«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
5—11 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 20, 21
«Məni çox istəyirsən, bunları?»
nwtsty-E Yh 21:15, 17 ayələri üçün şərh
İsa Şimon Butrusdan soruşdu: İsa ilə Butrus arasında bu söhbət Butrusun İsanı üç dəfə danmasından çox keçməmiş baş tutdu. İsa üç dəfə Butrusa ona olan münasibəti barədə sual verdi. Axırda Butrus «qüssələndi» (Yh 21:17). Yh 21:15—17 ayələrində «çox istəmək» sözü yunan dilində iki feillə ifadə olunub: aqapao və fileo. İsa üç dəfə Butrusdan soruşdu: «Məni çox istəyirsən?» Hər dəfə Butrus İsanı çox istədiyini dedi. İsa da hər dəfə Butrus elə deyəndən sonra vurğuladı ki, bu sevgi Butrusu onun «quzularını», yəni şagirdlərini ruhani cəhətdən bəsləməyə təşviq etməlidir (Yh 21:16, 17; 1Bt 5:1—3). İsa Butrusa imkan verdi ki, üç dəfə onu sevdiyini təsdiq etsin, sonra isə ona quzulara baxmaq məsuliyyətini həvalə etdi. Butrus İsanı üç dəfə danmışdı. Bəlkə də, o, İsanın onu bağışladığına şübhə edirdi. Amma İsa belə etməklə Butrusun ürəyindəki bütün şübhələri aradan qaldırdı.
Məni çox istəyirsən, bunları? Qrammatik cəhətdən «bunları» sözünü müxtəlif cür başa düşmək olar. Bəzi alimlər bunu növbəti cür başa düşürlər: «Məni çox istəyirsən, yoxsa bu şagirdləri?», yaxud «məni bu şagirdlərin istədiyindən çox istəyirsən?» Ancaq, ehtimal ki, məna belədir: «Məni çox istəyirsən, yoxsa bu şeyləri?» Yəni İsa onların tutduğu balıqları, ya da balıqçılıqla bağlı əşyaları nəzərdə tuturdu. Beləliklə, ayənin ümumi mənası belədir: «Məni maddi şeylərdən, yaxud məqsədlərdən çox istəyirsən? Əgər belədirsə, quzularımı otar». Butrusun keçmişini nəzərə alsaq, bu sual yerində idi. Butrus İsanın ilk şagirdlərindən idi (Yh 1:35—42). Amma o, dərhal iş-gücünü atıb İsanın ardınca getməmişdi. Əksinə, balıqçılığa qayıtmışdı. Bir neçə ay sonra İsa Butrusu «insan tutmaq» üçün balıqçılıqdan uzaqlaşdırmışdı (Mt 4:18—20; Lk 5:1—11). İsanın ölümündən çox keçməmiş Butrus yenə də balıq tutmağa getdiyini söyləmişdi, o biri həvarilər də ona qoşulmuşdular (Yh 21:2, 3). Beləliklə, görünür, İsa burada Butrusa vacib seçim etməli olduğunu başa salırdı. O, həyatında nəyi birinci yerə qoyacaq: qarşılarındakı balıqları, daha dəqiq desək, balıqçılıq işini, yoxsa İsanın quzularını, yəni davamçılarını ruhani cəhətdən bəsləmək işini? (Yh 21:4—8).
Üçüncü dəfə: Butrus Ağasını üç dəfə danmışdı. İndi isə İsa üç dəfə Butrusa imkan verdi ki, ona bəslədiyi hissləri ifadə etsin. Butrus bunu edəndə İsa dedi ki, bu sevgini müqəddəs xidməti hər şeydən üstün tutmaqla göstərsin. Butrus başqa məsul qardaşlarla birlikdə Məsihin digər sadiq davamçılarını bəsləməli, möhkəmləndirməli və onların qeydinə qalmalı idi. O davamçılar da məsh olunmuş idilər, bununla belə, onların da ruhani qidaya ehtiyacı var idi (Lk 22:32).
