Müqəddəs Kitab dərslərini məharətlə keçirin
1. Təbliğçinin üzərinə hansı məsuliyyət düşür?
1 Yehova «cəlb etməsə», heç kim Ona xidmət edə bilməz (Yəh. 6:44). Bununla belə, Müqəddəs Kitab dərsləri keçən təbliğçilər əllərindən gələni etməlidirlər ki, öyrətdikləri adamlar Allahla şəxsi münasibət qura bilsinlər (Yaq. 4:8). Bunun üçün dərslərə hazırlaşmaq lazımdır. Öyrənən adamın oxuduqlarını qavraması və inkişaf etməsi üçün sadəcə olaraq abzası oxuyub çap olunmuş sualı vermək kifayət etmir.
2. Müqəddəs Kitab dərslərini yaxşı keçirmək üçün təbliğçi nə etməlidir?
2 Müqəddəs Kitabı yaxşı öyrədən təbliğçi öyrətdiyi adama 1) Müqəddəs Kitab təlimlərini başa düşməyə, 2) Müqəddəs Kitab təlimlərini qəbul etməyə və 3) Müqəddəs Kitab təlimlərini həyatında tətbiq etməyə kömək etməlidir (Yəh. 3:16; 17:3; Yaq. 2:26). Bunun üçün aylar lazım gələ bilər. Amma insanın Yehova ilə münasibət yaratması və özünü Ona həsr etməsi üçün bu amillərin hər üçü vacibdir.
3. Yaxşı müəllim nəyə görə suallar verməlidir?
3 İnsanın fikirlərini öyrənməyə çalış. İnsanın öyrəndiyi şeyləri başa düşdüyünü və qəbul etdiyini bilmək üçün təbliğçi çalışmalıdır ki, özü çox danışmasın, onu danışmağa təşviq etsin (Yaq. 1:19). O, müzakirə olunan mövzu ilə bağlı Müqəddəs Kitabda deyilənləri başa düşürmü? Mövzunu öz sözləri ilə izah edə bilirmi? Öyrəndikləri haqda özü nə fikirləşir? Müqəddəs Kitab təlimlərinin məntiqli olduğu qənaətinə gəlirmi? (1 Salon. 2:13). Öz həyatında öyrəndiklərinə uyğun olaraq dəyişikliklər etməli olduğunu başa düşürmü? (Kol. 3:10). Bu suallara cavab tapmaq üçün biz nəzakətlə suallar verməli, sonra isə qulaq asmalıyıq (Mat. 16:13—16).
4. Əgər insan Müqəddəs Kitabdan öyrəndiklərini başa düşmürsə, yaxud həyatında tətbiq edə bilmirsə, nə etmək lazımdır?
4 Çox vaxt vərdişlər və müəyyən düşüncə tərzi insanda dərin kök salır və bunları tərgitmək üçün vaxt lazım olur (2 Kor. 10:5). Əgər insan öyrəndiyini qəbul etmirsə, yaxud da həyatında tətbiq etmirsə, onda nə etmək lazımdır? Belə halda səbirli olmaq gərəkdir. Allahın Kəlamının və müqəddəs ruhun insanın ürəyinə təsir etməsi üçün müəyyən qədər vaxt lazımdır (1 Kor. 3:6, 7; İbr. 4:12). İnsanı sıxma-boğmaya salmaq lazım deyil. Əgər o, Müqəddəs Kitab təlimini başa düşmürsə, yaxud həyatına tətbiq edə bilmirsə, yaxşı olar ki, başqa mövzuya keçəsiniz. İnsana səbirlə və anlayışla Müqəddəs Kitabı öyrətsək, vaxt keçdikcə o, həyatında dəyişikliklər etməyə başlaya bilər.