Söhbəti kəsən e’tirazlara cavab vermək üsulları
Qeydlər. İnsanların gələcəyi, Yehova Allaha və Onun Məsih İsa tərəfindən idarə olunan Padşahlığına göstərdikləri münasibətlərindən asılıdır. Allahın Padşahlığı haqqındakı xəbər valeh etməklə yanaşı, bəşəriyyət üçün olan yeganə e’tibarlı ümidi də təqdim edir. Bu xəbər insan həyatını kökündən dəyişir. Buna görə də biz hər bir kəsin bu xəbəri eşitməsini istəyirik. Haqqında danışdığımız xəbəri çoxlarının qəbul etməyəcəklərini anlasaq da, hər bir kəsin şüurlu tərzdə seçim etməsi üçün hamını xəbərdar etməliyik. İnsanların hamısı bizi dinləməyəcək, biz isə heç kimi məcbur etmək niyyətində deyilik. Amma zirəklik göstərməklə, söhbəti kəsən hər hansı e’tirazı müzakirəyə çevirmək çox vaxt mümkün olur. Burada, ləyaqətli insanları fədakarlıqla axtarmaqla məşğul olan bir neçə təcrübəli Şahidin verdikləri cavaba dair nümunələr təqdim edilir (Mat. 10:11). Əsas fikirləri mənimsə, öz sözlərinlə ifadə et və onu həmsöhbətinə səmimi maraq göstərərək söylə. Əgər bu məsləhətlərə riayət etsən əmin ol ki, ürəkləri həqiqətə meylli olan insanlar qulaq asacaq və Yehovanın onlara məhəbbətlə göstərdiyi həyat yolunda məmnuniyyətlə yeriyəcəklər (Yəh. 6:44; Həv. iş. 16:14).
«BU MƏNİ MARAQLANDIRMIR»
● «İcazənizlə: Sizi Müqəddəs Kitab maraqlandırmır, yoxsa ümumiyyətlə din? Bunu ona görə soruşuram ki, biz, vaxtilə iman edən, sonra isə mə’bədlərdəki riyakarlığı görəndə (yaxud «...onlarda dinin sadəcə daha bir gəlir mənbəyi olması təəssüratı yarananda»; və ya «...dinin siyasətə qarışması onların xoşuna gəlməyəndə» və s.) oraya getməyə son qoymuş olan bir çox insanlarla rastlaşırıq. Müqəddəs Kitab bu kimi əməllərə haqq qazandırmır və gələcəyə əminliklə baxa bilməmiz üçün yeganə təməli göstərir».
● «Əgər başqa dinlə maraqlanmadığınızı nəzərdə tutursunuzsa, mən sizi çox yaxşı başa düşürəm. Ancaq mən çox əminəm ki, baş verən müharibələri nəzərə alaraq siz gələcəyimizin necə olacağı (və ya «...uşaqlarımızı narkotiklərdən necə qoruya biləcəyimiz», yaxud «...cinayətə son qoyulacaqmı və biz qorxmadan küçədə gəzə biləcəyikmi» və i.a.) məsələsinə e’tinasız yanaşmırsınız. Bu problemin həll olunacağına dair bizdə hər hansı ümid varmı?»
● «Artıq müəyyən bir dinə mənsub olduğunuz üçünmü belə deyirsiniz? [...] Necə düşünürsünüz, hamının bir dinə məxsus olacağı bir zəmanəni görəcəyikmi? [...] Sizcə, buna mane olan nədir? [...] Bunun həyata keçməsi üçün, sizcə, belə birliyin əsasını nə təşkil etməlidir?»
● «Sizi başa düşürəm. Cəmi bir neçə il öncə mən də belə fikirləşirdim. Amma Müqəddəs Kitabdan bu ayəni oxuduqdan sonra hər şeyə başqa nəzərlə yanaşdım. (Həmin ayəni Müqəddəs Kitabdan həmsöhbətinə göstər.)»
● «Məgər sizə ölən qohumlarınızı yenidən görməyin necə mümkün olduğunu (yaxud «...həyatın əsl mə’nasının nədə olduğunu» və ya «...bu kitabın ailədə birliyi qorumaqda necə kömək etdiyini» və s.) öz şəxsi Müqəddəs Kitabınızdan öyrənmək maraqlı deyilmi?»
