«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
2—8 yanvar
*** ip-1-E fəs. 21 s. 272, abz. 5 ***
Yehovanın əli yuxarı qalxıb
5 Düşmənlər Yehovadan qorxur, Ona ibadət etmək istəyən həlim və təvazökar insanlar isə Onda pənah tapır. Dini və siyasi zülmkarlar mömin insanların imanını sarsıtmağa çalışsalar da, cəhdləri boşa çıxır, çünki Yehovaya xidmət edənlər tamamilə Ona arxalanırlar. Yehova düşmənlərini həmişə asanlıqla susdurur. O sanki səhrada qızmar günəşi buludla örtür, leysanın qarşısını almaq üçün divar çıxarır. Yehova düşmənlərini həmişə asanlıqla susdurur. (Əşiya 25:4, 5 ayələrini oxuyun.)
*** ip-1-E s. 273, abz. 6, 7 ***
Yehovanın əli qalxıb
6 Mehriban ata kimi, Yehova övladlarını qorumaqla yanaşı, onları bəsləyir, xüsusilə də ruhani cəhətdən. 1919-cu ildə xalqını azadlığa çıxarandan sonra onlar üçün zəfər ziyafəti açdı, onlara bol-bol ruhani nemətlər bəxş etdi: «Ordular Allahı Yehova bu dağda bütün xalqlar üçün yağlı xörəklərdən, əla şərabdan ziyafət quracaq. Bəli, orada iliklə dolu yağlı xörəklər, süzgəcdən keçmiş, əla şərab olacaq» (Əşiya 25:6).
7 Ziyafət Yehovanın dağında qurulub. Bu dağ hansı dağdır? Bu dağ Yehovanın evinin durduğu dağdır və bütün xalqlar ona sarı axışır. Müqəddəs dağda Yehovaya sədaqətlə xidmət edənlər heç kimə xətər yetirmir, heç nəyi tələf etmir (Əşiya 2:2; 11:9). Yüksəkdə yerləşən ibadət yerində Yehova sadiq bəndələri üçün böyük ziyafət qurur. Yehovanın bu gün verdiyi bol-bol ruhani nemətlər bəşəriyyət üzərində hökm sürəcək yeganə hökumətin, Allahın Padşahlığının dövründə olacaq fiziki nemətləri təmsil edir. O vaxt ac insan olmayacaq. «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:8, 16).
*** ip-1-E s. 273, 274, abz. 8, 9 ***
Yehovanın əli qalxıb
8 Allahın qurduğu ziyafətdə olanları gözəl gələcək gözləyir. Gəlin Əşiyanın növbəti sözlərinə baxaq. Günahı və ölümü pərdəyə, örtüyə bənzədərək deyir: «Bu dağda O, bütün ümmətləri örtən pərdəni, bütün xalqların üzərinə sərilmiş örtüyü yox edəcək. Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək» (Əşiya 25:7, 8a).
9 Bəli, artıq günah və ölüm olmayacaq! (Vəhy 21:3, 4). Bundan əlavə, minilliklərdir Allahın xalqının məruz qaldığı yalan ittihamlara son qoyulacaq. «Xalqının rüsvayçılığını bütün dünyadan götürəcək. Yehova Özü bunu deyib» (Əşiya 25:8b). O, bunu necə edəcək? Yehova rüsvayçılığın mənbəyini, Şeytanı və onun nəslini aradan götürəcək (Vəhy 20:1—3). Buna görə də yerində olaraq Allahın xalqı bəyan edəcək: «Bax, budur bizim Allahımız! Ona ümid bağladıq, O, bizi xilas edəcək. Budur Yehova! Biz ona ümid bağladıq. Gəlin Onun verdiyi qurtuluşa sevinib-şadlanaq» (Əşiya 25:9).
9—15 YANVAR
*** ip-1-E s. 332, abz. 7, 8 ***
Padşah və onun rəhbərləri
7 İsa Məsih «dövrün yekunu» barədə peyğəmbərlik edəndə belə demişdi: «Təşvişə düşməyin» (Mətta 24:3—8). Necə olur ki, dünyada baş verən hadisələr Məsihin davamçılarını təşvişə salmır? Səbəblərdən biri odur ki, məsh olunmuşlardan və «başqa qoyunlardan» seçilən «rəhbərlər» yığıncaq üzvlərini müdafiə edir (Yəhya 10:16). Onlar mətinliklə iman bacı-qardaşlarının qayğısına qalır. Onları bu işdən nə etnik müharibələr, nə də soyqırım kimi dəhşətli faciələr ayırır. Ruhani cəhətdən yoxsul bir dünyada yaşadığımız üçün bu rəhbərlər çalışır ki, Müqəddəs Kitabdakı ilahi biliklər pərişan insanlara təravət gətirsin.
