Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 6 s. 101—s. 104 abz. 4
  • Düzgün məntiqi vurğu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Düzgün məntiqi vurğu
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Ayələrin ifadəli oxunması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Məktəbdə yaranan stressin öhdəsindən necə gəlmək olar?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Stresi dəf etməyin yolları
    Oyanın! 2020
  • Əsas fikirlərin vurğulanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 6 s. 101—s. 104 abz. 4

DƏRS 6

Düzgün məntiqi vurğu

Nə etməlisən?

Sözləri və ifadələri elə vurğula ki, dinləyicilər ifadə olunan fikirləri asanlıqla başa düşsünlər.

Nə üçün vacibdir?

Düzgün məntiqi vurğu natiqə dinləyicilərin diqqətini özündə saxlamağa, eləcə də onları inandırmağa və ya təşviq etməyə kömək edir.

DANIŞANDA və ya ucadan oxuyanda ayrı-ayrı sözləri düzgün deməklə yanaşı, həmçinin fikirləri aydın şəkildə çatdırmaq üçün əsas sözləri və ifadələri vurğulamaq da vacibdir.

Düzgün məntiqi vurğu sadəcə bəzi sözləri vurğu ilə demək mənasını daşımır. Lazımi sözlər vurğulanmalıdır. Lazım olmayan sözlər vurğu ilə deyiləndə söylədiklərin dinləyicilər üçün anlaşılmaz olacaq və onların fikri yayınacaq. Material maraqlı olsa belə, məntiqi vurğu düzgün vurulmayanda çıxış dinləyiciləri hərəkətə təşviq etməyəcək.

Fikri müxtəlif üsullarla vurğulamaq olar: səsi artırmaqla, daha coşqun danışmaqla, fikri yavaş, tələsmədən ifadə etməklə, fikirdən əvvəl və ya sonra (ya da hər iki halda) fasilə etməklə, jestlər və üz ifadələri vasitəsilə. Çox vaxt bu üsulların bir neçəsindən eyni zamanda istifadə edilir. Bəzi dillərdə səs tonunu qaldırıb-endirməklə də fikri vurğulamaq olar. Hansı üsulun daha münasib olacağını müəyyən etmək üçün materialı və şəraiti nəzərə almaq lazımdır.

Nəyi məntiqi vurğu ilə söyləyəcəyini qərara alarkən növbəti məqamları nəzərə al. 1) Cümlədə vurğunun hansı sözlərə düşməsi təkcə cümlədən yox, həm də kontekstdən asılıdır. 2) Məntiqi vurğudan yeni fikrin başlandığını, ya əsas fikrə keçildiyini, ya da sadəcə mülahizənin yeni səmtdə yürüdülməsini nəzərə çarpdırmaq üçün istifadə etmək olar. Bu həm də diqqəti yürüdülən mülahizənin yekununa yönəldə bilər. 3) Natiq məntiqi vurğudan məsələyə şəxsi münasibətini bildirmək üçün istifadə edə bilər. 4) Həmçinin məruzənin əsas bəndlərini vurğulamaq üçün də düzgün məntiqi vurğudan istifadə etmək olar.

Məntiqi vurğudan belə istifadə etmək üçün natiq və ya auditoriya qarşısında oxuyan şəxs materialı yaxşı başa düşməli və dinləyicilərin onu yaxşı dərk etməsini ürəkdən arzulamalıdır. Ezranın günlərində verilən təlimə dair Nehemya 8:8 ayəsində deyilir: «Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün». Aydındır ki, həmin vaxt Allahın Qanununu oxuyub izah edənlər dinləyicilərə oxunan ayələrin mənasını başa düşməyə, onları yadda saxlayıb, həyatlarına tətbiq etməyə kömək etməyin vacibliyini anlayırdılar.

Problemə səbəb nə ola bilər? Əksəriyyətimiz gündəlik söhbətlərdə öz fikirlərimizi aydın ifadə edə bilirik. Ancaq başqasının yazdığı materialı oxuyanda hansı sözləri və ifadələri vurğulamağın lazım olduğunu müəyyənləşdirmək çətin gələ bilər. Əsas məsələ materialı aydın başa düşməkdir. Bunun üçün yazılanı diqqətlə araşdırmaq lazımdır. Beləliklə, əgər sənə yığıncaq görüşündə oxumaq tapşırılıbsa, gərək yaxşı hazırlaşasan.

