«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
DEKABR
*** ip-1 fəs. 4, səh. 38—42 abz. 6—11 ***
Yehovanın evi ucalıb
6 Əşiyanın peyğəmbərliyi nə zaman gerçəkləşməli idi? Müqəddəs Kitaba əsasən, «zamanın sonunda». İncildə həmin dövrün əlamətləri qələmə alınıb. Orada deyilənlərə əsasən, müharibələr, zəlzələlər, qıtlıqlar, xəstəliklər və sairə olacaq, habelə son dərəcə çətin bir vaxt gələcək (2 Timutiyə 3:1—5; Luka 21:10, 11). Bütün bunların yerinə yetməsi bizim elə axırzamanda, yəni indiki sistemin sonunda yaşadığımızı göstərir. Məntiqlidir ki, Əşiyanın da peyğəmbərliyinin necə gerçəkləşdiyini bu gün öz gözlərimizlə görə bilərik.
İbadətə həsr olunan dağ
7 Allahın elçisi olan Əşiya bir-iki sözlə də olsa, peyğəmbərliyi çox aydın təsvir edir. Oxuyanda gözümüzün önündə Yehovanın möhtəşəm məbədinin durduğu uca, şanlı dağın şəkli açılır. Bu dağ ətrafdakı başqa dağlardan, təpələrdən hündürdür. Amma o, insanı vahiməyə salmır, əksinə, insan baxdıqca, baxmaq istəyir. Hər millətdən olan insanlar Yehovanın evinin durduğu dağa qalxmaq arzusu ilə ona sarı axışır. Bəli, bunu canlandırmaq elə də çətin deyil. Amma maraqlıdır, bu peyğəmbərliyin məğzi nədir?
8 Əşiya peyğəmbərin yaşadığı dövrdə dağlar, təpələr çox vaxt ibadəti xatırladırdı. Məsələn, orada bütlərə səcdə qılardılar, başqa allahlara səcdəgahlar qurardılar (Qanunun təkrarı 12:2; Ərəmya 3:6). Amma Yerusəlimdə Muriyyə dağına yaraşıq verən Yehovanın evi, yəni məbədi idi. Mömin israillilər ildə üç dəfə ora gedib tək gerçək Allaha ibadət edirdilər (Qanunun təkrarı 16:16). Deməli, ümmətlərin Yehovanın evinin durduğu dağa sarı axışması bir çox insanın həqiqi ibadətdə birləşməsinə işarə edir.
9 Əlbəttə, indiki zəmanədə Allahın saleh bəndələri hərfi mənada hansısa dağın başında tikilən məbədə yığışmırlar. Əvvəla, Yerusəlimdə yerləşən Yehovanın bu məbədi romalı əsgərlər tərəfindən eramızın 70-ci ilində darmadağın edilmişdi. Bundan savayı, həvari Bulus açıq-aydın demişdi ki, Yerusəlimdəki məbəd və ondan əvvəl mövcud olan çadır simvolik məna daşıyırdı. Bunlar daha üstün olan ruhani quruluşu, «insan əlinin deyil», Yehovanın qurduğu həqiqi çadırı simvolizə edir (İbranilərə 8:2). Həvari Bulusun söz açdığı ruhani çadır İsa Məsihin fidyə qurbanlığı əsasında Yehovaya yaxınlaşmağa yol açan tədbirdir (İbranilərə 9:2—10, 23). Buna uyğun olaraq, Əşiya 2:2 ayəsində deyilən «Yehovanın evinin durduğu dağ» bizim dövrümüzdə ali zirvəyə ucalan pak ibadəti təmsil edir. Pak ibadətə qoşululanlar hansısa konkret coğrafi məkanda yığışmırlar, onları birləşdirən ibadətdir.
Təmiz ibadətin dirçəlməsi
10 Peyğəmbərlikdə deyilir ki, «Yehovanın evinin durduğu dağ», başqa sözlərlə təmiz ibadət, «dağlardan uca bərqərar olacaq, təpələrdən yuxarı ucalacaq». Əşiya peyğəmbərdən uzun illər öncə yaşamış Davud padşah əhd sandığını Yerusəlimə, dəniz səviyyəsindən 760 metr hündürlükdə yerləşən Sion dağına aparmışdı. Muriyyə dağındakı məbəd tikilib qurtarana qədər sandıq orada qalmışdı (2 İşmuil 5:7; 6:14—19; 2 Salnamələr 3:1; 5:1—10). Deməli, Əşiya peyğəmbərin dövrünə qədər əhd sandığı artıq hərfi mənada ucaldılmışdı və başqa allahlara ibadət edilən bir çox təpələrdən daha hündürdə yerləşən məbədə qoyulmuşdu.
11 Sözsüz, dini baxımdan Yehovaya ibadət bütpərəstlərin dini ayinlərindən hər zaman üstün olub. Lakin bizim dövrdə Yehova pak ibadəti lap göylərə qədər, yəni napak ibadətin bütün formalarından, bütün dağlardan, təpələrdən daha yüksəklərə ucaldıb. Necə? Əsas etibarilə, bunu «ruha və həqiqətə uyğun» ibadət etmək istəyən insanları bir araya yığmaqla edir (Yəhya 4:23).
