Fəsil 10
Yerusəlimə ziyarət
BAHAR fəslidir. Hər il bu vaxtı Yusifin ailəsi yəhudi Pasxa bayramını qeyd etmək üçün qohum-qonşuları ilə birgə Yerusəlimə ziyarətə gedirlər. Yerusəlim Nazaret şəhərindən təxminən 100 kilometr aralıda yerləşir. İndi Yusifin ailəsi yola hazırlaşır və evdə həmişəki kimi bayramqabağı bir canlanma var. İsa artıq 12 yaşın içindədir və bu bayramı xüsusi həvəslə gözləyir.
Pasxa bayramı İsa və onun ailəsi üçün bir günlə qurtarmır. Adətən, onlar Pasxa bayramının ardı hesab edilən, Pasxadan dərhal sonra başlayıb yeddi gün davam edən Mayasız Çörək bayramına da qalırlar. Yol da daxil olmaqla, bütün ziyarət təxminən iki həftə çəkir. Amma bu il ziyarət bir qədər uzanır. Gəlin görək nə olub.
Əhvalat Yerusəlimdən qayıdanda baş verir. İsa Yusiflə Məryəmin yanında olmur; valideynləri elə fikirləşirlər ki, uşaq onlarla birgə geri qayıdan qohum-qonşunun arasındadır. Amma gecələmək üçün dayananda İsa gəlib çıxmır və onlar onu yol yoldaşları arasında axtarmağa başlayırlar, lakin tapa bilmirlər. Beləliklə, Yusif və Məryəm onu tapmaq üçün təzədən Yerusəlimə qayıdırlar.
Bütün günü onu axtarırlar, amma tapmırlar. Növbəti gün də eləcə. Nəhayət, üçüncü gün məbədə gedirlər və görürlər ki, o, məbəddəki otaqlardan birində yəhudi müəllimlərinin arasında oturub onlara qulaq asır və sual verir.
Məryəm ondan soruşur: «Oğlum, sən niyə belə elədin? Atanla mən səni çox axtardıq, səni tapana qədər ürəyimizi yedik».
İsa valideynlərinin onu harada axtarmağı bilmədiklərinə təəccüblənir. O deyir: «Məni niyə axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?»
İsa valideynlərinin bunu niyə bilmədiklərini anlaya bilmir. Bununla belə, onlarla birlikdə evə qayıdır. İsa heç vaxt valideynlərinin sözündən çıxmır, böyüyüb hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanır. Bəli, İsa lap uşaqlıqdan həm ruhani işlərə can atmaqda, həm də ata-anaya hörmət göstərməkdə gözəl nümunə verir. Luka 2:40—52; 22:7.
▪ Hər il baharda İsa valideynləri ilə hara ziyarətə gedir? Adətən bu ziyarət nə qədər çəkir?
▪ İsa 12 yaşında olanda, onlar ziyarətdən qayıdarkən nə baş verir?
▪ İsa bugünkü gənclər üçün hansı nümunəni qoyub?