Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • we s. 20—25
  • Başqaları necə kömək edə bilər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Başqaları necə kömək edə bilər?
  • Sizə əziz adam öləndə...
  • Başlıqlar
  • Oxşar material
  • Nə etməli?
  • Nə etməməli?
  • «Ağlayanlarla ağlayın»
    Gözətçi qülləsi 2017
  • Kədərinizə üstün gəlin
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Bu dərdə necə dözmək olar?
    Sizə əziz adam öləndə...
  • Bu cür hisslər keçirmək qəbahətdirmi?
    Sizə əziz adam öləndə...
Əlavə
Sizə əziz adam öləndə...
we s. 20—25

Başqaları necə kömək edə bilər?

«NƏ İSƏ lazım olsa, mənə de, edim». Təzəlikcə yası düşən dostumuza və ya qohumumuza əksəriyyətimiz məhz bu sözləri söyləyirik. Sözsüz ki, biz bunu səmimi-qəlbdən deyirik. Onun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Bəs yaxınını itirən insan bizi çağırıb deyirmi ki: «Filan işdə mənə kömək et»? Adətən, yox. Deməli, əgər biz kədərli olana həqiqətən də kömək etmək və təsəlli vermək istəyiriksə, onda, ola bilsin, özümüz təşəbbüs göstərməli olacağıq.

Müqəddəs Kitabdakı bir məsəldə belə deyilir: «Məqamında deyilən söz gümüş qabda qızıl almalara bənzər» (Məsəllər 15:23; 25:11). Nəyi deyib-deməməyi, nəyi edib-etməməyi bilmək müdriklikdir. Aşağıda yaxınını itirən insanlara necə kömək edə biləcəyimizə dair bir neçə məsləhət gətirilir.

Nə etməli?

Dinləyin. Yaqub 1:19 ayəsində deyilir ki, «eşitməyə hazır» olmaq lazımdır. Edə biləcəyiniz ən böyük yaxşılıqlardan biri yaxınını itirəni dinləməklə onun dərdinə şərik olmaqdır. Bəzi insanlar ölən haqqında, onun ölümünə səbəb olan hadisə və ya xəstəlik, yaxud onun ölüm ayağında keçirdiyi hisslər barədə danışmağa ehtiyac duya bilərlər. Buna görə də deyin: «Əgər onun haqqında danışmaq istəyirsənsə, danış». Qoy danışıb-danışmamağa özləri qərar versinlər. Bir gənc oğlan atasının ölümünü xatırlayaraq belə demişdi: «Başqaları məndən nəyin baş verdiyini soruşanda və sonra diqqətlə dinləyəndə bu, mənə həqiqətən də kömək edirdi». Səbirlə və şəfqətlə dinləyin. Vacib deyil ki, ürəyini boşaldan adama dərhal cavab və ya məsləhət verəsiniz. Qoyun ürəyi istəyən şey haqqında danışsın.

Təskinlik verin. Əllərindən gələn hər şeyi (yaxud bildiyiniz həqiqi və müsbət şeyi) etdiklərinə onları əmin edin. Onlara bildirin ki, kədər, qəzəb, vicdan əzabı və digər hissləri keçirmələrində qeyri-adi bir şey yoxdur. Buna bənzər itkiyə uğurla tab gətirən tanıdığınız adamlar haqqında onlara danışın. Məsəllər 16:24 ayəsində deyilir ki, bu cür «xoş sözlər... sümüklərə məlhəmdir» (1 Salonikililərə 5:11, 14).

Dəstək olun. Təkcə qonum-qonşunun gəlib-getdiyi ilk günlərdə yox, hətta bir neçə ay sonra başqaları gündəlik həyatlarına qayıtdıqda da öz dəstəyinizi əsirgəməyin. Belə etməklə siz dar gündə dostunu tək qoymayan «əsl dost» olduğunuzu göstərəcəksiniz (Məsəllər 17:17). Uşağını avtomobil qəzasında itirən Teresa bölüşür: «Dostlarımız hər axşam bir şey təşkil edirdilər ki, evdə çox tək qalmayaq. Bu, bizə daxilimizdəki boşluğa tab gətirməyə kömək edirdi». İllər sonra da toy və ya ölüm gününün ildönümü itkini yaşamış adam üçün gərgin vaxt ola bilər. Nəyə görə həmin tarixləri öz təqviminizdə qeyd edib, o günlərdə onların yanında olmayasınız, lazım gələrsə, təsəlli verməyəsiniz?