*** ip-1 fəs. 4 səh. 44—45 abz. 20—21 ***
20 Yehova yol verməz ki, Onun xalqı itmiş quzutək azsın. Buna görə də onlara düz yol göstərmək üçün Müqəddəs Kitab və ona əsaslanan nəşrlər vasitəsilə Öz qanununu və sözünü öyrədir. Məhz bu elm sayəsində onlar Allahın yolu ilə yeriyirlər. Bu insanların ürəyi şükranlıqla dolub-daşır. Onlar ilahi rəhbərliyə əsasən, öz aralarında Yehovanın qanun-qaydaları haqda danışırlar. Allahın öyüd-nəsihətini dinləmək, Onun yollarını öyrənmək üçün onlar böyük toplantılar zamanı birgə toplaşırlar, kiçik qruplarla ibadət evində və ya şəxsi evlərdə yığışırlar (Qanunun təkrarı 31:12, 13). Bununla onlar birinci əsrdə yaşamış məsihilərin nümunəsini izləmiş olurlar. İlk məsihilərdən örnək alaraq onlar da yığışan zaman bir-birini ruhlandırır, məhəbbətə və yaxşı işlərə təşviq edirlər (İbranilərə 10:24, 25).
21 Bu mömin insanlar başqalarını da Yehovaya ibadətə səsləyirlər. Bu, İsa Məsihin Allahın dərgahına qalxmazdan öncə şagirdlərinə verdiyi əmrlə necə də üst-üstə düşür! Məsih demişdi: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mətta 28:19, 20). Yehovanın Şahidləri bu əmrə tabe olaraq dünyanın dörd bir guşəsini gəzib təlim verir, şagird hazırlayır və onları vəftiz edirlər. Onların bu işini Allah Özü avand edir.
*** ip-1 fəs. 4 səh. 46—47 abz. 24—25 ***
Yehovanın evi ucalıb
24 Ümumilikdə xalqlar bu ülvi məqsədə heç vaxt çata bilməzlər. Bu, onların gücündən artıqdır. Əşiyanın peyğəmbərlik sözləri bütün xalqlardan pak ibadətdə birləşən insanların üzərində yerinə yetir. Yehova Allah onlara aid «məsələləri həll edib». Onlara bir-biri ilə sülhdə yaşamağı öyrədib. Çaxnaşma və çəkişmələrlə dolu bir dünyada bu mömin insanlar, sanki, «qılınclarından gavahın, nizələrindən oraq» düzəldiblər.
25 Məsələn, onlar müharibələrdə heç kimə tərəfkeşlik etmirlər. İsa Məsihin həyatının son günlərində silahlanmış əsgərlər onu həbs etməyə gələndə həvari Butrus Ustadını müdafiə etmək üçün əsgərlərdən birini qılıncla vurmuşdu. Onda Məsih ona belə demişdi: «Qılıncını qaytar qoy qınına. Qılınc götürən hər kəs qılıncdan öləcək» (Mətta 26:52). Elə o vaxtdan bəri İsa peyğəmbərin ardıcılları qılınclarından gavahın düzəldiblər və əllərinə silah almırlar, eləcə də heç bir hərbi işləri dəstəkləmirlər. Onlar «hamıyla sülhdə olmağa» çalışırlar (İbranilərə 12:14).
*** it-2 səh. 761, abz. 3 ***
Barışıq
Barışığa aparan zəruri addımlar. Allahın qanunları hər zaman pozulub və pozulur. Beləcə, zərərçəkən tərəf Allah olduğu üçün insanlar Allahla barışmalıdır, Allah onlarla yox (Zb 51:1—4). İnsanlar Allahla bərabər hüquqa malik ola bilməzlər, üstəlik, nəyin səhv, nəyin düz olduğuna dair Allahın baxışına düzəliş və ya dəyişiklik oluna bilməz (Əş 55:6—11; Ml 3:6; müq. edin: Yq 1:17). Buna görə də Allahın barışıq üçün qoyduğu şərtlər müzakirə olunmur və onları heç bir vəchlə yumşaltmaq olmaz (Müq. edin: Əy 40:1, 2, 6—8; Əş 40:13, 14). Bəzi tərcümələrdə Əşiya 1:18 ayəsi belə verilib: «Rəbb deyir: “Gəlin indi birgə düşünək”» (MKŞ, 2009). Ancaq daha düzgün və dəqiq tərcümə belə səslənir: «Yehova deyir: “Gəlin aramızdakı məsələləri həll edək”». Allahla insanlar arasında sülhün pozulması Allahın deyil, insanların ucbatındandır (Müq. edin: Hz 18:25, 29—32).
*** ip-1-E s. 124—126, abz. 13—17 ***
Sülh əmiri vəd olunur
«Xar olmuş» ərazi
13 Sonra Əşiya peyğəmbər İbrahimin nəslinin başına gəlmiş ən dəhşətli hadisələrin birindən söz açır: «Bu dəfəki zülmət ölkə əzab çəkərkən olduğu kimi olmayacaq. O zaman Zəbulun və Niftalı torpağı xar olmuşdu. Sonra isə O, dənizkənarı yol boyunca uzanan, İordan bölgəsində yerləşən, yadellilər yaşayan Cəliləni şərəfləndirəcək» (Əşiya 9:1). Cəlilə İsrailin şimal padşahlığının ərazisidir. Əşiyanın peyğəmbərliyində bu ərazi özünə Zəbulun və Niftalı torpaqlarını, habelə dənizkənarı yolu daxil edir. Bu, Cəlilə dənizinin yanından keçən və Aralıq dənizinə aparan qədim yol idi. Peyğəmbərin yaşadığı dövrdə bu ərazi «yadellilər yaşayan Cəlilə» adlanırdı. Görünür, ona görə ki, bu ərazinin əksər şəhərlərində israillilər yox, başqa xalqlar məskunlaşmışdı. Bəs bu torpaq hansı mənada xar olmuşdu? Aşşurlular bu torpağı zəbt edib israilliləri əsir aparanda oraya İbrahimin nəslindən olmayan bütpərəst insanları köçürtdülər. Beləcə, onqəbiləli şimal padşahlığı muxtar padşahlıq kimi mövcudluğuna son qoyur (2 Padşahlar 17:5, 6, 18, 23, 24).