● «Əgər səbəb sizin heç bir şey almaq istəmədiyinizdədirsə, onda mən sizi arxayın edə bilərəm. Mən alver işilə məşğul deyiləm. Amma sizi, yer üzündə olacaq Cənnətdə — artıq xəstəliklər və cinayətin mövcud olmayacağı yerdə sizi əsl mə’nada sevəcək insanlarla yaşamaq ümidi maraqlandırmırmı?»
[● «Siz Yehovanın Şahidlərinə həmişə belə cavab verirsiniz? [...] Sizdə heç təəccüb doğurmayıbmı ki, biz nəyə görə təkrar-təkrar gəlirik və sizə nə demək istəyirik? [...] Gəlməyimin məqsədini qısa olaraq izah edim: Mən elə bir mə’lumat bilirəm ki, onu sizin də bilməyiniz vacibdir. Mənim demək istədiklərimə diqqət yetirmənizi xahiş edirəm».]
«MƏNİ DİN MARAQLANDIRMIR»
● «Sizi yaxşı başa düşürəm. Çünki əslində din dünyada təhlükəsizlik yaratmayıb, elə deyilmi? [...] Bəs siz Allaha inanırsınızmı?»
● «Bir çox insanlar sizin fikrinizə şərikdir. Din onlara əhəmiyyətli bir kömək etməyib. Elə bu səbəbdən də biz insanların evlərinə gəlib, din ocaqlarının etmədiyi işi görürük — onlara Allah haqqındakı həqiqəti və Onun bəşəriyyətə dair olan gözəl niyyətlərini danışırıq».
● «Amma əminəm ki, siz də öz gələcəyinizlə maraqlanırsınız. Bugünkü dünya şəraiti barədə Müqəddəs Kitabda qabaqcadan deyildiyini siz bilirdinizmi? [...] Bu kitabda bütün bunların nəticəsi haqda da bəhs edilir».
● «Din sizi heç vaxt maraqlandırmayıb? [...] Bəs gələcək haqqında nə düşünürsünüz?»
«MƏNİ YEHOVANIN ŞAHİDLƏRİ MARAQLANDIRMIR»
● «Bir çox insanlar da sizin kimi cavab verir. Siz haçansa düşünmüsünüzmü ki, əksəriyyət tərəfindən qəbul olunmayacaqlarını əvvəlcədən bilsələr də, mənim kimi neçə-neçə insanları könüllü surətdə ev sahiblərinin yanına gəlməyə təşviq edən nədir? (Matta 25:31-33 ayələrinin məğzini danışaraq izah et ki, indi bütün xalqlardan olan insanlar bölünür və bu bölünmə, onların Padşahlıq haqqındakı xəbərə olan münasibətləri əsasında baş verir. Yaxud, Hezekiel 9:1-11 ayələrini sitat gətir və başa sal ki, Padşahlıq haqqındakı xəbərə göstərdikləri münasibət əsasında onlara «işarə qoyulacaq» — ya böyük məşəqqətdə xilas olunmaq üçün, ya da Allah tərəfindən məhv edilmək üçün.)»
●«Sizi yaxşı başa düşürəm, çünki əvvəllər mən də belə fikirləşirdim. Amma, sözün düzü, sadəcə nəzakət naminə onlardan birinə qulaq asmaq qərarına gəldim. Və mənə aydın oldu ki, Şahidlər haqqında səhv təsəvvürə malikəmmiş. (Yayılmış hər hansı yanlış fikri söylə və sonra əslində nəyə inandığımızı izah et.)»
● «Vaxtilə evimə gələn bir Şahidə mən də eyni tərzdə cavab vermişdim. Ancaq o getməzdən öncə ona bir sual verdim və əmin idim ki, bu suala cavab verə bilməyəcək. Bilirsinizmi hansı sual idi? [...] (Misal üçün: Qabil arvadını haradan almışdı?)» (Yalnız doğrudan da belə hadisə ilə qarşılaşan kəslər üçündür.)