Ər–arvad bir kişiyə ev işlərində kömək edirlər

Əgər köməyə həqiqətən də ehtiyac olduğunu görürsünüzsə, sizdən xahiş etmələrini gözləməyin, özünüz təşəbbüs göstərin

Təşəbbüs göstərin. Hansısa işdə köməyə ehtiyac varmı? Bəlkə, uşaqlara baxmaq lazımdır, yaxud gələn dostların və qohumların qalmağa yeri yoxdur? Adətən, təzəlikcə yası düşən adamlar o qədər sarsılırlar ki, heç özlərinin nə edəcəklərini bilmirlər, qaldı ki, başqalarına hansısa işi tapşırsınlar. Buna görə də, əgər köməyə ehtiyac olduğunu görürsünüzsə, gözləməyin sizdən xahiş etsinlər, özünüz təşəbbüs göstərin. (1 Korinflilərə 10:24; 1 Yəhya 3:17, 18 ayələri ilə müqayisə edin.) Əri vəfat edən bir qadın xatırlayır: «Çoxları: “Bir şey lazım olsa, çəkinmə de”, — deyirdilər. Ancaq bir rəfiqəm heç nə soruşmadan yataq otağına keçdi, ərim öləndə kirlənmiş yorğan-döşəyin üzünü çıxartdı və yudu. Digəri isə, bir vedrə su və yuyucu vasitə götürdü, ərimin xalçaya qusduğu yerlərdə olan ləkələri təmizlədi. Bir neçə həftə sonra yığıncağın ağsaqqallarından biri iş paltarında, əlində alətlər bizə gəldi və dedi: “Göstər görüm nəyi təmir etmək lazımdır”. Qapının rəzəsini və elektrik cihazını təmir etdiyinə görə o qardaşa elə minnətdaram ki». (Yaqub 1:27 ayəsi ilə müqayisə edin.)

Qonaqpərvər olun. Müqəddəs Kitab bizə məsləhət görür ki, «qonaqpərvər olmağı da unutmayaq» (İbranilərə 13:2). Xüsusilə də, kədərli olanlara qarşı qonaqpərvər olmalıyıq. «Qapımız həmişə üzünə açıqdır», deməkdənsə, konkret vaxt və saat təyin edin. Əgər onlar imtina etsələr, dərhal fikrinizdən daşınmayın. Vaxtaşırı onları yenidən nəzakətlə dəvət edin. Ola bilsin, onlar başqalarının yanında öz hisslərini cilovlaya bilməyəcəklərindən qorxaraq dəvətinizi qəbul etməmişdilər. Yaxud bəlkə də, belə bir vaxtda yeyib-içməyi, dostlarla vaxt keçirməyi özlərinə ar bilirlər. Müqəddəs Kitabda adı çəkilən qonaqpərvər qadın Lidiyanı yadınıza salın. Onun evində qonaq olan Luka deyir ki, Lidiya onları dilə tutub evinə aparmışdı (Həvarilərin işləri 16:15).

Səbirlə və anlayışla yanaşın. Yaslı insanın ilk vaxtlar dediyi sözlərə çox təəccüblənməyin. Unutmayın ki, o qəzəblənə və özünü günahkar hiss edə bilər. Bütün hirsini sizin üstünüzə tökdükdə əsəbi halda cavab qaytarmamaq üçün sizə uzaqgörən və səbirli olmaq lazım gələ bilər. «Şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, mülayimliyi və səbri geyinin», — deyə Müqəddəs Kitab məsləhət verir (Koloslulara 3:12, 13).

Birlikdə dua edin. İtki üz vermiş insanla birlikdə, həmçinin onun üçün dua etməyin dəyərli olduğunu unutmayın. Müqəddəs Kitabda deyilir: «Salehin hərarətli duasının böyük təsiri var» (Yaqub 5:16). Məsələn, onun üçün dua edildiyini eşitməsi ona vicdan əzabından azad olmağa kömək edə bilər. (Yaqub 5:13—15 ayələri ilə müqayisə edin.)

Nə etməməli?