14 Yəhuda da aşşurluların zülmü altında idi. Bəs Zəbulun və Niftalını, yəni onqəbiləli padşahlığı bürüyən zülmət Yəhudanı da bürüyəcək? Xeyr. Yəhudanın cənub padşahlığının ərazisini və hətta bir vaxtlar şimal padşahlığına məxsus olan torpağı qarşıda Yehovanın xeyir-duası gözləyəyir. Hansı?
15 Bu sualın cavabını Məttanın yazdığı müjdədə tapmaq olar. Orada İsa Məsihin xidmətinin başlanğıcı belə təsvir olunub: «Sonra Nasirədən çıxıb Zəbulun və Niftalı torpaqlarına, dənizin kənarında yerləşən Kəfərnahuma gəlib orada məskən saldı. Beləliklə, Əşiya peyğəmbər tərəfindən deyilmiş bu sözlər yerinə yetdi: “Ey yadellilər yaşayan Cəlilə! İordan çayının o tərəfində, dəniz yolu boyunca uzanan Zəbulun və Niftalı torpaqları! Zülmətdə oturan xalq parlaq işıq gördü, ölüm kölgəsində oturanların üzərinə nur ələndi”» (Mətta 4:13—16).
16 Bəli, Əşiyanın peyğəmbərlik etdiyi «sonra isə» sözləri İsa Məsihin yer üzündə xidmət etdiyi vaxtı bildirir. Məsih həyatının çox hissəsini Cəlilədə keçirmişdi. Xidmətinə də elə orada başlamışdı və «səmavi Padşahlıq yaxınlaşır» sözlərini bəyan etmişdi (Mətta 4:17). İsa Məsih Cəlilədə tanınmış Dağüstü vəzini söyləmiş, həvarilərini seçmiş, ilk möcüzəsini göstərmiş, diriləndən sonra haradasa 500 şagirdinə görünmüşdü (Mətta 5:1—7:27; 28:16—20; Mark 3:13, 14; Yəhya 2:8—11; 1 Korinflilərə 15:6). Beləcə, İsa Məsih «Zəbulun və Niftalı torpaqlarını» şərəfləndirməklə Əşiyanın peyğəmbərliyini gerçəkləşdirdi. Əlbəttə, Məsih yalnız Cəlilə sakinlərinə təbliğ etmirdi. O, bütün ölkədə şahidlik edirdi. Beləcə, İsa Məsih Yəhuda da daxil olmaqla, cəmi İsrail xalqını şərəfləndirmişdi.
«Parlaq işıq»
17 Mətta Cəlilədə olan «parlaq işıq» deyəndə nəyi nəzərdə tuturdu? Bu da Əşiyanın peyğəmbərliyindən bir sitat idi. Əşiya yazmışdı: «Zülmətdə gəzən xalq parlaq işıq gördü. Zülmət diyarında yaşayanların üzərinə nur ələndi» (Əşiya 9:2). Eramızın birinci əsrinə qədər həqiqət işığı bütpərəst yalanlarla ört-basdır olunmuşdu. Yəhudi din xadimləri Allahın qanunlarını bir kənara qoyub dini ayinləri icra etməklə vəziyyəti daha da ağırlaşdırırdılar (Mətta 15:6). Həlim insanlar kor bələdçilərin əlindən məzlum halda, çaşqınlıq içində idilər (Mətta 23:2—4, 16). Ancaq İsa Məsih gələndə bu insanların gözləri qeyri-adi şəkildə açıldı (Yəhya 1:9, 12). İsanın yer üzündə gördüyü iş və onun qurbanlığı sayəsində mümkün olan nemətlər Əşiyanın peyğəmbərliyində əbəs yerə «parlaq işıq» adlanmır (Yəhya 8:12).
*** ip-1-E s. 132, abz. 28, 29 ***
Vəd olunmuş sülh əmiri
28 Allahın qoyduğu vaxtda Məsih bütün dünyada sülhü bərqərar edəcək (Həvarilərin işləri 1:7). «Hakimiyyəti ucqarlaradək yayılacaq, sülhün sonu olmayacaq. O, Davudun taxtında, padşahlığının başında oturacaq. Hakimiyyətini indidən sonsuzadək ədalət və salehlik üzərində bərqərar edəcək» (Əşiya 9:7a). Sülh əmiri olan İsa hakimiyyətini zülmkarlıqla göstərməyəcək. Onun təbəələri seçim azadlığından məhrum olmayacaq və zülmə məruz qalmayacaqlar. Onun elədiyi hər şey ədalət və salehlik naminə olacaq. Bu, necə də möhtəşəm dəyişiklikdir!
