Ölməzlik təsəvvürünün İudaizmə, Xristianlığa və İslama daxil olması
«Din insanı bir gün öləcəyi fikri ilə barışdıran üsullardan biridir; o, buna insana ölümdən sonra ya daha yaxşı yaşayacağını, ya gələcəkdə yenidən doğulacağını, ya da hər ikisini vəd etməklə nail olur» (QERHART HERM, ALMAN YAZIÇISI).
1. Əksər dinlər ölümdən sonra həyatın olduğunu vəd edərkən hansı təlimə əsaslanır?
DEMƏK olar ki, hər bir din ölümdən sonra həyat vəd edərkən belə ideyaya əsaslanır ki, insanda ölməz ruh var və insan öldükdən sonra o, ya başqa aləmə gedir, ya da başqa varlığın bədəninə köçür. Əvvəlki fəsildə qeyd olunduğu kimi, ölməzlik ideyası Şərq dinləri yaranandan bu günə qədər onların ayrılmaz hissəsi olaraq qalır. Bəs İudaizm, Xristian və İslam dini haqda nə demək olar? Necə oldu ki, ölməzlik bu dinlərin əsas təlimi oldu?
İudaizm yunan fəlsəfəsini mənimsəyir
2, 3. «Yəhudi ensiklopediyası»na əsasən, İbrani Müqəddəs Yazıları ruhun ölməz olduğunu öyrədirmi?
2 İudaizmin kökü təxminən 4 000 il bundan əvvələ, İbrahimin günlərinə gedib çıxır. İbrani Müqəddəs Yazıları b. e. ə. XVI əsrdə qələmə alınmağa başladı və onun yazılması Sokratla Platonun ruhun ölməzliyi nəzəriyyəsini formalaşdırdığı dövrdə başa çatdı. Bəs bu Müqəddəs Yazılar ruhun ölməz olduğunu öyrədirmi?
3 Bu suala «Yəhudi ensiklopediyası» belə cavab verir: «Yalnız Müqəddəs Kitab yazılıb qurtardıqdan sonra ruhun ölməz olduğuna aydın və möhkəm inam yarandı... və bu, İudaizmin və Xristianlığın təməl daşlarından biri oldu». Orada həmçinin deyilir: «Müqəddəs Kitab yazıldığı dövrdə insana bölünməz bir şey kimi baxılırdı». Qədimdə yaşayan yəhudilər ölülərin diriləcəyinə inanırdılar və ensiklopediyada deyilir ki, «bunu ruhun ölməzliyinə inamla eyniləşdirmək olmaz» («Encyclopaedia Judaica»).
4-6. Necə oldu ki, ruhun ölməzliyi təlimi İudaizmin «təməl daşlarından biri oldu»?
4 Belə olan halda, necə oldu ki, bu təlim İudaizmin «təməl daşlarından biri oldu»? Bu suala tarix cavab verir. B. e. ə. 332-ci ildə Makedoniyalı İsgəndər ildırım sürəti ilə Orta Şərqin böyük qismini ələ keçirdi. İsgəndər Yerusəlimə gələndə yəhudilər onu böyük sevinclə qarşıladılar. Birinci əsrdə yaşamış yəhudi tarixçisi İosif Flavinin sözlərinə görə, yəhudilər hətta ona 200 ildən çox əvvəl yazılmış Daniel peyğəmbərin kitabından ‘Yunan padşahının’, yəni İsgəndərin qələbələrini aydın təsvir edən peyğəmbərliyi göstərdilər (Daniel 8:5—8, 21). İsgəndərin xələfləri yunan dilini, mədəniyyətini və fəlsəfəsini imperiyanın hər tərəfinə yayaraq onun ellinləşdirmə siyasətini davam etdirdilər. Nəticədə, yunan və yəhudi mədəniyyəti bir-birinə qarışdı.
5 B. e. ə. III əsrin əvvəllərində İbrani Müqəddəs Yazılarının yunan dilinə ilk tərcüməsinə başlanıldı. Bu tərcümə «Septuaqinta» adlanır. Bunun sayəsində digər xalqlardan olan bir çox insan Yəhudi dininə hörmətlə yanaşmağa və onu yaxından tanımağa başladı, hətta bəziləri bu dini qəbul etdi. Digər tərəfdən, yəhudilər yunanların düşüncə tərzi ilə yaxından tanış oldu. Bəziləri isə filosof oldu ki, bu da yəhudilər üçün tamamilə yeni bir şey idi. Bu filosoflardan biri də b. e. I əsrində yaşamış İsgəndəriyyəli Filon idi.
6 Filon Platona xüsusi rəğbət bəsləyirdi və yəhudi dinini yunan fəlsəfəsinin təlimləri ilə izah etməyə çalışırdı. «Səma — Tarix» kitabında deyilir: «Platon fəlsəfəsi ilə Müqəddəs Kitab ənənəsini təkrarolunmaz tərzdə birləşdirərək Filon xristianların [həmçinin yəhudilərin] sonrakı mütəfəkkirlərinə yol açdı». Bəs Filon ruh haqqında nə fikirləşirdi? Həmin kitabda deyilir: «Onun fikrincə, ölüm ruhu əvvəlki, yəni doğulmazdan qabaqkı vəziyyətinə qaytarır. Ruh ruhani aləmə aid olduğu üçün bədəndə yaşanan həyat qısa, çox vaxt kədərli epizoddan başqa bir şey olmur» («Heaven—A History»). Ruhun ölməz olduğuna inananlar arasında eramızın X əsrində yaşamış, əslən yəhudi olan tanınmış həkim İsaak İzrail və XVIII əsrin alman mənşəli yəhudi filosofu Mozes Mendelson da var idi.
7, 8. a) Talmudda ruh haqqında nə deyilir? b) Sonralar yəhudilərin mistik ədəbiyyatında ruh haqqında hansı fikir öz əksini tapmışdır?
7 Yəhudilərin düşüncəsinə və həyat tərzinə güclü təsir edən kitablardan biri də Talmuddur. Bu kitaba erazımın II əsrindən orta əsrlərə qədər olan dövr ərzində ravvinlər tərəfindən tərtib olunan şifahi qanunlar, həmçinin onlara verilən şərh və izahatlar daxildir. «Yəhudi ensiklopediyası»nda deyilir: «Talmudu yazan ravvinlər inanırdılar ki, insan öləndən sonra ruh yaşayır». Hətta Talmudda dirilərlə əlaqə yaradan ölülər haqda danışılır. «Din və etika ensiklopediyasında» qeyd edilir: «Çox ehtimal ki, Platonizmin təsiri altında [ravvinlər] ruhun insan doğulmazdan əvvəl də mövcud olduğuna inanmağa başladılar».
8 Sonralar isə yəhudilər hətta mistik ədəbiyyatları olan «Kabbala»dan istifadə edərək reinkarnasiya təlimini də yayırdılar. Bununla bağlı «Yeni standart yəhudi ensiklopediyası»nda deyilir: «Görünür, bu ideya Hindistanda yaranıb... Kabbalada ilk dəfə bu fikrə “Bahir” kitabında rast gəlinir. Sonralar isə “Zohar” kitabından başlayaraq, mistiklər tərəfindən qəbul olunmuş və hasidlərin etiqadında və ədəbiyyatında xüsusi rol oynamışdır» («The New Standard Jewish Encyclopedia»). Müasir İsraildə reinkarnasiya İudaizmin geniş qəbul olunmuş təlimlərindən biridir.
9. Bu gün İudaizmin əksər təriqətləri ruhun ölməzliyi təliminə dair hansı fikirdədirlər?
9 Beləliklə, ruhun ölməzliyi təsəvvürü İudaizmə yunan fəlsəfəsinin təsiri altında daxil olmuşdur və hal-hazırda, demək olar, yəhudi dininin bir çox təriqətlərində qəbul olunur. Bəs bu təlimin Xristianlığa daxil olması haqda nə demək olar?
Xristianlıq Platon fəlsəfəsini mənimsəyir
10. Məşhur ispan alimi ruhun ölməzliyi təlimi haqda İsanın tutduğu mövqeyə dair hansı qənaətə gəlmişdi?
10 Həqiqi xristianlığın təməlini İsa Məsih qoymuşdur. XX əsrin məşhur ispan alimi Migel de Unamuno İsa haqqında yazmışdı: «O, Platonun öyrətdiyi kimi ruhun ölməzliyinə yox, yəhudilərin qəbul etdikləri kimi, bədənin dirilməsinə inanırdı... Bu mövzunu obyektiv şəkildə təhlil edən istənilən kitabdan buna dair sübut tapmaq olar». O, belə nəticə çıxarır: «Ruhun ölməzliyi... bütpərəstlərin fəlsəfi ehkamıdır».
11. Yunan fəlsəfəsi Xristianlığa nə vaxt daxil olmağa başladı?
11 «Bütpərəstlərin fəlsəfi ehkamı» Xristianlığa nə vaxt və necə daxil oldu? «Yeni Britaniya ensiklopediyası»nda qeyd edilir: «Eramızın II əsrinin ortalarından başlayaraq yunan fəlsəfəsini öyrənmiş xristianlar öz etiqadlarını bu fəlsəfi terminlərin əsasında izah etməyi lazım bildilər. Onlar bunu həm özlərinin intellektual tələbatlarını ödəmək, həm də təhsilli bütpərəstləri öz dinlərinə cəlb etmək məqsədilə edirdilər. Platonizm onlar üçün ən əlverişli fəlsəfə idi» («New Encyclopædia Britannica»).
12-14. Platonist fəlsəfəsi ilə xristianlığın qarışmasında Origen və Avqustinin rolu nədən ibarət olmuşdur?
12 Bu ilk filosoflardan ikisinin xristian təlimlərinə böyük təsiri oldu. Onlardan biri İsgəndəriyyəli Origen (təx. b. e. 185—254), digəri isə Hipponlu Avqustin (b. e. 354—430) olmuşdur. Onlarla bağlı «Yeni katolik ensiklopediyası»nda deyilir: «Yalnız Şərqdə Origenin, Qərbdə isə müqəddəs Avqustinin meydana çıxması ilə ruha ruhani materiya və fəlsəfi ideya kimi baxılmağa başlandı» («New Catholic Encyclopedia»). Origenlə Platonun ruh haqqında təsəvvürləri nəyin əsasında formalaşmışdı?
13 «Origen ruhun ölməzliyi haqda yunan fəlsəfi təlimini aşkar şəkildə Xristianlığa gətirən kilsə Atalarından biri İsgəndəriyyəli Klementin şagirdi olmuşdur», — deyə «Yeni katolik ensiklopediyası»nda məlumat verilir. Çox ehtimal ki, Platonun ruh haqqında fikri Origenə böyük təsir göstərmişdi. İlahiyyatçı Verner Yeger yazır: «[Origen] ruh haqqında Platondan mənimsədiyi hər şeyi xristianlığa daxil etmişdi» («The Harvard Theological Review»).
14 Xristian dünyasına aid olan bəzi insanlar Avqustini antik dövrün görkəmli mütəfəkkiri hesab edirlər. 33 yaşında xristianlığı qəbul etməzdən əvvəl o, fəlsəfə ilə yaxından maraqlanmış və neoplatonist olmuşdura. Yeni imanı qəbul etdikdən sonra da neoplatonist düşüncə tərzini dəyişməmişdi. «Yeni Britaniya ensiklopediyası»nda belə deyilir: «Onun zehni Əhdi-Cədid dininin yunan fəlsəfəsi ilə əriyib qarışdığı bir sobaya bənzəyirdi». «Yeni katolik ensiklopediyası»nda isə etiraf edilir ki, Qərbdə XII əsrin axırlarına qədər qəbul olunan Avqustinin ruh haqda təlimi neoplatonizmin sayəsində yaranmışdı.