Xəstəxanada əzizini itirən kəsə dostları təsəlli verir

Xəstəxanaya gəlməyiniz əzizini itirən adama təskinlik verə bilər

Nə deyəcəyinizi, yaxud nə edəcəyinizi bilmədiyiniz üçün kənara çəkilməyin. «Məncə, onlar indi tək qalsalar, daha yaxşı olar», — deyə düşünə bilərik. Ancaq əslində bu fikrin arxasında səhv bir şey demək və ya etmək qorxusu dura bilər. Dostların, qohumların, yaxud həmimanlıların uzaq durması yaslı adamın özünü daha da tənha hiss etməsinə və kədərinin artmasına gətirib çıxaracaq. Yadda saxlayın ki, adətən, sadə sözlər və hərəkətlər insana daha yaxşı təsir edir (Efeslilərə 4:32). Təkcə yanında olmağımız artıq onu ruhlandıra bilər. (Həvarilərin işləri 28:15 ayəsi ilə müqayisə edin.) Qızının öldüyü günü xatırlayaraq Teresa deyir: «Bir saatın içində bütün xəstəxananın dəhlizi dost-tanışlarla dolmuşdu, ağsaqqalların da hamısı öz arvadları ilə orada idilər. Qadınlardan bəziləri heç saçlarından biqudini açmağa macal tapmamışdılar, bir başqaları isə iş paltarında idilər. Onlar bütün işlərini atıb dərhal gəlmişdilər. Çoxları nə demək lazım olduğunu bilmədiklərini söyləyirdilər. Lakin bu vacib deyildi, əsas o idi ki, onlar bizim yanımızda idilər».

Kədəri unutmağa onları məcbur etməyin. Onları sakitləşdirmək üçün «daha bəsdir, ağlama» demək istəyə bilərik. Amma ağlamağa mane olmamaq daha yaxşı olardı. Ərinin ölümünü yadına salaraq Katrin deyir: «Mənim fikrimcə, yaslı insana duyduğu hissləri büruzə verməyə və ürəyini boşaltmağa imkan vermək vacibdir». Onlara hansı hissləri keçirməli olduqları ilə bağlı göstərişlər verməyin. Onların yaralarını qoparmamağı fikirləşərək öz hisslərinizi gizlətməyə çalışmayın. Əksinə, Müqəddəs Kitab bizə ağlayanlarla ağlamağı məsləhət görür (Romalılara 12:15).

Özləri buna hazır olmayınca, ölən adamın paltarlarını və ya ona məxsus olan əşyaları evdən çıxarmağı məsləhət görməyə tələsməyin. Bizə elə gələ bilər ki, öləni xatırladan əşyaları evdən çıxartmaq daha yaxşı olardı, çünki onlar insana öz kədərini unutmağa mane olur. Ancaq «gözdən uzaq, könüldən iraq» məsəlini bu vəziyyətə aid etmək olmaz. İnsana mərhumun əşyalarını evdən uzaqlaşdırmağa hazır olmaq üçün vaxt tələb oluna bilər. Kiçik oğlu Yusifi vəhşi heyvanların parçaladığını eşidəndə Yaqubun nə etdiyini yadınıza salın. Müqəddəs Kitabda yazılıb ki, Yusifin qanlı paltarını görəndə Yaqub uzun müddət oğlu üçün yas tutdu. Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəmədi (Yaradılış 37:31—35).

«Yenə uşağınız olar» deməyin. Övladını itirən bir ana xatırlayır: «Ətrafdakıların “yenə uşağın olar” deməsi məni əsəbləşdirirdi». Ola bilsin, onlar bu sözləri yaxşı niyyətdən irəli gələrək deyirlər, lakin bu, qüssə çəkən valideynləri qılınc kimi yaralaya bilər, çünki bununla onlar mahiyyət etibarilə, başqa uşağın ölənin yerini verə biləcəyini demiş olurlar (Məsəllər 12:18). Bir uşağı başqası ilə əvəz etmək mümkün deyil. Nə üçün? Çünki hər uşağın öz yeri var.

Mərhum haqqında danışmaqdan çəkinmək lazım deyil. Bir ana deyir: «Çoxları oğlum Ciminin adını belə çəkmir, onun haqqında danışmırdılar. Düzünü desəm, başqalarının belə davranması mənim bir az xətrimə dəyirdi». Buna görə də ölənin adı çəkilən kimi söhbəti dəyişmək lazım deyil. Yaxınını itirən adamdan ölən əzizi haqqında danışmaq istəyib-istəmədiyini soruşun. (Əyyub 1:18, 19 və 10:1 ayələri ilə müqayisə edin.) Dostların mərhum haqqında yaxşı danışması və onu sevdirən gözəl keyfiyyətlərindən söz açması əzizini itirən bəzi insanlara xoş təsir bağışlayır. (Həvarilərin işləri ­9:36—39 ayələri ilə müqayisə edin.)

«Bəlkə də belə olması yaxşı idi» deməyin. Baş verən bədbəxtlikdə nə isə müsbət bir şey tapmağa çalışmaq kədərli olanı heç də ruhlandırmır (1 Salonikililərə 5:14). Anasının ölümünü xatırlayan bir gənc qız deyir: «Yanıma gələnlər: “O, artıq əzab çəkmir” və ya “heç olmasa indi onun yeri rahatdır” deyirdilər. Lakin mən bu sözləri eşitmək istəmirdim». Bu cür sözlər əzizini itirən insanda elə təəssürat oyada bilər ki, kədərlənməyə dəyməz və bu itki elə də böyük əhəmiyyət kəsb etmir. Ancaq onlar əzizlərinin həsrətini çəkdikləri üçün çox kədərlənə bilərlər.

Yaxşı olardı ki, «mən sənin keçirdiyin hissləri başa düşürəm» deməyəsiniz. Doğrudanmı başa düşürsünüz? Məsələn, əgər özünüz belə itki ilə üzləşməmisinizsə, uşağını itirən valideynin hisslərini necə başa düşə bilərsiniz? Hətta sizin də başınıza belə hadisə gəlibsə, bu o demək deyil ki, hamı sizin keçirdiyiniz hissləri keçirir. (Mərsiyələr 1:12 ayəsi ilə müqayisə edin.) Digər tərəfdən, əgər münasibdirsə, əziz adamınızın vəfat etməsinə necə tab gətirdiyiniz haqda danışmağınızın faydası dəyə bilər. Qızı öldürülən bir ana qeyd edir ki, başqa bir qadının öz qızının ölümündən sonra normal həyata necə qayıtdığını danışması ona təskinlik vermişdi. O xatırlayır: «Qızının ölümünü yaşamış bu ana söhbətinə “mən sənin hisslərini başa düşürəm” deməklə başlamadı. O, sadəcə olaraq mənə öz hissləri haqqında danışdı və imkan verdi ki, mən özüm bir nəticəyə gəlim».

Kədərli insana kömək etmək üçün sizin tərəfinizdən şəfqət, uzaqgörənlik və bol məhəbbət tələb olunur. Kədərli insanın sizdən kömək istəməsini gözləməyin. Sadəcə: «Nə isə lazım olsa, mənə de...» — deməyin. «Nə isə»ni özünüz tapın, sonra da özünüz təşəbbüs göstərin.

Amma cavab tələb edən başqa suallar da var: Müqəddəs Kitab dirilməyə dair hansı ümidi verir? Bu, sizin və ölən əziziniz üçün hansı mənanı daşıyır? Bunun həqiqi ümid olduğuna necə əmin ola bilərik?

Düşünmək üçün suallar

  • Yaslı adamı dinləməklə onun kədərinə necə şərik ola bilərik?

  • Kədərli olana təsəlli vermək üçün nə etmək olar?

  • Qəm içində olanla münasibətimizdə hansı sözlərdən və hərəkətlərdən çəkinməliyik?

İtki üz verərkən uşaqlara qarşı diqqətli olun

Ailədə ölüm hadisəsi baş verəndə valideynlər, həmçinin digər qohumlar və dostlar uşaqlara vəziyyəti necə başa salacaqlarını, onlara necə kömək edəcəklərini bilmirlər. Ancaq bu zaman uşaqların böyüklərin köməyinə ehtiyacları var. Gəlin uşaqlara ölümü başa salmaqla bağlı, adətən, yaranan bəzi sualları müzakirə edək.