29 İsa Məsihin peyğəmbərlikdəki adının mənası belə ecazkar olduğu üçün Əşiyanın peyğəmbərliyinin sonunda dediyi sözlər böyük marağa səbəb olur. O deyir: «Bunu ordular Allahı Yehovanın qeyrəti edəcək» (Əşiya 9:7b). Bəli, Allah qeyrəti ilə hərəkət edir. O, könülsüz heç nə etmir. Buna görə də əmin ola bilərik ki, Allah vəd etdiyi hər şeyi tam şəkildə həyata keçirəcək. Beləcə, əbədiyyən sürəcək sülh və əmin-amanlıqda yaşamaq istəyən hər kəs Allaha bütün varlığı ilə ibadət etməlidir. Gəlin biz də Yehova Allahımız və sülh əmiri İsa kimi, «yaxşı işlərə can ataq» (Titusa 2:14).
*** it-1 səh. 1219 ***
Əşiya
Əşiya peyğəmbərlik edən dövrdə, xüsusilə də Əhəz padşahın vaxtında Yəhuda padşahlığı əxlaqi cəhətdən acınacaqlı vəziyyətdə idi. Həm başçılar, həm də bütün xalq üsyankar idi və Yehovanın gözündə onların ürəyi və başı azarlı idi. Yəhuda hökmdarları Səduma, xalq isə Əmurəyə bənzədilir (Əş 1:2—10). Əşiyaya qabaqcadan deyilmişdi ki, onların qulaqları eşitməyəcək. Yehova peyğəmbərlik etmişdi ki, vəziyyət dəyişməyəcək və nəticədə xalq məhv olacaq və nəhəng palıd ağacının kötüyü kimi yalnız «müqəddəs bir nəsil» qalacaq. Əşiyanın peyğəmbərlik etməsi sayəsində bu az sayda qalanlar təsəlli tapmış və imanda möhkəmlənmişlər. Digərləri isə peyğəmbərə qulaq asmaq istəməmişdi (Əş 6:1—13).
Əşiya əsas etibarilə Yəhuda barədə danışsa da, o İsrail və qonşu xalqlar barədə də peyğəmbərlik edirdi. Çünki onlar Yəhudadakı vəziyyətə və bu səltənətdəki hadisələrin hansı tərzdə cərəyan etməsinə təsir edirdilər. Əşiya uzun müddət peyğəmbər olmuşdu. O, təxminən bizim eradan əvvəl 778-ci ildə, Üziyyə ölən zaman, bəlkə də, bir müddət əvvəl peyğəmbərlik etməyə başlamışdı və xidməti Hizqiyyə padşahın hakimiyyətinin 14-cü ilindən (b. e. ə. 732) bir müddət sonraya kimi davam etmişdi (Əş 36:1, 2; 37:37, 38).
Əşiyanın ailəsi. Əşiya ailəli idi. Onun arvadı peyğəmbər adlanırdı (Əş 8:3). O, ehtimal ki, peyğəmbər arvadı olduğu üçün belə adlanmır. Hakimlərin dövründə yaşamış Dəburə və Yuşiyyənin dövründə yaşamış Hülda kimi, görünür, o da Allahdan peyğəmbərlik etmək səlahiyyəti almışdı (Hk 4:4; 2Pd 22:14).
Müqəddəs Kitabda Əşiyanın iki oğlu haqda danışılır. Onlar Yehovanın İsrailə verdiyi nişanə və möcüzələr adlanır (Əş 8:18). Əhəz padşahın dövründə Şaaryaşub Allahın xəbərini padşaha çatdıran atasını müşayiət etmək üçün kifayət qədər yetkin yaşda idi. Şaaryaşub adının mənası «yalnız sağ qalanlar dönəcək» deməkdir. Bu adın peyğəmbərlik mənası belədir: Əşiyanın oğlu doğulanda bu adı alması danılmaz fakt olduğu kimi, vaxt keçdikcə Yəhuda padşahlığının dağılacağı və əsirlikdən az sayda insanın qayıdacağı da qətidir (Əş 7:3; 10:20—23). Həqiqətən də, eramızdan əvvəl 537-ci ildə Fars padşahı Kuruş fərman çıxarıb 70 il Babil əsarətində olan yəhudiləri azad etdi və sağ qalan az sayda insan vətəninə qayıtdı (2Sm 36:22, 23; Üz 1:1; 2:1, 2).
Əşiyanın o biri oğluna ad doğulmazdan öncə verilmişdi. Onun adı lövhəyə yazılmışdı və bunu sadiq şahidlər təsdiqləmişdi. Şübhəsiz, bu ad uşaq doğulana qədər gizli saxlanılmışdı. O doğulandan sonra şahidlər irəli çıxıb təsdiq edəcəkdilər ki, onun dünyaya gələcəyini peyğəmbər qabaqcadan demişdi, beləcə, sübut olunacaqdır ki, bu hadisə peyğəmbərlik mənası daşıyır. Allahın buyruğu ilə uşağın adını Mahir-Şəlal-Həş-Baz qoydular. Bu adın mənası «qənimət götürməyə tələsir, qarət etmək üçün qaçır» deməkdir. Qabaqcadan deyilmişdi ki, uşaq hələ «ata», «ana» kəlməsini deməmiş Suriyanın onqəbiləli İsrail padşahlığı ilə bağladığı saziş ucbatından Yəhudanı gözləyən təhlükə aradan qalxacaq (Əş 8:1—4).