Bəziləri məntiqi vurğu əvəzinə, «dövri vurğu» adlandıra biləcəyimiz vurğudan istifadə edirlər. Onlar mənadan asılı olmayaraq, müəyyən intervallarla sözləri vurğulayırlar. Digərləri köməkçi nitq hissələrini, məsələn, bağlayıcıları, ədatları vurğulayırlar. Fikrə aydınlıq gətirməyəndə vurğu asanlıqla diqqəti yayındıran vərdişə çevrilir.

Bəzi natiqlər məntiqi vurğudan istifadə etməyə çalışarkən səslərini elə qaldırırlar ki, dinləyicilər özlərini danlanmış hiss edirlər. Sözsüz ki, bu, nadir hallarda yaxşı nəticələr gətirir. Əgər məntiqi vurğu təbii deyilsə, elə təəssürat oyana bilər ki, natiq dinləyicilərlə təkəbbürlə danışır. Dinləyicilərə məhəbbətlə müraciət etmək və deyilənlərin həm Müqəddəs Yazılara əsaslandığını, həm də məntiqi olduğunu görmələrinə kömək etmək daha yaxşı olardı.

Necə təkmilləşmək olar? Məntiqi vurğunu yerində istifadə etməyi bacarmayanların çoxunun bundan xəbəri olmur. Ona görə də başqası onun diqqətini bu problemə yönəltməlidir. Əgər sənin də bu sahədə təkmilləşməyinə ehtiyac varsa, məktəbin nəzarətçisi öz köməyini göstərəcək. Həmçinin başqa yaxşı natiqdən də məsləhət istəməyə çəkinmə. Ondan xahiş et ki, necə oxuduğuna və danışdığına diqqətlə qulaq assın, sonra isə məsləhət versin.

Məsləhət istədiyin qardaş ilk öncə «Gözətçi Qülləsi»nin bir məqaləsi üzərində məşq etməyi təklif edə bilər. Şübhəsiz, o, sənə məna asanlıqla başa düşülsün deyə, vurğunun hansı sözlərə və ya ifadələrə vurulacağını müəyyən etmək üçün cümlələri tək-tək təhlil etməyi tapşıracaq. Kursivlə yazılmış sözlərə də xüsusi diqqət yetirməyi xatırlada bilər. Yadda saxla ki, cümlədəki sözlər bir-biri ilə əlaqəlidir. Çox vaxt sadəcə ayrı-ayrı sözləri yox, söz qrupunu vurğulamaq lazımdır. Bəzi dillərdə məntiqi vurğunun hara düşəcəyi diakritik işarələrdən asılıdır və şagirdə onlara xüsusi diqqət yetirmək məsləhət görülə bilər.

Hansı sözləri vurğulayacağını öyrənərkən məsləhət verən qardaş sənə növbəti addım kimi təkcə cümləni yox, bütöv konteksti nəzərə almağı tövsiyə edə bilər. Abzasda əsas fikir nədən ibarətdir? Ayrı-ayrı cümlələrdə hansı sözləri vurğulayacağına bu, necə təsir etməlidir? Məqalənin adına və oxuduğun materialın aid olduğu qalın hərflərlə yazılmış yarımsərlövhəyə bax. Hansı sözləri vurğulayacağına onlar necə təsir edir? Bütün bunlar nəzərə alınmalı amillərdir. Lakin diqqətli ol ki, güclü vurğunu həddən artıq çox sözə vurmayasan.

Nitqlə çıxış etməyindən və ya oxumağından asılı olmayaraq, məsləhət verən qardaş, ola bilsin, məntiqi vurğunu yürütdüyün mülahizəyə uyğun olaraq vurmağı məsləhət görəcək. Mülahizənin harada sona yetdiyini, yaxud bir vacib fikirdən digərinə harada keçildiyini bilmək lazımdır. Çıxış zamanı bunların aydın hiss olunması dinləyicilərin nəzərindən qaçmayacaq. Hər şeydən əvvəl, nəhayət, beləliklə, deməli kimi sözləri vurğulamaqla buna nail olmaq olar.