● «Əgər artıq müəyyən bir dinə qulluq edirsinizsə, mən sizi çox yaxşı başa düşürəm. Şübhəsiz ki, dininiz sizə çox əzizdir. Amma düşünürəm ki, bu mövzu (müvafiq bir mövzunu adlandır) hər ikimizi də maraqlandırır».
[● «Onda, sizin öz dininiz olduğuna şübhə yoxdur. Bağışlayın, hansı dinə məxsus olduğunuzu deyə bilərdinizmi? [...] Sizin imanınıza məxsus olan adamlarla söhbət etmək bizə xoşdur. Siz bu barədə... nə düşünürsünüz (müzakirə üçün seçdiyin mövzu əsasında danış)?»]
● «Bəli, sizi başa düşürəm. Amma sizə gəlməyimizin səbəbi odur ki, bizim ailəmiz bütün insanların əmin-amanlıq içində yaşamasını istəyir. Biz hər axşam müharibələr və müxtəlif bədbəxtliklər haqqında xəbərlərdə verilən mə’lumatlardan olduqca yorulmuşuq. Güman edirəm ki, siz də eyni fikirdəsiniz. [...] Sizcə, bu vəziyyəti nə dəyişə bilər? [...] Müqəddəs Kitabdakı və’dlər gələcəyə dair ümid verir».
[● «Öz fikirlərinizi açıq ifadə etdiyiniz üçün sağ olun. Deyə bilərdinizmi, bizdə xoşunuza gəlməyən nədir? Sizə Müqəddəs Kitabdan ayələr göstərməyimiz, yoxsa sizə gəlməyimiz?»]
«MƏNİM ÖZ DİNİM VAR»
● «Zəhmət olmasa, deyin: Sizin dininiz öyrədirmi ki, həqiqəti sevən insanlar günlərin birində yer üzündə əbədi yaşayacaqlar? [...] Cəlbedici fikirdir, elə deyilmi? [...] Bu haqda Müqəddəs Kitabın bu ayələrində yazılıb (Məz. 37:29; Mat. 5:5; Vəhy 21:4)».
● «Mən sizinlə tamamilə razıyam ki, bu məsələdə hər kəsin şəxsi qərarı olmalıdır. Lakin bilirsinizmi ki, həqiqi xidmətçiləri olsunlar deyə, hazırda Allahın Özü müəyyən xüsusiyyətlərə malik olan insanları axtarır? Yəhya 4:23, 24 ayələrinə diqqət yetirin. Sizcə, Allaha «həqiqətən» ibadət etmək nə deməkdir? [...] Həqiqəti yalandan ayırd etmək üçün Allahın bizə verdiyi me’yar nədir? [...] (Yəhya 17:17). Bunun şəxsən bizim üçün necə vacib olduğuna da diqqət yetirin (Yəhya 17:3)».
[● «Siz həmişəmi iman etmisiniz? [...] Necə düşünürsünüz, nə zamansa bütün bəşəriyyət bir dində birləşəcəkmi? [...] Çoxdandır ki, Vəhy 5:13 ayəsində yazılan fikir üzərində düşünürəm. [...] Sizcə, bu mənzərəyə müvafiq olmaq üçün bizdən nə tələb olunur?»]
● «Mən, ruhani məsələlərlə maraqlanan sizin kimi adamla rastlaşmağa ümid edirdim. Bu gün bir çox insanlar bu sahədə maraq göstərmir. İcazənizlə sizə bir sual verim: Allahın Yer kürəsini bütün pisliklərdən təmizləyəcəyi və onu yalnız düzgünlüyü sevən insanların yaşayış məskəni edəcəyinə dair Müqəddəs Kitab və’dinə siz necə yanaşırsınız? Bu fikir xoşunuza gəlirmi?»
● «Mənsub olduğunuz dinin işlərində fəalsınızmı? [...] İbadət ayinində çoxmu adam iştirak edir? [...] Necə düşünürsünüz, həmimanlılarınızın əksəriyyəti Allahın Kəlamındakı prinsipləri gündəlik həyatlarında tətbiq edirmi? (Yaxud, «...həmimanlılarınız arasında dünya problemlərinin həllinə dair olan fikirlərdə birlik görürsünüzmü?») Biz əmin olmuşuq ki, Müqəddəs Kitab öyrənməsi bu sahədə kömək edir».