Peyğəmbərliyə əsasən, tezliklə Yəhudanı qurtuluş gözləyirdi. Aram padşahı Rəsin və İsrail padşahı Fəqa Yəhudayla müharibə edəndə Aşşur müdaxilə etdi və beləcə, Yəhuda qurtuldu. Aşşurlular Dəməşqi işğal etdilər və sonralar, b. e. ə. 740-cı ildə İsrail padşahlığını məğlub edib qarət etdilər. Beləcə, uşağın adındakı peyğəmbərliyi yerinə yetirdilər (2Pd 16:5—9; 17:1—6). Amma Yəhuda padşahı Əhəz Yehovaya güvənmədi, o, aramilərlə israillilərin təhlükəsinin qarşısını özü almaq istədi: Aşşur padşahının müdafiəsini qazanmaq üçün onu satın aldı. Buna görə də Yehova yol verdi ki, digər vahiməli təhlükə Yəhudanın üzərinə gəlsin. Bu təhlükə Əşiyanın peyğəmbərlik etdiyi kimi aşşurlular idi. Onlar sel kimi ölkəyə basqın etdilər və Yerusəlimə qədər gedib çıxdılar (Əş 7:17—20).
Əşiya tez-tez Yehovanın verəcəyi nişanlardan danışırdı. Bu nişanlardan biri onun iki oğlu idi. Bir dəfə Əşiyanın özü də nişan olmuşdu. Yehova ona buyurmuşdu ki, üç il çılpaq və ayaqyalın gəzsin. Bu nişan Misir və Həbəşə bildirirdi ki, Aşşur onları əsir aparacaq (Əş 20:1—6; müqayisə edin: Əş 7:11, 14; 19:20; 37:30; 38:7, 22; 55:13; 66:19).
Əsarət və bərpa barədə peyğəmbərlik. Möhtəşəm peyğəmbərliklərdən biri o idi ki, Yəhuda padşahlarını Aşşur yox, Babil taxtdan salacaq və Yerusəlimi məhv edəcək (Əş 39:6, 7). Aşşurluların sel kimi hücumu Yəhudanı basıb boğaza qalxanda Əşiya Hizqiyyə padşaha xoş xəbər söylədi, dedi ki, Aşşur ordusu şəhərə girməyəcək (Əş 8:7, 8). Yehova mələyini göndərib 185 000 güclü döyüşçünü və Aşşur ordusunun başçılarını məhv etdi. Beləcə, Yerusəlimi bu yolla müdafiə etdi (2Sm 32:21).
Şübhəsiz, Əşiyaya ən çox sevinc bəxş edən şey o idi ki, Yehova ona sevimli şəhəri Yerusəlimin bərpası barədə peyğəmbərliklər söyləməyi və qələmə almağı həvalə etmişdi. Yehova Ona qarşı çıxdıqları üçün xalqının Babilə sürgün olunmasına yol versə də, Onun xalqı ilə vəhşicəsinə davrandığı və onları məcburən həmişəlik əsarətdə saxlamaq istədiyi üçün Babili mühakimə edəcək. Əşiyanın yazdığı bir sıra peyğəmbərlik Babil üzərində icra olunacaq hökm və onun gələcəyi haqdadır: şəhər xarabazara dönəcək və bir daha bərpa edilməyəcək (Əş 45:1, 2; fəs. 13, 14, 46—48).
*** ip-1-E s. 111, 112, abz. 23, 24 ***
Çətin məqamlarda Allaha bel bağla
Dəqiqliklə qələmə alınan əlamətlər
23 Əşiya peyğəmbər yaranmış vəziyyət haqda yenə söz açır. Yerusəlim arami və İsrail əsgərlərinin mühasirəsində olduğu müddətdə Əşiya deyir: «Yehova mənə dedi: “Böyük lövhə götür və üzərində adi qələmlə Mahir-Şəlal-Həş-Baz yaz. Qoy sadiq şahidlər, kahin Uryay ilə Yəbrəkiyyə oğlu Zəkəriyyə bunu Mənim üçün yazılı surətdə təsdiq etsin”» (Əşiya 8:1, 2). Mahir-Şəlal-Həş-Baz adının mənası «qənimət götürməyə tələsir, qarət etməkçün qaçır» deməkdir. Əşiya cəmiyyətdə sayılıb-seçilən iki hörmətli insanı şahid tutur, onların qarşısında bu adı böyük lövhəyə yazır ki, sonra onlar sənədin saxta olmadığını təsdiq edə bilsinlər. Bu əlamət hələ ikinci əlamətlə də təsdiq olunacaq.
24 Peyğəmbər deyir: «Sonra mən peyğəmbər arvadımla yaxınlıq etdim və o hamilə qalıb bir oğlan doğdu. Onda Yehova mənə dedi: “Onun adını Mahir-Şəlal-Həş-Baz qoy. Çünki uşaq hələ ata-ana kəlməsini deməmiş, Dəməşqin sərvəti, Səməriyyənin qəniməti Aşşur padşahının hüzuruna aparılacaq”» (Əşiya 8:3, 4). Böyük lövhə və dünyaya göz açan körpə aşşurluların tezliklə Yəhudaya zülm edən aramiləri və israilliləri darmadağın edəcəyinin əlaməti olacaq. Bu nə dərəcədə tez olacaq? Uşaq hələ «ata», «ana» kəlməsini, adətən, uşaqların ilk dediyi sözləri deməmiş baş verəcək. Bu cür dəqiq peyğəmbərlik xalqın Allaha etibarını möhkəmləndirməli idi. Amma bu sözlərə görə Əşiyaya və onun oğullarına gülənlər, onları lağa qoyanlar da olacaqdı. Hər necə olursa olsun, bir şey dəqiqdir ki, Əşiyanın sözləri yerinə yetdi (2 Padşahlar 17:1—6).
