Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • we s. 7—13
  • Bu cür hisslər keçirmək qəbahətdirmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bu cür hisslər keçirmək qəbahətdirmi?
  • Sizə əziz adam öləndə...
  • Başlıqlar
  • Oxşar material
  • Göz yaşlarını gizlətməyən Müqəddəs Kitab personajları
  • Ağlamaq düzgündürmü?
  • Bəzilərinin keçirdiyi hisslər
  • Qəzəb və vicdan əzabı
  • Həyat yoldaşından biri vəfat edəndə
  • «Başqalarının sizə... diktə etməsinə yol verməyin»
  • Bu dərdə necə dözmək olar?
    Sizə əziz adam öləndə...
  • Kədərdən necə qurtula bilərəm?
    Gənclərin sualları
  • Yas saxlamaq qəbahətdir?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Başqaları necə kömək edə bilər?
    Sizə əziz adam öləndə...
Əlavə
Sizə əziz adam öləndə...
we s. 7—13

Bu cür hisslər keçirmək qəbahətdirmi?

YAXININI itirmiş bir kişi yazır: «İngiltərədə bütün uşaqlar kimi, mənə də camaatın içində öz hisslərimi büruzə verməməyi ­aşılamışdılar. Yadıma gəlir ki, kimsə məni incidəndə keçmiş hərbiçi olan atam dişlərini bir-birinə qıcayıb deyirdi: “Ağlama!” Ailədə dörd uşaq idik. Anamın bizi nə vaxtsa öpüb-qucaqladığı heç yadıma gəlmir. Atam vəfat edəndə 56 yaşım vardı. Mən daxilimdə dözülməz boşluq hiss edirdim. Ancaq ilk vaxtlar ağlaya bilmirdim».

Bəzi xalqlarda insanlar öz hisslərini açıq ifadə edirlər. Onların sevinci də, kədəri də ətrafdakılara bəlli olur. Digər tərəfdən isə, bəzi ölkələrdə, xüsusən də şimali Avropada və Britaniyada insanlara, əsasən də kişilərə hisslərini gizlətmək, emosiyalarını boğmaq aşılanır. Lakin əziz adamını itirərkən kədəri büruzə verməkdə səhv bir şey varmı? Müqəddəs Kitab bu haqda nə deyir?

Göz yaşlarını gizlətməyən Müqəddəs Kitab personajları

Müqəddəs Kitab Aralıq dənizinin şərqində yaşayan və hisslərini açıq göstərən ibrani xalqının nümayəndələri tərəfindən yazılmışdır. Orada kədərini açıq ifadə edən bir çox şəxslərin nümunələri var. Davud padşah qətlə yetirilmiş oğlu Əmnuna görə hönkür–hönkür ağladı (2 İşmuil 13:28—39). O, hətta padşahlığı ələ keçirmək istəyən xəyanətkar oğlu Absalamın ölümünə görə də kədərlənmişdi. Müqəddəs Kitabda bu haqda belə deyilir: «Bu xəbər [Davud] padşahı sarsıtdı. O, ağlaya-ağlaya darvazanın üstündəki otağa qalxdı. Gedə-gedə deyirdi: “Oğlum, oğlum Absalam, oğlum Absalam! Kaş sənin yerinə mən öləydim, Absalam, oğlum, oğlum!”» (2 İşmuil 18:33). Hər bir ata kimi, Davud da ağlamışdı. Öz uşağının yerinə ölmək istəyən neçə-neçə valideyn olub! Çünki övladın valideyndən qabaq ölməsi qeyri-təbii bir haldır.

Bəs dostu İlazərin ölümü İsaya necə təsir etmişdi? İsa onun qəbrinə yaxınlaşanda göz yaşlarını saxlaya bilməmişdi (Yəhya 11:30—38). Sonralar Məcdəlli Məryəm də İsanın məzarının yanında ağlamışdı (Yəhya 20:11—16). Düzdür, Müqəddəs Kitabın dirilmə haqqında olan ümidinə malik olan məsihilər ölülərin vəziyyəti ilə bağlı etiqadları Müqəddəs Kitaba əsaslanmayan insanlar qədər qəm-kədərə batmırlar. Lakin adi insani hisslərə malik olan həqiqi məsihilər, hətta dirilmənin olacağına ümid etsələr də, əziz insanı itirdikdə kədərlənir və göz yaşı tökürlər (1 Salonikililərə 4:13, 14).