15, 16. Aristotelin təlimlərinə marağın oyanması kilsənin ruhun ölməzliyi təliminə olan nöqteyi-nəzərini dəyişdimi?
15 On üçüncü əsrdə Avropada Aristotelin təlimləri böyük maraqla qarşılanmağa başladı. Bunun əsas səbəbi ərəb mütəfəkkirlərinin Aristotelin yazdıqlarına olan izahatlarının latın dilində əlçatan olması idi. Aristotelin nəzəriyyəsi katolik ilahiyyatçısı Akvinalı Fomaya güclü təsir bağışlamışdı. Fomanın əsərləri sayəsində kilsə təliminə Aristotelin nöqteyi-nəzəri Platonunkuna nisbətən daha güclü təsir etdi. Ancaq bunun ruhun ölməzliyi təliminə heç bir təsiri olmadı.
16 Aristotel öyrədirdi ki, ruh bədəndən ayrılmazdır və ölümdən sonra mövcudluğuna davam etmir. Onun fikrincə, insanda əbədi bir şey varsa da, bu, mücərrəd, simasız idrakdır. Ruh haqqında belə təsəvvür bədən öldükdə ruhun ayrı bir varlıq kimi yaşadığını öyrədən kilsə təlimi ilə uzlaşmırdı. Buna görə də Akvinalı Foma ruhun ölməz olduğunu tam şəkildə izah etməyin mümkün olduğunu iddia edərək, Aristotelin ruh haqqında nöqteyi-nəzərinə düzəlişlər etmişdir. Beləliklə, ruhun ölməzliyi haqqında kilsə təlimi dəyişməz olaraq qaldı.
17, 18. a) XVI əsrdəki reformasiyanın ruhun ölməzliyi təliminə təsiri oldumu? b) Xristian dünyasının əksər təriqətləri ölməzlik təliminə dair hansı mövqeyi tuturlar?
17 Dirçəliş dövrünün erkən çağlarında, yəni XIV—XV əsrlərdə Platonun işinə yenidən maraq oyandı. İtaliyada məşhur Mediçilər ailəsi Platon fəlsəfəsinin öyrənilməsinə təkan vermək məqsədilə hətta Florensiyada akademiyanın əsasını qoymağa kömək etdilər. Ancaq XVI—XVII əsrlərdə Aristotelin işinə maraq soyudu. Həmçinin XVI əsrdəki reformasiyanın da ruhun ölməzliyi təliminə heç bir təsiri olmadı. Protestant reformatorları ruhun təmizlənməsi təliminə qarşı çıxsalar da, onlar əbədi işgəncə və ya xoşbəxtlik haqqında ideyaları qəbul edirdilər.
18 Bu səbəbdən, Xristian dünyasının əksər təriqətləri ruhun ölməzliyi təliminin tərəfdarıdırlar. Bu məsələyə dair amerikalı bir filosof növbəti fikri söyləyir: «Əslində, çoxlarımız üçün din sadəcə olaraq ölməzlik mənasını daşıyır. Ölməzliyi yaradan isə Allahdır».
Ölməzlik və İslam
19. İslamın əsası nə vaxt və kim tərəfindən qoyulub?
19 İslamın tarixi Məhəmmədin 40 yaşında peyğəmbər elan edildiyi vaxtdan başlayır. Müsəlmanlar inanırlar ki, o, təxminən 20—23 il ərzində (b. e. təx. 610-cu ilindən 632-ci ilində ölümünədək) vəhy almışdır. Bu vəhylər müsəlmanların Müqəddəs Kitabı — Quranda yazılıb. İslamın yarandığı dövrədək İudaizm və Xristian dünyası Platonun ruh haqqında təlimini artıq mənimsəmişdi.
20, 21. Axirət dünyası ilə bağlı müsəlmanlar nəyə inanırlar?
20 Müsəlmanlar inanırlar ki, onların dini keçmişdə yəhudilərə və xristianlara verilən vəhylərin ən yüksək zirvəsidir. Quranda həm İbrani, həm də Yunan Müqəddəs Yazılarından sitatlar gətirilir. Ruhun ölməzliyi təliminə gəldikdə isə Qurandakı fikirlər orada yazılanlara zidd gedir. Quranda deyilir ki, ölümdən sonra insanın ruhu yaşamağa davam edir. Orada həmçinin ölülərin dirilməsi, qiyamət günü və ruhun son aqibəti, yəni onun ya göydə cənnət bağında yaşayacağı, ya da cəhənnəm odunda işgəncə çəkəcəyi haqqında yazılıb.
21 Müsəlmanların etiqadına görə, ölənin ruhu bərzəx aləminə, yəni «maneəyə» — «ölümdən sonra insanın sorğu-sual olunacağı günə qədər qərar tutacağı yerə və ya vəziyyətə» düşür (23-cü surə, 99, 100-cü ayələr, «Qurani-Kərim», haşiyə). Ruh hər şeyi anlayır və hiss edir. Əgər insan günah işlədibsə, bu mərhələdə onu «qəbir əzabı» gözləyir, əksinə, saleh insan olubsa, xoşbəxtliyə qovuşur. Ancaq salehlər də bir qədər əzab çəkməlidirlər, çünki yaşadıqları müddətdə onlar az da olsa günah işlədiblər. Qiyamət günündə hər kəs əbədi aqibətini biləcək və bununla da bu vaxt kəsiyi bitəcək.
22. Ərəb filosofları ruhun aqibəti haqda hansı müxtəlif fikirlər söyləmişlər?
22 Ruhun ölməzliyi fikri İudaizmə və Xristian dünyasına Platonun ideyasının təsiri altında daxil olmuşdur, İslam dinində isə bu fikir artıq başlanğıcdan var idi. Amma bu o demək deyil ki, ərəb alimləri müsəlman təlimləri ilə Yunan fəlsəfəsini qarışdırmağa cəhd göstərməmişdilər. Əslində, Aristotelin əsərləri ərəb dünyasına çox böyük təsir göstərmişdi. Məsələn, İbn Sina və İbn Rüşt kimi məşhur ərəb alimləri öz fikirlərini Aristotelin nöqteyi-nəzəri əsasında izah edir və təkmilləşdirirdilər. Lakin onlar yunanların ruh haqqında təsəvvürlərini və müsəlman təlimini bir-birinə uyğunlaşdırmağa çalışarkən müxtəlif nəzəriyyələr yaratmışdılar. Məsələn, İbn Sina iddia edirdi ki, insanın ruhu ölməzdir. İbn Rüşt isə bu fikrə qarşı çıxırdı. Belə müxtəlif nöqteyi-nəzərlərin olmasına baxmayaraq, müsəlmanlar hələ də ruhun ölməz olduğuna inanırlar.
23. Yəhudi, Xristian və İslam dini ruhun ölməz olduğuna dair hansı mövqeyi tuturlar?
23 Göründüyü kimi, İudaizm, Xristian və İslam dini ruhun ölməz olduğunu öyrədir.
[Haşiyə]
a Neoplatonist Platon fəlsəfəsinin üçüncü əsrdə Plotin tərəfindən Romada əsası qoyulmuş yeni forması olan neoplatonizmin tərəfdarıdır.
[14-cü səhifədəki şəkil]
Makedoniyalı İsgəndərin istilaçı yürüşləri yunan və yəhudi mədəniyyətinin bir-birinə qarışmasına gətirib çıxardı
[15-ci səhifədəki şəkillər]
Origen (yuxarıda) və Avqustin Platon fəlsəfəsi ilə xristianlığı birləşdirməyə çalışırdılar
[16-cı səhifədəki şəkillər]
İbn Sina (yuxarıda) iddia edirdi ki, insanın ruhu ölməzdir.
İbn Rüşt isə bu fikrə qarşı çıxırdı