*** ip-1-E s. 160, 161, abz. 9—11 ***
Məsihin hakimiyyəti altında qurtuluş və sevinc sədaları
Ədalətli və mərhəmətli hakim
9 Əşiya peyğəmbər Məsihin digər gözəl xüsusiyyətlərini də peyğəmbərlik edir: «Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək» (Əşiya 11:3b). Təsəvvür edin siz məhkəmə qarşısında durmusunuz, məgər istəməzdiniz, sizin işinizə belə bir hakim baxsın? Məsih cümlə-bəşər üzərində hakim təyin olunub. Saxta dəlillər gətirməklə, məhkəmə zalında fənd işlətməklə, şayiələr danışmaqla və ya pulla onun çıxardığı hökmə təsir etmək mümkün deyil. O, yalanı dərhal sezir, insanın kənardan necə göründüyünə yox, iç üzünə, daxili varlığına fikir verir (1 Butrus 3:4). İsa Məsih yığıncaqdakı məsələlərə baxan qardaşlar üçün gözəl nümunədir (1 Korinflilərə 6:1—4).
10 Bəs Məsihin gözəl xüsusiyyətləri onun çıxaracağı hökmlərə necə təsir edəcək? Əşiya peyğəmbər izah edir: «O, fağır-füqəra üçün insafla hökm çıxaracaq. Dünyadakı həlimlərin xatirinə ədalətlə tənbeh edəcək. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Şər adamı ağzından çıxan nəfəslə öldürəcək. O, belini salehliklə qurşayacaq, sədaqət onun kəməri olacaq» (Əşiya 11:4, 5).
11 Davamçılarına düzəliş vermək lazım gələndə İsa Məsih bunu elə edir ki, onlara fayda gətirsin. Bu sahədə də İsa Məsih yığıncaqdakı ağsaqqallara gözəl örnək qoyur. Amma əgər kimsə pislik etməyə vərdiş edibsə, onu qarşıda ağır hökm gözləyir. Allah bu dünyanı mühakimə edəndə Məsih zəhmli səsi ilə dünyanı hökmə çağıracaq, pis insanları məhvə düçar edəcək (Zəbur 2:9; müqayisə edin: Vəhy 19:15). Bundan sonra yer üzündə insanlar arasında sülhü pozan olmayacaq (Zəbur 36:10, 11). Belini salehliklə qurşayan, sədaqət kəmərini taxan İsa Məsih bütün bunları etməyə qabildir (Zəbur 45:3—7).
*** w13-E 1/ 6 s. 7 ***
Qərəzli münasibətlərə nə zaman son qoyulacaq?
ALLAHIN PADŞAHLIĞI QƏRƏZLİ MÜNASİBƏTLƏRƏ SON QOYACAQ
Düzdür, ilahi elm hisslərimizi və emosiyalarımızı cilovlamağa və onları üstələməyə kömək edir. Bununla belə, qərəzli münasibətə birdəfəlik son qoymaq üçün həll olunası iki məqam var. Birincisi, bu, günah və qeyri-kamillikdir. Allahın Kəlamında açıq-aydın deyilir: «Elə adam yoxdur ki, günah etməsin» (1 Padşahlar 8:46). Buna görə də dəridən-qabıqdan çıxsaq da, istər-istəməz daxilimizdə mübarizə gedir. Həvari Bulus bu barədə yazmışdı: «Düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur» (Romalılara 7:21). Bundan görünür ki, bəzən günahlı ürəyimizdə qərəzli münasibətə gətirib çıxaran pis fikirlər yaranacaq (Mark 7:21).
İkincisi, qərəzli münasibətlərin yaranmasında Şeytan İblisin əli var. Müqəddəs Kitabda o, qatil adlanır və həmçinin deyilir ki, bu varlıq bütün dünyanı aldadır (Yəhya 8:44; Vəhy 12:9). Bu səbəbdən qərəzli münasibət bu qədər yayılıb və bəşəriyyət fanatizm, diskriminasiya, soyqırım, irqçilik, dini və sosial dözümsüzlüyün qarşısında acizdir.
Deməli, qərəzli fikirlərə həmişəlik son qoymaq üçün ilk öncə günah və qeyri-kamillikdən, eləcə də Şeytan İblisin təsirindən azad olmaq lazımdır. Müqəddəs Kitabda yazılanlara əsasən, bunu Allahın Padşahlığı edəcək.
İsa Məsih öz davamçılarına növbəti sözlərlə Allaha dua etməyi öyrətmişdi: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mətta 6:10). Allahın Padşahlığı sayəsində dünyadakı bütün ədalətsizliyə, o cümlədən hər cür dözümsüzlük və qərəzli münasibətə son qoyulacaq.
Allahın Padşahlığı gələndə və yer üzündə baş verənləri nəzarəti altına alanda Şeytan buxovlanacaq ki, bir daha xalqları azdırmasın (Vəhy 20:2, 3). Onda «yeni yer», yəni yeni insan cəmiyyəti olacaq və «orada salehlik məskunlaşacaq» (2 Butrus 3:13).
Saleh insan cəmiyyətinə aid olacaq kəslər kamilləşəcək və günahın pəncəsindən azad olacaq (Romalılara 8:21). Allahın Padşahlığının təbəələrindən heç bir xətər gəlməyəcək və onlar heç nəyi tələf etməyəcəklər. Çünki dünya başdan-başa Yehova barədə biliklə dolacaq (Əşiya 11:9). O zaman cümlə-cahan Yehovanın qanunlarını öyrənəcək və Onun gözəl xüsusiyyətlərini təzahür etdirəcək. Onda bütün qərəzli münasibətlərə də son qoyulacaq, çünki «Allah ayrı-seçkiliyi sevmir» (Romalılara 2:11).