Məsləhət verən qardaş diqqətini həm də xüsusi hisslərlə səsləndirməli olduğun fikirlərə yönəldəcək. Bunun üçün çox, mütləq, heç bir vəchlə, həmişə, heç vaxt kimi sözləri vurğulamaq olar. Belə etməklə, dinləyicilərin sənin dediklərinə münasibətinə təsir edə bilərsən. Bu haqda «Mülayimlik və hisslərin ifadə edilməsi» adlanan 11-ci dərsdə daha ətraflı danışılacaq.

Məntiqi vurğudan daha düzgün istifadə etmək üçün digər məsləhət dinləyicilərin yadda saxlamalı olduğu əsas fikirləri nəzərində saxlamaqdır. Bu haqda auditoriya qarşısında oxumaq baxımından «Əsas fikirlərin vurğulanması» adlı 7-ci, çıxış etmək baxımından isə «Əsas bəndlərin nəzərə çarpdırılması» adlı 37-ci dərsdə daha geniş bəhs olunacaq.

Əgər təbliğ xidmətində təkmilləşmək istəyirsənsə, ayələri necə oxuduğuna xüsusi diqqət yetir. Həmişə özünə sual ver: «Bu ayəni nəyə görə oxuyuram?» Müəllimin sadəcə sözləri düzgün söyləməsi kifayət etmir. Hətta mətni ifadəli oxumaqla da hər şey bitmir. Əgər kiminsə suallarına cavab verirsənsə, yaxud əsas təlimləri öyrədirsənsə, ayənin müzakirə edilən fikri təsdiqləyən sözlərini və ya ifadələrini vurğulamaq yaxşı olardı. Əks halda, səni dinləyən adam fikri tutmaya bilər.

Məntiqi vurğu sözləri və ya ifadələri bir qədər vurğu ilə deməyi özünə daxil etdiyindən təcrübəsiz natiq həmin sözləri və ifadələri həddən artıq hündürdən deyə bilər. Bu, musiqi alətində çalmağı təzə öyrənməyə başlayan adamın səsləndirdiyi notlara bənzəyir. Ancaq təcrübə artdıqca ayrı-ayrı «notlar» gözəl ifa olunan «musiqinin» bir hissəsinə çevriləcək.

Bəzi əsas məqamları öyrəndikdən sonra təcrübəli natiqlərdən çox şey öyrənə biləcəksən. Tezliklə başa düşəcəksən ki, vurğunu müxtəlifləşdirməklə nəyə nail olmaq olar. Deyilənlərin aydın başa düşülməsində vurğudan müxtəlif cür istifadə etməyin nə qədər dəyərli olduğunu anlayacaqsan. Məntiqi vurğudan düzgün istifadə etməyi öyrəndikcə daha yaxşı oxuyacaq və danışacaqsan.

Məntiqi vurğu haqqında səthi öyrənməklə kifayətlənmə. Yaxşı çıxış etmək üçün məntiqi vurğudan məharətlə istifadə edənə və təbii səslənənədək onun üzərində çalış.

NECƏ NAİL OLMAQ OLAR?

  • Cümlədə əsas sözləri və söz qruplarını müəyyən et. Onları müəyyən edərkən konteksti nəzərə al.

  • Vurğudan 1) fikrin dəyişildiyini və 2) söylədiyin fikrə münasibətini bildirmək üçün istifadə etməyə çalış.

  • Ayələri oxuyarkən həmin ayələrə istinad edilmə səbəbini birbaşa təsdiqləyən sözləri vurğulamağı vərdiş et.

ÇALIŞMA: 1) Xidmətdə tez-tez istifadə etdiyin iki ayə seç. Hər bir ayə ilə nəyi sübut etmək istədiyini müəyyən et. Ayələri ucadan elə tərzdə oxu ki, həmin fikirləri təsdiq edən söz və ya ifadələr vurğulansın. 2) İbranilərə 1:1-14 ayələrini araşdır. Nəyə görə bu fəsildə yürüdülən mülahizəni aydın ifadə etmək üçün «peyğəmbərlər» (1-ci ayə), «Oğlunda» (2-ci ayə), «mələklərdən» (4, 5-ci ayələr) sözlərini xüsusi vurğu ilə demək lazımdır? Fəsili ucadan məntiqi vurğu ilə elə oxu ki, yürüdülən mülahizə diqqət mərkəzində qalsın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş