DƏRS 23
Məlumatın praktiki faydasını aydın göstər
BİR insana və ya böyük auditoriyaya müraciət etməyindən asılı olmayaraq, düşünmə ki, müzakirə etdiyin mövzu sənin üçün maraqlıdırsa, onlara da maraqlı olacaq. Düzdür, çatdırmaq istədiyin məlumat vacibdir, ancaq onun praktiki faydasını aydın göstərməsən, çətin ki, sənə uzun müddət maraqla qulaq assınlar.
Bu, Padşahlıq Zalındakı auditoriyaya da aiddir. Əgər gətirdiyin nümunəni və ya danışdığın hadisəni birinci dəfə eşidirlərsə, onda diqqətlə qulaq asacaqlar. Ancaq artıq bildikləri şeyi danışırsansa, xüsusən də, əgər mövzunu geniş açıqlamırsansa, onların fikri yayınacaq. Dediklərinin onlar üçün nəyə görə və necə faydalı olduğunu görmələrinə kömək etmək lazımdır.
Müqəddəs Kitab bizi hər şeyə sağlam şüurla, başqa sözlə, praktiki müdrikliklə baxmağa çağırır (Sül. məs. 3:21). Yehova Vəftizçi Yəhyanın vasitəsilə insanları «salehlərin hikmətinə», yəni praktiki müdrikliyinə yönəltmişdi (Luka 1:17). Bu, Yehova qarşısında sağlam qorxuya əsaslanan müdriklikdir (Məz. 111:10). Bu hikmət onun dəyərini anlayanlara həm bu həyatın çətinliklərinin öhdəsindən gəlməyə, həm də həqiqi, yəni gələcək əbədi həyata nail olmağa kömək edir (1 Tim. 4:8; 6:19).
Nitqin praktiki olsun. Nitqin praktiki olması üçün təkcə materialı diqqətlə seçmək yox, həm də auditoriyanı nəzərə almaq lazımdır. Onlara sadəcə bir qrup kimi baxma. Həmin qrup ayrı-ayrı insanlardan və ailələrdən ibarətdir. Onların içində uşaqlar, yeniyetmələr, yetkin insanlar və yaşlılar ola bilər. Bəlkə də aralarında həqiqətə yeni gələnlər, eləcə də sən dünyaya gəlməzdən əvvəl Yehovaya xidmət etməyə başlayan insanlar var. Ola bilər, bəziləri ruhani cəhətdən yetkindir, başqaları isə hələ də dünyadakı baxışların və normaların güclü təsiri altındadır. Özünə növbəti sualları ver: «Müzakirə edəcəyim material dinləyicilərimə hansı faydanı gətirə bilər? Onlara faydanın nədən ibarət olduğunu görməyə necə kömək edə bilərəm?» Ola bilsin, əsas diqqəti yuxarıda xatırlanan bir və ya iki qrup insana yönəltməyi lazım biləcəksən. Ancaq digərlərini də tamamilə yaddan çıxarma.
Əgər Müqəddəs Kitabın əsas təlimlərindən birinə aydınlıq gətirməlisənsə, onda necə? Nə edə bilərsən ki, nitqin artıq bu təlimlə razı olanlar üçün də maraqlı olsun? Onların buna inamını möhkəmləndirməyə çalış. Necə? Müqəddəs Yazılardan bu təlimi təsdiq edən sübutları ətraflı təhlil et. Bundan əlavə, dinləyicilərin həmin təlimin dəyərini daha dərindən başa düşmələrinə kömək edə bilərsən. Bunun üçün onun Müqəddəs Kitabın başqa həqiqətləri və Yehovanın xüsusiyyətləri ilə necə uzlaşdığını göstərmək olar. Bu təlimin düzgün başa düşülməsinin insanlara necə fayda gətirdiyini və gələcəyə olan baxışlarına necə təsir etdiyini göstərən nümunələr gətir. Əgər mümkündürsə, həyatdan götürülmüş nümunələr çək.
Elə fikirləşmə ki, praktiki faydanı nitqin sonunda bir neçə sözlə göstərmək kifayət edər. Nitqin lap əvvəlindən dinləyicilərin hər biri müzakirə olunan mövzunun şəxsən ona aid olduğunu hiss etməlidir. Belə təməl qoyduqdan sonra, yekun da daxil olmaqla, nitqin hər əsas bəndini açıqladıqca, müzakirə olunan fikirləri necə tətbiq etməyi göstər.