● «Görünür, dininiz sizi qane edir. Lakin insanların əksəriyyətini dünyanın bugünkü vəziyyəti qane etmir. Olsun ki, sizi də? [...] Sizcə, bütün bunlar nə ilə nəticələnəcək?»
● «Müqəddəs Kitabı oxumağı xoşlayırsınızmı? [...] Onu müntəzəm oxumağa vaxt ayırırsınızmı?»
● «Sizdən bunu eşitmək mənə xoşdur. Əminəm ki, hansı dinə məxsus oluruqsa-olaq, biz hamımız əmin-amanlıq dünyasının həsrətini çəkirik (yaxud, «...övladlarımızı pis tə’sirlərdən qorumaq istəyirik»; «...insanların əsl mə’nada bir-birlərini sevdikləri ərazidə yaşamaq istəyirik» və ya «...insanlarla yaxşı münasibətdə olmaq istəyirik, belə ki, hamı stress altında olduğundan buna nail olmaq asan deyil»)».
● «Sizin dindar olduğunuzu bilməyə şadam. Bu gün insanların bir çoxu dinə ciddi yanaşmır. Hətta bə’ziləri Allahın mövcud olmadığını düşünür. Bəs sizin e’tiqadınıza görə, Allah necə şəxsiyyətdir? [...] Diqqət yetirin ki, Müqəddəs Kitabda Allahın şəxsi adı yazılır (Çıx. 3:15; 6:3, KM)».
[● «İsa şagirdlərini təbliğ etməyə göndərdikdə onlara Yerin bütün ərazilərinə getməyi buyurdu, orada isə şagirdlər başqa dinə mənsub olan insanlarla qarşılaşmalı idilər (Həv. iş. 1:8). Amma İsa haqq-ədalətə susayan insanların qulaq asacaqlarını bilirdi. Onun sözlərinə görə zəmanəmizdə hansı xüsusi xəbər təbliğ olunmalıdır? (Mat. 24:14). Bu Padşahlıq bizim üçün hansı mə’nanı kəsb edir?»]
«BİZ ARTIQ İSANIN DAVAMÇISIYIQ»
● «Bunu eşitməyə şadam. Onda siz, çox ehtimal ki, İsanın da eyni işlə məşğul olduğunu, yə’ni insanlara evlərində baş çəkdiyini, həmçinin bu işi şagirdlərinə də tapşırdığını bilirsiniz. Onların nə haqda təbliğ etdiklərindən xəbəriniz varmı? [...] Elə biz də məhz həmin xəbəri sizə söyləməyə gəlmişik (Luka 8:1; Dan. 2:44)».
● «Onda mən əminəm ki, siz İsanın Dağüstü təbliğində dediyi sözlərə tam ciddiliklə yanaşacaqsınız. Görün İsa necə də açıq, eyni zamanda isə səmimiyyətlə deyir... (Mat. 7:21-23). Buradan aydın olur ki, biz özümüzdən soruşmalıyıq: Mən səmavi Atanın iradəsini nə dərəcədə yaxşı bilirəm? (Yəhya 17:3)».
«MƏN MƏŞĞULAM»
● «Onda vaxtınızı çox almayacağam. Sizinlə çox vacib bir fikri bölüşməyə gəlmişəm. (Söhbət üçün seçdiyin mövzunun məğzini bir-iki cümlə ilə izah et.)»
● «Yaxşı. Onda mən başqa vaxt, sizə daha münasib olan vaxtda gələrəm. Ancaq icazənizlə, sizə Müqəddəs Yazılardan diqqətinizə layiq olan bircə ayə oxuyum».
● «Sizi başa düşürəm. Mən özüm də anayam (yaxud, «...işləyirəm» və ya «...tələbəyəm») və bütün günüm, demək olar ki, planlaşdırılmış şəkildə keçir. Bu səbəbdən vaxtınızı almayacağam. Bu gün hər birimiz çətinlik çəkirik. Müqəddəs Kitab göstərir ki, biz, Allahın indiki pis sistemi məhv edəcəyi vaxta çox yaxınıq. Lakin bu məhvdən sağ çıxanlar olacaq. Onda sual yaranır: Sağ qalmaq üçün bizlərdən hər birimiz nə etməliyik? Müqəddəs Kitab bu suala cavab verir (Sef. 2:2, 3)».