*** w06 1/12 s. 30 abz. 4 ***
«Yeşaya» kitabından diqqətəlayiq fikirlər — I hissə
11:1, 10 — Hansı mənada İsa Məsih həm «Yəssənin kötüyündən qalxan fidan», həm də «Yəssənin kökü»dür? (Romalılara 15:12). İsa Məsih Yəssənin oğlu Davudun nəslindən doğulduğu üçün «Yəssənin kötüyündən qalxan fidan» adlanır (Matta 1:1-6; Luka 3:23—32). Amma yeni təyin edilmiş padşah kimi onun əcdadları ilə münasibətdə mövqeyi dəyişir. İsaya itaətkar bəşəriyyətə yer üzündə əbədi həyatı bəxş etmək üçün səlahiyyət və güc verildiyindən o, hamının «Əbədiyyət atası» olacaq (Yeşaya 9:6). Beləliklə, İsa, Yəssə də daxil olmaqla, bütün əcdadlarının «köküdür».
*** ip-1-E s. 238, abz. 16, 17 ***
Sədaqətsizliyin aqibəti
Xudbin saray məmuru
16 İndi isə peyğəmbər diqqətini Allahdan dönən xalqdan konkret bir insana yönəldir. O yazır: «Külli-İxtiyar, ordular Allahı Yehova deyir: “Dur, eşikağası Səbnanın yanına gedib ona de ki, “Sənin burada nə işin var? Sən nə ixtiyarla burada özünə sərdabə oyursan?” O özü üçün yüksək yerdə sərdabə düzəldir, qayada məskən oyur”» (Əşiya 22:15, 16).
17 Ehtimal ki, Səbna Hizqiyyə padşahın sarayının eşikağası idi. Sarayda padşahdan sonra ikinci adam olduğu üçün onun böyük səlahiyyəti var idi. Ondan çox şey gözlənilirdi (1 Korinflilərə 4:2). Səbna ilk öncə üzərinə düşən işi icra etməli idi, amma o, özünə şöhrət axtarırdı. Səbna qayanın başında özünə padşahlara layiq sərdabə oyur. Bu, Yehova Allahın gözündən yayınır və O, Əşiya peyğəmbəri sədaqətsiz məmurun yanına göndərir ki, onu xəbərdar edib desin: «Ay kişi, bax Yehova səni şiddətlə aşağı tullayacaq. Səni tutacaq, bərk-bərk büküb top kimi gen bir diyara atacaq. Orada öləcəksən, öyündüyün arabalar orada qalıb ağanın evi üçün biabırçılıq olacaq. Səni vəzifəndən atacağam, mövqeyindən salacağam» (Əşiya 22:17—19). Öz xudbinliyinə görə Səbna heç Yerusəlimdə adi qəbirdə də dəfn olunmayacaq. O, top kimi başqa bir diyara atılacaq, uzaq diyarda öləcək. Bu, məsul qardaşlar üçün böyük bir xəbərdarlıqdır. Üzərinə düşən məsuliyyəti yerinə yetirməyən şəxs vəzifəsindən azad ola və ya qovula bilər.
*** ip-1-E s. 238, 239, abz. 17, 18 ***
Sədaqətsizliyin aqibəti
17 Ehtimal ki, Səbna Hizqiyyə padşahın sarayının eşikağası idi. Sarayda padşahdan sonra ikinci adam olduğu üçün onun böyük səlahiyyəti var idi. Ondan çox şey gözlənilirdi (1 Korinflilərə 4:2). Səbna ilk öncə üzərinə düşən işi icra etməli idi, amma o, özünə şöhrət axtarırdı. Səbna qayanın başında özünə padşahlara layiq sərdabə oyur. Bu, Yehova Allahın gözündən yayınır və O, Əşiya peyğəmbəri sədaqətsiz məmurun yanına göndərir ki, peyğəmbər onu xəbərdar edib desin: «Ay kişi, bax Yehova səni şiddətlə aşağı tullayacaq. Səni tutacaq, bərk-bərk büküb top kimi gen bir diyara atacaq. Orada öləcəksən, öyündüyün arabalar orada qalıb ağanın evi üçün biabırçılıq olacaq. Səni vəzifəndən atacağam, mövqeyindən salacağam» (Əşiya 22:17—19). Öz xudbinliyinə görə Səbna heç Yerusəlimdə adi qəbirdə də dəfn olunmayacaq. O, top kimi başqa bir diyara atılacaq, uzaq diyarda öləcək. Bu, məsul qardaşlar üçün böyük bir xəbərdarlıqdır. Üzərinə düşən məsuliyyəti yerinə yetirməyən şəxs vəzifəsindən azad ola və ya qovula bilər.