Hikmət xəzinəsindən incilər
nwtsty-E Yh 20:17 ayəsi üçün şərh
Tutma məni: Yunanca haptomay feli ya «toxunmaq», ya da «yapışmaq; tutmaq» mənasını verə bilər. Bəzi tərcümələrdə İsanın sözləri «mənə toxunma» kimi verilib. Lakin İsanın etirazı Məcdəlli Məryəmin ona toxunmasına deyildi, çünki diriləndən sonra qadınlar onu görüb ayaqlarına sarılanda o etiraz etməmişdi (Mt 28:9). Görünür, Məcdəlli Məryəm qorxurdu ki, İsa göyə qalxacaq. Ağası ilə olmaq istəyindən irəli gələrək o, İsadan yapışıb onu buraxmırdı. Hələ getmədiyinə Məryəmi əmin etmək üçün İsa dedi ki, onu tutmasın, şagirdlərin yanına gedib onun dirildiyini onlara müjdələsin.
nwtsty-E Yh 20:28 ayəsi üçün şərh
Ağam, allahım! Bəzi alimlərin fikrincə, heyrət bildirən bu nida İsaya deyilsə də, əslində onun Atasına, Allaha ünvanlanmışdı. Digərləri iddia edir ki, yunan dilinə əsasən, bu sözlər İsaya ünvanlanıb. Hətta bu belə olsa da, «Ağam, allahım!» ifadəsinin daşıdığı məna Müqəddəs Kitabın ümumi konteksti daxilində daha yaxşı başa düşülür. İsa bir qədər əvvəl şagirdlərinə «mən öz Atamın və sizin Atanızın, öz Allahımın və sizin Allahınızın yanına gedirəm» demişdi (Yh 20:17). Buna görə də Tomasın İsanı qadir Allah sandığını düşünməyə heç bir əsas yoxdur. Tomas İsanın öz Atasına dua etdiyini, Onu «tək gerçək Allah» adlandırdığını eşitmişdi (Yh 17:1—3). Beləliklə, Tomasın İsaya «allahım» deməsinin bir səbəbi o ola bilər ki, o, İsaya Qadir Allah yox, ilahi varlıq kimi baxırdı. (Yh 1:1 ayəsi üçün şərhə baxın.) Yaxud da digər səbəb kimi bunu gətirmək olar ki, o, Tövratda mömin insanların Yehovanın elçisi olan mələklərə müraciət etdiyinə bənzər tərzdə İsaya müraciət etmişdi. Müqəddəs Kitabdakı bəzi əhvalatların qəhrəmanları, yaxud da bu əhvalatları qələmə alanlar bəzən mələklərə elə müraciət ediblər, yaxud onlar barədə elə danışıblar ki, sanki onlar Yehova Allahın Özüdür. (Müqayisə edin: Yr 16:7—11, 13; 18:1—5, 22—33; 32:24—30; Hk 6:11—15; 13:20—22.) Tomasa bu əhvalatlar tanış idi. Yəqin o da İsanı bu mənada «allahım» adlandırmış, onun Allahın elçisi və nümayəndəsi olduğunu qəbul etdiyini göstərmişdi.
12—18 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HƏVARİLƏRİN İŞLƏRİ 1—3
«Məsihi yığıncağı müqəddəs ruh alır»
w86-E 12/1 s. 29, abz. 4, 5, 7
Qəlbi şad edən ianələr
Eramızın 33-cü ilində məsihi yığıncağının yarandığı ilk gündən yenicə vəftiz olunmuş 3000 məsihi «birlikdə vaxt keçirir, yemək yeyir və dua edirdilər». Onlar körpə imanlarını möhkəmləndirmək üçün həvarilərdən həvəslə təlim alırdılar (Hv 2:41, 42).
Yəhudilər və prozelitlər Yerusəlimə gələndə yalnız Əllinci gün bayramı vaxtında orada qalmağı planlaşdırmışdılar. Ancaq məsihi olanlar yeni imanlarını möhkəmləndirmək üçün artıq qalıb bilik almaq istədilər. Buna görə də yeməklə və evlə bağlı çətinlik yarandı. Gələnlərin bəzilərinin kifayət qədər pulu yox idi, başqalarının isə pulu artıq idi. Buna görə də müvəqqəti olaraq ümumi büdcə yaradıb ehtiyacı olanlara yardım edirdilər (Hv 2:43—47).
