Yaddaşımızı necə möhkəmləndirə bilərik?
YEHOVA ALLAH insan beynini valehedici yadda saxlamaq qabiliyyəti ilə yaradıb. Beyin içinə qoyulan dəyərli şeyi itirmədən götürüb istifadə etmək üçün düzəldilmiş qaba bənzəyir. Beynin belə qurulması insanın əbədi yaşamasına dair Allahın niyyətinə uyğun gəlir (Məz. 139:14; Yəh. 17:3).
Ancaq sənə elə gələ bilər ki, yadında olanların çoxunu unudursan. Lazım olan zaman bildiyin şey sanki yoxa çıxır. Belə isə, yaddaşını necə möhkəmləndirə bilərsən?
Maraqlan
Yaddaşı möhkəmləndirməkdə maraq vacib amildir. Əgər biz müşahidə etməyə, insanlarla və ətrafımızda baş verənlərlə maraqlanmağa vərdiş etsək, beynimiz fəaliyyətdə olacaq. Belə olduqda, nə isə faydalı bir şey oxuyanda və ya eşidəndə bizdə qeyri-iradi olaraq maraq oyanacaq.
Tez-tez şahidi oluruq ki, insanlar başqalarının adlarını yadda saxlamağa çətinlik çəkirlər. Ancaq bir məsihçi kimi bizim üçün bütün insanlar — həmimanlılarımız, şahidlik etdiyimiz şəxslər və hər gün təmasda olduğumuz insanlar dəyərlidirlər. Lazım olan adamların adlarını necə yadda saxlaya bilərik? Həvari Pavel məktub yazdığı yığıncağın 26 üzvünün adını çəkmişdi. Pavelin həmin məsihçilərlə maraqlandığı ondan görünür ki, o, nəinki onların adını bilirdi, həm də onlardan çoxuna aid müəyyən təfsilatları xatırlatmışdı (Rom. 16:3-16). Yehovanın Şahidlərinin müasir səyyar nəzarətçilərinin əksəriyyəti də hər həftə müxtəlif yığıncaqlarda olsalar da, adları yaxşı yadda saxlayırlar. Onlar bunu necə bacarırlar? Ola bilsin, kiminləsə ilk dəfə söhbət edəndə onun adını bir neçə dəfə çəkməyə vərdiş ediblər. Onlar təsəvvürlərində insanın adı ilə üzü arasında əlaqə yaratmağa çalışırlar. Bundan əlavə, onlar müxtəlif insanlarla təbliğdə əməkdaşlıq edir, bir yerdə yemək yeyirlər. Bəs sən kiminləsə tanış olanda onun adını yadında saxlaya biləcəksənmi? İlk öncə hansı səbəbdən onun adını yadda saxlamalı olduğunu düşün; sonra yuxarıdakı məsləhətlərdən bəzilərini tətbiq et.
Oxuduqlarını da yadda saxlamaq vacibdir. Bu sahədə sənə nə kömək edə bilər? Həm maraq, həm də qavrama vacib rol oynayır. Diqqətini tam cəmləmək üçün oxuduğuna kifayət qədər marağın olmalıdır. Oxuyarkən fikrin başqa yerdə olsa, yadında heç nə qalmayacaq. Yeni öyrəndiyini artıq bildiyin və yaxud sənə yaxşı məlum olan şeylə əlaqələndirsən, yaxşı qavrayacaqsan. Özündən soruş: «Bu məlumatı həyatımda necə və nə vaxt tətbiq edə bilərəm? Bundan başqalarına da kömək etmək üçün necə istifadə edə bilərəm?» Yaxşı dərk etmək üçün həm də tək-tək sözləri yox, söz birləşmələrini oxumaq lazımdır. Bunun sayəsində fikirləri tutacaq və əsas fikirləri tapacaqsan, beləliklə də onları yadda saxlamaq asan olacaq.