● «Sizinlə elə bu haqda söhbət etməyə gəlmişəm. Biz hamımız çox — olduqca çox məşğuluq, belə ki, bə’zən həyatımızda ən vacib şeyləri də nəzərdən qaçırırıq, elə deyilmi? [...] Çalışaram vaxtınızı almayım, amma bu ayənin sizdə maraq oyadacağına əminəm (Luka 17:26, 27). Bizlərdən heç birimiz onların yerində olmaq istəməzdik, buna görə də Müqəddəs Kitabda deyilənlərə diqqət yetirmək üçün, müxtəlif işlərlə yüklənmiş həyatımızdan vaxta qənaət etməliyik. (Ədəbiyyat təklif et.)»
● «Bəlkə, qonşularınıza baş çəkdikdən bir yarım saat sonra sizə gəlməyimiz daha münasib olardı?»
[● «Onda çalışaram vaxtınızı çox almayım. Sizə başqa gün gələ bilərəm. Amma getməzdən əvvəl sizə bir xüsusi ədəbiyyat vermək istəyirəm. (Bu ay üçün nəzərdə tutulan nəşri göstər.) Bu ədəbiyyatda tə’lim kursundan bəhs edilir və belə tə’lim ərzində siz Müqəddəs Kitabdan bu kimi suallara... (bir-iki sualın adını çək) cavab alacaqsınız».]
● «Bağışlayın ki, sizə münasib olmayan vaxtda gəlmişəm. Yəqin ki, Yehovanın Şahidi olduğumu bildiniz. Mən sizinlə Müqəddəs Kitabdan vacib bir fikri bölüşmək istərdim. Amma indi vaxtınız olmadığı üçün sizə bu traktatı vermək istəyirəm — burada bu məsələ... müzakirə olunur (nədən bəhs olunduğunu de). Traktatı oxumaq çox vaxt almayacaq, ancaq bunun çox maraqlı olduğunu görəcəksiniz».
[● «Sizi çox yaxşı anlayıram. İnsan həmişə nəyisə çatdıra bilmir. Heç düşünmüsünüzmü ki, əgər biz əbədi yaşasaydıq həyatımız doğrudan da başqa cür olardı? Ola bilsin, bunu eşitmək sizə qəribə gəlir. Amma icazə verin bunun necə mümkün olduğuna dair sizə Müqəddəs Kitabdan yalnız bir ayə göstərim (Yəhya 17:3). Beləliklə, indi Allah və Onun Oğlu haqqında bilik almaq lazımdır. Buna görə də sizə bu ədəbiyyatı təklif edirik».]
«SİZ NƏYƏ GÖRƏ BELƏ TEZ-TEZ GƏLİRSİNİZ?»
● «Biz Müqəddəs Kitabın əsasında əminik ki, axır günlərdə yaşayırıq. İndiki hadisələrin nə ilə qurtaracağı üzərində düşünmək hamımız üçün vacibdir. (Hazırda baş verən bir-iki hadisənin adını çək.) Qarşımızda belə bir sual durur: İndiki dünya sistemi məhv olarkən sağ qalmaq üçün nə etməliyik?»
● «Çünki biz Allahı və yaxınlarımızı sevirik. Məgər biz hamımız bir-birimizi sevməli deyilikmi?»
«SİZİN FƏALİYYƏTİNİZLƏ ARTIQ KİFAYƏT QƏDƏR TANIŞAM»
● «Bunu eşitmək mənə çox xoşdur. Yəqin ki, qohumlarınızdan və ya dostlarınızdan kim isə Şahiddir? [...] İcazənizlə sizə bir sual verim: Bizim Müqəddəs Kitabdan öyrətdiklərimizə, məsələn, «axır günlərdə» yaşadığımıza, Allahın tezliklə pisləri məhv edəcəyinə, Yerin Cənnət olacağına və orada əsl mə’nada bir-birlərini sevən mükəmməl sağlamlığa malik olan insanların əbədi yaşayacağına inanırsınızmı?»
