Bu kitab necə qorunub saxlanılıb?
Qədim əlyazmaların alov, kif və rütubət kimi təbii düşmənləri olmuşdur. Bu kimi təhlükələrə Müqəddəs Kitab da mə’ruz qalırdı. Zamanın məhvedici tə’sirinə baxmayaraq, onun qorunub saxlanmasının və dünyada ən asan əldə edilə bilən kitab olmasının tarixçəsi başqa qədim əsərlərin arasında kəskin surətdə fərqlənir. Müqəddəs Kitabın qorunub saxlanılmasının tarixçəsi səthi maraqdan daha artıq diqqətə layiqdir.
MÜQƏDDƏS KİTABIN sözləri daş üzərində oyulmamışdı, möhkəm gil lövhəciklər üzərində də yazılmamışdı. Onların papirus (eyni adlı Misir bitkisindən hazırlanan) və perqament (heyvan dərisindən hazırlanan) kimi tez xarab olan materiallar üzərində yazıldığına şübhə yoxdur.
Bəs orijinal yazılarla nə baş verdi? Yəqin ki, onlar çoxdan, əksəriyyəti isə hələ qədim İsraildə çürümüşdür. Alim Oskar Paret izah edir: “Rütubət, kif və müxtəlif sürfələr, bu yazı materiallarının hər ikisi [papirus və dəri] üçün eyni dərəcədə təhlükəlidir. Gündəlik təcrübəmizdən bilirik ki, kağız, yaxud möhkəm dəri havada və ya rütubətli otaqda asanlıqla xarab olur”1.
Əgər orijinallar artıq yoxdursa, Müqəddəs Kitabın sözləri bizim günlərimizədək necə qorunub saxlanılıb?
Səliqəli köçürücülər tərəfindən qorunub saxlanılıb
Orijinallar yazıldıqdan qısa müddət sonra, köçürmə yolu ilə onların surətini çıxarmağa başladılar. Müqəddəs Yazıların üzünü köçürmək qədim İsraildə peşəyə çevrilmişdi (Ezra 7:6; Məzmur 45:1). Surətlər də tez xarab olan materillar üzərində yazılırdı. Vaxt keçdikcə bu surətləri də başqa əlyazma surətlərlə əvəz etmək lazım gəlirdi. Orijinallar məhv olduqda, bu surətlər sonrakı əlyazmaların əsası oldu. Surətlərin köçürülməsi yüzillər boyu davam etdi. Bəs köçürücülərin yüzilliklər boyu yol verdikləri səhvlərə görə Müqəddəs Kitabın mətni kökündən dəyişilmədimi? Dəlillər göstərir ki, yox.
Professional köçürücülər öz işlərinə çox sadiq idilər. Onlar köçürdükləri sözlərə dərin hörmətlə yanaşırdılar. Eyni zamanda səliqəli idilər. “Köçürücü” kimi tərcümə olunan ibrani sözü sofer, hesablamaq və qeydlər aparmaq mə’nasını verir. Köçürücülərin nə dərəcədə səliqəli olduqlarına Masoretlər gözəl nümunə ola bilərləra. Onlar haqqında alim Tomas Hartuell Horn izahat verir: “Onlar... Tövratın [Müqəddəs Kitabın ilk beş kitabı] ortasına düşən hərfi və hər kitabın ortasına düşən cümləni və [ibranicə] əlifbanın hər hərfinin İbranicə Müqəddəs Yazıların hamısında neçə dəfə rast gəlindiyini hesablayırdılar”3.
Bu səbəbdən, mahir köçürücülər yazdıqlarını yenidən yoxlamaq üçün bir neçə üsuldan istifadə edirdilər. Müqəddəs Kitab mətninin heç bir hərfini buraxmamaq üçün, onlar yalnız köçürdükləri sözləri deyil, hətta hərfləri belə sayırdılar. Bu, zəhmət və səbir tələb edən iş idi: Mə’lum olduğu kimi, onlar İbranicə Müqəddəs Yazılarda olan 815 140 hərfi hər dəfə bir-bir sayırdılar! 4 Belə cəhd sayəsində, yüksək dərəcəli dəqiqlik tə’min olunurdu.
Bununla belə, köçürücülər qüsursuz deyildilər. Yüzillər boyu təkrar-təkrar köçürülməsinə baxmayaraq, Müqəddəs Kitabın mətninin öz e’tibarlılığını qoruduğuna dair hər hansı bir sübut varmı?