Ağlamaq düzgündürmü?

Bəs sizin haqqınızda nə demək olar? Hisslərinizi bildirməyə çəkinirsinizmi? Bu, sizin üçün çətindirmi? Mütəxəssislər nəyi tövsiyə edirlər? Çox vaxt onların müasir baxışları, sadəcə olaraq, qədim dövrlərdə qələmə alınmış Müqəddəs Kitabın ilahi müdrikliyini əks etdirir. Onların sözlərinə görə, biz kədəri içimizdə saxlamalı deyilik, onu büruzə verməliyik. Bu, bizə Əyyub, Davud, Ərəmya kimi, keçmişdə yaşamış imanlı insanları xatırladır. Onlar öz hisslərini qətiyyən boğmurdular. Əksinə, Müqəddəs Kitabdan göründüyü kimi, onlar öz kədərlərini açıq ifadə edirdilər. Buna görə də özümüzü insanlardan təcrid etmək düzgün deyil (Məsəllər 18:1). Əlbəttə, müxtəlif xalqlarda insanlar ölülərini müxtəlif cür ağlayır. Bu həm də geniş yayılmış dini etiqadlardan asılıdıra.

Bəs əgər siz ağlamaq istəyirsinizsə, onda necə? Ağlamaq insan xislətinə xasdır. Bir daha yadınıza salın ki, İlazər ölərkən İsa «dərindən ah çəkib... ağladı» (Yəhya 11:33, 35). O, bununla göstərdi ki, insanın əzizinin ölümünə görə ağlaması təbii haldır.

Qüssəli insanlar

Əziz adam öləndə qüssə çəkmək və ağlamaq təbii haldır

Bu, Reyçel adlı körpəsini itirən Annanın nümunəsindən görünür. Onun yoldaşı deyir: «Çox qəribə idi ki, dəfn vaxtı nə Anna, nə də mən ağlamadıq. Bizdən başqa hamı ağlayırdı». Cavab olaraq Anna deyir: «Bu, düzdür, ancaq sonra mən ikimizin də yerinə çoxlu ağladım. Bir neçə həftə keçdikdən sonra evdə tək olanda birdən-birə baş verən hadisənin bütün dəhşətini hiss etdim. Bütün günü ağlayıb ürəyimi boşaltdım. Ağlamağın mənə həqiqətən də köməyi dəydi. Belə ki, özümü bir qədər yaxşı hiss etməyə başladım. Körpəmi itirdiyimə görə mənə ağlamaq lazım idi. Mən əminəm ki, itki üz verən insanlara ağlayıb ürəklərini boşaltmaq lazımdır. Başqaları: “Ağlama”, — desələr də, bunun heç bir köməyi dəymir».

Bəzilərinin keçirdiyi hisslər

Əziz adamı itirəndə bəzi insanlar hansı hissləri keçirmişlər? Məsələn, götürək Xuanitanı. O, uşaq itkisinin nə demək olduğunu yaxşı bilir, çünki düz beş dəfə uşaq salmışdı. Bir dəfə o, yenidən hamilə qaldı. Avtomobil qəzası ucbatından xəstəxanaya düşərkən onun nələr keçirdiyini başa düşmək olar. İki həftə sonra o, körpəsini, cəmi 900 qram çəkisi olan balaca Vanessanı vaxtından əvvəl dünyaya gətirdi. Xuanita xatırlayır: «Bu elə xoş duyğu idi ki. Nəhayət, mən ana olmuşdum!»

Lakin onun xoşbəxtliyi çox çəkmədi. Dörd gün sonra Vanessa öldü. Xuanita yadına salır: «Qəlbimdə dərin bir boşluq hiss edirdim. Ana olmaq imkanım əlimdən alınmışdı. Elə bil ürəyimin yarısını qoparmışdılar. Vanessa üçün hazırladığımız otağa girəndə, ona aldığım paltarlara baxanda ürəyim ağrıyırdı. Növbəti bir neçə ay ərzində mən onun doğum gününün xatirələri ilə yaşayırdım. Heç kimlə danışmaq istəmirdim».

