Əslində dünyanı kim idarə edir?
İnsanların çoxu yuxarıdakı suala bir sözlə “Allah” deyə cavab verərdilər. Lakin diqqətə layiq odur ki, Müqəddəs Kitabın heç bir yerində İsa Məsihin, yaxud onun Atasının bu dünyanı idarə etdiyi deyilmir. Əksinə, İsa demişdi: “Bu dünyanın rəisi... çölə atılacaqdır”. Sonra əlavə etdi: “Bu dünyanın rəisi gəlir. Onun Mənə heç bir tə’siri yoxdur” (Yəhya 12:31; 14:30; 16:11).
Deməli, bu dünyanın hökmdarı İsanın düşmənidir. Bəs o kimdir?
Dünyanın vəziyyəti tapmacanın cavabıdır
Ən yaxşı niyyətlərdən irəli gələrək davranan insanların səmimi sə’ylərinə baxmayaraq, bəşəriyyət hər vaxt çox iztirablar çəkmişdir. Düşüncəli insanlar bunun səbəbinin üzərində fikirləşmişlər, məsələn, yazıçı Deyvid Lourens demişdir: “Yer üzündə sülh” — demək olar ki, bunu hər kəs arzulayır. “İnsanlarda mərhəmət” — əsas e’tibarilə, insanlar bir-birlərinə xeyirxahlıqla yanaşırlar. Belə isə, bəs problem nədədir? İnsanların təbii istəklərinə rəğmən, nə üçün müharibə təhlükəsi mövcuddur?
Bu qeyri-adi görünmürmü? İnsanların təbii arzusu əmin-amanlıq içində yaşamaq olsa da, bir çoxları başqalarına nifrət edir və amansızcasına qətlə yetirirlər. Fikirləşin, ən dəhşətli cinayətlər çox vaxt necə soyuqqanlılıqla törədilir. İnsanlar öz yaxınlarına amansızcasına əzab vermək və onları öldürmək üçün ən dəhşətli üsullardan və silahlardan, o cümlədən qaz kameralarından, həbs düşərgələrindən, odlu silahlardan və napalm bombalarından istifadə etmişlər.
Məgər sülhə və xoşbəxtliyə susayan insanlar belə yolverilməz pisliklər etməyə özləri qadirdirlərmi? İnsanları bu cür mənfur hərəkətlərə təhrik edən və ya onları aldadaraq sanki pislik etməyə məcbur imişlər kimi vəziyyətlər yaradan hansı qüvvələrdir? Nə vaxtsa belə bir sual üzərində düşünmüsünüzmü: İnsanlara, onları zorakarlığa təhrik edən gözəgörünməz qüvvə tə’sir edirmi?
Dünya hökmdarlarının şəxsiyyəti müəyyən edilmişdir
Bizim bu məsələdə çaşıb qalmağımıza ehtiyac yoxdur, çünki Müqəddəs Kitab aydın göstərir ki, gözəgörünməz, şüurlu bir şəxsiyyət həm insanları, həm də ümumilikdə xalqları idarə edir. Müqəddəs Kitabda yazılıb: “Bütün dünya şəririn hakimiyyəti altındadır”. Orada onun kim olduğu da konkret deyilir: “İblis və şeytan adlanan... bütün dünyanı aldadan” (1 Yəhya 5:19; Vəhy 12:9).
İblis İsanı sınağa çəkəndə, İsa Şeytanın bu dünyanı idarə etdiyini inkar etmədi. Müqəddəs Kitab bu haqda belə deyir: “İblis təkrar İsanı çox yüksək bir dağın üstünə gətirdi və Ona dünyanın bütün padşahlıqlarını və onların izzətini göstərdi; və İblis dedi: “Əgər yıxılıb mənə səcdə qılsan, bütün bu şeyləri Sənə verərəm”. O zaman İsa ona dedi: “Rədd ol şeytan” (Matta 4:1, 8-10, İ–93).
Bir an fikirləşin. Şeytan, “dünyanın bütün padşahlıqlarını” təqdim edərək, İsanı sınağa çəkdi. Əgər Şeytan həqiqətən də bu padşahlıqların hökmdarı olmasaydı, onun təklifi sınaq olardımı? Əlbəttə, yox. Fikir verin: İsa bütün bu hakimiyyətlərin Şeytana məxsus olduğunu inkar etmədi, əgər onlar üzərində Şeytanın səlahiyyəti olmasaydı, İsa bunu hökmən inkar edərdi. Deməli, Şeytan İblis həqiqətən dünyanın gözəgörünməz hökmdarıdır! Müqəddəs Kitab onu “bu əsrin tanrısı” adlandırır (2 Korinflilərə 4:4). Bəs belə pis olan bir şəxsiyyət bu qədər qüdrətli mövqeyə necə nail olmuşdur?
Şeytan vaxtilə Allahın yaratdığı mələk idi, lakin sonradan o, Allahın tutduğu mövqeyə qibtə etməyə başladı. O, Allahın qanuni hökmranlığını şübhə altına qoydu. İlan vasitəsilə ilk qadın olan Həvvanı aldatdı. Adəm və Həvva Allahın yox, onun iradəsini icra etməyə başladılar (Təkvin 3:1-6; 2 Korinflilərə 11:3). Şeytan həmçinin bəyan etdi ki, Adəm və Həvvanın bütün nəsillərini Allahdan uzaqlaşdırmağa qabildir. Buna görə də Allah Şeytana vaxt verdi ki, öz iddiasının düzgün olduğunu sübut etsin, amma Şeytan heç bir şeyə nail olmadı (Eyub 1:6-12; 2:1-10).