18 Bəs Səbna vəzifəsindən necə azad ediləcək? Yehova Əşiya peyğəmbər vasitəsilə bunu belə izah edir: «O gün qulum Xilqiyyə oğlu Əlyakimi çağıracağam, sənin libasını ona geyindirəcəyəm, kəmərini onun belinə bağlayacağam, sənin səlahiyyətini ona verəcəyəm. O, Yerusəlim əhlinə, Yəhuda evinə ata olacaq. Davud evinin açarını onun çiyninə taxacağam. Onun açdığını bağlayan, bağladığını açan olmayacaq» (Əşiya 22:20—22). Səbnanın yerinə Əlyakim qoyulacaq. Əlyakimə saray məmurunun libası və Davud evinin açarı veriləcək. Müqəddəs Kitaba görə, «açar» səlahiyyəti, hakimiyyəti və ya ixtiyarı təmsil edir. (Müqayisə edin: Mətta 16:19.) Qədimdə padşah məsləhətçisinə açarlar həvalə olunanda ona həmçinin bəzən saraydakı işlərə nəzarət etmək, hətta padşah üçün nökərlər seçmək ixtiyarı verilirdi. (Müqayisə edin: Vəhy 3:7, 8.). Deməli, eşikağası vəzifəsi çox yüksək vəzifə idi. Aydındır ki, belə insandan çox şey gözlənilir (Luka 12:48). Çox güman ki, Səbna bacarıqlı saray məmuru idi, ancaq sədaqətsiz olduğu üçün Yehova onu başqası ilə əvəz edəcəkdi.
*** ip-1-E s. 240, 241, abz. 19, 20 ***
Sədaqətsizliyin aqibəti
İki simvolik mıx
19 Sonda Yehova məcazi ifadələr istifadə edərək Səbnanın səlahiyyətinin Əlyakimə necə keçəcəyini təsvir edir: «“Mən onu [Əlyakimi] mıx kimi bərk yerə çalacağam. O, atası evi üçün şöhrət taxtı olacaq. Atası evinin bütün şan-şövkəti, nəsli və övladları — balaca qablar, kasalar və böyük küplər — hamısı ondan asılacaq”. Ordular Allahı Yehova bəyan edir: “O gün bərk yerə çalınmış mıx [Səbna] kənar ediləcək, kəsilib düşəcək və ondan asılmış hər şey düşüb sınacaq. Bunu Yehovanın Özü deyir”» (Əşiya 22:23—25).
20 Bu ayələrdə birinci «mıx» Əlyakimdir. O, atası Xilqiyyə evi üçün şöhrət taxtı olacaq. Səbnadan fərqli olaraq, o, atasının evini və adını biabır etməyəcək. Onun üzərində qab-qacaq «asılacaq», yəni o, padşahın hüzurunda xidmət edən adamlara dayaq olacaq (2 Timutiyə 2:20, 21). İkinci «mıx» isə Səbnadır. O, nə qədər sədaqətli görünsə də, kənar ediləcək. Ona güvənən hər kəs yıxılacaq.
*** ip-1-E s. 253, 254, abz. 22—24 ***
Yehova Surun qürurunu sındırır
22 Əşiya peyğəmbər sözünə davam edir: «Yetmiş ilin sonunda Sur fahişə haqqındakı mahnıda deyildiyi kimi olacaq: “Ey unudulmuş fahişə, əlinə çəng götür, şəhəri dolan. Məharətlə çal, çoxlu havalar çal, qoy səni yada salsınlar”. Yetmiş ilin sonunda Yehova Sura nəzər salacaq, Sur köhnə peşəsinə qayıdacaq, dünyanın bütün səltənətləri ilə fahişəlik edəcək» (Əşiya 23:15b—17).
23 Eramızdan əvvəl 539-cu ildə Babil padşahlığı dağılandan sonra Finikiya Mada-Fars imperiyasının satraplığına çevrilir. Fars şahı Böyük Kuruş tolerant hökmdardır. Bu yeni şahın hakimiyyəti altında Sur əvvəlki məşğuliyyətinə qayıdacaq və əlindən gələni edəcək ki, yenidən bütün dünyanın ticarət mərkəzinə çevrilsin. O, unudulmuş fahişətək çəng çalıb mahnı oxuya-oxuya şəhəri gəzəcək ki, özünə yeni müştərilər tapsın. Bəs Sur uğur qazanacaq? Bəli. Yehova onun işinin avand getməsinə izin verəcək. Vaxt keçəndən sonra ada-şəhər o qədər varlanacaq ki, eramızdan əvvəl VI əsrin sonunda Zəkəriyyə peyğəmbər onun haqda belə deyəcək: «Sur özünə istehkam tikdi, torpaq qədər gümüş, küçənin palçığı qədər qızıl topladı» (Zəkəriyyə 9:3).
«Onun gəliri, qazancı Yehovaya həsr olunacaq»
24 Peyğəmbərin növbəti sözləri çox möhtəşəmdir! «Onun gəliri, qazancı Yehovaya həsr olunacaq. Onları yığa bilməyəcək, kənara qoya bilməyəcək, çünki qazancı Yehovanın hüzurunda yaşayanlara çatacaq. Onlar doyunca yeyəcək və gözəl-gözəl libaslar geyəcək» (Əşiya 23:18). Hansı mənada Surun gəliri, qazancı Yehovaya həsr olunacaq? Yehova hadisələri elə cərəyan etdirir ki, bu gəlir Onun niyyətinə xidmət etsin: xalqının qarnı tox və geyinməyə pal-paltarı olsun. Bu dövr israillilərin Babil əsarətindən çıxdığı vaxta təsadüf edir. Sur əhalisi israilliləri sidr tirlərilə təchiz edir ki, onlar məbədi təzədən tiksinlər. Həmçinin surlular Yerusəlimlə ticarəti bərpa edirlər (Üzeyir 3:7; Nəhəmya 13:16).