8 Son əlli il ərzində «rəhbərlər»in kim olduğu açıq-aydın bəlli olub. «Başqa qoyunlardan» təyin olunan rəhbərlər formalaşan «rəhbər» sinfi kimi təlim alır. Belə ki, böyük müsibətdən sonra aralarından seçilən münasib kəslər «yeni yer»də alacaqları təyinatlarında xidmət etməyə hazır olsunlar (Hizqiyal 44:2, 3; 2 Butrus 3:13). Padşahlıq işində rəhbərliyi öz üzərlərinə götürməklə, habelə yığıncaq üzvlərinə təlim və təravət verməklə, onlar «nəhəng qaya kölgəsi kimi» yığıncaq üzvlərinə Allaha ibadətdə yardım edir.
*** ip-1-E s. 334, 335, abz. 10, 11 ***
Padşah və onun rəhbərləri
10 Böyük izdiham Yehovanın təşkil etdiyi teokratik quruluşa necə yanaşır? Peyğəmbərlikdə deyilir: «O zaman görən gözlər daha bağlanmayacaq, eşidən qulaqlar dinləyəcək» (Əşiya 32:3). Artıq uzun illərdir ki, Yehova bəndələrinə təlim verərək onları yetkin insan kimi formalaşdırır. Bütün dünyada Yehovanın Şahidlərinin ibadət görüşlərində keçirilən Teokratik Xidmət Məktəbi və yığıncağın digər bəndləri; vilayət, beynəlxalq və yerli toplantılar, üstəlik, yığıncağın qayğısına qalmaları üçün «rəhbərlərə» verilən xüsusi təlimlər milyonlarla insanı ümumdünya qardaşlıq telləri ilə bağlayır. Dünyanın dörd guşəsində yaşayan bu rəhbərlər ilahi elmdə yaranan yeni-yeni açıqlamaları qaçırmamaq üçün gözdə-qulaqdadırlar. Vicdanları Müqəddəs Kitabın qanunları ilə tərbiyələndiyinə görə onlar həmişə dinləməyə və tabe olmağa hazırdılar (Zəbur 25:10).
11 Peyğəmbərlikdə növbəti xəbərdarlıq yer alır: «Çılğın qəlblər biliyə meyil salacaq, pəltək dillər apaydın danışacaq» (Əşiya 32:4). Gəlin nəyin düz, nəyin səhv olduğunu qərar verməyə heç vaxt tələsməyək. Allahın Kəlamında deyilir: «Tez-tələsik söz deyən adam görmüsən? Axmağın gələcəyinə daha çox ümid var, nəinki onun» (Məsəllər 29:20; Vaiz 5:2). 1919-cu ilə qədər hətta Yehovanın xalqı Babil ideologiyası ilə ləkələnmişdi. Ancaq həmin ildən bəri Yehova Öz niyyətini onlara getdikcə daha da açıqlayır. Onlar bir şeyi anladılar: Yehova həqiqətləri tez-tələsik açmır, O, bunu düşünülmüş şəkildə edir. Belə ki, Allahın xalqı da öz etiqadlarını tam əminliklə, qətiyyətlə bəyan edir.
16—22 YANVAR
*** ip-1-E s. 386—388, abz. 7—14 ***
Padşahın imanı mükafatsız qalmır
7 Sinaxerib rəbsaqı (bu, ad deyil, hərbi vəzifədir) və digər iki məmuru Yerusəlimə göndərir ki, onlar şəhər əhalisinin təslim olmasını tələb etsinlər (2 Padşahlar 18:17). Onların qabağına Hizqiyyənin üç nümayəndəsi — eşikağası Əlyakim, katib Səbna və salnaməçi Asəf oğlu Yuah çıxır (Əşiya 36:2, 3).
8 Rəbsaqın məqsədi bəllidir: o istəyir ki, Yerusəlim əhli döyüşsüz təslim olsun. Əvvəlcə o, ibrani dilində ucadan çığırır: «Sən nəyə arxalanırsan?... Kimə güvənirsən ki, mənə qarşı çıxmağa hünər etmisən?» (Əşiya 36:4, 5). Sonra isə qorxu içində olan yəhudilərə rişxəndlə xatırladır ki, onlar tək qalıblar. İndi onlar kimdən kömək istəsinlər? Sınıq qamış olan Misirdən? (Əşiya 36:6). Doğrudan da, Misir sınıq qamışa bənzəyir. O böyük imperiyadan əsər-əlamət qalmayıb. O, artıq neçə müddətdir ki, Həbəşin işğalı altındadır, Misirdə fironluq edən Tirhaqan padşah isə misirli yox, həbəşlidir. O da tezliklə aşşurlular tərəfindən məğlubiyyətə uğrayacaq (2 Padşahlar 19:8, 9). Misir öz başına çarə qıla bilmədiyi halda, Yəhudaya necə əl tutsun?
9 Sonra Rəbsaq iddia edir ki, Yehova xalqı üçün döyüşən deyil, çünki onlardan narazıdır. Rəbsaq belə sözlər deyir: «Bəlkə deyəcəksiniz: “Allahımız Yehovaya güvənirik”? Məgər bu, həmin o Allah deyil ki, Hizqiyyə Onun səcdəgahlarını, qurbangahlarını dağıdıb?» (Əşiya 36:7). Əlbəttə ki, o yanılırdı. Çünki şəhərdə olan səcdəgahları və qurbangahları dağıtmaqla israillilər, əksinə, Yehovaya sarı döndüklərini göstərmişdilər.
