«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
2—8 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ÇIXIŞ 39, 40
«Musa göstərişlərə dəqiqliklə əməl etdi»
(Çıxış 39:32) Beləliklə, Hüzur çadırının bütün işləri görülüb qurtardı. İsraillilər hər şeyi Yehovanın Musaya əmr etdiyi kimi etdilər. O, necə demişdisə, elə də etdilər.
Yehova səni tanıyırmı?
13 Onlardan fərqli olaraq, «Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi» (Say. 12:3). Musa həlim və təvazökar olduğunu Yehovanın rəhbərliyinə riayət etməyə qəti qərarlı olmaqla göstərdi (Çıx. 7:6; 40:16). Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, o, Yehovanın göstərişlərini tez-tez şübhə altına alır və ya Onun əmrlərinə qarşı narazıçılığını bildirirdi. Misal üçün, Yehova müqəddəs məskənin quruluşuna dair ən xırda detallarınadək — pərdələrin düzəldilməsində istifadə olunacaq sapın rəngi və ilgəklərin sayınadək konkret göstərişlər vermişdi (Çıx. 26:1—6). Əgər Allahın təşkilatında hansısa bir nəzarətçi bir işlə bağlı xırdalığınadək sənə göstərişlər verirsə, ola bilsin, bu, səni ruhdan salsın. Lakin Yehova xidmətçilərinə çoxlu tapşırıqlar verən və onlara güvənən kamil nəzarətçidir. O, bir işlə bağlı çoxsaylı göstərişlər verirsə, deməli, Onun buna əsaslı səbəbləri var. Musa Yehovadan müqəddəs məskənin tikintisi ilə əlaqədar çoxlu göstəriş alanda deyinmirdi. O düşünmürdü ki, bununla Yehova onu alçaldır, azadlığını məhdudlaşdırır və ya yaradıcılıq qabiliyyətini göstərməyə imkan vermir. Əksinə, Musa müqəddəs məskəni düzəldənlərə tapşırdı ki, hər şeyi Yehovanın göstərişinə uyğun etsinlər (Çıx. 39:32). O necə də təvazökar idi! Musa dərk edirdi ki, bu, Yehovanın işidir və o, Yehovanın əlində sadəcə bir alətdir.
(Çıxış 39:43) Musa görülən işləri yoxlayanda gördü ki, hər şey Yehovanın əmr etdiyi kimi yerinə yetirilib. Onda Musa onlara xeyir-dua verdi.
(Çıxış 40:1, 2) Yehova Musaya dedi: 2 «Birinci ayın birinci günü Müqəddəs çadırı, Hüzur çadırını qur.
(Çıxış 40:16) Musa Yehovanın əmr etdiyi bütün şeyləri yerinə yetirdi, necə demişdisə, elə də etdi.
Sən hər işdəmi sadiqsən?
3 İbranilərə 3:5 ayəsində deyilir ki, «Musa... bir xidmətçi kimi sadiq qaldı». Nəyə görə bu peyğəmbər haqqında belə demək olar? Çadır qurulan zaman «Rəbb Musaya necə əmr etmişdisə, o da bu cür etdi» (Çıxış 40:16). Yehovanın xidmətçiləri olduğumuz üçün sadiqliyimizi itaətkarlıq göstərməklə təzahür etdiririk. Şübhəsiz ki, Yehovaya olan sadiqliyimizi ağır sınaqlarda belə qorumalıyıq. Lakin sadiqlik təkcə ağır sınaqlara necə tab gətirməyimizdə əks olunmur. İsa demişdir: «Ən balaca bir işdə sadiq olan, böyük işdə də sadiqdir, lakin ən balaca bir işdə sadiq olmayan, böyük işdə də sadiq deyil» (Luka 16:10). Bu sözlərdən aydın olduğu kimi, hətta cüz’i görünə bilən şeylərdə belə sadiq qalmalıyıq.
Hikmət xəzinəsindən incilər
(Çıxış 39:34) qırmızı boyanmış qoç dərisindən və suiti dərisindən olan örtükləri, arakəsmə pərdəni,
it-2-E s. 884, abz. 3
Suiti dərisi
İsraillilər haradan əldə etmişdilər? Əgər Müqəddəs Kitabda işlədilən «taxaş» sözü suiti növünə aiddirsə, o zaman sual yaranır ki, israillilər suiti dərisini haradan əldə etmişdilər. Düzdür, adətən suitilər Arktika və Antarktida bölgələri ilə əlaqələndirilir, amma bəzi suitilər mülayim iqlim şəraitində yaşayırlar. Hazırda Aralıq dənizinin müəyyən hissəsində, eləcə də digər ilıq sularda hələ də monax suitisi yaşayır. Əsrlər ərzində insanların ucbatından suitilərin sayı çox azalıb. Qədim dövrdə, ola bilsin, Aralıq dənizində və Qırmızı dənizdə bu heyvanların sayı çox olub. 1832-ci ildə bir kitabda yazılmışdı: «Qırmızı dənizdəki kiçik adaların çoxunda, Sina yarımadası ətrafında suitilərə rast gəlinir» («Dictionary of the Holy Bible», Kalmet (s. 139), «The Tabernacle’s Typical Teaching», A. Pollok, London, s. 47).
(Çıxış 40:34) Bulud Hüzur çadırını bürüdü və çadır Yehovanın calalı ilə doldu.
Əməyini kimin görməsi önəmlidir?
Müqəddəs çadır hazır olanda «bulud Hüzur çadırını bürüdü və çadır Yehovanın calalı ilə doldu» (Çıx. 40:34). Bu, Yehovanın razılığına dəlalət edirdi. Görəsən, həmin an Bəsalillə Öhlüyab hansı hissləri keçirirdi? Onların adı düzəltdikləri şeylərə həkk olunmasa da, Yehovanın onların əməyinə bərəkət verdiyini bildikləri üçün yəqin çox sevinirdilər (Məs. 10:22). Düzəltdikləri şeylərin illər keçdikcə ibadətdə işləndiyini görəndə, sözsüz ki, fərəhlənirdilər. Yeni dünyada diriləndə isə çadırın təxminən 500 il ərzində həqiqi ibadətdə istifadə olunduğunu biləndə yəqin onlar heyrətə gələcəklər.
