DƏRS 10
Şövq
ŞÖVQLƏ danışmaq çıxışı canlı edir. Materialın dolğun olması vacib olsa da, məhz canlı, şövqlə danışmağın sayəsində dinləyicilərin diqqətini cəlb etmək mümkün olur. Milliyyətindən, yaxud xasiyyətindən asılı olmayaraq, hər kəs şövqlə danışmağı öyrənə bilər.
Ürəkdən danış. Samariyalı qadınla danışarkən İsa dedi ki, Yehovaya «ibadət edənlərin ruhən və həqiqətən ibadət etmələri gərəkdir» (Yəh 4:24). Onları ibadətə minnətdarlıqla dolu ürəkləri təşviq etməli və bu ibadət Allahın Kəlamında olan həqiqətə əsaslanmalıdır. İnsanda belə dərin minnətdarlıq hissi varsa, bu, onun sözlərində əks olunacaq. O, Yehovanın məhəbbətlə qeydimizə qalması haqda insanlara danışmağı arzulayacaq. Əslində hansı hissləri keçirdiyi onun üz ifadələrindən, jestlərindən və səsindən bilinəcək.
Bəs nəyə görə Yehovanı sevən və Ona inanan bəzi natiqlər şövqlə danışmırlar? Şövqlə danışmaq üçün sadəcə materialı hazırlamaq kifayət deyil. Mövzunu yaşamaq, onu hiss etmək lazımdır. Fərz edək ki, sənə İsa Məsihin fidyə qurbanlığı haqda danışmaq tapşırılıb. Çıxış edərkən fikrin yalnız təfsilatlarda qalmamalıdır, həm də İsanın qurbanlığının sənə və dinləyicilərinə gətirdiyi faydalar barədə düşünməlisən. Göstərdikləri böyük qayğıya görə Yehova Allaha və İsa Məsihə duyduğun minnətdarlıq hissini yada salmaq lazımdır. Bu qurbanlığın sayəsində bəşəriyyət qarşısında açılan möhtəşəm imkan — bərpa edilmiş Cənnətdə əbədi xoşbəxtlik və mükəmməl sağlamlıq haqda düşünmək gərəkdir! Beləliklə, bu zaman ürək böyük rol oynayır.
İsraildə Qanun müəllimi olan Ezra haqqında Müqəddəs Kitabda deyilir ki, o, ‘Rəbbin şəriətini arayıb yerinə yetirmək və öyrətmək üçün öz ürəyini hazırlamışdı’ (Ezra 7:10, KM). Əgər biz də yalnız məlumatı yox, həm də ürəyimizi hazırlasaq, ürəkdən danışacağıq. Həqiqəti ürəkdən danışmağımızın müraciət etdiyimiz insanların ürəyində həqiqətə qarşı məhəbbətin oyanmasına böyük köməyi dəyəcək.
Dinləyicilərin haqda düşün. Şövqlə danışmağa kömək edən digər vacib amil odur ki, çatdıracağın məlumatın dinləyicilər üçün vacib olduğuna əmin olmalısan. Bu o deməkdir ki, çıxışı hazırlayarkən yalnız faydalı material toplamamalı, həmçinin bu materialı dinləyicilərinə fayda gətirəcək şəkildə çatdırmaq üçün duada Yehovadan rəhbərlik istəməlisən (Məz. 32:8; Mat. 7:7, 8). Bu məlumatın nəyə görə dinləyicilərin üçün vacib olduğunu, onlara hansı faydanı gətirəcəyini və dəyərini anlamaları üçün onu necə çatdıracağını təhlil et.
Səni heyran edən bir şey tapana qədər materialın üzərində işlə. Şərt deyil ki, məlumat yeni olsun, ona sadəcə fərqli prizmadan yanaşa bilərsən. Əgər dinləyicilərinə Yehova ilə münasibətlərini möhkəmləndirməyə, verdiyi bəxşişləri qiymətləndirməyə, bu köhnə sistemdə rastlaşdıqları problemlərin öhdəsindən müvəffəqiyyətlə gəlməyə və ya xidmətlərini yaxşılaşdırmağa kömək edən məlumat hazırlamısansa, şövqlə danışmağa əsasın var.