Bu ana həddindən artıqmı həssas idi? Ola bilsin, başqalarına bunu başa düşmək çətindir, lakin Xuanita kimi, övlad itkisi ilə üzləşənlər deyirlər ki, böyük adamın ölümünə necə kədərlənərdilərsə, öz körpələri üçün də elə kədərlənmişdilər. Onlar deyirlər ki, uşaq dünyaya gəlməzdən çox əvvəl valideynlər onu sevməyə başlayır. Ana ilə körpə arasında xüsusi bağlılıq olur. Körpə öləndə anaya elə gəlir ki, sanki həyatda yaşamış bir insan vəfat edib. Ətrafdakılar bunu başa düşməlidir.

Qəzəb və vicdan əzabı

Başqa bir ana ürəyində anadangəlmə problemi olan altı yaşlı oğlunu qəflətən itirərkən hansı hissləri keçirdiyi haqda belə deyir: «Mən müxtəlif vəziyyətlərə düşürdüm — donub qalır, baş verənlərə inanmır, özümü günahkar hiss edirdim. Uşağın vəziyyətinin nə dərəcədə ciddi olduğunu başa düşmədikləri üçün yoldaşıma və həkimə acığım tuturdu».

Qəzəb kədərin digər əlamətidir. Belə ki, yaslı insan həkimlərin və tibb bacılarının ölən üçün əllərindən gələni etmədiklərini düşünərək onlara qəzəblənə bilər. Yaxud nəyisə düz demədiyini və ya etmədiyini düşündüyü dostlara və qohumlara acığı tuta bilər. Bəziləri sağlamlığına başısoyuq yanaşdığı üçün vəfat etmiş adama hirslənir. Stela deyir: «Yadımdadır, mən yoldaşıma yaman hirslənmişdim, çünki bilirdim ki, hər şey başqa cür ola bilərdi. O, çox zəif idi, buna baxmayaraq, həkimlərin xəbərdarlıqlarına məhəl qoymurdu». Hərdən isə, ölən adamın məsuliyyətləri sağ qalanların üstünə düşdüyü üçün ona qəzəblənirlər.

Bəziləri qəzəbləndiklərinə görə vicdan əzabı çəkir və özlərini mühakimə edirlər. Başqaları sevdikləri adamın ölümündə özlərini təqsirkar hesab edirlər. Onlar düşünürlər: «Əgər onu vaxtında həkimə aparsaydım, ölməzdi», «kaş ki, onu həkimə getməyə məcbur edərdim», yaxud «sağlamlığına ciddi yanaşmağa məcbur etsəydim, indi sağ olardı».

Ana itirdiyi uşağı haqda düşünür

Övlad itkisi dəhşətli zərbədir; səmimi-qəlbdən şəfqət göstərməklə və dərdlərinə şərik olmaqla valideynlərə kömək etmək olar

Xüsusilə də doğmaları gözlənilmədən öləndə bəzi insanlar özlərini daha çox günahlandırırlar. Onlar vəfat etmiş adama qəzəbləndikləri və onunla mübahisə etdikləri vaxtları yada salmağa başlayırlar. Yaxud onun qarşısında daşıdıqları məsuliyyəti lazımınca yerinə yetirmədiklərini düşünürlər.

Bir çox anaların uzun müddət qəm-qüssə çəkməsi mütəxəssislərin sözlərini təsdiq edir. Belə ki, övlad itkisi valideynlərin, xüsusilə də ananın həyatında silinməz iz buraxır.

Həyat yoldaşından biri vəfat edəndə

İnsan üçün digər ağır zərbə həyat yoldaşını itirməkdir. Birlikdə fəal həyat tərzi sürənlər üçün bu, xüsusilə sarsıdıcı olur. Bu, o deməkdir ki, onların birgə yaşadıqları həyat tərzinə, etdikləri səyahətlərə, gördükləri işlərə, məşğul olduqları əyləncələrə və bir-birilərinə olan bağlılığa son qoyuldu.

Rikardo həyat yoldaşı ölərkən hansı hissləri keçirdiyini belə açıqlayır: «Onun üçün o qədər darıxırdım ki, öz həyatımın da sona yetməsini arzulayırdım. Onun ölümündən sonra heç kimi görmək istəmirdim. Lakin tezliklə başa düşdüm ki, belə etməklə həyat yoldaşımı geri qaytarmayacaq, sadəcə emosional vəziyyətimi daha da ağırlaşdıracağam». Buna görə də Rikardo məsihi görüşlərindən və Müqəddəs Kitab xəbərini başqaları ilə bölüşmək işindən daha da möhkəm yapışdı. O deyir: «Yehovanın nəvazişlə qayğıma qaldığını, hətta xırda məsələlərdə belə, dualarıma necə cavab verdiyini görəndə, Ona daha da yaxınlaşırdım. Qarşılaşdığım ən çətin sınağa tab gətirməyə, sözsüz ki, Allahın məhəbbətinə olan əminliyim kömək etdi». «Yoldaşım üçün hələ də çox darıxıram, — deyə o etiraf edir, — lakin mən tam əminəm ki, Yehova bizə sağalmaz yara vurulmasına yol verməz».

«Başqalarının sizə... diktə etməsinə yol verməyin»

Bir kitabın müəllifləri məsləhət görürlər: «Başqalarının sizə necə davranmalı və ya hansı hissləri keçirməli olduğunuzu diktə etməsinə yol verməyin. Yaxınını itirən insanların hamısı eyni cür qüssə çəkmir. Ətrafdakılar sizin ya həddindən artıq qüssə çəkdiyinizi, ya da az kədərləndiyinizi düşünə bilər. Onlar hətta nə düşündüklərini sizə də söyləyə bilərlər. Onları bağışlayın və dediklərini unutmağa çalışın. Ayrı-ayrı adamların, yaxud bütün cəmiyyətin fikrinə uyğunlaşmağa çalışmaqla siz emosional sağlamlığınızın bərpa olunmasına mane olacaqsınız» («Leavetaking — When and How to Say Goodbye»).

Sözsüz ki, hərə öz kədərinə bir cür tab gətirir. Biz hansısa bir üsulun hamı üçün ən yaxşı üsul olduğunu sübut etməyə çalışmırıq. Lakin qüssə çəkən adamın özünün səy göstərməməsi, gerçəkliklə barışa bilməməsi təhlükəlidir. Bu zaman ürəyi yanan dostların köməyinə ehtiyac yarana bilər. Müqəddəs Kitabda deyilir: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır». Buna görə də kömək istəməyə, ürəyini boşaltmağa və ağlamağa çəkinmə (Məsəllər 17:17).

İtki üz verəndə qüssə çəkmək təbii haldır, həmçinin qüssə çəkdiyinizi başqalarının görməsində də pis bir şey yoxdur. Lakin cavab tələb edən başqa suallar da var: «Bu dərdə necə dözmək olar? Özünü günahlandırmaq və qəzəblənmək təbii haldırmı? Bu hisslərin öhdəsindən necə gəlmək olar? İtkiyə və kədərə tab gətirməyə mənə nə kömək edə bilər?» Bu və digər suallara növbəti hissədə cavab veriləcək.

a Bəzi xalqlarda insanlar ölü üçün necə kədərləndiklərini başqalarına nümayiş etdirirlər. Lakin İsa bu kimi hallara da tətbiq edilən bir prinsip söyləmişdi: «Oruc tutanda özünüzü ikiüzlülər kimi pərişan göstərməyin. Camaat onların oruc tutduğunu görsün deyə, özlərini qəmli göstərirlər. Bunu bilin ki, onlar artıq öz mükafatını bütövlüklə alıblar» (Mətta 6:16). Bəzi başqa adətlərdə ölümdən sonra ruhun yaşamağa davam etməsinə inam əks olunur. İnsanlar qara geyinir, bəzi əşyaların üstünü örtürlər. Ancaq Müqəddəs Kitabda deyilir: «Ölülər heç nə bilmir» (Vaiz 9:5). Yehovanın Şahidləri Allahın Kəlamına zidd gedən bu adətlərin heç birinə riayət etmirlər.

Düşünmək üçün suallar

  • Mənsub olduğu xalqdan asılı olaraq, insanlar kədəri büruzə verməyə necə yanaşırlar?

  • Müqəddəs Kitab personajlarından kimlər qüssə çəkdiyini gizlətməmişdilər?