Müqəddəs Kitab qiraəti
(Çıxış 39:1—21) Müqəddəs məkanda xidmət zamanı geyinmək üçün göy və al-qırmızı iplikdən, bənövşəyi yundan zərif geyimlər toxudular. Sonra Harun üçün olan müqəddəs geyimləri hazırladılar. Onları Yehovanın Musaya tapşırdığı kimi düzəltdilər. 2 Göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən döşlük toxudular. 3 Sonra qızıl lövhələri döyüb naziltdilər və ondan saplar kəsdilər, onlarla göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən toxunmuş döşlüyə naxış vurdular. 4 İki çiyinlik düzəldib döşlüyə bərkitdilər. Döşlüyün iki ucu çiyinliklərə birləşirdi. 5 Döşlüyü sıx bağlamaq üçün ona bərkidilən qurşağı da eyni üsulla və eyni maldan, qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən toxudular. Yehova necə buyurmuşdusa, elə də etdilər. 6 Sonra damarlı əqiq daşlarını qızıl sağanaqlara salıb üstünə İsrailin oğullarının adlarını möhür oyması kimi həkk etdilər. 7 Yehovanın Musaya əmr etdiyi kimi, İsrail oğulları üçün yaddaşlıq olaraq, daşların hərəsini döşlüyün bir çiyinliyinə bərkitdilər. 8 Sonra naxışlı sinəbənd düzəltdilər. O da döşlük kimi qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən idi. 9 İki qatlananda dördbucaq şəklini alırdı, eni və uzunu bir qarış idi. 10 Sonra üstünə dörd cərgə daş düzdülər: birinci cərgədə yaqut, topaz, zümrüd, 11 ikinci cərgədə firuzə, göy yaqut, yəşəm, 12 üçüncü cərgədə ləşəm, əqiq, ametist, 13 dördüncü cərgədə xrizolit, damarlı əqiq, nefrit. Onlar qızıl sağanaqlara salınmışdı. 14 Daşların sayı İsrailin oğullarının adına müvafiq olaraq, on iki ədəd idi. Adları daşların üstünə möhür oyması kimi həkk etdilər. Hər ad bir qəbiləni təmsil edirdi. 15 Sinəbənd üçün xalis qızıldan ipə bənzər burma zəncir düzəltdilər. 16 İki qızıl sağanaq və iki qızıl halqa düzəltdilər, halqaları döşlüyün iki küncünə bərkitdilər. 17 İki qızıl zənciri sinəbəndin künclərindəki halqalara taxdılar. 18 Zəncirlərin o biri uclarını sağanaqlara taxdılar, sağanaqları isə döşlüyün ön hissəsində olan çiyinliklərə bərkitdilər. 19 İki qızıl halqa düzəldib sinəbəndin içəri qatlanan, döşlüyə baxan tərəfinin iki küncünə birləşdirdilər. 20 Sonra qızıldan iki ayrı halqa da düzəltdilər və onları qabaqdan, döşlüyün çiyinliklərinin aşağı uclarına, toxunma qurşağın döşlüklə birləşdiyi yerin üstünə bərkitdilər. 21 Axırda, Yehovanın Musaya əmr etdiyi kimi, sinəbəndi döşlüyün üstündə, qurşaqdan yuxarıda saxlamaq üçün onun halqalarından döşlüyün halqalarına göy iplər keçirib bağladılar.
9—15 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 1—3
«Qurban və təqdimələrin məqsədi»
(Lavililər 1:3) Mal-qaradan yandırma qurbanı təqdim edən adam sağlam erkək heyvan seçməlidir. Bu qurbanı könül xoşluğuyla Hüzur çadırının girişinə gətirib Yehovanın hüzurunda təqdim etməli
(Lavililər 2:1) Yehovaya taxıl təqdiməsigətirən adam təqdiməni narın undan gətirməlidir. Üstünə yağ tökməli və kündür qoymalıdır.
(Lavililər 2:12) Onları nübar təqdiməsi kimi Yehovaya təqdim etmək olar, amma xoş ətir kimi qurbangaha gətirmək olmaz.
it-2-E s. 525
Qurban və təqdimələr
Yandırma qurbanları. Yandırma qurbanları bütünlüklə Allaha təqdim olunurdu. Heyvanın heç bir hissəsi onu gətirən adama qalmırdı. (Əlaqələndir: Hk 11:30, 31, 39, 40.) İsraillilər günah etdikləri üçün qurban gətirəndə bəzən yandırma qurbanı da təqdim edirdilər. Bu halda yandırma qurbanı Yehovaya bir xahiş olaraq təqdim olunurdu ki, günah qurbanını qəbul etsin və ya onu qəbul etdiyini göstərsin. İsa Məsih özünü yandırma qurbanı olaraq bütünlüklə təqdim etdi.
it-2-E s. 528, abz. 4
Qurban və təqdimələr
Taxıl təqdimələri. Taxıl təqdimələri ünsiyyət qurbanları, yandırma qurbanları, günah qurbanları ilə birlikdə, həmçinin məhsulun nübarı kimi təqdim olunurdu. Bəzən isə ayrıca təqdim olunurdu (Çx 29:40—42; Lv 23:10—13, 15—18; Sy 15:8, 9, 22—24; 28:9, 10, 20, 26—28; fəs. 29). Taxıl təqdiməsi Allahın səxavətini, bəxş etdiyi firavanlıq və bolluğu bildirmək üçün təqdim edilirdi. Çox vaxt yanında yağ və kündür gətirilirdi. Taxıl təqdiməsi narın un, qovurğa, halqavarı çörək, təndirdə, sacda və ya qazanda bişirilən çörək şəklində olurdu. Taxıl təqdiməsinin bir qismi yandırma qurbanı üçün olan qurbangahda yandırılırdı, bir qismini kahinlər yeyirdi. Ünsiyyət qurbanlarında isə qurbanı gətirən də yeyirdi (Lv 6:14—23; 7:11—13; Sy 18:8—11). Qurbangahda təqdim olunan heç bir taxıl təqdiməsinə maya və ya bal (görünür, əncirin suyu, yaxud meyvə şirəsi nəzərdə tutulur) qatılmamalı idi, çünki bunlar qıcqırma verərdi (Lv 2:1—16).
(Lavililər 3:1) Qaramalın erkəyindən və ya dişisindən ünsiyyət qurbanı təqdim etmək istəyən adam Yehovanın hüzuruna sağlam heyvan gətirməlidir.
it-2-E s. 526, abz. 1
Qurban və təqdimələr
Ünsiyyət qurbanları. Yehovaya məqbul olan ünsiyyət qurbanları Onunla sülhü bildirirdi. Qurbanı gətirən adam və onun ev əhli bu qurbandan yeyirdi. (Çadırın həyətində yeyirdilər. Rəvayətə görə həyətin parça çəpərindən içəridə çardaqlar qurulurdu; məbəddə isə yemək otaqları var idi.) Qurbanı təqdim edən kahinə pay verilirdi, həmçinin xidmət edən kahinlər də pay alırdılar. Yanan piyin tüstüsü xoş ətir kimi Yehovaya gedirdi. Həyatı təmsil edən qan Allaha məxsus bir şey kimi Ona verilirdi. Buna görə də kahinlər, qurbanı gətirənlər və Yehova sanki bir yerdə yemək yeyirdilər. Bu da onların sülh münasibətində olduğunu göstərirdi. Tövratda qeyd olunan hər hansı səbəbə görə murdar olan adam, yaxud da əti deyildiyi vaxtdan çox saxladıqdan (isti havada ət çürüyürdü) sonra yeyən adam xalqın arasından yox edilməli idi. Çünki o, özü murdar olduğu üçün, yaxud da Yehova Allahın gözündə iyrənc olan bir şeyi yediyi üçün süfrəni murdarlayıb, bununla da müqəddəs şeylərə qarşı hörmətsizlik edib (Lv 7:16—21; 19:5—8).