«BİZİM PULUMUZ YOXDUR»
● «Biz pul yığmırıq. Əksinə, pulsuz olaraq Müqəddəs Kitabı evdə öyrənməyi təklif edirik. Həmin tə’lim proqramında nəzərdən keçirilən mövzulardan biri budur... (əldə olan ədəbiyyatdan istənilən bir sərlövhəyə diqqət yetir.) İcazənizlə, belə məşğələnin necə keçirildiyini qısaca göstərim. Bunun üçün sizdən pul ödəmək tələb olunmur».
● «Bizi insanların pulu yox, onların özləri maraqlandırır. (Söhbəti davam etdir. Bir ədəbiyyat göstər və bunun şəxsən onlara necə kömək edə biləcəyini izah et. Əgər ev sahibi səmimi maraq göstərir və oxuyacağını və’d edirsə, həmin ədəbiyyatı ona ver. Münasibdirsə, təbliğ fəaliyyətimizin hansı vəsait sayəsində aparıldığını izah et.)»
KİM İSƏ «MƏN BUDDİSTƏM» DEYƏNDƏ
● Həmin adamın buddizmə dair hamı tərəfindən qəbul olunan nöqteyi-nəzərə sahib olduğunu düşünmə. Yaponiyadakı buddizm Cənub-Şərqi Asiyada olan buddizmdən kifayət qədər fərqlənir. Buddizm haqqındakı təsəvvürlər insanların nöqteyi-nəzərlərinə görə də fərqlənə bilər. Lakin ümumiyyətlə bunları bilmək faydalıdır: 1) Buddizm Allahı — Yaradanı bir şəxsiyyət kimi qəbul etmir. Amma buddistlərin bir çoxu Buddanın surət və müqəddəs sayılan əşyalarına ibadət edir. 2) Buddizmin tərəfdarları özlərinin dini idealı və təqlid edilmək üçün nümunə olaraq, «Budda» titulunu alan Siddhartha Qautamanı sanırlar. Budda insanları də’vət edirdi ki, bəşəriyyəti insani nöqteyi-nəzərdən öyrənməklə maariflənsinlər, həmçinin fikirlərini idarə edib, bütün dünyəvi ehtiraslarını boğmağa çalışsınlar, çünki problemlərin səbəbini bunda görürdü. Bu tə’limə əsasən, belə etməklə «nirvanaya» yetişmək — sonsuz surətdə baş verən yenidən törəmə və başqa həyata keçmə dövrəsindən azad olmaq mümkündür. 3) Buddistlər, əcdadlarını öz həyatvericiləri kimi qəbul etdikləri üçün onlara sitayiş edirlər.
Söhbət etmək üsulları: 1) Buddistlə danışarkən qeyd et ki, sən Xristian dünyasına mənsub deyilsən. 2) Buddistlər «müqəddəs sandıqları kitablara», o cümlədən Müqəddəs Kitaba hörmətlə yanaşırlar. Buddist fəlsəfəsi üzərində dayanmaq əvəzinə, Müqəddəs Kitabdakı ruhlandırıcı xəbəri danışmaq yaxşıdır. Qoy onlar bilsinlər ki, Müqəddəs Kitab insan fəlsəfəsi yox, bəşəriyyətin Yaradanı olan Yehova Allahın nüfuzlu Kəlamıdır. Müqəddəs Kitabdakı maraqlı fikirlərdən birini göstərmək üçün nəzakətlə onlardan icazə istə. 3) Buddistlərin bir çoxu əmin-amanlıq, xoşbəxt ailə həyatı arzusundadırlar və yüksək əxlaqlı həyat tərzi keçirmək istəyirlər. 4) Göstər ki, Müqəddəs Kitab bəşəriyyətin qarşılaşdığı problemlərin əsl həlli olaraq yer üzərində ədalətli səmavi hakimiyyətin idarəsinə işarə edir. Bu kitab Yer kürəsinin gələcəyini və yer üzündə qurulacaq Cənnətdəki əbədi həyata olan gözəl ümidi təsvir edir. 5) Eləcə də göstərə bilərsən ki, Müqəddəs Kitab bütün canlıların mənşəyinə, həyatın mə’nasına, ölülərin vəziyyətinə, dirilmə ümidinə və pisliklərin mövcud olması səbəbinə dair izahatlar verir. Allahın Kəlamının saf həqiqətlərinin xeyirxahlıqla təqdim edilməsi, həlim insanların ürəyinə mütləq yol tapacaq.
