DƏRS 27
Sərbəst çıxış
OLA BİLSİN, nitqinin üzərində çox çalışmısan. Ətraflı məlumat toplamısan. Materialı məntiqi ardıcıllıqla tərtib etmisən. Rəvan çıxış etmək də alınır. Bəs dinləyicilər diqqətləri yayındığı üçün nitqinə ara-sıra qulaq asırlarsa, o zaman çıxışını nə dərəcədə uğurlu hesab etmək olar? Əgər onlar diqqətlərini çıxışa cəmləyə bilmirlərsə, onların ürəyinə nə dərəcədə təsir edə biləcəksən?
Problemin kökü nədədir? Buna müxtəlif amillər səbəb ola bilər. Əksər hallarda problem natiqin sərbəst çıxış edə bilməməsindədir. Başqa sözlə, natiqin öz qeydlərinə çox tez-tez baxmasında və ya çıxışının rəsmi olmasındadır. Əslində bu problemlər bilavasitə nitqin necə hazırlanması ilə bağlıdır.
Əgər əvvəlcə nitqi başdan-ayağa kimi yazıb, sonra onu plan halına salmaq istəsən, sərbəst çıxış etmək, çox ehtimal ki, çətin olacaq. Nə üçün? Çünki deyəcəyin sözləri bircə-bircə seçmisən. Hətta çıxış zamanı plandan istifadə etsən də, çıxışı hazırlayarkən istifadə etdiyin sözləri yadına salmağa çalışacaqsan. Yazılı materialın dili nisbətən rəsmi, cümlələrin isə quruluşu adi danışıqdakından mürəkkəb olur. Bütün bunlar çıxışda da öz əksini tapacaq.
Çıxışı sözbəsöz yazmaqdansa, çalış ki, belə edəsən: 1) mövzunu və onu açıqlamağa kömək edəcək əsas bəndlər seç. Qısa nitq üçün iki əsas bənd kifayət edir. Uzun nitqlərdə isə dörd və ya beş əsas bənd ola bilər. 2) Hər əsas bəndin altında mövzunu açıqlayarkən istifadə edəcəyin əsas ayələri qeyd et, həmçinin nümunələri və əsas dəlilləri göstər. 3) Çıxışa necə başlayacağın üzərində düşün. Bir-iki cümləni yazmaq da olar. Çıxışın yekununu da planlaşdır.
Çıxışa hazırlaşmaq çox vacibdir. Ancaq onu sözbəsöz təkrarlayaraq əzbərləməyə çalışma. Sərbəst danışmaq üçün çıxışa hazırlaşarkən əsas diqqəti sözlərə yox, ifadə edəcəyin fikirlərə yönəltmək lazımdır. Fikirləri o vaxta qədər təkrarlamaq lazımdır ki, zehnində onlar arasında məntiqi əlaqə qurulsun. Əgər çıxış məntiqi ardıcıllıqla tərtib olunubsa və yaxşı planlaşdırılıbsa, bu, çətin olmayacaq, çıxış zamanı fikirlər asanlıqla və təbii olaraq bir-birinin ardınca gələcək.
Sərbəst çıxışın üstünlükləri. Sərbəst çıxışın üstün cəhətlərindən biri odur ki, başa düşülən dildə danışacaqsan. Belə olduqda, insanlar eşitdiklərinə daha həvəslə hay verirlər. Çıxış canlı olacaq və beləliklə də dinləyicilərdə daha çox maraq oyadacaq.
Bu cür çıxış edəndə dinləyicilərlə heç bir maneə olmadan gözlərlə təmas quracaq, bunun da sayəsində fikirlərini onlara daha yaxşı çatdıracaqsan. Hər cümləyə görə qeydlərinə baxmadığın üçün dinləyicilər mövzunu yaxşı bildiyini və dediklərinə özünün də səmimi-qəlbdən inandığını görəcəklər. Beləliklə, sərbəst çıxış edərkən ürəkdən, təbii, səmimi danışacaq və çox ehtimal ki, dinləyicilərin ürəyinə yol tapacaqsan.
Sərbəst çıxış, həmçinin vəziyyətə uyğunlaşmağa da imkan verir. Bu zaman materialda lazım gələndə dəyişiklik etmək olar. Tutalım, çıxış edəcəyin gün, səhər sənin mövzuna birbaşa aidiyyəti olan maraqlı xəbər eşidirsən. Çıxış zamanı onu qeyd etmək yaxşı olmazdımı? Yaxud çıxış edərkən auditoriyada çoxlu məktəbyaşlı uşaqların olduğunu görürsən. Onlara uyğun nümunə çəkmək və mövzunun onlara da aid olduğunu göstərmək necə də yaxşı olardı!
