Məktub vasitəsilə əlaqə
MƏKTUB milyonlarla insanın həyatını və davranışını yaxşılaşdırıb. Yunanca Müqəddəs Yazılarda olan kitabların əksəriyyəti məktub şəklində yazılıb. Biz bu gün həqiqətə yeni gələnləri möhkəmləndirmək, dostlarla əlaqə saxlamaq, üzərində xüsusi məsuliyyətlər olan bacı-qardaşları ruhlandırmaq, çətinliklərlə üzləşənlərə dayaq olmaq və yığıncağın fəaliyyəti üçün lazım olan məlumatı çatdırmaq məqsədilə məktub yaza bilərik (1 Salon. 1:1-7; 5:27; 2 Pet. 3:1, 2).
Məktub yazmaq həm də şahidlik etmək üçün yaxşı üsuldur. Bəzi yerlərdə çoxları mühafizə olunan binalarda yaşadıqlarından xoş xəbəri onlara çatdırmaq müşkül məsələdir. Bəziləri isə əksər vaxtlarda evdə olmurlar, buna görə də evdən-evə təbliğ edəndə onları tapa bilmirik. Bir başqaları həbsxanada yatır və ya ucqar yerlərdə yaşayırlar.
Hərdən xəstəlik, pis hava və ya komendant saatı ucbatından evdə bağlanıb qalmalı olarsan. Bu halda söhbəti davam etdirmək üçün qeyri-rəsmi şahidlik etdiyin bir adama və ya qohumuna məktub yaza bilərsənmi? Bəlkə Müqəddəs Kitabı öyrətdiyin adam başqa yerə köçüb? Onun ruhani şeylərə marağının sönməməsi üçün məktub yazmağın lap yerinə düşərdi. Yaxud təzəlikcə ailə quran, valideyn olan və ya yaxınını itirən tanışlarına Müqəddəs Yazılardan müvafiq məlumatı çatdıra bilərsən.
Məktub vasitəsilə şahidlik
Tanımadığın adama məktub yazanda əvvəlcə özünü təqdim et. İzah edə bilərsən ki, könüllülərdən ibarət olan beynəlxalq işdə iştirak edirsən. Münasib bilirsənsə, Yehovanın Şahidi olduğunu qeyd et. Həmçinin şəxsən baş çəkməyib məktub yazmağının səbəbini bildir. Məktubu elə yaz ki, sanki onunla üz-üzə söhbət edirsən. Bununla belə, «ilanlar kimi müdrik və göyərçinlər kimi məsum olun» məsləhətinə uyğun olaraq özün barədə nə qədər məlumat verəcəyini ciddi fikirləş (Mat. 10:16).
Həmin adama baş çəkərkən nə deyərdinsə, eyni sözləri məktubda yaz. «Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulları» broşürasındakı və ya «Bizim Padşahlıq Xidmətimiz»in sonuncu sayındakı təqdimələrdən istifadə edə bilərsən. Sual qaldırıb, onu bu haqda düşünməyə təşviq etmək olar. Bəzi təbliğçilər Müqəddəs Kitaba aid suallara pulsuz olaraq cavab verdiyimizi izah edir, sonra öyrənmə vəsaitindəki fəsillərdən bir neçəsinin adını yazırlar. 73-cü səhifədə şahidlik etmək üçün məktubun necə yazılmalı olduğunu göstərən nümunə var. Bu nümunə ümumi təsəvvür yaratsa da, yaxşı olar ki, məktubların məzmunu həmişə fərqli olsun. Əks halda, vaxt keçdikcə adamlar eyni məktubu bir neçə dəfə alarlar.
Bəzilərinin tanımadıqları adamdan aldıqları uzun məktubu oxumağa həvəsi olmur. Buna görə də məktubu qısa yazmaq müdriklik olardı. Məktub uzun olsa, onu oxumaqdan bezərlər. Məktuba Padşahlıq Zalında keçirilən görüşlər üçün olan dəvətnaməni əlavə etmək münasib olardı. Həmçinin zərfə traktat, broşüra, «Gözətçi Qülləsi» və ya «Oyanın!» jurnalını qoyub, izah etmək olar ki, əgər istəyərlərsə, müntəzəm olaraq onlara ədəbiyyat göndərə bilərsən. Yaxud müzakirə olunan mövzu ilə bağlı söhbəti davam etdirmək üçün ona baş çəkməyə icazə almaq olar.
Məktubun tərtibatı haqda
Gəl nümunə üçün olan məktuba diqqət yetirək. Növbəti məqamlara fikir ver: 1) Məktub qarmaqarışırıq yox, səliqəli görünür. 2) Zərf itdiyi halda belə, məktubu alan adamda göndərənin adı və ünvanı qalacaq. 3) Məktubun hansı məqsədlə yazıldığı birinci abzasda sadə və aydın tərzdə bildirilib. 4) Hər əsas fikir yeni abzasda verilib. 5) Yazılma məqsədinə uyğun olaraq məktub nə həddindən artıq səmimi, nə də rəsmi deyil.
Daha rəsmi məktublarda, məsələn, yığıncaq katibinin filiala göndərdiyi məktubda yığıncağın adı ilə yanaşı katibin adı, poçt ünvanı və tarix yazılır. Həmçinin məktubun göndərildiyi adamın və ya təşkilatın adı və ünvanı da qeyd olunur. Bundan sonra münasib salamlama gəlir. Məktubu bitirərkən bəzi dillərdə imzadan qabaq «Hörmətlə» və sairə ifadələr yazılır. İmza əl ilə çəkilməlidir.
Məktub yazanda sözlərin düzgün yazılışına, qrammatikaya, durğu işarələrinə və sözsüz ki, səliqəli olmasına fikir ver. Bütün bunlar məktubun və orada yazılan xəbərin dəyərini artıracaq.
Cavab yazmaları üçün zərfin üstündə həmişə ünvan yaz. Yaxşı olar ki, bu, öz ünvanın olsun. Əgər yad adamlara təbliğ edərkən şəxsi ünvanını verməyin müdriklik olmadığını düşünürsənsə, ağsaqqallardan Padşahlıq Zalının, yaxud yığıncağa gələn məktubları alan ağsaqqalın ünvanını verməyə icazə istə. Belə vəziyyətlərdə filialın ünvanını vermək olmaz, çünki yanlış olaraq elə təəssürat oyanacaq ki, guya sənin məktubun filialdan göndərilib və bu da çaşqınlıq yaradacaq. Əgər məktub göndərənin ünvanı yazılmasa və məktubla ədəbiyyat göndərilsə, yenə də elə fikir yaranacaq ki, məktub filialdan göndərilib.
Zərfə, xüsusilə də ədəbiyyat göndərəndə, lazım olan qədər marka yapışdır. Kifayət qədər marka vurulmasa, pulu məktubu alan şəxs ödəməli olar və bu, çatdırdığın xəbərin dəyərini aşağı salar. Yadda saxla ki, bir çox ölkələrdə məktuba jurnal və ya broşüra qoyulanda onun üçün adi məktubdan çox pul ödəyirlər.
Düzgün üslub
Məktubu bitirəndən sonra məzmununu yoxlamaq üçün onu oxu. Necə səslənir? Dostyana və nəzakətlidirmi? Məhəbbət və lütfkarlıq insanlarla münasibətdə təzahür etdirməyə çalışdığımız keyfiyyyətlər sırasındadır (Qalat. 5:22, 23). Əgər mənfi ton və ya bədbinlik əlaməti hiss edirsənsə, mətndə dəyişiklik et.
Məktub sənin gedə bilmədiyin yerlərə çata bilər. Təkcə bu fakt onu xidmət üçün yararlı alətə çevirir. Məktub səni və sənin dəyərlərini təmsil etdiyindən orada yazılanlara, onun necə göründüyünə və necə səsləndiyinə diqqət yetir. Bu məktub Yehovanın gözündə dəyərli bir insanın həyat yoluna qədəm qoyması, bu yolda möhkəmlənməsi və ruhlanması üçün məhz lazım olan vasitə ola bilər.