Hikmət xəzinəsindən incilər
(Lavililər 2:13) Gətirilən bütün taxıl təqdimələrinə duz qatılmalıdır. Duzsuz taxıl təqdiməsi gətirməyin. Duz Allahın əhdinin rəmzidir. Bütün təqdimələrə duz qatılmalıdır.
(Hizqiyal 43:24) Yehovanın önünə gətirərsən. Kahinlər onların üstünə duz səpib onları Yehovaya yandırma qurbanı kimi təqdim etməlidirlər.
“Levililər” kitabından diqqətəlayiq fikirlər
2:13. Nəyə görə “bütün təqdimələrin üzərində” duz gətirmək lazım idi? Bu, qurbanın dadını yaxşılaşdırmaq məqsədilə edilmirdi. Bütün dünyada duzdan qoruyucu maddə kimi istifadə edilir. Görünür, duzu qurbanla bərabər ona görə gətirirdilər ki, o nöqsansızlığı və çürüməyə qarşı sabitliyi simvollaşdırır.
(Lavililər 3:17) «“Piy və qan yeməməlisiniz. Bu, yaşadığınız hər yerdə bütün nəsilləriniz üçün həmişəlik qanundur”».
it-1-E s. 813
Piy
Qanunun səbəbi. Qanun əhdi altında qan və piy sırf Yehovaya məxsus bir şey hesab olunurdu. Qan özündə həyatı cəmləyir, onu da yalnız Yehova verə bilər, buna görə də qan Yehovaya məxsusdur (Lv 17:11, 14). Piy isə heyvanın ən yaxşı hissəsi hesab olunurdu. Yehova hər şeyi səxavətlə verən Allahdır. Buna görə də heyvanın piyini təqdim etməklə insan göstərirdi ki, ən yaxşı hissələrin Yehovaya məxsus olduğunu qəbul edir və ən yaxşı şeyi Ona vermək istəyir. Buna görə də qurbangahın üstündəki tüstü haqqında «yemək təqdiməsi» və «xoş ətir» kimi danışılırdı (Lv 3:11, 16). Bu səbəbdən piy yemək Allah üçün ayrılmış bir şeyi qanunsuz şəkildə mənimsəmək, Yehovaya məxsus şeyə əl uzatmaq sayılırdı. Piy yemək ölümlə cəzalandırılırdı. Lakin qandan fərqli olaraq, piydən, ən azından ölmüş və ya parçalanmış heyvanın piyindən başqa məqsədlər üçün istifadə etmək olardı (Lv 7:23—25).
“Levililər” kitabından diqqətəlayiq fikirlər
3:17. İsraillilərə heyvanın ən yaxşı və ən qiymətli hissəsi sayılan piydən yemək qadağan edilmişdi. Bu qadağa, görünür, heyvanın ən yaxşı hissəsinin Yehovaya məxsus olduğunu aydın surətdə başa düşməkdə xalqa kömək edirdi (Təkvin 45:18). Bu bizə onu xatırladır ki, biz malik olduğumuz şeylərin ən yaxşısını Yehovaya verməliyik (Süleymanın məsəlləri 3:9, 10; Koloslulara 3:23, 24).
Müqəddəs Kitab qiraəti
(Lavililər 1:1—17) Yehova Hüzur çadırından Musanı çağırıb dedi: 2 «İsrail oğullarına belə söylə: “Yehovaya heyvan qurban gətirəndə heyvanı mal-qaradan və ya qoyun-keçidən gətirməlisiniz. 3 Mal-qaradan yandırma qurbanı təqdim edən adam sağlam erkək heyvan seçməlidir. Bu qurbanı könül xoşluğuyla Hüzur çadırının girişinə gətirib Yehovanın hüzurunda təqdim etməli 4 və əlini heyvanın başına qoymalıdır. Beləcə, qurban onun günahlarının kəffarəsi kimi qəbul olunacaq. 5 Sonra bu cavan buğa Yehovanın önündə kəsilməlidir. Kahinlər, Harun oğulları qanı gətirib Hüzur çadırının girişinin yanında olan qurbangahın üstünə hər tərəfdən çiləməlidirlər. 6 Heyvan soyulub parçalara bölünməlidir. 7 Kahinlər qurbangahda od qalamalı və üstünə odun yığmalıdırlar. 8 Odunun üstündən başı, böyrək piyini və qurbanın parçalarını düzməlidirlər. 9 Heyvanın bağırsaqları və ayaqları yuyulmalıdır. Kahin bunların hamısını qurbangahda yandırma qurbanı kimi yandırmalıdır. Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir. 10 Yandırma qurbanını qoyun-keçidən təqdim edən adam sağlam erkək heyvan seçməlidir. 11 Heyvan Yehovanın önündə qurbangahın şimal tərəfində kəsilməlidir. Kahinlər qanı hər tərəfdən qurbangahın üstünə çiləsinlər. 12 Heyvanın başı kəsilməli, böyrək piyi çıxarılmalı, cəmdək isə parçalara bölünməlidir. Kahin onları qurbangahdakı odunların üstünə düzməlidir. 13 Heyvanın bağırsaqları və ayaqları yuyulmalıdır. Kahin bunların hamısını qurbangahda yandırsın. Bu, yandırma qurbanıdır, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir. 14 Yandırma qurbanı kimi Yehovaya quş təqdim edən adam isə qumru quşu və ya bala göyərçin gətirməlidir. 15 Kahin quşu qurbangahın yanına gətirməli, boğazını dırnağı ilə yırtıb qurbangahda yandırmalıdır. Qanını isə qurbangahın bir divarından axıtmalıdır. 16 O, quşun çinədanını çıxarıb tüklərini yolmalı və qurbangahın şərq tərəfinə, küllüyə atmalıdır. 17 Kahin quşu qanadlarının altından yarmalı, amma iki yerə bölməməlidir. Sonra onu qurbangahda yanan odunların üstündə yandırmalıdır. Bu, yandırma qurbanıdır, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.
İki xırda pulun dəyəri
Luka 21:4 ayəsi üçün olan şərh
dolanmaq üçün nəyi vardısa, hamısını verdi: Dul qadının xəzinə qabına atdığı pul, «iki lepta» bir günlük əməkhaqqının altmış dörddə bir hissəsi idi. Lepton həmin vaxt İsraildə işlənən ən kiçik pul idi. Mt 10:29 ayəsinə əsasən, bir assariona (səkkiz leptaya bərabərdir) iki sərçə almaq olardı. Sərçə isə yeməli quşlardan ən ucuzu idi. Deməli, bu dul qadının bir sərçənin qiymətinin yarısı qədər pulu var idi. Bu pul bir nəfərlik yeməyə də çatmırdı.
16—22 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 4, 5
«Yehovaya ən yaxşısını verin»
(Lavililər 5:5, 6) Kim bu şeylərdə günahkar olsa, günahını açıb etiraf etməlidir. 6 Həmçinin etdiyi günaha görə Yehovaya təqsir qurbanı, yəni qoyun-keçidən bir dişi heyvan — bir quzu, yaxud bir cavan keçi təqdim etməlidir. Bu, günah qurbanıdır. Sonra kahin onun üçün günahının kəffarəsini versin.
it-2-E s. 527, abz. 9
Qurban və təqdimələr
Təqsir qurbanı. Təqsir qurbanı həm də günaha görə gətirilən qurban idi, çünki hər cür təqsir özünə günahı daxil edir. Təqsir qurbanını xüsusi günahlarda təqsirkar olan adam gətirirdi. Bu qurban digər günah qurbanlarından cüzi fərqlənirdi. Belə ki, bu qurban qarşı tərəfi razı salmaq və ya haqqını bərpa etmək üçün idi. Bu qurbanı ya Yehovanın haqqını, ya da Onun müqəddəs xalqının haqqını tapdalayanda gətirirdilər. Təqsir qurbanını Yehovanın pozulmuş haqqını bərpa etmək, yaxud tövbə etmiş günahkara müəyyən hüquqları qaytarmaq və onu etdiyi günahın cəzasından azad etmək üçün gətirirdilər. (Əlaqələndir: Əş 53:10.)
(Lavililər 5:7) Əgər onun qoyun gətirməyə gücü çatmırsa, günahına görə təqsir qurbanı olaraq Yehovaya iki qumru quşu, yaxud iki bala göyərçin təqdim etsin, birini günah qurbanı kimi, o birini isə yandırma qurbanı kimi.
w09-E 1/6 s. 26, abz. 3
Anlayışlı Allah
Qanunda Yehovanın insanlara anlayışla yanaşdığı aydın görünür. Orada yazılıb: «Əgər onun qoyun gətirməyə gücü çatmırsa, günahına görə təqsir qurbanı olaraq Yehovaya iki qumru quşu, yaxud iki bala göyərçin təqdim etsin» (ayə 7). «Əgər... gücü çatmırsa» ifadəsini «əgər əli çatmırsa» kimi də tərcümə etmək olar. Əgər israilli yoxsul olduğu üçün qoyun gətirməyə gücü çatmırdısa, Allah məmnuniyyətlə ondan imkanının yol verdiyi şeyi, iki qumru quşunu, yaxud iki göyərçini qəbul edirdi.
(Lavililər 5:11) Əgər onun iki qumru quşu və ya iki bala göyərçin gətirməyə də gücü çatmırsa, günahına görə efanın onda biri qədər narın unu günah təqdiməsi olaraq gətirsin. Ona nə yağ qatmalıdır, nə də üstünə kündür qoymalıdır, çünki bu, günah təqdiməsidir.
w09-E 1/6 s. 26, abz. 4
Anlayışlı Allah
Bəs əgər insanın heç iki quşa da gücü çatmırdısa, onda necə? Qanunda deyilirdi ki, onda o, «günahına görə efanın onda biri qədər [səkkiz, yaxud doqquz fincan] narın unu günah təqdiməsi olaraq gətirsin» (ayə 11). Bəli, çox kasıblar üçün Yehova güzəştə gedirdi və qansız günah qurbanı gətirməyə icazə verirdi. İsraildə kasıb olmaq heç kəsi günahları üçün kəffarə verməkdən, Allahla sülhdə olmaqdan məhrum etmirdi.
Hikmət xəzinəsindən incilər
(Lavililər 5:1) Əgər kimsə hansısa günahın şahidi olar, bununla bağlı nə isə bilər və ya görərsə, amma şəhadət vermək üçün çağırış olanda bildiyini açıb deməzsə, günahına görə cavab verməli olacaq.
Yehovanın sadiq xidmətçilərindən örnək alın
14 İki od arasında qalanda mülayimlik sizə kömək edə bilər. Məsələn, tutaq ki, hansısa həmimanlının ciddi günah işlətdiyini dəqiq bilirsiniz. Sizə elə gələ bilər ki, ona sadiq qalmalısınız. Əgər o, sizin yaxın dostunuz və ya qohumunuzdursa, bu hiss sizdə lap güclü ola bilər. Amma günahı ört-basdır etsəniz, Allaha sədaqətsizlik göstərəcəksiniz. Halbuki siz ən birinci Yehovaya sadiq olmalısınız. Ona görə də Natan peyğəmbər kimi, mülayim, eyni zamanda qəti olun. Dostunuzu, yaxud qohumunuzu ağsaqqallardan kömək istəməyə təşviq edin. Əgər müəyyən vaxt ərzində o, bunu etməsə, onda Allaha sədaqətdən irəli gələrək özünüz məsələni ağsaqqallara danışmalısınız. Belə etməklə siz həm Yehovaya sadiq qalacaqsınız, həm də dostunuza, qohumunuza yaxşılıq edəcəksiniz. Axı məsihi ağsaqqallar onu mülayimcəsinə düzəltməyə çalışacaqlar. (Lavililər 5:1; Qalatiyalılara 6:1 ayələrini oxuyun.)
(Lavililər 5:15, 16) «Əgər kimsə xətaya yol verib Yehovanın müqəddəs saydığı şeylərə qarşı bilmədən günah işləyərsə, Yehovaya təqsir qurbanı olaraq sağlam qoç gətirməlidir. Qoçun gümüş şekellə dəyəri müqəddəs məkan şekeli ilə müəyyən edilməlidir. 16 Həmin adam müqəddəs məkana qarşı işlədiyi günahın qarşılığını, üstəlik onun beşdə birini ödəməlidir. Bu məbləği kahinə verməlidir ki, kahin təqsir qurbanı olan qoçla onun üçün kəffarə versin. Beləcə, onun günahı bağışlanacaq.
it-1-E s. 1130, abz. 2
Müqəddəslik
Heyvanlar və məhsul. İnəyin, qoyunun və keçinin ilk doğulan erkək balası Yehovanın gözündə müqəddəs idi, onlar üçün fidyə alınmamalı idi. Onlar qurban gətirilməli idi, bir hissəsi isə kahinlərə verilməli idi (Sy 18:17—19). Nübar və ondabirlər, eləcə də bütün qurbanlar və müqəddəs məkandakı xidmət üçün ayrılmış bütün bəxşişlər müqəddəs idi (Çx 28:38). Yehova üçün ayrılmış hər şey müqəddəs idi, onlara barmaqarası baxmaq, adi məqsədlər üçün istifadə etmək olmazdı. Misal üçün, götürək ondabirlə bağlı qanunu. Əgər kimsə nəyinsə, məsələn, buğdanın onda birini ayırıb kənara qoysaydı, sonra isə özü, yaxud evindəkilərdən kimsə bilmədən ondan götürüb nə üçünsə işlətsəydi, tutaq ki, bişirsəydi, həmin adam Allahın müqəddəs şeylərlə bağlı qanununu pozmaqda günahkar olacaqdı. Qanuna əsasən, o, vurduğu zərərin qarşılığını, üstünə də həmin dəyərin 20 faizini əlavə edib müqəddəs məkana verməli, həmçinin sürüsündən sağlam qoç qurban gətirməli idi. Beləliklə, xalqa Yehovaya məxsus olan müqəddəs şeylərə qarşı dərin hörmət aşılanırdı (Lv 5:14—16).
Müqəddəs Kitab qiraəti
(Lavililər 4:27—5:4) Xalqın içindən kimsə bilmədən Yehovanın qadağan etdiyi işi görüb günaha batarsa, 28 yaxud günah işlədiyindən xəbər tutarsa, onda işlədiyi günaha görə qurban olaraq sağlam, cavan dişi keçi gətirməlidir. 29 O, əlini keçinin başına qoymalı və onu yandırma qurbanları kəsilən yerdə kəsməlidir. 30 Kahin barmağını qana batıraraq yandırma qurbanı üçün olan qurbangahın buynuzlarına çəksin. Qalan qanı isə qurbangahın dibinə töksün. 31 O, ünsiyyət qurbanının piyi kimi, bu heyvanın da bütün piyini çıxarıb Yehovaya xoş olan ətir kimi qurbangahda yandırmalıdır. Beləliklə, kahin o adam üçün kəffarə vermiş olacaq və onun günahı bağışlanacaq. 32 Əgər o, günah qurbanı kimi quzu gətirmək istəsə, sağlam dişi heyvan gətirməlidir. 33 O, əlini quzunun başına qoymalı və onu yandırma qurbanları kəsilən yerdə günah qurbanı olaraq kəsməlidir. 34 Kahin barmağını qana batıraraq yandırma qurbanı üçün olan qurbangahın buynuzlarına çəksin. Qalan qanı isə qurbangahın dibinə töksün. 35 O, ünsiyyət qurbanı olaraq gətirilən cavan qoçun piyi kimi, bu heyvanın da bütün piyini çıxarmalı və qurbangahda, Yehova üçün odda yandırılan təqdimələrin üstündə yandırmalıdır. Beləliklə, kahin onun üçün işlədiyi günahın kəffarəsini vermiş olacaq və onun günahı bağışlanacaq.
5 Əgər kimsə hansısa günahın şahidi olar, bununla bağlı nə isə bilər və ya görərsə, amma şəhadət vermək üçün çağırış olanda bildiyini açıb deməzsə, günahına görə cavab verməli olacaq. 2 Kim, hətta özünün xəbəri olmadan belə, murdar bir şeyə — napak vəhşi heyvanın, napak ev heyvanının leşinə, yaxud napak qaynaşan məxluqun ölüsünə toxunarsa, murdarlanacaq və günaha batacaq. 3 Əgər kimsə xəbəri olmadan insandan ifraz olunan murdarlığa, murdar əşyaya, yaxud murdar adama toxunub murdarlanarsa, bundan xəbər tutanda günahkar sayılacaq. 4 Kimsə istər yaxşılıq olsun, istərsə də pislik, nə isə etməyə tələsik, qeyri-ixtiyari and içərsə, düşünmədən and içdiyini başa düşəndə günahkar sayılacaq.
23—29 NOYABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 6, 7
«Minnətdarlıq ifadəsi»
(Lavililər 7:11, 12) Yehovaya ünsiyyət qurbanı gətirənlər üçün qanun belədir: 12 əgər kimsə bu qurbanı minnətdarlıq ifadəsi kimi gətirirsə, şükran qurbanının yanında mayasız yağlı xəmirdən halqavarı çörək, üstünə yağ çəkilmiş lavaş və narın una yağ qatılaraq yaxşı-yaxşı yoğrulub bişirilmiş halqavarı çörək gətirməlidir.
Lavililər kitabından çox şey öyrənmək olar
9 İkinci dərs. Biz Yehovaya minnətdarlıq hissindən irəli gələrək xidmət edirik. Qədim İsraildə həqiqi ibadətin digər vacib hissəsi olan ünsiyyət qurbanları minnətdarlıq hissindən irəli gələrək xidmət etməyin vacibliyini başa düşməyimizə kömək edir. Lavililər kitabından öyrənirik ki, israillilər ünsiyyət qurbanlarını «minnətdarlıq ifadəsi olaraq» gətirirdilər (Lav. 7:11—13, 16—18). İsrailli bu qurbanı tələb olduğu üçün yox, ürəyindən keçdiyi üçün təqdim edirdi. Belə ki, bu, hər bir israillinin Yehovaya sevgisindən irəli gələrək gətirdiyi könüllü qurban idi. Qurban ətindən onu təqdim edən kəs, ailəsi və kahin yeyirdi. Lakin heyvanın müəyyən hissələri yalnız Yehovaya təqdim olunurdu. Bunlar hansı hissələr idi?
(Lavililər 7:13—15) Minnətdarlıq ifadəsi olaraq gətirilən ünsiyyət qurbanı ilə çörək təqdimələrinin yanında mayalı xəmirdən bişirilmiş halqavarı çörək də gətirilməlidir. 14 Həmin adam bu çörəklərin hərəsindən bir dənəsini Yehovaya müqəddəs pay olaraq gətirməlidir. Bunlar ünsiyyət qurbanının qanını çiləyən kahinin olacaq. 15 Minnətdarlıq ifadəsi olaraq gətirilən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilməlidir. Ondan səhərə saxlamaq olmaz.
Vaxtı ilə Allaha məqbul olan qurbanlar
15 Könüllü olaraq gətirilən daha bir sovqat, Levililər kitabının 3-cü fəslində təsvir olunan əmin-amanlıq qurbanı idi. Qədim ibrani dilində “əmin-amanlıq” sözü, müharibə və ya qarışıqlığın olmamasından daha böyük mə’na kəsb edir. Bir əsərdə deyilir: “Müqəddəs Kitabda bu söz həm belə mə’na verir, həm də Allahla qurulan əmin-amanlıq vəziyyətini və ya əmin-amanlıq münasibətini, tərəqqini, sevinci və xoşbəxtliyi bildirir” (“Studies in the Mosaic Institutions”). Beləliklə, əmin-amanlıq qurbanı, sanki barışıqlıq əlaməti olaraq, Allahla sülh yaratmaq üçün təqdim edilmirdi. Bu qurbanlıq, Allahın iltifat göstərdiyi insanlarla Özü arasında olan sülh xeyir-duasına görə minnətdarlığı ifadə etmək və ya bu hissə görə yaranan sevinci göstərmək üçün gətirilirdi. Kahinlər və qurbanı gətirənlər, qurbanın qanını və piyini Yeqovaya təqdim etdikdən sonra, qurbanlıqdan yeyirdilər (Levililər 3:17; 7:16—21; 19:5—8). Qurban gətirənlər, kahinlər və Yeqova Allah, onların arasında olan əmin-amanlığı ifadə edən bu süfrədə iştirak edirdilər. Bütün bunlar gözəl və simvolik idi.
(Lavililər 7:20) Lakin murdar ola-ola Yehovaya gətirilən ünsiyyət qurbanının ətindən yeyən adam xalqın arasından yox edilməlidir.
Yeqovaya məqbul həmd qurbanları
8 Bəs qurbanı gətirən şəxs haqqında nə deyilir? Qanunda göstərilirdi ki, Yeqovanın qarşısına gələn hər bir kəs təmiz və ləkəsiz olmalıdır? Müəyyən bir səbəbdən natəmiz olan kəs, Yeqovanın qarşısında yenidən təmiz olsun deyə, əvvəlcə günah üçün qurban və yaxud taqsırkarlıq qurbanı təqdim etməli idi. Onun bütöv şəkildə yandırılmağa təqdim etdiyi qurbanı və ya əmin-amanlıq qurbanını Allah yalnız o zaman qəbul edərdi (Levililər 5:1—6, 15, 17). Bunu nəzərə alaraq, Yeqovanın qarşısında həmişə təmiz qalmağın nə qədər vacib olduğunu dərk edirikmi? Əgər ibadətimizin Allah tərəfindən qəbul olunmasını istəyiriksə, Onun qanunlarında hər hansı bir səhvə yol verəndə, bacardığımız qədər tez düzəlməliyik. Belə hallarda ləngimədən, Allahın təqdim etdiyi kömək vasitələrinə — “cəmiyyətinin ağsaqqallarına” və “əfv tə’min edən qurban” olan İsa Məsihə müraciət etməliyik (Yaqub 5:14; 1 Yəhya 2:1, 2).
Hikmət xəzinəsindən incilər
(Lavililər 6:13) Qurbangahdakı od həmişə yanmalı, heç vaxt sönməməlidir.
it-1-E s. 833, abz. 1
Od
Müqəddəs çadır və məbədlə bağlı. Müqəddəs çadırda, sonralar isə məbəddə ibadət icra edilərkən alov mühüm rol oynayırdı. Hər gün səhər və qaş qaralan vaxt baş kahin buxur qurbangahının üstündə buxur yandırmalı idi (Çx 30:7, 8). Allahın qanununa əsasən, yandırma qurbanı üçün olan qurbangahda od həmişə yanmalı idi (Lv 6:12, 13). Yəhudilərdə belə bir rəvayət var ki, qurbangahdakı odu ilk dəfə Allah möcüzəvi surətdə yandırmışdı. Bu rəvayət həqiqət kimi qəbul olunsa da, əslində, Müqəddəs Kitabda təsdiqini tapmır. Lap əvvəldə Yehova Musaya buyurmuşdu ki, Harunun oğulları qurbanı qurbangaha qoymazdan əvvəl qurbangahda od qalasınlar və üstünə odun yığsınlar (Lv 1:7, 8). Harun nəslinin kahinliyə təyin edilməsindən sonra və deməli, kahinlik qurbanları gətiriləndən sonra Yehovanın hüzurundan, çox güman ki, müqəddəs çadırın üstündəki buluddan alov çıxmış, qurbangahdakı qurbanı yandırıb külə döndərmişdi. Deməli, alov möcüzəvi surətdə qurbangahdakı odunları yox, qurbangahdakı yandırma qurbanını və piyi yandırıb külə döndərmişdi. Beləliklə, Allahın hüzurundan gələn odla əvvəlcədən qurbangahda qalanmış od bir-birinə qarışıb yanmağa davam etmişdi (Lv 8:14—9:24). Buna bənzər şəkildə Süleyman məbədin həsr olunması zamanı dua edəndən dərhal sonra Yehovanın göndərdiyi möcüzəvi alov qurbanları udmuşdu (2Sm 7:1). Bəndələrinin qurbanlarını qəbul edərkən Yehovanın möcüzəvi surətdə alov göndərməsinə dair digər nümunələri növbəti ayələrdən oxuya bilərsiniz: Hk 6:21; 1Pd 18:21—39; 1Sm 21:26.
(Lavililər 6:25) «Haruna və oğullarına belə de: “Günah qurbanına dair qanun belədir: günah qurbanı kimi gətirilən heyvanı Yehovanın önündə, yandırma qurbanı kimi gətirilən heyvanın kəsildiyi yerdə kəsmək lazımdır. Günah qurbanı son dərəcə müqəddəsdir”».
si-E s. 27, abz. 15
Müqəddəs Yazıların kitabı nömrə 3 — Lavililər
15 3) Günah qurbanı bilmədən, yaxud səhvən edilən günahlar üçün tələb olunurdu. Günah qurbanı olaraq müxtəlif növ heyvanlar qurban gətirilirdi. Bu, kahinin, bütün xalqın, başçının, yoxsa adi insanın günahı üçün kəffarə verilməsindən asılı idi. Könüllü olan yandırma və ünsiyyət qurbanlarından fərqli olaraq, günah qurbanı məcburi idi (4:1—35; 6:24—30).
Müqəddəs Kitab qiraəti
(Lavililər 6:1—18) Yehova sözünə davam edib Musaya dedi: 2 «Kim ona əmanət olunan şeylə bağlı başqasını aldadar, yaxud kimdənsə nəsə oğurlayarsa, kiməsə fırıldaq gələrsə, 3 itmiş bir şeyi tapıb onunla bağlı yalan danışarsa və bu günahlardan birini etdiyi halda yalandan and içərsə, Yehovaya sədaqətsizlik göstərib günah işləmiş olacaq. 4 Bu cür günaha batan adam oğurladığını, zorla və ya fırıldaqla ələ keçirdiyini, ona əmanət olunan və ya tapdığı itmiş şeyi, 5 yaxud haqqında yalandan and içdiyi şeyi qaytarmalıdır. Zərərin dəyəri tam həcmdə sahibinə ödənilməli və üstünə dəyərin beşdə biri əlavə edilməlidir. Təqsirkar bunu günahı sübuta yetirilən gün etməlidir. 6 O həmçinin təyin edilmiş dəyərə müvafiq bir qoç götürüb Yehovaya təqsir qurbanı kimi kahinin yanına gətirməlidir. 7 Kahin Yehovanın önündə onun üçün kəffarə verməlidir. Beləcə, onu günaha batıran əməli bağışlanacaq». 8 Yehova sözünə davam edib Musaya dedi: 9 «Haruna və oğullarına bu əmri çatdır: “Yandırma qurbanına dair qanun belədir: yandırma qurbanı bütün gecəni səhərədək qurbangahdakı odun üstündə qalmalıdır. Qurbangahdakı od aramsız yanmalıdır. 10 Kahin xidmət üçün olan kətan paltarını və kətan tumanını geyinməlidir. Sonra qurbangahdan yandırma qurbanının külünü təmizləyib qurbangahın yanına yığmalıdır. 11 Sonra isə əynini dəyişib külü düşərgədən kənara, pak yerə aparmalıdır. 12 Qurbangahdakı od həmişə yanmalı, sönməməlidir. Kahin hər səhər ora odun atmalı, üstünə yandırma qurbanını düzməli, həmçinin orada ünsiyyət qurbanının piyini yandırmalıdır. 13 Qurbangahdakı od həmişə yanmalı, heç vaxt sönməməlidir. 14 Taxıl təqdiməsinə dair qanun belədir: Harun oğulları onu Yehovanın hüzurunda, qurbangahın qarşısında təqdim etməlidirlər. 15 Onlardan biri taxıl təqdiməsindən — yağ qatılmış narın undan bütün kündürü ilə bir yerdə bir ovuc götürüb qurbangahda ətri Yehovaya xoş olan xatirə təqdiməsi kimi yandırmalıdır. 16 Qalanını Harun və oğulları yeyəcək. Ondan mayasız çörək bişirib müqəddəs yerdə — Hüzur çadırının həyətində yeməlidirlər. 17 Ona maya qatılmamalıdır. Mənə odda yandırılaraq gətirilən təqdimələrdən bunu kahinlərə pay verirəm. Günah qurbanı və təqsir qurbanı kimi o da son dərəcə müqəddəsdir. 18 Harun nəslindən olan bütün kişi xeylaqları ondan yeyə bilər. Bu, Yehovaya odda yandırılaraq gətirilən təqdimələrdən onların nəsillərinə verilən həmişəlik paydır. Bu təqdimələrin dəydiyi hər şey müqəddəs olacaq”».
30 NOYABR — 6 DEKABR
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LAVİLİLƏR 8, 9
«Yehovanın razılığına əlamət»
(Lavililər 8:6—9) O, Harunla oğullarını çağırıb su ilə yuyunmağı tapşırdı. 7 Sonra Haruna alt köynəyi geyindirib kəməri belinə bağladı. Üstündən qolsuz köynək ilə döşlüyü geyindirdi və döşlüyün qurşağını kip bağladı. 8 Döşlüyün üstündən sinəbəndi taxdı və Urimlə Tummimi onun içinə qoydu. 9 Əmmaməni Harunun başına qoydu və əmmamənin qabaq tərəfinə müqəddəs lövhəciyi, parlaq qızıl lövhəciyi bərkitdi. Hər şeyi Yehovanın əmr etdiyi kimi etdi.
(Lavililər 8:12) Axırda Harunu müqəddəs etmək üçün məsh yağından başına töküb onu məsh etdi.
it-1-E s. 1207
Kahinliyə təyin olunma
Musa Haruna və oğulları Nadab, Abihu, Əlyazar və İsamara çadırın həyətindəki mis çənin yanında yuyunmağı tapşırdı, sonra isə Haruna baş kahin geyimini geyindirdi (Sy 3:2, 3). Harunun əynindəki gözəl geyim bu vəzifəni daşıyan adamın məsuliyyətlərini və əks etdirməli olduğu gözəl keyfiyyətləri təmsil edirdi. Sonra Musa çadırı, içində olan hər şeyi, bütün avadanlığı, yandırma qurbanı üçün olan qurbangahı, çəni və onların avadanlığını məsh etdi. Bununla da onlar müqəddəs oldular, yəni yalnız Allaha xidmətdə istifadə etmək üçün ayrıldılar. Sonda Musa Harunun başına yağ töküb onu məsh etdi (Lv 8:6—12; Çx 30:22—33; Zb 133:2).
(Lavililər 9:1—5) Səkkizinci gün Musa Harunla oğullarını və İsrail xalqının ağsaqqallarını bir yerə toplayıb 2 Haruna dedi: «Özün üçün günah qurbanı kimi sağlam bir dana və yandırma qurbanı kimi sağlam bir qoç götürüb Yehovanın önünə gətir. 3 İsrail oğullarına isə belə söylə: “Günah qurbanı üçün bir təkə, yandırma qurbanı üçün isə ikisi də birillik olan bir dana və bir erkək toğlu götürün. 4 Yehovanın önündə ünsiyyət qurbanı kimi kəsmək üçün bir buğa, bir qoç, bir də yağla yoğrulmuş taxıl təqdiməsi götürün. Çünki bu gün Yehova sizə görünəcək”». 5 Onlar Musanın dediyi hər şeyi Hüzur çadırının qarşısına gətirdilər. Sonra bütün icma gəlib Yehovanın hüzurunda durdu.
it-1-E s. 1208, abz. 8
Kahinliyə təyin olunma
Səkkizinci gün, artıq tam hazır olan və kahinliyə təyin olunan kahinlər ilk dəfə kahinlik xidmətini icra etdilər (Musanın köməyi olmadan). Onlar təmizlənməyə xüsusi tələbatı olan İsrail xalqı üçün kəffarə verdilər. Xalqın sadəcə günahlı olduğuna görə yox, bir az əvvəl qızıl dana düzəldib Yehovanı qəzəbləndirdiyinə görə buna ehtiyacı var idi (Lv 9:1—7; Çx 32:1—10). Yeni təyin olunmuş kahinlərin ilk xidmətinin sonunda Yehova onların xidmətindən razı qaldığını və təsdiqlədiyini göstərdi: möcüzəvi surətdə alov göndərdi. Şübhəsiz, çadırın üstündəki bulud sütunundan çıxan bu alov qurbangahda qalan qurbanın qalıqlarını yandırıb külə döndərdi (Lv 9:23, 24).
(Lavililər 9:23, 24) Musa ilə Harun Hüzur çadırına girdilər, sonra isə çıxıb xalqa xeyir-dua verdilər. Bütün xalqa Yehovanın calalı göründü. 24 Yehovanın hüzurundan alov çıxıb qurbangahdakı yandırma qurbanını və piyi yandırıb külə döndərdi. Bu an hər yandan sevinc nidaları eşidildi və xalq üzüstə yerə döşəndi.
Lavililər kitabından çox şey öyrənmək olar
13 Dördüncü dərs. Yehova təşkilatının yerüzü hissəsinin işini avand edir. Eramızdan əvvəl 1512-ci ildə Sina dağının ətəyində Müqəddəs çadır qurulan zaman baş verənlərə diqqət yetirək (Çıx. 40:17). Musa peyğəmbər Harunla oğullarını kahin kimi təyin etmək üçün mərasim təşkil edir. İsrail xalqı kahinlərin ilk heyvan qurbanlarını təqdim etməsinə tamaşa etmək üçün toplaşır (Lav. 9:1—5). Yehova kahinliyin təsis olunmasından razı olduğunu necə göstərir? Harunla Musa xalqa xeyir-dua verəndən sonra Yehova qurbangahın üstündəki təqdimələri yandırmaq üçün od göndərir. (Lavililər 9:23, 24 ayələrini oxuyun.)
Hikmət xəzinəsindən incilər
(Lavililər 8:6) O, Harunla oğullarını çağırıb su ilə yuyunmağı tapşırdı.
Nə üçün müqəddəs olmalıyıq?
6 İsrailli kahinlərə fiziki təmizliklə bağlı verilən tələb Yehovanın müasir xalqı üçün də əhəmiyyətlidir. Müqəddəs Kitabı öyrətdiyimiz insanlar da ibadət yerlərimizin və əyin-başımızın təmiz və səliqəli olduğunu vurğulayırlar. Lakin kahinlərin təmizliyi göstərir ki, Yehovaya ibadətin uca dağına çıxan kəsin əsas qəlbi təmiz olmalıdır. (Məzmur 24:3, 4 ayələrini oxu; Yeşaya 2:2, 3.) Biz müqəddəs xidməti təmiz bədənlə yanaşı, təmiz əql və təmiz ürəklə icra etməliyik. Buna görə də vaxtaşırı özümüzü yoxlayıb müqəddəs qalmaq üçün lazımi dəyişikliklər etməliyik (2 Kor. 13:5). Misal üçün, bilə-bilə pornoqrafiyaya baxan vəftiz olunmuş məsihçi özündən soruşmalıdır: «Özümü müqəddəs hesab edə bilərəm?» Sonra o, iyrənc əmələ son qoymaq üçün kömək istəməlidir (Yaq. 5:14).
(Lavililər 8:14—17) Sonra o, günah qurbanı üçün olan buğanı gətirdi. Harun və oğulları əllərini onun başına qoydular. 15 Musa heyvanı kəsdi, barmağını qana batırıb qurbangahın buynuzlarına çəkdi və qurbangahı pak etdi. Qanın qalanını isə qurbangahın dibinə tökərək onu müqəddəs etdi ki, üstündə qurban gətirə bilsinlər. 16 Bundan sonra o, bağırsaqların və qaraciyərin üstündəki piyi, hər iki böyrəyi və üstündəki piyi çıxardıb qurbangahda yandırdı. 17 Qalan şeyləri isə — buğanın dərisini, ətini və nəcisini düşərgədən kənarda yandırdı. Yehova necə demişdisə, elə də etdi.
it-2-E s. 437, abz. 3
Musa
Allah Musanı İsrail xalqı ilə bağladığı əhdin vasitəçisi etdi. Yeni əhdin vasitəçisi olan İsa Məsihdən başqa heç bir insanın Allahla belə yaxın münasibəti olmayıb. Musa qurbanların qanından əhd kitabının üstünə damcılatdı. Əhd kitabı əhdə daxil olan bir tərəf kimi Yehovanı təmsil edirdi. Həmçinin əhdə daxil olan digər tərəf kimi xalqın (şübhəsiz, xalqı təmsil edən ağsaqqalların) üstünə damcılatdı. O, əhd kitabından xalqa oxudu, xalq cavab verdi: «Yehovanın bizə söylədiyi hər şeyə əməl etməyə hazırıq» (Çx 24:3—8; İb 9:19). Vasitəçi vəzifəsində olan Musa müqəddəs çadırın, əşyalarının Allahın ona göstərdiyi nümunəyə əsasən düzəldilməsinə, kahinliyin təyin edilməsinə, çadırın və baş kahin Harunun xüsusi yağla məsh edilməsinə nəzarət etdi. Sonra isə yeni təyin olunmuş kahinlərin ilk xidmətlərini icra etməsinə nəzarət etdi (Çx fəs. 25—29; Lv fəs. 8, 9).
Müqəddəs Kitab qiraəti
(Lavililər 8:31—9:7) Sonra Musa Harunla oğullarına dedi: «Qoçun ətini Hüzur çadırının girişində suda bişirin və səbətdəki çörəklə elə oradaca yeyin. Mənə: “Qoy Harunla oğulları onu yesin”,— deyə əmr olunub. 32 Qurbanın ətindən və çörəkdən səhərə qalanı yandırın. Kahinliyə təyin edilmə müddəti başa çatana qədər, yeddi gün Hüzur çadırından aralanmayın. 33 Kahinliyə təyin edilməniz yeddi gün çəkəcək. 34 Kəffarəniz üçün Yehova əmr edib ki, bu gün etdiyimizi qalan günlər də edək. 35 Yeddi gün, yeddi gecə Hüzur çadırının yanında olun və Yehovanın qarşısında borcunuzu yerinə yetirin, yoxsa öləcəksiniz. Mənə belə əmr olunub». 36 Yehova Musaya nə buyurmuşdusa, Harunla oğulları hamısını etdilər.
9 Səkkizinci gün Musa Harunla oğullarını və İsrail xalqının ağsaqqallarını bir yerə toplayıb 2 Haruna dedi: «Özün üçün günah qurbanı kimi sağlam bir dana və yandırma qurbanı kimi sağlam bir qoç götürüb Yehovanın önünə gətir. 3 İsrail oğullarına isə belə söylə: “Günah qurbanı üçün bir təkə, yandırma qurbanı üçün isə ikisi də birillik olan bir dana və bir erkək toğlu götürün. 4 Yehovanın önündə ünsiyyət qurbanı kimi kəsmək üçün bir buğa, bir qoç, bir də yağla yoğrulmuş taxıl təqdiməsi götürün. Çünki bu gün Yehova sizə görünəcək”». 5 Onlar Musanın dediyi hər şeyi Hüzur çadırının qarşısına gətirdilər. Sonra bütün icma gəlib Yehovanın hüzurunda durdu. 6 Musa dedi: «Yehovanın buyurduğu bu şeyi edin ki, Yehovanın calalı sizə görünsün». 7 Sonra Haruna dedi: «Qurbangaha yaxınlaş və özün üçün günah qurbanı ilə yandırma qurbanı təqdim et, özün və evin üçün kəffarə ver. Xalqın təqdiməsini gətir və Yehovanın əmr etdiyi kimi, onlar üçün kəffarə ver».