10 Bunun ardınca rəbsaq yəhudilərə bildirir ki, onların hərbi qüvvələri aşşurlularınkından qat-qat zəifdir. O, şəhər əhlinə meydan oxuyub deyir: «Əgər sən iki min süvari tapsan, sənə o qədər at verərəm» (Əşiya 36:8). Məgər Yəhudanın təlim almış süvarilərinin nə qədər olması əhəmiyyətlidir? Xeyr! Yəhudanın qalibiyyəti hərbi qüvvədən asılı deyil. Məsəllər 21:31 ayəsində bu, belə izah olunur: «Atı döyüş günü üçün hazırlayarlar, xilas isə Yehovadan gələr». Rəbsaqın sözlərinə görə, Yehova yəhudilərə yox, aşşurlulara kömək edir. Sözünün kəsərini artırmaq üçün o iddia edir ki, Yehovanın izni olmadan aşşurlular Yəhuda ərazisinə bu qədər girə bilməzdilər (Əşiya 36:9, 10).
11 Hizqiyyənin nümayəndələri nigarançılıq çəkirlər. Çünki bu iddialar şəhər divarlarının başında duran adamların gözünü qorxuda bilər. Buna görə də onlardan xahiş edib deyirlər: «Qullarınla arami dilində danış, biz başa düşürük. Yəhudilərin dilində danışma, divarın üstündəki xalq eşidir» (Əşiya 36:8). Arami dilində danışmaq rəbsaqın ağlının ucundan belə keçmir. O, yəhudilərin ürəyinə qorxu salmaq, şübhə toxumu səpmək istəyir ki, camaat təslim olsun və Yerusəlimi döyüşsüz ələ keçirsinlər(Əşiya 36:12). Buna görə də bu aşşurlu «yəhudilərin dilində» belə deyir: «Qoy Hizqiyyə sizi aldatmasın. O, sizi qurtara bilməyəcək!» Sonra isə onu dinləyən yəhudiləri şirnikləndirmək üçün Aşşur hökuməti altında güzəranlarının necə gözəl olacağnı deyir: «Mənimlə sülh bağlayın, mənə təslim olun. Onda hər biriniz öz meynəsinin, öz əncir ağacının meyvəsini yeyəcək, öz hovuzunun suyunu içəcək. Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə, taxıl, təzə şərab, çörək, üzümlüklər olan diyara aparacağam» (Əşiya 36:13—17).
12 Bu il yəhudilər biçin vaxtı heç nə yığa biləməyəcəklər, çünki aşşurluların əlindən aman olmadığı üçün onlar heç nə əkməmişdilər. Ona görə də rəbsaqın sözlərini eşidənlər üçün ləzzətli üzüm yeyib soyuq su içmək təklifi şirnikləndirici gələ bilərdi. Rəbsaqın xalqı sarsıtmaq üçün göstərdiyi cəhdlər bununla bitmir.
13 Rəbsaqın fəndləri çoxdur. İndi o növbəti fəndinə əl atır. O, camaatı səsləyir ki, Hizqiyyə «Yehova bizi mütləq xilas edəcək» sözlərini desə, buna inanmasınlar. Rəbsaq Səməriyyə tanrılarının onqəbiləli padşahlığı aşşurluların əlindən qurtara bilmədiyini onların yadına salır. Bəs Aşşurluların məğlub etdiyi digər ölkələrin allahları? Rəbsaq xalqdan soruşur: «Hanı Həməsin, Arpadın allahları? Hanı Səfarvaimin allahları? Onlar Səməriyyəni mənim əlimdən qurtara bildilər?» (Əşiya 36:18—20).
14 Əlbəttə, rəbsaq başa düşmür ki, dönük Səməriyyə ilə Hizqiyyə padşahın hakimiyyəti altında olan Yerusəlim arasında yerlə göy qədər fərq var. Səməriyyənin saxta allahlarının onqəbiləli padşahlığı müdafiə etməyə gücü çatmazdı (2 Padşahlar 17:7, 17, 18). Yerusəlim əhli isə Hizqiyyə padşahın rəhbərliyi altında saxta allahlardan üz döndərib yenidən Yehova Allaha xidmət etməyə başlamışdı. Lakin Hizqiyyənin nümayəndələri bunu rəbsaqa izah etmək niyyətində deyil! Müqəddəs Kitabda yazılıb ki, onlar «dinməz-söyləməz dayanıb ona bir kəlmə də cavab vermədi. Çünki padşahdan əmr gəlmişdi ki, heç kim ona cavab verməsin» (Əşiya 36:21). Əlyakim, Səbna və Yuah Hizqiyyənin yanına gedib rəbsaqın bütün sözlərini ona çatdırırlar (Əşiya 36:22).
*** ip-1-E s. 389—391, abz. 15—17 ***
Padşahın imanı mükafatsız qalmır
15 Hizqiyyə padşah qərar verməlidir: Yerusəlim aşşurlulara təslim olacaq? Misirlə qüvvələrini birləşdirəcək? Yoxsa mətin qalıb döyüşəcək? Bəli, Hizqiyyənin çiynində ağır bir yük var. O, dua etmək üçün məbədə gedir, Əlyakimlə Səbnanı isə baş kahinlərlə birgə Yehovadan rəhbərlik istəmək üçün Əşiya peyğəmbərin yanına yollayır (Əşiya 37:1, 2). Çula bürünmüş padşahın bu nümayəndələri peyğəmbərin yanına gəlib deyir: «Bu gün dərd, tənə, rüsvayçılıq günüdür... Bəlkə, Allahın Yehova Aşşur padşahının var olan Allaha meydan oxumağa göndərdiyi rəbsaqın sözlərini eşidər. Dediyi sözlərə görə Allahın Yehova onunla haqq-hesab çəkər» (Əşiya 37:3—5). Elədir ki var, aşşurlular Haqq-Taalaya meydan oxuyur! Bəs Yehova bunu cavabsız qoyacaq? Yehova Allah Əşiya peyğəmbər vasitəsilə yəhudilərə ürək-dirək verir: «Eşitdiyin sözlər, Aşşur padşahının əyanlarının Mənə qarşı dediyi küfrlər səni qorxuya salmasın. Mən onun ağlına bir fikir salacağam. O, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq. Mən onu öz ölkəsində qılınc ağzına verəcəyəm» (Əşiya 37:6, 7).
16 Elə bu arada Libna ilə vuruşan Sinaxerib rəbsaqı yanına çağırtdırır. Sinaxerib Yerusəlimin işinə bir müddət sonra baxacağına qərar verir (Əşiya 37:8). Ancaq rəbsaqın getməsi Hizqiyyənin çiyninə düşən yükü heç də yüngülləşdirmir. Çünki Sinaxerib dalbadal namələr göndərir və təslim olmadıqları təqdirdə xalqı nə gözlədiyini bildirir: «Aşşur padşahlarının bütün məmləkətləri viran qoyduğu sənə məlumdur. Elə bilirsən, sən xilas olacaqsan? Atalarımın məhv etdiyi xalqların allahları onları qurtara bildi?... Hanı Həməs padşahı, Arpad padşahı, Səfarvaim şəhərlərinin, Hinanın, İvvahın padşahları?» (Əşiya 37:9—13). Başqa sözlə, Aşşur padşahı demək istəyir ki, yəhudilərin müqavimət göstərmələri mənasızdır, bununla sadəcə vəziyyətlərini daha da ağırlaşdırırlar.
17 Hizqiyyə verəcəyi qərarın nə ilə nəticələnəcəyinə görə çox narahatdır. Buna görə o, məbədə gedib Sinaxeribin göndərdiyi namələri Yehovanın önündə açıb yerə sərir (Əşiya 37:14). Allaha dua edir ki, aşşurluların hədələrini eşitsin, buna bir əncam çəksin. Duasını belə sözlərlə bitirir: «Ey Allahımız Yehova, bizi onun əlindən qurtar. Qoy bu cahandakı bütün səltənətlər bilsin ki, tək Sən Allahsan, ey Yehova» (Əşiya 37:15—20). Görünür, Hizqiyyəni ən çox narahat edən öz canı deyil, Yehovanın adıdır. Axı işdir, Yerusəlim aşşurluların əlinə keçərsə, Allahın adına tənə edəcəklər.
*** ip-1-E s. 391—394, abz. 18—22 ***
Padşahın imanı mükafatsız qalmır
18 Yehova Hizqiyyənin duasına Əşiya peyğəmbərin vasitəsilə cavab verir. Yerusəlim xalqı aşşurlulara təslim olmamalıdır, onlar qorxmayıb mətin dayanmalıdırlar. Sanki, Sinaxeribə müraciət edərək Əşiya peyğəmbər aşşurluya mərd-mərdanə Yehovanın hökmünü çatdırır: «Bakirə Sion qızı həqarət edib səni lağa qoyur. Yerusəlim qızı sənə [istehza ilə] baxıb başını bulayır» (Əşiya 37:21, 22). Yehova mahiyyət etibarilə belə deyir: «Sən kimsən ki, İsrailin Müqəddəsinə küfr edirsən? Əməllərindən agaham! Sən çox təkəbbürlüsən, özündən razısan. Öz silahlı qüvvələrinə arxalanırsan, çoxlu torpaqları zəbt eləmisən. Lakin sən məğlub edilməz deyilsən! Sənin niyyətlərini alt-üst edəcəyəm. Səni məğlub edəcəyəm. Başqalarının başına açdığın oyunu sənin başına açacağam. Sənin burnuna qarmaq keçirib Aşşura geri qaytaracağam!» (Əşiya 37:23—29).