Müzakirə olunan fikirləri həyatda necə tətbiq etməyi göstərərkən Müqəddəs Kitab prinsiplərini unutma. Yəni bunu məhəbbətlə və şəfqətlə et (1 Pet. 3:8; 1 Yəh. 4:8). Salonik şəhərində yaranmış ciddi problemi həll edərkən belə, həvari Pavel oradakı bacı-qardaşların hansı sahələrdə ruhani nailiyyət əldə etdiklərini qeyd etməyi unutmamışdı. O həmçinin müzakirə etdiyi sualla bağlı onların düzgün davranmaq istədiklərinə əmin olduğunu da bildirmişdi (1 Salon. 4:1-12). Bizim üçün necə də gözəl nümunədir!
Ola bilsin, nitqinin məqsədi təbliğ və təlim işində fəal iştirak etməyə təşviq etməkdir. O zaman çalış ki, onların ürəyində xidmətə həvəs və minnətdarlıq oyadasan. Ancaq belə edərkən, yadda saxla ki, hamının imkanı bu işdə eyni cür iştirak etməyə yol vermir və bu, Müqəddəs Kitabda da nəzərə alınır (Mat. 13:23). Elə danışma ki, həmimanlıların özlərini günahkar hiss etsinlər. İbranilərə 10:24 ayəsi bizi ‘bir-birimizi məhəbbətə və xeyirli işlərə təşviq etməyə’ səsləyir. Əgər biz başqalarını məhəbbətə təşviq etsək, bu, düzgün niyyətdən irəli gələn xeyirxah əməllər doğuracaq. Onların itaətkarlıq göstərməsini tələb etmə, unutma ki, Yehova insanları ‘iman gətirib itaət etməyə’ təşviq etməyimizi istəyir (Rom. 16:26). Bunu yadda saxlayaraq, biz həm özümüzün, həm də başqalarının imanını möhkəmləndirməyə çalışırıq.
İnsanlara praktiki faydanı görməyə kömək et. İnsanlara şahidlik edərkən xoş xəbərin praktiki faydasını vurğula. Bunun üçün ərazinizdəki insanları nəyin narahat etdiyini bilmək lazımdır. Bunu necə öyrənmək olar? Televizorda və ya radioda verilən xəbərlərə qulaq as. Qəzetlərin ön səhifələrinə bax. Həmçinin insanları söhbətə cəlb etməyə çalış və onlar danışanda qulaq as. Ola bilsin, onları həmin anda hansı problemlərin narahat etdiyini anlayacaqsan. Bu, işsizlik, kirayə haqqının yüksək olması, xəstəlik, yaxın adamın ölümü, cinayətkarlıq qorxusu, səlahiyyətli şəxslər tərəfindən haqsızlıq, ailənin dağılması, uşaqların sözə baxmaması və sairə ola bilər. Müqəddəs Kitabın bu kimi problemləri olanlara köməyi dəyə bilərmi? Sözsüz.
Çox ehtimal ki, fikrində hansısa konkret mövzunu tutub söhbətə başlayacaqsan. Ancaq hal-hazırda insanı başqa şeyin narahat etdiyini görürsənsə və əgər açıqlaya biləcəksənsə, dərhal onu maraqlandıran mövzunu müzakirə et, yaxud lazımi məlumatı axtarıb yenidən gəlməyi təklif et. Sözsüz ki, biz ‘başqalarının işinə burnumuzu soxmur’, sadəcə böyük məmnuniyyətlə Müqəddəs Kitabdan praktiki məsləhətləri insanlarla bölüşürük (2 Salon. 3:11). Aydındır ki, Müqəddəs Kitabın bilavasitə həyatlarına aidiyyəti olan məsləhətləri insanlara təsir edəcək.
İnsan sözlərimizdə ona aidiyyəti olan heç bir şey görməsə, söhbəti dərhal dayandırar. Hətta söhbəti kəsməsə belə, mövzunun praktiki faydasını açıqlamasaq, dediyimiz sözlərin, çox ehtimal ki, onun həyatına heç bir təsiri olmayacaq. Ancaq çatdırdığımız biliyin gətirdiyi faydanı göstərsək, bu söhbət insanın həyatında dönüş nöqtəsi ola bilər.
Həmçinin Müqəddəs Kitab öyrənməsi keçirərkən alınan biliyin necə tətbiq edilməsini izah etmək lazımdır (Sül. məs. 4:7). Öyrənənə Yehovanın yolları ilə yeriməyə kömək edən Müqəddəs Kitabdakı məsləhətləri, prinsipləri və nümunələri başa düşməyə kömək et. Əsas diqqəti bundan əldə olunan faydaya yönəlt (Yeşaya 48:17, 18). Bu, öyrənəni həyatını dəyişməyə təşviq edəcək. İnsanların ürəyində Yehovaya məhəbbət və Onu razı salmaq arzusu oyandır və qoy Allahın Kəlamındakı məsləhətləri tətbiq etmək onların ürəyindən gəlsin.