Qeyd etmək lazımdır ki, Şeytan dünyanı tək idarə etmir. O, başqa mələkləri də öz tərəfinə cəlb etməyə müvəffəq oldu. Bu mələklər, cinlər — onun cinayət yoldaşı oldular. Onlar haqqında danışaraq, Müqəddəs Kitab məsihçilərə ciddi surətdə məsləhət edir: “İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün zirehlərini geyinin, çünki mübarizəmiz qan və ətə qarşı deyildir, bu qaranlıq dünyanın... hökmranlarına, yə’ni səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır” (Efeslilərə 6:11, 12).
Pis ruhlara müqavimət göstərin
Bu gözəgörünməz pis hökmdarlar bəşəriyyəti Allaha ibadətdən uzaqlaşdıraraq, onu daha sonra da aldatmağa qəti qərarlıdırlar. Müqəddəs Kitab ölülərin düşüncəsiz vəziyyətdə olduqlarını aydın şəkildə göstərdiyinə baxmayaraq, onların metodlarından biri, ölümdən sonra həyatın mövcud olması ideyasını müdafiə etməkdən ibarətdir (Təkvin 2:17; 3:19; Hezekiel 18:4; Məzmur 146:3, 4; Vaiz 9:5, 10). Pis ruh, ölmüş adamın səsini yamsılayaraq medium vasitəsilə, yaxud axirətdən gələn “səslərin” köməyilə ölənin qohumları və ya dostları ilə danışa bilər. Bu “səs” bizdə əminlik yarada bilər ki, danışan ölən adamdır, əslində isə bu, cindir!
Buna görə də, əgər nə vaxtsa belə bir “səs” eşitsəniz, aldanmayın. Sizə hər nə desə də onu dinləməyin və İsanın sözlərini təkrar edin:“Rədd ol, şeytan!” (Matta 4:10; Yaqub 4:7). Yol verməyin ki, hər şeyi bilmək istəyiniz pis ruhlarla əlaqə yaratmanıza gətirib çıxarsın. Belə əlaqə spiritizm adlanır, Allah isə öz xidmətçilərini onun hər bir formasından çəkindirir. Müqəddəs Kitab ‘cadugəri, cindarı, baxıcını, ölülərlə danışanı’ mühakimə edir (Təsniyə 18:10-12; Qalatiyalılara 5:19-21; Vəhy 21:8).
Madam ki, insan spiritizmlə məşğul olanda cinlərin tə’siri altına düşür, nə qədər maraqlı və ya cəlbedici görünsə belə onun hər cür formasını rədd edin. Spiritizmə: sehrlənmiş kristal vasitəsilə fal açma, ekstrasensorika, əl falı və astrologiya aiddir. Cinlər, fəaliyyət sahəsinə çevirdikləri evlərdə səslər çıxarır və digər qeyri-adi hadisələr törədirlər.
Bundan əlavə pis ruhlar, insan üçün əxlaqsız və qeyri-təbii olan cinsi davranış tərzini təbliğ edən ədəbiyyatı, kinofilm və televiziya verilişləri meydana çıxararaq, günaha meylimizdən məharətlə istifadə edirlər. Cinlər bilirlər ki, əgər insan mübarizə aparmırsa, düzgün olmayan fikirlər ona çox güclü tə’sir edir və onu cinlərə xas olan əxlaqsız hərəkətlərə təhrik edir (Təkvin 6:1, 2; 1 Saloniklilərə 4:3-8; Yəhuda 6).
Ola bilsin ki, bir çoxları dünyanı pis ruhların idarə etməsi fikrinə gülürlər. Belə inamsızlıq təəccüblü deyil, çünki Müqəddəs Kitab deyir: “İblis də nur mələyi cildinə girər” (2 Korinflilərə 11:14). Onun ən məharətlə istifadə etdiyi aldatma üsullarından biri, insanları özünün və cinlərinin mövcud olmadıqlarına inandıraraq kor etməkdir. Amma aldanmayın! Şeytan və onun cinləri real varlıqlardır və onlara qarşı həmişə müqavimət göstərmək sizin üçün həyati vacibdir (1 Peter 5:8, 9).
Xoşbəxtlikdən Şeytan və onun tərəfdarlarının bir daha olmayacaqları vaxt artıq yaxındır. Müqəddəs Kitab əmin edir: “Dünya [onun iblisanə hökmdarları ilə bərabər] keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17). Onların pis tə’sirlərindən azad olmaq necə də rahatlıq gətirəcəkdir! Gəlin Allahın iradəsini yerinə yetirən və onun ədalətli yeni dünyasında əbədi sevinənlər arasında olmağa çalışaq (Məzmur 37:9-11, 29; 2 Peter 3:13; Vəhy 21:3, 4).
[4-çü səhifədə olan şəkil]
Əgər bütün bu hakimiyyətlər Şeytana məxsus olmasaydı, o bunu İsaya təklif edə bilərdimi?