Peyğəmbərlərdən nümunə götürün — Huşə
1. Biz özümüzə hansı sualı verə bilərik?
1 «Mən Yehova üçün hansı qurbanları verməyə hazıram?» Ola bilsin, Onun bol xeyirxahlığı və mərhəməti üzərində düşünəndə özünüzə bu sualı vermisiniz (Məz. 103:2—4; 116:12). Hətta çətin olsa da, Huşə Yehovanın göstərişlərinə tabe olmağa hazır idi. Biz Huşəni necə təqlid edə bilərik?
2. Huşə kimi, biz də təbliğ işində necə qətiyyətli ola bilərik?
2 Gərgin vaxtda təbliğ et. Huşənin xəbəri birbaşa həqiqi ibadətin silinmək üzrə olduğu onqəbiləli İsrail padşahlığına ünvanlanmışdı. Padşah II Yarovam Yehovanın gözündə pis olan işlər etdi və I Yarovamın təsis etdiyi danaya ibadəti davam etdirdi (2 Pad. 14:23, 24). Sonrakı padşahların dövründə də onqəbiləli padşahlıq e. ə. 740-cı ildə tamamilə məhv olunana qədər ruhani cəhətdən bərbad vəziyyətdə idi. Həmin dövrdə yalan ibadətin geniş yayılmasına baxmayaraq, Huşə ən azı 59 il peyğəmbər kimi sədaqətlə xidmət etmişdi. Bəs biz laqeyd və ya ədavətli münasibətlə üzləşməyimizə rəğmən ilbəil təbliğ etməyə qətiyyətliyikmi? (2 Tim. 4:2).
3. Huşənin həyatı Yehovanın mərhəmətini necə əks etdirir?
3 Diqqətini Yehovanın mərhəmətinə cəmlə. Yehova Huşəyə «xəyanətkar bir arvad» almağı tapşırır (Huşə 1:2). Arvadı Qomer ona bir oğul doğsa da, sonradan onun qeyri-qanuni iki uşağı olur. Huşənin öz arvadını bağışlamağa hazır olması Yehovanın tövbə edən dikbaş israillilərə göstərdiyi böyük mərhəməti əks etdirir (Huşə 3:1; Rom. 9:22—26). Bəs biz hər cür adama Yehovanın mərhəmətini göstərmək üçün şəxsi istəklərimizi kənara qoymağa hazırıqmı? (1 Kor. 9:19—23).
4. Biz Yehova üçün hansı qurbanları verə bilərik?
4 Yehovanın bəzi xidmətçiləri xidmətdə daha çox iştirak etmək üçün öz gəlirli işlərini qurban verirlər. Digərləri Padşahlığın maraqlarını birinci yerə qoymaq üçün subay qalır və ya övlad sahibi olmaqdan imtina edirlər. Ola bilsin, Huşənin həyatı üzərində düşünəndə biz özümüzə deyirik: «Mən heç vaxt onun etdiyini edə bilməzdim». Lakin Yehovanın lütfünə görə minnətdarlığımız artdıqca və Onun müqəddəs ruhuna daha çox güvəndikcə Yehova, Huşədən istifadə etdiyi kimi, bizdən qeyri-mümkün hesab etdiyimiz şəkildə istifadə edəcək (Mat. 19:26; Filip. 2:13).