Səmimi buddistlər üçün «Ata axtarışında» adlı xüsusi broşüra nəşr edilmişdir (ing.).
KİM İSƏ «MƏN HİNDUİSTƏM» DEYƏNDƏ
● Yadda saxla: Hinduist fəlsəfəsi həddindən artıq mürəkkəbdir və sadə məntiqə uyğunlaşmır. Bu səbəbdən bunları yadda saxlasan faydalı olar: 1) Hinduizmə əsasən, tanrı sayılan Brəhmən özündə üç tanrını birləşdirir: Brəhmən — yaradan tanrı; Vişnu — qoruyan tanrı və Şiva — məhv edən tanrı. Lakin hinduistlərin təsəvvürünə görə tanrı şəxsiyyət deyil və konkret bir şey təqdim etmir. 2) Hinduistlər inanırlar ki, bütün canlı varlıqlar, sonsuz surətdə yeni şəklə düşmə dövriyyəsinə mə’ruz qalan ölməz cana malikdirlər, canın başqa şəklə düşməsi əvəzetmə (karma) qanununa uyğun olaraq baş verir və bu «sonsuz dövriyyədən» yaxa qurtarmağın yeganə yolu, özündə cismani ehtirasları boğmaq və ümumdünya ruhla birləşməkdir. 3) Demək olar ki, hinduistlərin hamısı başqa dinlərə hörmət edir. Onların fikrinə görə, bütün dinlər, e’tiqadları bir-birindən hər necə fərqlənsə də, eyni həqiqətə aparır.
Hinduizmin mürəkkəb fəlsəfəsində baş sındırmaq əvəzinə, Müqəddəs Yazılardan əsl mə’nada məmnunluq gətirən həqiqətləri danışmaq daha yaxşıdır. Yehova həyat yolunu məhəbbətlə bütün insanlara göstərir və ürəkləri ədalət həsrətində olanlar bu həqiqətə hay verəcəklər. Yalnız Müqəddəs Kitab gələcəyə dair əsaslı ümid verir; yalnız Müqəddəs Kitab insanların qarşısında duran vacib suallara doğrudan da qaneedici cavablar verir. Fürsətdən istifadə edərək həmin sualların cavablarını onlara de. Maraqlıdır ki, hinduistlərin «Riqveda» (X 121) kitabında olan himnlərdən biri «Namə’lum Allaha» adlanır. Bə’zən bunu xatırlatmağa dəyər. (Həvarilərin işləri 17:22, 23 ilə müqayisə et.) Bundan əlavə, diaqamma olmadan, Hinduistlərin tanrısı Vişnunun adı İş-nuh kimi verilir ki, bu da Gildani dilində «adam Nuh» deməkdir. Diqqəti, Nuhun günlərində baş verən ümumdünya daşqınının mə’nasını açıqlayan Müqəddəs Kitab ayələrinə yönəlt.
Səmimi hinduistlər üçün çox faydalı mə’lumat növbəti nəşrlərdə yerləşir: «Azadlığa aparan ilahi həqiqətin yolu», «Kurukşetradan Har-Megidona — və sənin xilasın», həmçinin «Problemlərimizi həll etməkdə bizə kim kömək edəcək?»(bu nəşrlər ingiliscədir).
KİM İSƏ «MƏN YƏHUDİYƏM» DEYƏNDƏ
● Hər şeydən öncə, həmin adamın nəyi nəzərdə tutduğunu müəyyən et. Yəhudi dininə əsl mə’nada az adam inanır. Əksəriyyət isə sadəcə bu millətə mənsub olduqları üçün özlərini yəhudi dininə aid edir.
Yadda saxlanılması faydalı olan bir neçə qeyd: 1) Dindar yəhudilərin əqidəsinə görə, Allahın adını çəkmək qadağan olunur. 2) Yəhudilərin bir çoxu fərz edir ki, «Müqəddəs Kitab» xristian kitabıdır, lakin «İbranicə Müqəddəs Yazılara», «Müqəddəs Yazılara» və ya «Tövrat» kitabına istinad edəndə belə problem yaranmır. 3) Yəhudi dininin əsasını «Müqəddəs Yazılara» bərabər tutulan ən’ənələr təşkil edir. 4) İsa Məsihi xatırlatmaq yəhudilərin yadına, Xristian dünyası tərəfindən İsanın adı naminə onlara qarşı törədilən amansız tə’qibləri sala bilər. 5) Yəhudilər əsasən əmindirlər ki, Allah onlardan şənbə gününə hökmən riayət etməyi tələb edir və həmin vaxt, hətta miqdarından asılı olmayaraq, pul xərcləmək işindən belə uzaq durmaq gərəkdir.
Ümumi təməl qoymaq üçün sən belə deyə bilərsən: 1) «Yəqin siz razısınız ki, mənşəyimizdən asılı olmayaraq bu gün hamımız eyni çətinliklərlə qarşılaşırıq. Əsrimizdə yığılan problemlər külliyatının nə zamansa həll ediləcəyinə inanırsınızmı? (Məz. 37:10, 11, 29; Məz. 146:3-5; Dan. 2:44)». 2) «Biz Xristian dünyasına mənsub deyilik və Üç üqnuma sitayiş etmirik, lakin İbrahimin Allahına ibadət edirik. Məqsədimiz dinə dair həqiqəti tapmaqdır. İcazə verin soruşum, yəhudilər arasında bu qədər fərqli fikir olduğu bir halda həqiqəti müəyyən etməyə necə nail olursunuz? [...] (Qanun. 4:2; Yeşaya 29:13, 14; Məz. 119:160)». 3) «Allahın İbrahimə verdiyi və’di — bütün xalqların onun zürriyyətində xeyir-dua alacaqları və’di bizi çox maraqlandırır (Yar. 22:18)».
Əgər həmin adam Allahın mövcudluğuna şübhə edirsə, ondan soruş: «Siz həmişəmi şübhə etmisiniz?» Sonra onunla, Allahın pisliklərə və iztiraba nə üçün yol verdiyini müzakirə edə bilərsən. Nasizmin dəhşətləri bir çox yəhudiləri bu barədə düşünməyə vadar edir.
Əgər siz Allahın adını istifadə etməyin nəyə görə vacib olduğunu müzakirə edirsinizsə, əvvəlcə həmsöhbətinin bu məsələyə dair fikrini aydınlaşdır. Onun nəzərinə çatdır ki, Çıxış 20:7 ayəsinə əsasən, Allahın adını boş yerə çağırmaq qadağan olunur, onun hörmətlə istifadə edilməsi isə qadağan olunmur. Təsdiq xüsusunda Müqəddəs Yazılardan bu kimi ayələri gətir: Çıxış 3:15 (və ya Məzmur 135:13); 1 Padşahlar 8:41-43; Yeşaya 12:4; Yeremya 10:25; Malaki 3:16.
Məsih haqqında danışarkən: 1) Onun kim olduğu barədə danışmaq əvəzinə, onun rəhbərliyinin gətirəcəyi xeyir-dualar haqqında söylə. 2) Sonra, Məsihin konkret şəxsiyyət olduğunu Müqəddəs Kitab ayələri vasitəsilə ev sahibinə göstər (Yar. 22:17, 18; Zək. 9:9, 10; Dan. 7:13, 14). 3) Məsihin iki gəlişi barədə məqsədyönlü şəkildə danışmaq olar (Daniel 7:13, 14 ayələrini Daniel 9:24-26 ilə müqayisə et.) 4) Allahın niyyətinin öz vaxtında yerinə yetməsində İsanın rolu haqqında danış. Qeyd et ki, İsa tə’lim verən zaman, Allahın yol verməsi sayəsində mə’bədin ikinci və həmişəlik məhv edilməsi olduqca yaxın idi. Lakin İsa Qanunun və peyğəmbərliklərin yerinə yetməsini, həmçinin özünün izzətli gəlişini qeyd edirdi, bunu isə Qanun və peyğəmbərlər də imanlı insanlara açıqlayırdı.