  • Sevdikləri insanın ölümü bəzilərində hansı hissləri oyadır? Belə vəziyyətlə üzləşəndə siz hansı hissləri keçirmisiniz?

  • Həyat yoldaşının ölümü nəyə görə insan üçün xüsusilə dözülməz olur?

  • İnsanlar öz kədərlərini necə yaşayırlar? Qüssə çəkmək qəbahətdirmi?

  • Qüssə çəkən insanda hansı hallar müşahidə olunur? (9-cu səhifədəki çərçivəyə baxın.)

  • Körpəsini itirən valideynlərin halını daha da ağırlaşdıran nə olur? (12-ci səhifədəki çərçivəyə baxın.)

  • Uşağını salması və ya körpənin ölü doğulması bir çox analara necə təsir edir? (10-cu səhifədəki çərçivəyə baxın.)

İtki ilə üzləşənlərin keçirdiyi hisslər

Hamı ölən əzizinə görə eyni cür qüssə çəkmir. İnsandan asılı olaraq, eyni vaxtda bu əlamətlərin bir neçəsi müşahidə oluna və müxtəlif müddət ərzində davam edə bilər. Aşağıda əlamətlərin hamısı sadalanmayıb, belə ki, başqa əlamətlər də özünü büruzə verə bilər. Burada həmin əlamətlərdən bəziləri gətirilib.

İlk hisslər: Sarsıntı, inanmamaq, inkar etmək, hisslərin donması, özünü günahlandırmaq, qəzəb.

Şiddətli kədər hissi: Yaddaşın itməsi və yuxusuzluq, son dərəcə yorğunluq, əhval-ruhiyyənin qəfil dəyişməsi, fikrini cəmləyə bilməmək, arıqlamaq və ya kökəlmək, ağlamağını saxlaya bilməmək, zəif sağlamlığın müxtəlif əlamətləri, süstlük, iş qabiliyyətinin azalması, qarabasma — ölən adamı hiss etmək, görmək və ya eşitmək; övlad itkisi üz verəndə həyat yoldaşına səbəbsiz yerə qəzəblənmək.

Sakitləşmə dövrü: Kədərlə ötənlərin həsrətini çəkmək, vəfat edənlə bağlı xoş xatirələri, hətta yumor hissi ilə yada salmaq.

Körpələrini itirən anaların hissləri

Bir neçə uşağı olsa da, Mona növbəti övladının dünyaya gəlməsini səbirsizliklə gözləyirdi. Hələ doğulmazdan əvvəl o, körpəsi ilə «oynayır, söhbət edir və onunla bağlı xəyallar qururdu».

Mona bətnindəki uşağa çox bağlanmışdı. O deyir: «Mən kitab oxuyanda Reyçel Ann kitabları təpikləyir, gecələr məni yatmağa qoymurdu. Onun ilk dəfə bətnimdə tərpənməsi və təpik atması indiyə kimi yadımdadır. Hər dəfə tərpənəndə ürəyim məhəbbətlə dolurdu. Onu o qədər yaxşı tanıyırdım ki, ağrımasını, xəstələnməsini dərhal hiss edirdim».

Mona davam edir: «Həkim mənə iş-işdən keçənə kimi inanmırdı. O, hey mənə narahat olmamağı deyirdi. Amma mən hiss edirdim ki, uşaq ölür. O, qəfildən çevrildi, növbəti gün isə öldü».

Bu kimi hallar təkcə Monanın başına gəlmir. Statistik məlumatlar göstərir ki, bütün dünyada hamilə qadınların 10 faizindən 20 faizə qədəri uşağını salır. Beləliklə, hər il milyonlarla ana uğursuz hamiləliklə üzləşir.

Çox vaxt insanlar uşağın düşməsinin və ya ölü doğulmasının qadın üçün əsl faciə olduğunu və bunu bəlkə də, bütün həyatı boyu unuda bilmədiyini başa düşmürlər. Məsələn, artıq yaşa dolmuş Veronika saldığı uşaqları, xüsusilə də doqquz ayına kimi sağ olan və 6 kiloqram çəkisində doğulan körpəsini indiyə kimi xatırlayır. O, uşağı iki həftə bətnində ölü gəzdirmişdi. Veronika deyir: «Ölü uşaq dünyaya gətirmək ana üçün dəhşətdir».

