Tə’rif ruhlandırır
1 “Məgər mən bu gün yaxşı qız olmadım?” — deyərək balaca qız ağlaya-ağlaya anasına müraciət etdi. Bu sual ana üçün gözlənilməz idi. Doğrudan da o diqqət yetirmişdir ki, qızı özünü yaxşı aparmaq üçün çox sə’y göstərir, lakin ana bir dəfə də olsun onu tə’rifləməmişdir. Bu balaca qızın göz yaşları bizə xatırlatmalıdır ki, biz hamımız — gənclər və yaşlılar — tə’rifə möhtacıq. Başqalarını tə’rifləyirikmi? (Sül. məs. 25:11).
2 Bacı-qardaşlarımızı tə’rifləmək üçün hər zaman səbəb var. Ağsaqqallar, xidməti köməkçilər və pionerlər Rəbbin işində çox zəhmət çəkirlər (1 Tim. 4:10; 5:17). Allahdan qorxan valideynlər var gücü ilə uşaqlarını Yehovanın yollarına öyrətməyə çalışırlar (Efes. 6:4). Məsihçi gənclər ‘dünyanın ruhuna’ inadla müqavimət göstərirlər (1 Kor. 2:12; Efes. 2:1-3). Qocalıq, xəstəlik və digər problemlərə baxmayaraq, çoxları Yehovaya sədaqətlə xidmət etməyə davam edirlər (2 Kor. 12:7). Bütün bu bacı-qardaşlar tə’rifə layiqdirlər. Biz bunu dərk edirikmi?
3 Şəxsi tə’rif. Bütün yığıncağa dair deyilən tə’rifləri eşitmək bizə xoşdur. Lakin tə’rif şəxsən bizə ünvanlanırsa, bu bizi daha çox ruhlandırır! Misal üçün, romalılara yazdığı məktubun 16-cı fəslində Pavel Fibiniyə, Priskila və Akilaya, Trifena və Trifosanaya, Persisiyə və Allahın digər xidmətçilərinə xüsusi minnətdarlığını bildirmişdir (Rom. 16:1-4, 12). Pavelin sözləri, ehtimal ki, həmin sədaqətli xidmətçiləri çox ruhlandırmışdı! Bu cür tə’rif bizim bacı-qardaşlarımıza onu göstərir ki, onlar bizə lazımdırlar və həmçinin bizi bir-birimizə yaxınlaşdırır. Son zamanlar sən kimisə tə’rifləmisənmi? (Efes. 4:29).
4 Səmimi tə’rif. Tə’rif doğrudan da ruhlandırıcı olsun deyə, ürəkdən gəlməlidir. İnsanlar dediklərimizin səmimi olduğunu və ya sadəcə olaraq ‘dillə yaltaqlanmağımızı” hiss edirlər (Sül. məs. 28:23). Əgər biz başqalarında yaxşı şeyləri görməyə öyrəniriksə, onda ürəyimiz onları tə’rifləməyə təşviq edəcək. ‘Vaxtında olan sözün nə yaxşı’ olduğunu bilərək, gəlin başqalarını səmimi tə’rif etməkdə səxavətli olaq! (Sül. məs. 15:23).