Uşaqlara ölümü necə izah etməli? Baş verənləri sadə sözlərlə izah etmək çox vacibdir. Hər şeyi olduğu kimi danışın. «Ölü» və «ölüm» kimi sözləri işlətməkdən çəkinməyin. Məsələn, uşağı qucağınıza alıb deyə bilərsiniz: «Olduqca kədərli bir şey baş verib. Atan çox adamda olmayan bir xəstəliyə tutulmuşdu [yaxud başqa həqiqi səbəb]. İndi isə o ölüb. Onun ölümündə heç kim günahkar deyil. Biz onun üçün çox darıxacağıq, çünki biz onu çox istəyirdik, o da bizi çox istəyirdi». Lakin uşağa onu da izah etmək lazımdır ki, onun, yaxud digər valideyninin hərdənbir xəstələnməsi onların da mütləq öləcəklərini bildirmir.

Suallarına cavab verin. Uşaqlar soruşa bilərlər: «Ölüm nədir?» Bu zaman belə cavab vermək olar: «“Ölüm” o deməkdir ki, insan bədəni daha fəaliyyət göstərmir və o nə danışa, nə görə, nə eşidə, nə də hiss edə bilir». Müqəddəs Kitabın dirilməyə dair vədinə inanan valideyn belə vəziyyətdə izah edə bilər ki, Yehova Allah ölən insanı yadında saxlayır və gələcəkdə yerüzü Cənnətdə onu dirildə bilər (Luka 23:43; Yəhya 5:28, 29). («Ölənlər üçün həqiqi ümid» adlı hissəyə baxın.)

Hansı sözləri demək lazım deyil? Ölən adamın uzun səyahətə getdiyini demək yaxşı olmazdı. Uşağı, xüsusilə də valideyni öləndə tərk edilmək qorxusu çox narahat edir. Ölən insanın səyahətə getdiyini demək onun bu qorxusunu daha da artıra bilər və o: «Nənəm getdi, heç mənə “sağ ol” da demədi», — deyə fikirləşə bilər. Həmçinin ehtiyyatlı olun ki, uşağa ölən adamın yatdığını söyləməyəsiniz. Uşaqlar hər şeyi hərfi mənada başa düşürlər. Əgər uşaq ölümü yuxu kimi başa düşsə, nəticədə axşamlar yatmaqdan qorxacaq.

Uşaqlar yas yerində iştirak etməlidirlərmi? Valideynlər uşaqlarının hisslərini nəzərə almalıdırlar. Əgər onlar ora getmək istəmirlərsə, məcbur etməyin, yaxud getmədikləri üçün onları danlamayın. Yox, əgər getmək istəyirlərsə, onlara baş verəcək hər şeyi, eləcə də tabut, yaxud ölü görə biləcəklərini ətraflı izah edin. Həmçinin başa salın ki, orada kədərli olduqları üçün çoxlu ağlayan adam görəcəklər. Nəyisə başa düşmürlərsə, qoyun soruşsunlar. Həmçinin bildirin ki, əgər istəsələr, evə qayıda bilərlər.

Ölüm uşaqlarda hansı hissləri doğurur? Uşaqlar, adətən, əziz adamın ölümündə özlərini təqsirkar hiss edirlər. Belə ki, uşaq ölən adama nə vaxtsa əsəbləşdiyi üçün düşünə bilər ki, hirslənəndə fikirləşdiyi şeylər və ya dediyi sözlər həmin adamın ölümünə səbəb olub. Buna görə də onu sakitləşdirmək üçün belə demək olar: «Kiminsə xəstələnməsinin və ölməsinin səbəbi sənin fikirləşdiyin şeylər və ya dediyin sözlər deyil». Bu cür sakitləşdirici sözləri uşağa bir-neçə dəfə demək lazım gələ bilər.

Kədəri uşaqdan gizlətmək lazımdırmı? Uşaqların göz yaşlarınızı görməsində pis bir şey yoxdur, bunun hətta faydası var. Bundan əlavə, hissləri uşaqlardan tamamilə gizlətmək qeyri-mümkündür, çünki uşaqlar çox həssas olur və nə isə baş verəndə bunu dərhal duyurlar. Hisslərinizi gizlətməməyin sayəsində uşaqlar kədərlənməyin və hərdən hissləri büruzə verməyin təbii hal olduğunu başa düşəcəklər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş