Hikmətli kimi yaşayın
1 Dörd balıqçı İsadan onun davamçıları olmaq də’vətini alanda onlar yubanmadan, «həmin anda... Onun ardınca getdilər» (Mat. 4:18-22). Tarsuslu Şaul da həqiqəti qəbul edəndən və gözləri açılandan sonra vaxt itirmədi, «dərhal sinaqoqlarda İsa haqqında təbliğ etməyə başladı» (Həv. iş. 9:20). Vaxt yerində durmur, o getdisə, heç vaxt qayıtmır. Buna görə də, vaxtımızdan hikmətlə istifadə etməyimiz olduqca zəruridir (Efes. 5:15, 16).
2 Təsadüf. Yehovaya xidmət etmək imkanımız bu gün varsa, ola bilsin, sabah olmasın (Yaq. 4:14). Heç kim «təsadüf»ün qurbanı olmaqdan sığortalanmayıb (Vaiz 9:11, KM). Üstəlik, hamımız getdikcə yaşlanırıq, həmçinin qocalıqla gələn və Yehovaya xidmətimizə məhdudiyyət qoyan «pis günlər» bu sistemdə qaçılmazdır (Vaiz 12:1). Buna görə də, Allaha həsr olunmağı ləngitmək və xidmətimizi mümkün qədər genişləndirmək üçün indikindən daha ideal şəraitimizin olacağını gözləmək müdrik hərəkət olmazdı (Luka 9:59-62). İbrahim ahıl yaşlarında sülh və əmin-amanlıq içində yaşadı və «uzun ömür sürərək həyatdan doymuş halda ölüb əcdadlarına qoşuldu», çünki o, həyatını tamamilə Yehovaya həsr edərək vaxtdan müdrikliklə istifadə etmişdi (Yar. 25:8).
3 Vaxt azalmışdır. Biz hər saatımızı müdrikliklə istifadə etmək istəyirik, çünki «vaxt azalmışdır» (1 Kor. 7:29-31). Çox tezliklə yaşadığımız köhnə sistem öz sonuna çatacaq. «Yer üzünün biçini» ərəfəsində qoyuna bənzər insanların böyük biçinində iştirak etmək imkanımız daha heç vaxt olmayacaq (Vəhy 14:15). Diqqətli olmalıyıq ki, həyatın qayğıları və o qədər də vacib olmayan işlər xidmətə sərf edə biləcəyimiz vaxtı əlimizdən almasın (Luka 21:34, 35). Keçmişə baxıb, biçin işində tam iştirak etdiyimiz günləri xatırlayanda sevincimiz aşıb-daşacaq!
4 Xidmətdə sevinclə iştirak etmək imkanımızı əldən verməməliyik. Nə qədər ki vaxt var, gəlin Yehovaya xidmətdə əlimizdən gələni əsirgəməyək (İbr. 3:13). Belə etməklə, həqiqətən də hikmətli olduğumuzu göstərəcəyik, çünki «Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəh. 2:17).