Sərbəst çıxışın başqa üstün cəhəti odur ki, adam beynini işlədir. Hiss edəndə ki, dinləyicilər dediklərini başa düşür, natiq ruhlanır, fikirləri daha geniş izah edir və vurğulamaq məqsədilə müəyyən məqamları təkrar edir. Həmçinin dinləyicilərin marağının zəiflədiyini görəndə fikri başqa yerdə olan adamlara danışmaq əvəzinə, problemi aradan qaldırmaq üçün müəyyən addımlar ata bilir.
Bəzi təhlükələr. Onu da bilmək lazımdır ki, sərbəst çıxışın özünün təhlükələri var. Onlardan biri vaxtdan kənara cıxmaqdır. Əgər çıxış zamanı nitqə çoxlu əlavə məlumat daxil etsən, vaxtında qurtara bilməyəcəksən. Bu baş verməsin deyə, nitqin hər bəndinə nə qədər vaxt ayırdığını planda qeyd et. Sonra bu vaxta riayət et.
Digər təhlükə özünə arxayın olmaqdır. Bu, xüsusilə də təcrübəli natiqlərin problemidir. Açıq məruzə ilə çıxış etməyə vərdiş etmiş bəzi natiqlər üçün ağıllarına gələn bir neçə fikri bir-biri ilə əlaqələndirib, ayrılmış vaxt ərzində təqdim etmək heç də çətin deyil. Lakin təvazökarlıq və Yehovanın, Dahi Nəsihətçinin, təlim proqramında iştirak etdiyimizi başa düşmək bizi təşviq edəcək ki, hər tapşırığa dua edərək yaxşı hazırlaşaq (Yeşaya 30:20; Rom. 12:6-8).
Ola bilsin, sərbəst çıxış etməkdə təcrübəsi olmayan natiqləri daha çox narahat edən odur ki, demək istədikləri fikri birdən unudarlar. Bu qorxunun sənə yaxşı danışmaqda irəliyə doğru addım atmağa mane olmasına yol vermə. Yaxşı hazırlaş və Yehovadan Öz ruhu ilə sənə kömək olmasını xahiş et (Yəh. 14:26).
Digər natiqlər sözlərə görə həddən artıq narahatçılıq keçirdiklərindən sərbəst çıxış etmirlər. Düzdür, sərbəst çıxış zamanı söz seçimi və qrammatik qaydalar hazır mətn üzrə oxunan nitqlərdəki kimi dəqiq olmaya bilər, lakin canlı danışıq dili bütün qüsurların üstünü örtür. İnsanlar başa düşülən sözlərlə və sadə cümlələrlə deyilən fikirlərə daha tez hay verirlər. Yaxşı hazırlaşsan, lazımi ifadələr öz-özünə gələcək. Ancaq bu, onları əzbərləməyin yox, fikirləri lazım olan qədər təkrarlamağın sayəsində mümkün olacaq. Həm də adi söhbətlərdə yaxşı danışsan, səhnədə olarkən də təbii olaraq belə danışacaqsan.
Qeydlər necə aparılmalıdır? Vaxt keçdikcə və təcrübən artdıqca, çıxışın hər bəndi üçün plana cəmi bir neçə söz daxil edəcəksən. Asanlıqla istifadə etmək üçün bunları, eləcə də oxumaq istədiyin ayələri bir vərəqə yazmaq olar. Təbliğə hazırlaşarkən əksər hallarda sadə planı yadda saxlamaq lazım gəlir. Əgər təkrar başçəkmə etmək üçün hansısa mövzu ilə bağlı araşdırma aparmısansa, balaca vərəqə qısa qeydlər edib Müqəddəs Kitabın arasına qoymaq olar. Yaxud «Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular»dakı planlardan və ya «Müqəddəs Yazıların əsasında mülahizə» (rus.) kitabındakı materialdan istifadə edə bilərsən.
Ancaq sənə bir-iki həftə ərzində həm görüşlərdə bir neçə hissəni aparmağı, həm də məruzə ilə çıxış etməyi tapşırıblarsa, daha ətraflı qeydlər aparmaq lazım gələ bilər. Nəyə görə? Hər tapşırıqdan qabaq materialı yada salmaq üçün. Hətta bu halda da çıxış zamanı qeydlərindən həddindən artıq asılı olsan — hər cümlədə onlara baxsan, sərbəst çıxışın üstünlüklərindən faydalana bilməyəcəksən. Qeydlərin ətraflı olarsa, planın əsasını təşkil edən sözləri və ayələri işarələ ki, baxan kimi onları görə biləsən.