Ürəyi yaralı olan bu anaların keçirdiyi hissləri ətrafdakılar, hətta başqa qadınlar belə çox vaxt başa düşmürlər. Uşağını salan bir qadın yazırdı: «Öz başıma gəlməyincə rəfiqələrimin nələr keçirdiyini heç təsəvvürümə belə gətirmirdim. İndi insanlar məni başa düşmədikləri kimi, vaxtı ilə mən də başqalarının hisslərini anlamırdım».

Ər–arvad kədərli halda bir–birini qucaqlayıb

Ananı kədərləndirən başqa səbəb, onun fikrincə, ərinin itkiyə görə onun qədər acı çəkməməsi olur. Bir qadın bunu belə ifadə etmişdi: «Mən yoldaşımdan belə şeyi heç gözləmirdim. Ona baxanda elə təəssürat yaranırdı ki, sanki mən heç hamilə deyildim. O təsəvvür edə bilməzdi ki, mən nələr keçirirəm. O, mənim kədərimə yox, göz yaşlarıma acıyırdı».

Belə hallarda ərləri başa düşmək olar, çünki hamilə qadında körpəyə olan fiziki və emosional bağlılıq onlarda olmur. Buna baxmayaraq, onlar da əzab çəkirlər. Ərlə arvad başa düşməlidir ki, müxtəlif cür olsa da, hər ikisi əzab çəkir. Onlar hisslərini bir-biri ilə bölüşməlidirlər. Ər kədərini gizlətsə, qadına elə gələ bilər ki, əri onun hisslərinə şərik deyil. Buna görə də lazım gələrsə, birlikdə ağlayın, söhbət edin və bir-birinizi qucaqlayaraq təsəlli verin. Bir-birinizə indi xüsusilə ehtiyac duyduğunuzu göstərin. Ərlər, qoyun həyat yoldaşınız görsün ki, siz onun hisslərinə şəriksiniz.

Körpənin ölümünə necə tab gətirmək olar?

Körpənin ölümü böyük faciədir. Bu, tamamilə gözlənilməz olur. Uşağın valideyndən qabaq öləcəyi kimin ağlına gələr? Ananın bütün məhəbbətini verdiyi körpə birdən-birə onun sonsuz kədərinə səbəb olur. Ana özünü təqsirkar hiss edir. Valideynlərə elə gələ bilər ki, uşağın ölümünə səbəb onların nədə isə başısoyuqluq göstərmələri olub. Onlarda sual yaranır: «Bunun qarşısını almaq üçün nə edə bilərdik?» Bəzi hallarda ər özü də dərk etmədən əsassız yerə arvadını günahlandıra bilər: nəyə görə uşağa yaxşı baxmayıb? Bu kimi sualları aydınlaşdırmaq lazımdır ki, ərlə arvadın münasibətlərində gərginlik yaranmasın.

Uşaqlar nə üçün ölürlər? Böyüklər kimi uşaqlar da günahı miras alıblar, «günahın ödədiyi haqq ölümdür» (Romalılara 5:12; 6:23). Qeyri-kamillik və günah ucbatından hamı, hətta körpələr də xəstələnir və ölür. Həmçinin Yehovanın rəhbərliyi olmayan bu dünyada hamının «qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11). Allahın bizə verəcəyi yeni dünyada «bir neçə günlük körpələr ölməyəcək» və insanlar «bəla üçün övlad doğmayacaq» (Əşiya 65:19—24).

Övlad itkisi ilə üzləşən ailələrə başqaları necə kömək edə bilər? Körpəsini itirmiş bir ana deyir: «Rəfiqələrimdən biri mənə bir kəlmə söz də demədən gəlib evi yığışdırdı. Digərləri bizim üçün xörək bişirdi. Bəziləri isə heç nə demirdi, sadəcə qucaqlayaraq mənə təsəlli verirdi. Mən bu haqda danışmaq, baş verənləri dönə-dönə izah etmək istəmirdim. Sanki nəyi isə düzgün etmədiyimi üzə çıxaracaq suallara da ehtiyac yox idi. Mən anayam; körpəmi xilas etmək üçün əlimdən gələni etmişdim».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş