Tanış olun: ələkeçməz Barxan Pişiyi
Barxan pişiyinin boğazlıq dövrü təxminən iki ay çəkir, orta hesabla üç bala doğur
ZÜLMƏT gecə. Səhranın düz göbəyi. Barxan pişiyi öz yuvasından çıxır, ayaq saxlayıb ətrafa boylanır, qulaqlarını şəkləyir. Sonra çömələrək səssizcə qumsallıqda səfərinə başlayır.
Barxan pişiyi qəflətən aqibətindən bixəbər olan şikarının — qum siçanının üstünə tullanır. Sonra ovçu bu minvalla gecə səfərinə davam edir, hərdən daha çox ov tutmaq üçün yerindən sıçrayır. Yediyini yeyir, yemədiyini isə quma basdırır. Dan yeri söküləndə yuvasına qayıdır. Gün ərzində tək-tük halda çölə çıxır. Gəlin bu ələkeçməz pişik haqda bəzi məqamlara diqqət yetirək.
Şikarı qumun altında olsa belə, pişik iti eşitmə qabiliyyəti sayəsində onun yerini müəyyən edə bilir
Dişinin yerini müəyyən etmək üçün erkək it kimi, bərkdən hürür. Həssas eşitmə qabiliyyətinə malik dişi pişik isə ən uzaq məsafədən belə bu səsi eşidir
Pəncələri tüklü olduğundan qumda batmır, hətta qaynar qumda belə pəncələri yanmır
Qulağının daxili səthi qalın ağ tüklərlə örtülüdür. Bu, pişiyin qulaqlarını küləyin havaya sovurduğu qumdan qoruyur
Pəncələrinin yastıqları sıx tük örtüyü ilə örtülü olduğundan qumda gəzərkən, demək olar ki, ayaq izləri qalmır, buna görə də onun izinə düşmək çətindir
Suya olan tələbatını yediyi şikarının hesabına təmin edərək sağ qala bilər
Qaraqum səhrasında qumun temperaturu 80°C-yə çatır. Bəzən isə havanın temperaturu –25°C-yə düşür