«Sənin üçün əlamət bu olacaq»
19 Əşiyanın peyğəmbərliyinin gerçəkləşəcəyinə dair Hizqiyyənin əlində hansı dəlil var? Yehova cavab verir: «Sənin üçün əlamət bu olacaq: bu il öz-özünə bitən məhsulu, ikinci il ondan cücərən taxılı yeyəcəksiniz. Üçüncü il toxum səpib əkin biçəcəksiniz, üzümlüklər salıb barını yeyəcəksiniz» (Əşiya 37:30). Yehova tələdə olan yəhudilərə qida yetirəcək. Aşşurluların basqınına görə şəhər əhli əkin əkə bilməsə də, ötən ilin məhsulu ilə dolana biləcək. Üzlərinə gələn il isə şənbə ili olduğu üçün onlar vəziyyətlərinin ağır olmasına baxmayaraq, heç nə əkməməlidirlər, torpağı dincə qoymalıdırlar (Çıxış 23:11). Yehova öz növbəsində xalqa vəd edir ki, əgər Ona tabe olsalar, ac qalmayacaqlar, torpaq özü onlar üçün yetərincə məhsul yetişdirəcək. Lakin ondan sonrakı il camaat həmişəki kimi əkə və zəhmətinin bəhrəsindən həzz ala biləcək.
20 İndi isə Yehova Allah öz xalqını dərin kök atmış bir bitkiyə bənzədir: «Yəhuda evindən qurtulanlar, sağ qalanlar aşağı kök atıb yuxarı bəhrə gətirəcəklər» (Əşiya 37:31, 32). Bəli, Allaha bel bağlayanların qorxmağa heç bir səbəbləri yoxdur. Onlar övladları ilə birlikdə bu torpaqda həmişəlik məskunlaşacaqlar.
21 Bəs Aşşurun hədə-qorxusu barədə nə demək olar? Yehova Allah belə deyir: «O, bu şəhərə girməyəcək, buraya ox atmayacaq, qarşısına qalxanla gəlməyəcək, ətrafında mühasirə bəndi qurmayacaq. Gəldiyi yolla geri qayıdacaq. Bu şəhərə ayaq basmayacaq» (Əşiya 37:33, 34). Aşşur ilə Yerusəlim arasında döyüş olmayacaq. Nə qədər gülməli olsa da, amma döyüşsüz məğlub olan tərəf yəhudilər yox, aşşurlular olacaq.
22 Verdiyi sözə sadiq qalan Yehova Allah mələk göndərir və mələk bir gecədə Sinaxeribin 185 min say-seçmə əsgərini məhv edir. Bu hadisə çox ehtimal ki, Libnada baş verir. Sinaxerib ertəsi gün oyananda görür ki, rəhbərlərinin, başçılarının və ordusunun igidlərinin meyiti yerə sərilib. O, rüsvayçılıq içində Neynəvaya qayıdır. Tam məğlubiyyətə uğradığına baxmayaraq, Sinaxerib inadla öz saxta allahına, Nəsruha sadiq qalır. Bir neçə il sonra məbəddə Nəsruha ibadət edərkən Sinaxeribin iki oğlu onu qətlə yetirir. Yenə də sübut olunur ki, Nəsruh cansız bütdən başqa bir şey deyil! (Əşiya 37:35—38).
23—29 YANVAR
*** ip-1-E s. 409, 410, abz. 23—25 ***
«Xalqıma təsəlli ver»
23 Yəhudi əsirlərin ruhlanması üçün digər bir səbəbi də var. Onlara qurtuluş verməyi bütün xilqətin Xaliqi söz verir. Allah qüdrətini vurğulamaq üçün yaratdığı şeylərdən söz açır: «Məni kimə bənzədərsiniz ki, Məni ona tay tutasınız? Başınızı qaldırıb göylərə baxın, bütün bunları kim yaradıb? Göylərin ordusunu sayı ilə Çıxaran! O, onların hər birini adı ilə çağırır. Onun hədsiz qüvvəsi, möhtəşəm gücü sayəsində bircəciyi də əskilmir» (Əşiya 40:25, 26).
24 Burada İsrailin Müqəddəsi Özü haqda danışır. Tayı-bərabəri olmadığını göstərmək üçün Allah diqqəti ulduzlara yönəldir. Hərbi komandan qoşunlarına rəhbərlik etdiyi kimi, Yehova da ulduzlara əmr edir. Yehova onları bir araya toplamaq istəsə, «bircəciyi də əskilməz». Ulduzların sayı hesaba gəlməsə də, Yehova Allah onların hər birini adı ilə, yaxud təsviri adı ilə çağırır. Ulduzlar isə itaətkar əsgərtək öz yerlərini tərk etmirlər, qaydalara riayət edirlər, çünki onların Başçısının «hədsiz qüvvəsi» və «möhtəşəm gücü» var. Bu səbəbdən yəhudilərin Yehovaya etibar etmələri üçün əsasları var. Ulduzlara əmr verən Allahın sadiq bəndələrinə kömək etmək üçün kifayət qədər gücü var.