Təcrübəli natiq əsasən sərbəst çıxış etməli olsa da, başqa üsullardan da faydalana bilər. Girişdə və yekunda dinləyicilərlə yaxşı təmas qurmaqla yanaşı, təsirli, diqqətlə seçilmiş sözlərdən də istifadə etmək lazımdır. Buna görə də bir neçə cümləni əzbərləmək pis olmazdı. Yaxşı olar ki, faktları, rəqəmləri, sitatları və ayələri oxuyasan. Belə etmək çıxışı daha təsirli edir.
Dərhal cavab vermək tələb olunanda. Hərdən qabaqcadan hazırlaşmağa imkan olmadan etiqadımızı izah etmək tələb olunur. Məsələn, xidmətdə etirazla üzləşə bilərik. Bəzən qohumlarımızla, iş yerində və ya məktəbdə olarkən oxşar vəziyyət yaranır. Dövlət məmurları etiqadımız və ya həyat tərzimizlə bağlı bizdən izahat tələb edə bilər. Müqəddəs Yazılar bizi təşviq edir: «Malik olduğunuz ümid barəsində sizdən hesabat istəyən hər kəsə həmişə mülayimliklə və ehtiramla cavab vermək üçün hazır olun» (1 Pet. 3:15).
Həvarilərin işləri 4:19, 20 ayələrində yazıldığı kimi, Peterlə Yəhyanın Sinedrion qarşısında necə cavab verdiyinə diqqət yetir. Cəmi iki cümlə ilə onlar öz mövqelərini açıq-aydın bildirmişdilər. Onlar bunu auditoriyaya uyğun şəkildə — riayət etdikləri prinsipin onlara da aidiyyəti olduğunu göstərməklə etdilər. Sonralar Stefana qarşı yalan ittihamlar irəli sürüləndə o da həmin məhkəmənin önünə çıxarıldı. Onun hazırlaşmadan verdiyi təsirli cavabı Həvarilərin işləri 7:2-53 ayələrindən oxu. O, materialı necə tərtib etmişdi? Hadisələri tarixi ardıcıllıqla təqdim etmişdi. Münasib məqam yetişəndə İsrail xalqının göstərdiyi üsyankarlıq ruhunu vurğulamışdı. Yekunda Allahın Oğlunu öldürməklə Sinedrionun da eyni ruhu təzahür etdirdiyini göstərmişdi.
Etiqadların haqqında hazırlaşmadan izahat vermək tələb olunanda yaxşı cavab verməyə nə kömək edə bilər? Artaxşasta padşahın sualına cavab verməzdən əvvəl sakitcə dua edən Nehemyanı təqlid et (Neh. 2:4). Sonra cəld fikrində plan hazırla. Əsas addımlar bunlardır: 1) açıqlamaq üçün bir-iki fikir seç (Fikirləri «Müqəddəs Kitab əsasında söhbət etmək üçün mövzular» broşürasından seçə bilərsən). 2) Bu fikirləri təsdiq etmək üçün hansı ayələrdən istifadə edəcəyini müəyyən et. 3) Sual verənin yaxşı qulaq asması üçün sözünə nəzakətlə necə başlayacağını fikirləş, sonra danışmağa başla.
Bəs vəziyyət gərgin olanda nə etməli olduğun yadına düşəcəkmi? İsa şagirdlərinə demişdi: «Necə və ya nə deyəcəyinizin qayğısına qalmayın; çünki nə söyləyəcəyiniz o anda sizə bildiriləcəkdir. Çünki söyləyən siz deyilsiniz, sizdə söyləyən Atanızın Ruhudur» (Mat. 10:19, 20). Bu, o demək deyil ki, birinci əsrdə məsihçilərə verilən möcüzəvi «hikmət kəlamı» sənə də veriləcək (1 Kor. 12:8). Ancaq Yehovanın məsihçi yığıncağı vasitəsilə xidmətçilərinə verdiyi təlimdən müntəzəm faydalansan, ehtiyac yarananda müqəddəs ruh lazımi məlumatı yadına salacaq (Yeşaya 50:4).
Sərbəst çıxışın təsirli olmasına şübhə yoxdur. Yığıncaqda bu cür çıxış etsən, lazım gələndə hazırlaşmadan cavab verməyə çətinlik çəkməyəcəksən. Çünki bu halda da plan eyni cür qurulur. Cəsarətli ol. Sərbəst çıxış etməyi öyrənsən, xidmətin daha səmərəli olacaq. Həm də əgər yığıncaqlarda məruzə ilə çıxış edirsənsə, çox ehtimal ki, dinləyicilərin diqqətini özündə saxlayacaq və onların ürəyinə təsir edə biləcəksən.