəldilməsini canla-başla qarşıladılar. Onun sözlərinə əsasən, əksəriyyət «döyüşdə ön sıralarda canfəşanlıqla vuruşurdu».
İllər ərzində sadiq səyyar qardaşlar həmimanlıları üçün yaxşı nümunə idilər. Yehovaya uzun müddət xidmət edən Norman Larson demişdi: «Hətta uşaq olanda mənim üçün aydın idi ki, piliqrimlərin dəyəri və faydası danılmazdır. Onlar mənim düzgün formalaşmağımda böyük rol oynamışdılar». Ta bu günə kimi fədakar və sadiq səyyar nəzarətçilər həmimanlılarına: «Biz evdən-evə təbliğ edə bilərik!» — deməyə kömək edirlər.
[32–ci səhifədəki yazı]
Piliqrimin başçəkməsi sevindirici hadisə idi!
[31–ci səhifədəki şəkil]
1905-ci ildə Benjamin Barton 170-ə yaxın başçəkmə etmişdi
[32–ci səhifədəki şəkil]
Məsihəbənzər xüsusiyyətləri və ata qayğısı ilə tanınan piliqrim Uolter Tornu məhəbbətlə «ata» adlandırırdılar
[32–ci səhifədəki şəkil]
C. Braun təxminən 1902-ci ildə Yamaykadakı 14 balaca qrupu möhkəmləndirib ruhlandırmaq üçün oraya piliqrim kimi göndərilmişdi
[32–ci səhifədəki şəkil]
Piliqrimlər məsihçilərin imanını, aralarındakı birliyi möhkəmləndirir və qardaşlara təşkilata daha yaxın olmağa kömək edirdilər