Təkrarlamağa vaxt ayır
Təhsil sahəsindəki mütəxəssislər təkrarlamağın vacibliyini vurğulayırlar. Bir araşdırmada universitet professoru göstərmişdi ki, dərhal bir dəqiqə ayıraraq təkrar etməyin sayəsində ikiqat artıq məlumat yadda qalır. Beləliklə, bütün materialı, yaxud onun çox hissəsini oxuyub qurtardıqdan dərhal sonra yaddaşına həkk etmək üçün əsas fikirləri ürəyində təkrarla. Öyrəndiyin yeni fikirləri öz sözlərinlə necə izah edəcəyini fikirləş. Hər hansı fikri oxuyub qurtardıqdan sonra dərhal təkrarlasan, o, daha uzun müddət yadında qalacaq.
Sonra bir neçə gün ərzində başqaları ilə bölüşərək oxuduğun məlumatı təkrarla. Bunu ailə üzvlərindən kiminləsə, həmimanlınla, əməkdaşınla, məktəb yoldaşınla, qonşu ilə və xidmətdə rastlaşdığın adamla bölüşə bilərsən. Çalış ki, təkcə əsas faktları yox, həm də onlarla bağlı Müqəddəs Kitaba əsasən verilən izahatı təkrarlayasan. Bunun sayəsində vacib şeyləri yaddaşına həkk edəcəksən, beləliklə də həm özün, həm də başqaları bundan fayda əldə edəcək.
Vacib şeylər üzərində düşün
Oxuduqlarını təkrar etməkdən və başqalarına danışmaqdan əlavə, öyrəndiyin vacib şeylərin üzərində düşünməyin də faydalı olduğunu görəcəksən. Müqəddəs Kitab yazıçılarından olan Asəf və Davud belə edirdi. Asəf deyirdi: «Ya Rəbb, Sənin əməllərini yada salıram, bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən. Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə xəyala dalıram» (Məz. 77:11, 12). Davud da buna bənzər tərzdə yazırdı: «Gecə növbələrində Səni düşünürəm», «qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm» (Məz. 63:6; 143:5). Sən də belə edirsənmi?
Yehovanın işləri, keyfiyyətləri və Öz iradəsini necə ifadə etməsi üzərində fikrini cəmləyərək bu cür dərindən düşünməklə sadəcə faktlardan daha çox şey yadda saxlayacaqsan. Əgər bu cür düşünməyi vərdiş etsən, həqiqətən vacib olan şeylər ürəyinə həkk olunacaq. Bu, sənin daxili varlığını formalaşdıracaq. Yadında qalanlar sənin ən dərin fikirlərini əks etdirəcək (Məz. 119:16).
Allahın ruhunun rolu
Yehovanın gördüyü işlərlə və İsa Məsihin dediyi sözlərlə bağlı həqiqətləri yadda saxlamağa çalışarkən biz köməksiz deyilik. Ölümündən qabaqkı gecə İsa şagirdlərinə demişdi: «Yanınızda olarkən sizə bu şeyləri söylədim. Fəqət Mənim ismimlə Atanın göndərəcəyi Yardımçı, Müqəddəs Ruh — O, sizə hər şeyi öyrədəcək və sizə söylədiyim hər şeyi sizə xatırladacaqdır» (Yəh. 14:25, 26, İ–93). Matta ilə Yəhya bu sözləri eşidənlərin arasında idi. Bəs müqəddəs ruh onlara yardımçı oldumu? Sözsüz ki, oldu! Matta təxminən səkkiz il sonra Dağüstü təbliğ, İsanın iştirakının və dövrün sonunun əlaməti də daxil olmaqla, Məsihin həyatı haqqında ilk ətraflı məlumatı qələmə aldı. İsanın ölümündən altmış beş il sonra həvari Yəhya Müjdəsini yazıb, İsanın öz həyatını qurban verməzdən əvvəl həvariləri ilə birgə keçirdiyi sonuncu gecədə dediyi sözləri bütün təfərrüatı ilə təsvir etdi. İsa ilə olarkən onun dediyi və etdiyi şeylər, şübhəsiz, Matta ilə Yəhyanın yadında idi, lakin Yehovanın Öz yazılı Kəlamına daxil etmək istədiyi vacib təfsilatların yaddan çıxmaması üçün əsas rolu müqəddəs ruh oynamışdı.
Müqəddəs ruh Allahın xidmətçiləri üçün bu gün də yardımçı rolunu oynayırmı? Şübhəsiz! Düzdür, müqəddəs ruh heç vaxt öyrənmədiyimiz şeyləri bizim ağlımıza qoymur, lakin keçmişdə öyrəndiyimiz vacib fikirləri yadımıza salmaq üçün yardımçı rolunu oynayır (Luka 11:13; 1 Yəh. 5:14). Sonra, lazım gəldikdə hafizəmiz ‘müqəddəs peyğəmbərlər tərəfindən qabaqcadan söylənən sözləri, Rəbb və Xilaskarın əmrini yada salmaq’ üçün canlana bilər (2 Pet. 3:1, 2).
‘Unutma’
Yehova İsrail xalqına ‘unutmayın’ deyə dönə-dönə xəbərdarlıq edirdi. Bu o demək deyil ki, onlardan hər şeyi mükəmməl surətdə yadda saxlamağı tələb edirdi. Ancaq onların başı öz şəxsi işlərinə o qədər qarışmamalı idi ki, Yehovanın etdiyi işlərlə bağlı xatirələri unutsunlar. Onlar mələyin misirlilərin ilk övladlarını öldürəndə, eləcə də Yehovanın Qırmızı dənizi yaranda və onun sularını qaytarıb fironu ordusu ilə birlikdə batıranda onları xilas etdiyini həmişə xatırlamalı idilər. İsraillilər Allahın Sina dağında onlara Qanun verdiyini, onları səhradan keçirib, Vəd edilmiş diyara gətirdiyini yadda saxlamalı idilər. Unutmamaq o demək idi ki, baş vermiş şeylər haqqındakı xatirələr onların gündəlik həyatına böyük təsir göstərməli idi (Qanun. t. 4:9, 10; 8:10-18; Çıx. 12:24-27; Məz. 136:15).
Biz də ehtiyatlı olmalıyıq ki, unutqan olmayaq. Həyatın çətinlikləri ilə üzləşərkən Yehovanı unutmamalı, Onun necə Allah olduğunu və əbədi, kamil həyata malik olaq deyə, günahlarımız üçün fidiyə olaraq verdiyi Oğlunun timsalında təzahür etdirdiyi məhəbbəti yadda saxlamalıyıq (Məz. 103:2, 8; 106:7, 13; Yəh. 3:16; Rom. 6:23). Müqəddəs Kitabı müntəzəm oxusaq, yığıncaq görüşlərində və xidmətdə fəal iştirak etsək, bu dəyərli həqiqətlər bizim üçün canlı olacaq.
Böyük, yaxud kiçik qərarlar qəbul etməli olanda həmin vacib həqiqətləri yadına sal və qoy onlar sənin düşüncə tərzinə təsir etsin. Onları unutma. Rəhbərliyi Yehovadan gözlə. Məsələyə insan nöqteyi-nəzərindən baxmaq, yaxud günahlı ürəyinin səsinə qulaq asmaq əvəzinə, özündən soruş: «Allahın Kəlamındakı hansı məsləhət və ya prinsiplər əsasında qərar çıxarmalıyam?» (Sül. məs. 3:5-7; 28:26). Oxumadığın və ya eşitmədiyin şey heç vaxt yadına düşə bilməz. Ancaq dəqiq biliyin və Yehovaya məhəbbətin artdıqca Allahın ruhu daha çox şeyi yadına salacaq və bu məhəbbət səni onlara uyğun hərəkət etməyə təşviq edəcək.