Xidmətdə daima tərəqqi edin
1. Birinci əsrdəki hansı nümunələrdən görünür ki, biz xidmətdə püxtələşməliyik?
1 Məsihilər xidmətdə özlərini püxtələşdirməlidirlər. Buna görə də İsa Məsih şagirdlərinə yaxşı təbliğ etmək üçün təlim verirdi (Luka 9:1—5; 10:1—11). Akvilas və Priskilla da Apollosu yanlarına alıb ona «Allahın yolunu daha dəqiqliklə» izah etmişdilər (Həv. 18:24—26). Elə bu səbəbdən də Bulus səriştəli müjdəçi olan Timutini təşviq edirdi ki, özünü təlim verməyə həsr etsin. Bunun sayəsində hamı ondakı inkişafı aydın görə bilərdi (1 Tim. 4:13—15). Ağaya müjdənin təbliğçiləri kimi nə qədər müddət xidmət etməyimizdən asılı olmayaraq, biz yerimizdə saymamalı, irəli getməliyik.
2. Başqalarından necə öyrənmək olar?
2 Başqalarından öyrənin. Püxtələşməyin üsullarından biri başqalarına baxıb öyrənməkdir (Məs. 27:17). Ona görə də həmimanlılarınızın necə söhbət apardıqlarına fikir verin. Məharətli təbliğçilərdən məsləhət alın və onların dediklərinə diqqətlə qulaq asın (Məs. 1:5). Əgər təkrar baş çəkməkdə, Müqəddəs Kitab dərsinə başlamaqda və ya xidmətin başqa növündə çətinlik çəkirsinizsə, özünüz qrup nəzarətçisinə və ya təcrübəli təbliğçiyə yaxınlaşıb kömək istəyin. Həm də unutmayın ki, Yehova Allahın müqəddəs ruhu bizə püxtələşməyə kömək edə bilər. Odur ki, həmişə duada müqəddəs ruh diləyin (Luka 11:13).
3. Kimsə bizə, hətta xahiş etmədiyiniz halda, məsləhət verəndə nə etməliyik?
3 Əgər kimsə sizə, hətta xahiş etmədiyiniz halda, məsləhət verirsə, bundan inciməyin (Vaiz 7:9). Apollos kimi, təvazökarlıqla və minnətdarlıqla köməyi qəbul edin. Bu, ağıllı hərəkət olar (Məs. 12:15).
4. Müjdəçi kimi püxtələşməyə hansı tutarlı səbəbimiz var?
4 Tərəqqi Allahı ucaldır. İsa Məsih məsəllər çəkərək şagirdlərini püxtələşməyə təşviq edirdi. O, özünü meynəyə, məsh olunmuş davamçılarını isə budaqlara bənzətmişdi və demişdi ki, Atası bar verən budaqları daha çox bar gətirsinlər deyə budayır (Yəh. 15:2). Necə ki bağ sahibi meynələrinin budaqlarının məhsuldar olmasını istəyir, Yehova da bizim dilimizin bəhrəsini təqdim etməkdə həmişə püxtələşməyimizi istəyir (İbr. 13:15). Bəs biz bir müjdəçi kimi tərəqqi edəndə bunun hansı faydası olur? İsa Məsih demişdi: «Siz çoxlu bar verəndə... Atam şərəflənir» (Yəh. 15:8).