25 Bizlərdən kim Əşiya 40:26 ayəsində yazılmış ilahi dəvəti rədd edə bilər? Orada deyilir: «Başınızı qaldırıb göylərə baxın». Astronomların tədqiqatları sayəsində Əşiya peyğəmbərin dövrü ilə müqayisədə bu gün ulduzlu göylər insanları daha çox valeh edir. Ulduzlu səmanı möhtəşəm teleskoplarla müşahidə edən astronomların hesablamalarına görə, Kainatda 125 milyarddan artıq qalaktika mövcuddur. Bəzi məlumatlara əsasən, təkcə bir qalaktikada — Süd yolu qalaktikasında 100 milyarddan artıq ulduz var! Bunu bilmək ürəyimizdə Allaha ehtiram hissi oyadır və bizi Onun vədlərinə tam etibar etməyə təşviq edir.
*** ip-1-E s. 413, abz. 27 ***
«Xalqıma təsəlli ver»
27 Əşiya Yehova Allahın sözlərini qələmə alır. Bu sözlərdə vətənlərindən yüzlərlə kilometr uzaqda — Babil əsarətində olanların hissləri təsvir olunur. Bəziləri düşünür ki, Allah onların nələr çəkdiyindən bixəbərdir. Onların fikrincə, Allah onlara edilən ədalətsizliyə göz yumur. Lakin peyğəmbər onlara bir şey xatırladır. Bunu onlar ya öz təcrübələrindən, ya da nəsildən nəslə ötürülən əhvalatlardan bilməli idilər. Yehova öz xalqını bu əzab-əziyyətdən qurtarmaq istəyir və bunu etmək onun əlində heç nədir. Yehovanın nə əzəli, nə də sonu var, bütün dünyanı O xəlq edib. Deməli, O, indi də hər şeyə qadirdir, hətta qüdrətli Babil imperiyası da onun ixtiyarındadır. Belə güc-qüdrətə sahib olan Allah nə yorula, nə də Öz xalqını ata bilər. Beləcə, bu xalq düşünməməlidir ki, onlar Allahın yollarını axıra kimi başa düşə bilərlər. Çünki Allahın hikməti, kamalı, düşüncəsi dərkedilməzdir.
*** ip-1-E s. 413—415, abz. 29—31 ***
«Xalqıma təsəlli ver»
29 Peyğəmbərlikdə deyilir ki, Yehova yorğunlara güc verir. Bununla Yehova göstərmək istəyir ki, yəhudilər vətənlərinə qayıdanbaş onları gözləyən ağır səyahət zamanı onlardan gücünü əsirgəməyəcək. Yehova xalqına xatırladır ki, Ondan kömək gözləyən taqətdən düşmüş insanlara yardım etmək Ona xasdır. Ayədə deyildiyi kimi, hətta ən gümrah cavanlar yorula və taqətdən düşə bilər. Ancaq Yehovanın vədinə görə Ona ümid bəsləyən hər kəs güc alacaq ki, gedə və ya qaça bilsin. Yehova xalqını necə qüvvətləndirəcəyini göstərmək üçün saatlarla göydə süzən ən güclü quşu, qartalı nümunə çəkir. Bəli, Külli-İxtiyar Allah əsirlikdə olan yəhudilərə kömək edəcək, onlara heç nədən qorxmaq lazım deyil.
30 Əşiya kitabının 40-cı fəslinin sonuncu ayələri bu zalım dünyanın sonunda yaşayan məsihilər üçün təsəlli mənbəyidir. Çətinliklər, problemlər ucbatından üzülürük, taqətdən düşürük. Amma çəkdiyimiz əzabların və üzləşdiyimiz ədalətsizliklərin Yehovanın gözündən yayınmadığını bilmək necə də xoşdur! Arxayın ola bilərik ki, hər şeyin yaradanı, hədsiz hikmət sahibi olan Yehova lazım bildiyi vaxtda, lazım bildiyi yolla bütün ədalətsizliyi aradan qaldıracaq (Zəbur 147:5, 6). O vaxta qədər isə dərdimizlə, əzablarımızla təkbaşına mübarizə aparmamalıyıq. Çünki gücü tükənməyən Allah bizə dözməyimiz üçün «insan gücündən üstün olan güc» verməyə qabildir (2 Korinflilərə 4:7).
31 Eramızdan əvvəl altıncı əsrdə Babil əsarətində olan yəhudiləri bir düşünün. Yüzlərlə kilometr aralıda doğma şəhərləri Yerusəlim yerlə bir olub, məbəd viran qalıb. Əşiyanın peyğəmbərliyində onlar üçün ümid var, Yehova onları yenidən vətənlərinə qaytaracaq. Eramızdan əvvəl 537-ci ildə Yehova öz xalqını evə qaytardı. Bununla da təsdiq etdi ki, O, verdiyi vədi həmişə yerinə yetirir. Biz də Yehova Allaha tam etibar edə bilərik. Əşiyanın peyğəmbərliyində gözəl ifadə olunan Padşahlıqla bağlı vədlər mütləq və mütləq gerçəkləşəcək! Bu, bütün bəşəriyyət üçün gözəl müjdədir!