E’tibar etmək üçün əsaslı səbəb
Müqəddəs Kitabın bizə dəqiqliklə gəlib çatmasına inanmaq üçün tam əsasımız var. Sübutlar, əlyazmaların mövcud olmasından ibarətdir. İbranicə Müqəddəs Yazıların bütünlüklə və ya bə’zi hissələrinin təxminən 6 000, Yunanca Müqəddəs Yazıların isə təkcə yunan dilində 5 000-ə yaxın əlyazması mövcuddur. Onların arasında — İbranicə Müqəddəs Yazıların 1947-ci ildə tapılan bir əlyazması, Müqəddəs Yazıların nə dərəcədə düzgün köçürülməsinə nümunə kimi xidmət edir. O vaxtdan bəri bu əlyazmanı, “müasir dövrün ən böyük kəşfi” adlandırırlar 5.
Həmin ilin əvvəllərində, gənc bədəvi oğlan (köçəri ərəb) öz sürüsünü otararkən, Ölü dəniz yaxınlığında bir mağara aşkar etdi. Orada əksəriyyəti boş olan bir neçə gil qablar tapdı. Ancaq ağzı möhkəm möhürlənmiş qabların birində Müqəddəs Yazıların bütünlüklə “İşaya” kitabını təşkil edən, qalın kətana bükülmüş dəridən hazırlanmış tumar tapdı. Çox yaxşı qorunub saxlanmış, lakin rəngi solmuş tumarda tə’mir izləri görünürdü. Balaca çoban heç təsəvvürünə belə gətirə bilməzdi ki, əlində tutduğu qədim tumar, bir zaman bütün dünyanın diqqətini cəlb edəcək.
Bu xüsusi əlyazmanı belə əhəmiyyətli edən nə idi? İbranicə Müqəddəs Yazıların 1947-ci ildə mövcud olan ən qədim əlyazması, təxminən b. e. X əsrinə aid edilirdi. Lakin bu tumarın tarixi min ildən daha qədim tarixə, b. e. ə. II əsrə aid edilirdib. Bu tumarı çox sonralar yazılmış əlyazmalarla müqayisə etmək, alimlər üçün çox maraqlı idic.
Bir araşdırma zamanı alimlər, Ölü dəniz tumarından İşayanın 53-cü fəslini, min il sonra yazılmış Masoret mətni ilə müqayisə etdilər. Bu araşdırmanın nəticəsi bir kitabda belə izah edilir: “İşayanın 53-cü fəslindəki 166 sözün yalnız on yeddi hərfi şübhə doğurur. Bu hərflərdən 10-u sadəcə yazı qaydası ilə əlaqədardır ki, bu da mə’naya tə’sir göstərmir. Digər dörd hərf, bağlayıcılar kimi cüz’i üslub dəyişikliklərindən ibarətdir. Yerdə qalan üç hərf isə, 11-ci ayəyə əlavə olunmuş “işıq” sözünü təşkil edir ki, o da mə’naya güclü tə’sir etmir... Beləliklə, min illik köçürmədən sonra, 166 sözdən ibarət olan bir fəsildə yalnız bir söz (üç hərf) şübhə oyadır və bu söz həmin hissənin mə’nasını əhəmiyyətsiz dərəcədə dəyişir” (“A General Introduction to the Bible”) 7.
Uzun müddət tumarlar üzərində işləyən professor Millar Berrous, onların məzmununu təhlil edərək belə bir nəticəyə gəlmişdir: “İşayanın tumarı ilə Masoret mətni arasındakı fərqlərin çoxunu, köçürmə zamanı yol verilən səhvlər kimi izah etmək olar. Bu səhvlər nəzərə alınmazsa, orta əsrlərin əlyazmalarının mətnləri ilə təəccüblü uyğunluq müşahidə edilir. Bu cür qədimi əlyazmada olan uyğunluq təəccüblü surətdə şəhadət edir ki, nəsildən-nəslə ötürülən mətn ümumiyyətlə dəqiqdir” 8.
Eynilə, Yunanca Müqəddəs Yazıların köçürülməsi haqqında da “əminliklə şəhadət etmək” olar. Məsələn, XIX əsrdə tapılan və eramızın IV yüzilliyinə aid edilən nazik perqament üzərindəki Sina kodeksi, əsrlərcə sonra yazılmış Yunanca Müqəddəs Yazıların əlyazmalarının dəqiqliyini təsdiqləməyə kömək etdi. Misirin Əl-Fəyyum rayonunda tapılan üzərində Yəhyanın Müjdəsi olan papirus parçası orijinaldan 50 ildən az bir müddət sonraya, b. e. II əsrinin birinci yarısına aid edilir. Bu fraqment yüz illər boyunca quru qum içində qorunub saxlanmışdır. Onun mətni, çox sonralar yazılmış əlyazmalarla uzlaşır 9.
Beləliklə, faktlar təsdiq edir ki, köçürücülər həqiqətən də çox dəqiq olmuşlar. Bununla belə onlar səhvlərə yol verirdilər. Nöqsansız əlyazma yoxdur, Ölü dəniz yaxınlığında tapılan İşayanın tumarı da istisna deyil. Lakin hətta belə bir vəziyyətdə də, alimlər orijinaldan fərqlənən yerləri tapıb düzəldə bilmişlər.
Köçürücülərin səhvlərinə düzəliş vermək
Təsəvvür edək ki, 100 adama uzun məzmunlu bir sənədi əl ilə köçürmək tapşırılıb. Şübhəsiz ki, köçürücülərdən heç olmasa bir neçəsi səhvə yol verəcəkdir. Lakin onların hamısı eyni səhvi etməyəcəklər. Əgər surətlərin 100-nü də götürüb diqqətlə müqayisə etsəniz, orijinalı heç görməsəniz belə, səhvləri tapıb, əsl mətni müəyyən edə bilərsiniz.
Eyni zamanda Müqəddəs Kitabı köçürənlərin də hamısı eyni səhvləri buraxmamışlar. Müqayisə üçün əllərində minlərlə Müqəddəs Kitabın əlyazmalarının mövcud olması sayəsində, mətnşünaslar səhvləri tapmış, əsl mətni müəyyən etmiş və lazımi düzəlişlər üçün qeydlər apara bilmişlər. Bu cür diqqətli tədqiqat nəticəsində, mətnşünaslar orijinalda olan ilk mətni bərpa etmişlər. İbranicə və yunanca mətnlərin dəqiqləşdirilmiş bu nəşrlərinə elə sözlər daxil olmuşdur ki, alimlərin çoxu həmin sözlərin orijinala uyğun olduğunu düşünürlər; çox vaxt haşiyələrdə, ola bilsin, bə’zi əlyazmalarda mövcud olan variantlar və ya bir mətnin dəyişmiş şəkli sadalanır. Mətnşünasların dəqiqləşdirdikləri nəşrlər, tərcüməçilər tərəfindən Müqəddəs Kitabın müasir dillərə tərcümə olunmasında istifadə olunur.
Buna görə də siz Müqəddəs Kitabın müasir tərcümələrindən birini oxuyarkən, onun əsaslandığı ibranicə və yunanca mətnlərin — orijinal Müqəddəs Kitabın sözlərini təəccüblü şəkildə dəqiq təqdim etməsinə inanmanıza kifayət qədər əsas vard. Min illər ərzində əl ilə təkrar-təkrar köçürülməsinə baxmayaraq, Müqəddəs Kitabın necə qorunub saxlanmasının tarixçəsi həqiqətən də təəccüblüdür. Uzun müddət Britaniya muzeyinin mühafizi işləyən ser Frederik Kenyon bununla əlaqədar belə deyə bilmişdir: “Müqəddəs Kitabın mətninin mə’na e’tibarı ilə düzgün olduğunu tam əminliklə iddia etmək olar. [...] Bunu, dünyadakı digər qədimi kitabların heç biri haqqında demək olmaz”10.
[Haşiyələr]
a Eramızın VI-X yüzilliklərində yaşamış Masoretlər (“ən’ənə mühafizəçiləri” mə’nasını verir), İbranicə Müqəddəs Yazıların köçürücüləri olmuşlar. Onların etdikləri əlyazmaların surətləri Masoret mətnləri adlanır 2.
b Qısaldılmış şəkildə yazılan “b. e. ə.” — “bizim eradan əvvəl” deməkdir. “B. e.” isə — “bizim eranı” nəzərdə tutur.
c Emanuel Tovun kitabında deyilir: “İndi, karbon 14 izotopunun köməkliyi ilə 1QIsaa [Ölü dəniz yaxınlığında tapılan İşaya kitabının tumarının] tarixi b. e. ə. 202-107 illərə aid edilir (paleoqrafik tarix: b. e. ə. 125-100 illər)... Son illərdə təkmilləşdirilmiş paleoqrafik üsul nisbətən e’tibarlı üsul kimi özünü doğrultmuşdur. Bu üsul hərflərin şəklinin və vəziyyətinin, tarixi bilinən sikkə və yazılar kimi digər mənbələrlə müqayisəsinə əsaslanaraq, dəqiq tarixi müəyyən etməyə yol verir. (“Textual Criticism of the Hebrew Bible”)6.
d Əlbəttə ki, bə’zi tərcüməçilər ibranicə və yunanca orijinal mətnlərə ciddi riayət edir, digərləri isə yox.
[8-ci səhifədə olan şəkil]
Müqəddəs Kitab mahir köçürücülər tərəfindən qorunub saxlanılıb.
[9-cu səhifədə olan şəkil]
Ölü dəniz yaxınlığında tapılan İşayanın tumarı (surəti göstərilir), min il sonra yazılan Masoret mətni ilə tam uzlaşır.