Fəsil 2
Doğulmazdan əvvəl ona ehtiram göstərildi
CƏBRAYIL Məryəmə oğlan uşağı doğacağını və bu uşağın əbədi padşah olacağını bildirdikdən sonra Məryəm ondan soruşur: «Bu necə ola bilər? Axı mənim kişi xeylağı ilə yaxınlığım olmayıb?»
Cəbrayıl cavab verir: «Müqəddəs ruh üzərinə gələcək, Allah-Taalanın gücü sənin üstündə kölgə kimi olacaq. Buna görə də doğacağın uşağa müqəddəs deyiləcək, o, Allahın Oğlu adlanacaq».
Cəbrayıl Məryəmi inandırmaq üçün əlavə edir: «Bax, sonsuz adlandırılan qohumun Elizabet də qoca yaşında bir oğlan uşağına hamilə qalıb və artıq altıncı ayındadır. Çünki Allahın dediyi hər bir söz mütləq yerinə yetir».
Məryəm Cəbrayılın sözünə inanır. Bəs bu xəbər ona necə təsir edir? Məryəm həyəcan içində deyir: «Mən Yehovanın kəniziyəm! Qoy sən deyən kimi olsun».
Cəbrayıl gedəndən bir qədər sonra Məryəm hazırlaşıb, Elizabetə qonaq gedir. Elizabet əri Zəkəriyyə ilə birgə Yəhudeyanın dağlıq bölgəsində yaşayır. Məryəmin yaşadığı Nazaret şəhərindən oraya üç-dörd günlük uzun bir yoldur.
Məryəm nəhayət gəlib Zəkəriyyənin evinə çatır. O, içəri girib salam verəndə Elizabet müqəddəs ruhla dolub Məryəmə deyir: «Qadınlar arasında nə bəxtiyarsan, bətnindəki uşaq da nə bəxtiyardır! Gör mənə necə böyük şərəf nəsib olub! Ağamın anası yanıma gəlib! Bax, salamını eşidən kimi, qarnımdakı uşaq sevincindən tərpəndi».
Məryəm bu sözləri eşidəndə ehtiramla cavab verir: «Qəlbim Yehovanı ucaldır, ruhum Allahıma, Xilaskarıma görə cuşa gəlir, çünki O, kənizinin fağırlığına fikir verdi. Bundan sonra bütün nəsillər mənə bəxtiyar deyəcəklər. Qüdrətli Allahım mənim üçün böyük işlər etdi». Baxmayaraq ki, Məryəmə böyük şərəf nəsib olub o, Allahı ucaldır: «Onun adı müqəddəsdir, Ondan qorxanlara nəsildən-nəslə mərhəmət göstərir».
Məryəm içində peyğəmbərlik olan bir nəğmədə Allahı tərənnüm edir: «Qolunun qüvvəti ilə böyük işlər gördü, ürəyində təkəbbürlü niyyət tutanları pərən-pərən etdi. O, hakimləri taxtdan saldı, fağırları yüksəltdi; acları bol nemətlərlə doydurdu, varlıları əliboş qaytardı. O, qulu İsrailin imdadına çatdı, çünki İbrahimə və onun nəslinə əbədiyyən mərhəmət göstərəcəyini atalarımıza vəd etmişdi».
Məryəm təxminən üç ay Elizabetin yanında qalır və ona köməklik göstərir. Hamiləlik dövrü başa çatan Elizabet üçün bu qayğı lap yerinə düşür. Allahın köməyilə hamilə qalmış bu iki sədaqətli qadının həyatlarının belə bir çağında birgə olmaları necə də xoşdur!
Görün, hələ doğulmazdan əvvəl İsaya necə ehtiram göstərildi! Elizabet Məryəmi qarşılayanda İsaya «Ağam» dedi, Elizabetin bətnindəki uşaq isə bərk tərpəndi. Amma irəlidə görəcəyik ki, başqaları Məryəmə və onun hələ doğulmamış uşağına hörmətsizlik göstərdilər. Luka 1:26—56.
▪ Cəbrayıl Məryəmə hamilə qalacağını necə izah edir?
▪ Hələ doğulmazdan əvvəl İsaya necə ehtiram göstərildi?
▪ Məryəm Allahı hansı sözlərlə tərənnüm edir?
▪ Məryəm Elizabetin yanında nə qədər qalır və bu, nə üçün yaxşı idi?