Bəs əgər sənə auditoriya qarşısında oxumaq tapşırılıbsa, onda necə? Şövqlə oxumaq üçün sadəcə sözləri düzgün tələffüz etməkdən və onları düzgün qruplaşdırmaqdan çox şey tələb olunur. Materialı öyrən. Əgər Müqəddəs Kitabdan bir parça oxuyacaqsansa, onunla bağlı bir qədər araşdırma apar. Əmin ol ki, onun mənasını anlayırsan. Bunun sənə və dinləyicilərinə faydası haqda düşün və bu faydanı onlara çatdırmaq arzusu ilə oxu.
Bəlkə, təbliğə hazırlaşırsan? Bu halda, müzakirə edəcəyin mövzunu və oxuyacağın ayələri nəzərdən keçir. Həmçinin insanları nələrin narahat etdiyi haqda da fikirləş. Xəbərlərdə nədən danışmışdılar? İnsanlar hansı problemlərlə qarşılaşırlar? Hiss edəndə ki, məhz bu problemlərin həlli haqda Allahın Kəlamında yazılanları onlara göstərməyə hazırsan, bunu etməyə səndə həvəs yaranacaq və şövqlə danışmaq öz-özünə alınacaq.
Canlı danış. Şövq ən çox canlı danışıqda özünü büruzə verir. Bu, üz ifadəsindən aydın görünməlidir. Əminliklə danış, lakin qəti olmamağa çalış.
Bu halda tarazlılıq tələb olunur. Bəzilərini hər şey riqqətə gətirir. Belələrinə başa salmaq lazımdır ki, insan təmtəraqlı və ya həddindən artıq emosional danışanda dinləyicilər onun sözlərindən çox, özü haqda düşünəcəklər. Digər tərəfdən isə, utancaq olanları daha sərbəst danışmağa təşviq etmək lazımdır.
Şövq sirayətedicidir. Əgər dinləyicilərlə yaxşı təmas qurmusansa və şövqlə danışırsansa, bu şövq dinləyicilərinə də keçəcək. Bəlağətli natiq kimi təsvir olunan Apollos canlı danışırdı. Əgər ruhda səyli olsan, canlı çıxışın səni dinləyənləri hərəkətə təşviq edəcək (Həv. iş. 18:24, 25; Rom. 12:11).
Mövzuya uyğun şövq. Diqqətli ol ki, bütün çıxış boyu həddindən artıq şövqlə danışmayasan. Əks təqdirdə, bu, dinləyiciləri yora bilər və onlar müzakirə olunan mövzuya uyğun hərəkət etməyə təşviq olunmazlar. Buna görə də materialı elə hazırlamaq lazımdır ki, nitqin rəngarəng olsun. Çalış laqeydlik əks etdirən tonda danışmayasan. Əgər materialı diqqətlə seçsən, o, sənin üçün maraqlı olacaq. Çıxış zamanı adətən bəzi məqamları başqalarına nisbətən daha şövqlə demək tələb olunur, lakin bütün məqamları məharətlə bir-birinə bağlamaq lazımdır.
Xüsusilə də əsas bəndləri şövqlə demək lazımdır. Çıxışında kuliminasiya nöqtələri olmalıdır və mövzunu onlara doğru inkişaf etdirməlisən. Bunlar çıxışın vacib məqamları olduğundan, dinləyiciləri hərəkətə təşviq etməlidir. Dinləyicilərini əmin etdikdən sonra onları hərəkətə təşviq etmək, haqqında danışılanları həyatlarında tətbiq etməyin faydalarını göstərmək lazımdır. Şövqlə danışmağın onların ürəyinə yol tapmağa kömək edəcək. Özünü məcbur edərək canlı danışmağa çalışma. Bunun üçün səbəb olmalıdır. Həmin səbəbi isə materialda tapacaqsan.