30 YANVAR — 5 FEVRAL
*** ip-2-E s. 71, 72, abz. 22, 23 ***
Allah qurtuluş vəd edir
22 Saxta peyğəmbərlər, adətən, peyğəmbərlik edəndə tam təfsilatlara varmırlar. Çünki qorxurlar ki, bir müddətdən sonra onların yalanı üzə çıxar. Lakin Yehova xalqına qurtuluş gətirəcək adamın hətta adını da açıqlayır. Əşiya peyğəmbər vasitəsilə Allah bildirir ki, bu adamın vasitəsilə onları ev-eşiklərinə qaytaracaq və onlar Yerusəlimi, eləcə də məbədi bərpa edəcəklər. Həmin adamın adı Kuruşdur. O, tarixdə Fars şahı Kuruş (Kir) kimi tanınır. Yehova Kuruşun Babildəki qüvvətli müdafiə sistemlərini yarmaq strategiyasından da xəbər verir. Babili uca divarlar və ətrafında olan çay qoruyacaq. Kuruş əsas müdafiə sistemi olan Fərat çayını qurudacaq. Qədim tarixçilər Herodot və Ksenofontun sözlərinə görə, Kuruş Fərat çayının Babildən axan yuxarı hissəsinin axın səmtini dəyişir və suyun səviyyəsi o qədər azaldır ki, əsgərlər oradan keçə bilirlər. Fərat çayı quruyur, yəni artıq Babili qoruya bilmir.
23 Bəs Kuruşun Allahın xalqını əsirlikdən azad edəcəyi və Yerusəlim şəhəri ilə məbədin bərpasına nəzarət edəcəyi ilə bağlı vəd haqda nə demək olar? Kuruş özü bunu dili ilə deyir. Onun rəsmi elanı Müqəddəs Kitabda belə yazılıb: «Göylərin Allahı Yehova dünyanın bütün səltənətlərini mənə verib və mənə Yəhudada, Yerusəlimdə Ona ev tikməyi buyurub. Aranızda Onun xalqına mənsub olan hər kəsə Allahı yar olsun! Qoy o adam Yəhudaya, Yerusəlimə getsin və Allahın, İsrailin Allahı Yehovanın Yerusəlimdəki evini yenidən tiksin» (Üzeyir 1:2, 3). Yehovanın Əşiya peyğəmbər vasitəsilə dediyi hər kəlmə həyata keçdi!
*** ip-2-E s. 77, 78, abz. 4—6 ***
«Yehova Adil və Xilaskar Allahdır»
4 Yehova Əşiya peyğəmbər vasitəsilə Kuruşa xitabən danışır, sanki, o, həmin vaxt yaşayırdı. Halbuki, peyğəmbər bu sözləri yazanda Kuruş hələ anadan olmamışdı (Romalılara 4:17). Deməli, Kuruş dünyaya gəlməzdən öncə Yehovadan xüsusi tapşırıq aldığı üçün onu Allahın «məsh olunmuşu» adlandırmaq olar. Allahın rəhbərliyi ilə o, xalqları məğlub edəcək, onların padşahlarını zəiflədəcək ki, müqavimət göstərə bilməsinlər. Sonra Kuruş Babilə hücum edəndə Yehova elə edəcək ki, şəhərin darvazaları açıq qalsın. Bu darvazalar sınıq-salxaq darvaza kimi yararsız olacaq. O, Kuruşun önündə gedib bütün maneələri aradan götürəcək. Nəhayətdə Kuruşun qoşunları şəhəri fəth edəcək və şəhərin qaranlıq, gizli yerlərində saxlanılan xəzinələrinə yiyə çıxacaqlar. Bütün bunları Əşiya peyğəmbər qabaqcadan bildirir. Bəs bu peyğəmbərlik həyata keçəcək?
5 Eramızdan əvvəl 539-cu ildə, yəni Əşiya bu sözləri deyəndən təxminən 200 il sonra peyğəmbərlik yerinə yetir. Kuruş Babil divarlarının qarşısındadır! O, şəhəri zəbt etməyə gəlib (Ərəmya 51:11, 12). Babillilərin ürəyi isə çox rahatdır. Onların zənnincə, şəhər məğlubedilməzdir. Möhtəşəm Babil divarları Fərat çayının suları ilə dolmuş dərin xəndəklərlə əhatə olunurdu. Yüz ildən çoxdur ki, heç bir düşmən Babili zəbt edə bilməyib. Babil hökmdarı Bəlşəzzar özünü o qədər arxayın hiss edir ki, əyanları ilə birgə yeyib-içir (Dənyal 5:1). Amma oktyabrın beşindən altısına keçən gecə Kuruş möhtəşəm bir hərbi fəndə əl atır.
6 Kuruşun mühəndisləri Fərat çayının Babildən axan yuxarı hissəsində bir kanal qazır və çayın istiqamətini dəyişir ki, su artıq cənuba, şəhərə tərəf axmasın. Çox keçməmiş çayın səviyyəsi elə düşür ki, qoşunlar asanlıqla çayı keçib şəhərin mərkəzinə kimi yaxınlaşa bilirlər (Əşiya 44:27; Ərəmya 50:38). Təsəvvür edirsiniz, Əşiya peyğəmbərin qabaqcadan söylədiyi kimi, şəhərin darvazaları açıqdır. Kuruşun qoşunları Babilə soxulur, sarayı ələ keçirir və Bəlşəzzar padşahı öldürür (Dənyal 5:30). Bir gecənin içində şəhər Kuruşun əlinə keçir. Babil imperiyası süqut edir, Əşiyanın peyğəmbərliyi nöqtə-vergülünə kimi yerinə yetir.
*** ip-2-E s. 79, 80, abz. 8—10 ***
«Yehova Adil və Xilaskar Allahdır»
8 Yehova Babili kimin fəth edəcəyini və bunu necə edəcəyini söyləyəndən sonra, qələbəni nəyə görə Kuruşa verəcəyinin səbəblərini açıqlayır. Yehova peyğəmbərlik sözləri ilə Kuruşa xitab edərkən belə deyir: «Biləsən, Mən Yehovayam, səni adınla çağıran İsrailin Allahıyam» (Əşiya 45:3b). Müqəddəs Kitabın tarixinə görə dördüncü dünya imperiyasının hökmdarı bir şeyi qəbul etməlidir: o, yalnız və yalnız Kainatın hökmdarı olan Yehova Allahın sayəsində təntənəli qələbə çaldı. Kuruş anlamalıdır ki, onu adı ilə çağıran, ona tapşırıq verən İsrailin Allahı Yehovadır. Allahın Kəlamında yazılanlara əsasən, Kuruş bu böyük qələbəni Yehovanın sayəsində qazandığını danmırdı (Üzeyir 1:2, 3).
9 Yehova ikinci səbəbi belə izah edir: «Qulum Yaqubun, seçdiyim İsrailin xatirinə səni adınla çağırıram, Məni tanımadığın halda, sənə şərəfli ad verirəm» (Əşiya 45:4). Kuruşun Babil üzərində qələbəsi bütün dünyanı silkələyir. Çünki bu sadəcə olaraq, bir imperiyanın devrilməsi, o biri imperiyanın dirçəlməsi demək deyil. Bu, gələcək nəsillərin tarixinə təsir edəcək bir hadisədir. Baş verənləri həyəcanla izləyən qonşu millətlər biləndə ki, bütün bunlar Babil əsarətində olan, əhəmiyyətsiz sayılan bir neçə min nəfərdən, Yaqub nəslindən ötrü edilib, çox təəccüblənəcəklər. Qədim İsrail xalqından sağ qalanlar Yehovanın gözündə heç də əhəmiyyətsiz deyillər. Onlar Allahın bütün millətlərin içindən seçdiyi xidmətçiləridir. Düzdür, Kuruş əvvəllər Yehova Allahı tanımasa da, Yehova onu məsh edir ki, əsirləri heç bir vəchlə azad etmək istəməyən şəhəri məğlub etsin. Allah istəmir ki, Onun seçilmiş xalqı yad diyarda ömür boyu əziyyət çəksin.
10 Üçüncü səbəb isə ən vacib səbəblərdən biridir. Yehova bəyan edir: «Yehova Mənəm, başqası yoxdur. Məndən başqa Allah yoxdur. Məni tanımadığın halda, belini kip qurşayacağam ki, gündoğandan günbatanadək bütün insanlar bilsin, Məndən başqası yoxdur. Yehova Mənəm, başqası yoxdur» (Əşiya 45:5, 6). Bəli, dünya imperiyası olan Babilin məğlubiyyəti Yehovanın böyüklüyünü göstərir. Bu, cümlə-bəşərə sübut edir ki, yalnız Yehova ibadətə layiqdir. Allahın xalqının qurtuluşu sayəsində şərqdən qərbə qədər yaşayan insanlar biləcəklər ki, tək gerçək Allah Yehovadır (Məlaki 1:11).
*** ip-2-E s. 60, abz. 24 ***
«Şahidlərimsiniz»
24 Diqqət yetirin ki, Yehova öz xalqını tövbə etdiklərinə görə yox, Öz adı naminə əfv edib. Bəli, bu məsələ birbaşa Allahın adı ilə bağlıdır. Əgər Allah öz xalqını birdəfəlik tərk etsəydi, onda bunun şahidi olan insanlar Onun adını bədnam edəcəkdi (Zəbur 79:9; Hizqiyal 20:8—10). Bizim dövrdə də insanların xilası ikinci dərəcəlidir. Birinci dərəcəli məsələ isə Yehovanın isminin müqəddəs tutulması və ali hökmranlığına bəraət qazandırılmasıdır. Bununla belə, Yehova Allah Onun tənbehini qeyd-şərtsiz qəbul edənlərə, eləcə də ruha və həqiqətə uyğun ibadət edənlərə məhəbbət bəsləyir. Allah həm məsh olunmuşları, həm də yer üzündə yaşamaq ümidi olan xidmətçilərini sevdiyini İsa Məsihin fidyə qurbanlığı sayəsində onların günahlarını bağışlamaqla göstərir (Yəhya 3:16; 4:23, 24).