Daşınmaz əmlakın satılması və hər şeyin bölüşdürülməsi könüllü idi. Heç kimi nəyinisə satmağa və ya ianə etməyə məcbur etmirdilər. Burada o fikir ifadə olunmur ki, varlı məsihilər bütün əmlaklarını satıb yoxsullaşmışdılar. Əksinə, həmin vaxt yaranan vəziyyətə görə şəfqət hissindən irəli gələrək məsihilər əmlaklarını satıb pulunu ianə edirdilər, bununla da Padşahlıq işinin irəliləməsinə öz töhfələrini verirdilər. (2 Korinflilərə 8:12—15 ayələri ilə müqayisə edin.)
Hikmət xəzinəsindən incilər
it-2-E s. 61, abz. 1
İsa Məsih
«Həyatın Öndəri». Allahın lütfünün ifadəsi olaraq, İsa Məsih kamil insan həyatını qurban verdi. Bunun sayəsində Məsihin seçilmiş davamçılarının səmavi hakimiyyətdə onunla birləşməsi, həmçinin onun Padşahlığının yer üzündə təbəələrinin olması mümkün oldu (Mt 6:10; Yh 3:16; Ef 1:7; İb 2:5). Beləliklə, İsa bütün bəşəriyyət üçün «həyatın Öndəri» oldu (Hv 3:15). Burada işlənən yunan feili əsas etibarilə «rəhbər» mənasını verir. Bu söz Musanın İsraildə tutduğu vəzifəni göstərən sözlə eyniköklü sözdür (Hv 7:27, 35).
cl-E s. 265, abz. 14
Bağışlayan Allah
14 Yehovanın necə bağışladığı Həvarilərin işləri 3:19 ayəsində də təsvir olunub. Orada deyilir: «Günahlarınızın bağışlanması üçün tövbə edin». «Bağışlansın» kimi tərcümə olunan yunan feili «silmək, ləğv etmək və ya məhv etmək» mənasını verə bilər. Bəzi alimlərin fikrincə, burada əllə yazılmış yazını silmək obrazı yaranır. Bu necə mümkündür? Qədimdə mürəkkəb kömür, qatran və suyun qarışığından hazırlanırdı. Bu cür mürəkkəblə yazılan təzə yazını nəm süngərlə silmək olurdu. Burada Yehovanın mərhəməti çox gözəl təsvir olunur. O, günahlarımızı bağışlayanda sanki süngəri götürüb onları silir.
SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN
it-1-E s. 129, abz. 2, 3
Yəhuda İskəryut dönük çıxıb öləndən sonra cəmi 11 həvari qaldı. İsanın ölümündən göyə qalxmasına kimi çəkən 40 gün ərzində o, heç kimi həvari təyin etmədi. İsanın göyə qalxması və Əllinci gün bayramı arasındakı 10 gün ərzində Yəhudanın boş qalan yerinə başqasını seçmək vacib bilindi. Bunu sadəcə onun öldüyünə görə yox, Butrusun sitat gətirdiyi ayələrdən də göründüyü kimi, onun dönük çıxdığına görə etdilər (Hv 1:15—22; Zb 69:25; 109:8; müqayisə edin: Vh 3:11). Ancaq sadiq həvari olan Yaqub qətlə yetiriləndə qardaşların onun həvari vəzifəsinə kimisə seçmək barədə düşündükləri yazılmayıb (Hv 12:2).
Butrusun sözlərindən görünür ki, İsa Məsihin həvarisi vəzifəsini tutan adam onunla şəxsən tanış olmalı, onun işlərinin, möcüzələrinin, ən əsası dirilməsinin şahidi olmalı idi. Bunu nəzərə alsaq, zaman keçdikcə həvarilərin yerinə başqalarının seçilməsi qeyri-mümkün olacaqdı. Təkcə Allah bu tələblərə cavab verən insanı tapa bilərdi. Lakin Əllinci gün bayramından əvvələ təsadüf edən həmin vaxtda bu tələblərə cavab verən adamlar var idi. Xəyanətkar Yəhudanı əvəz etmək üçün onlardan ikisi yararlı sayılıb namizədliyi irəli sürüldü. Sözsüz ki, Məsəllər 16:33 ayəsini düşünərək püşk atdılar. Məttiya seçildi. «Onu on bir həvarinin sırasına daxil etdilər» (Hv 1:23—26). Beləliklə, o, yunandilli şagirdlərlə bağlı problemi həll edən 12 həvaridən biri idi (Hv 6:1, 2). Görünür, həvari Bulus 1 Korinflilərə 15:4—8 ayələrində İsanın diriləndən sonra şagirdlərə görünməsindən danışarkən «on iki həvari» deyəndə onu da nəzərdə tuturdu. Beləliklə, Əllinci gün bayramı gəlib çatanda həmin vaxt meydana gələn ruhani İsrailin artıq 12 həvaridən ibarət bünövrəsi var idi.
19—25 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | HƏVARİLƏRİN İŞLƏRİ 4, 5
«Onlar Allahın sözünü cəsarətlə danışırdılar»
w08-E 9/1 s. 15, çər.
Müqəddəs Kəlamlar və ilk məsihilər
Həvarilər savadsız idilər?
Rəhbərlər və xalqın ağsaqqalları «Butrus və Yəhyanın cəsarətlə danışdığını, lakin savadsız, sadə adam olduqlarını görəndə» çaşıb qalmışdılar (Həvarilərin işləri 4:13). Doğrudanmı, həvarilər savadsız idilər? Bu fikirlə bağlı bir kitabda deyilir: «Bu sözləri hərfi qəbul etmək, Butrusun [və Yəhyanın] təhsilsiz olduğunu, yazıb-oxumağı bacarmadığını düşünmək düzgün deyil. Onlar sadəcə olaraq, hökm kürsüsündə oturanlarla həvarilərin müxtəlif sosial təbəqəyə aid olduğunu göstərir» (The New Interpreter’s Bible).
it-1-E s. 128, abz. 3
Həvari
Məsihi yığıncağında. Əllinci gün bayramında müqəddəs ruh almaları həvariləri çox möhkəmləndirdi. «Həvarilərin işləri» kitabının ilk beş fəslindən zindana salınmalarına, döyülməklərinə və rəhbərlərin ölümlə hədələmələrinə baxmayaraq, həvarilərin qorxmadan, cəsarətlə müjdəni və İsanın dirilməsini bəyan etdiyi barədə oxuyuruq. Əllinci gün bayramından çox keçməmiş müqəddəs ruhla qüvvətlənən həvarilərin fəal rəhbərliyi sayəsində məsihi yığıncağı heyrətamiz surətdə böyüdü (Hv 2:41; 4:4). Onların xidməti əvvəlcə Yerusəlimdə cəmlənmişdi, sonra isə Səməriyyəni əhatə etdi, daha sonra isə o dövrdə məlum olan dünyaya yayıldı (Hv 5:42; 6:7; 8:5—17, 25; 1:8).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 514, abz. 4
Küncün daşı
Zəbur 118:22 ayəsində deyilir ki, bənnaların rədd etdiyi daş «küncün əsas daşı» olacaq (ibr. rosh pinnah). İsa bu peyğəmbərliyi sitat gətirmiş və «küncün əsas daşı» sözlərini özünə aid etmişdi (yun. kefale qonias, küncün başı) (Mt 21:42; Mr 12:10, 11; Lk 20:17). Binanın ən üstdəki daşı aydın göründüyü kimi, İsa Məsih də ruhani məbədə bənzədilən və məsh olunmuşlardan ibarət olan məsihi yığıncağının əsas daşıdır. Butrus da Zəbur 118:22 ayəsini Məsihə aid etmiş və söyləmişdi ki, Məsih insanların rədd etdiyi, lakin Allahın seçib «küncün əsas daşı» etdiyi daşdır (Hv 4:8—12; həmçinin baxın 1Bt 2:4—8).
w13-E 3/1 s. 15, abz. 4
Butrus və Hənənya yalan danışdı. Onlardan hansı ibrəti alırıq?
Hənənya ilə arvadı yeni vəftiz olunanlara kömək etmək məqsədilə əmlakının bir hissəsini satdı. Hənənya pulu həvarilərə gətirəndə dedi ki, satışdan əldə etdiyi pulun hamısını gətirib. Amma bu belə deyildi. O, puldan bir az özünə götürmüşdü. Allah Butrusa bunu açdı. Butrus Hənənyaya dedi: «Sən insanlara yox, Allaha yalan söylədin». Elə həmin andaca Hənənya yıxılıb öldü. Təxminən üç saat sonra onun arvadı gəldi. Onun ərinin başına gələnlərdən xəbəri yox idi. O da yalan danışdı və öldü.