Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 38 s. 215—s. 219 abz. 3
  • Maraq oyadan giriş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Maraq oyadan giriş
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Maraqlı giriş
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Auditoriya üçün məzmunlu nitq
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ayələrə keçid
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 38 s. 215—s. 219 abz. 3

DƏRS 38

Maraq oyadan giriş

Nə etməlisən?

İlk cümlələrdə dinləyicilərin diqqətini cəlb edən və məqsədinlə birbaşa bağlı olan münasib sözlər işlət.

Nə üçün vacibdir?

Dinləyicilərdən bəzilərinin sənə qulaq asıb-asmayacaqları və nə dərəcədə diqqətli olacaqları girişdə dediyin sözlərdən asılıdır.

ÇIXIŞIN ən vacib hissələrindən biri girişdir. Əgər dinləyicilərində həqiqətən də maraq oyada bilsən, onlar sonra deyəcəyin sözlərə daha diqqətlə qulaq asacaqlar. Təbliğ xidmətində ilk sözlərin həmsöhbətində maraq oyatmasa, səni axıra kimi dinləməyə bilər. Padşahlıq Zalında çıxış edərkən dinləyicilərdə maraq oyada bilməsən, onlar oranı tərk etməsələr də, başqa şey haqqında düşünməyə başlayacaqlar.

Giriş hissəni hazırlayarkən üç məqsədi yadında saxla: 1) dinləyicilərin diqqətini cəlb etmək, 2) mövzunu aydın bildirmək, 3) mövzunun dinləyicilər üçün vacib olduğunu göstərmək. Bəzi hallarda bu üç məqsədə, demək olar ki, eyni vaxtda nail olmaq olur. Ancaq hərdən onların hər birinə ayrıca diqqət yetirmək lazım gəlir və bu zaman ardıcıllıq dəyişə bilər.

Dinləyicilərin diqqətini necə cəlb etmək olar? İnsanların məruzəyə qulaq asmağa gəlməsi hələ o demək deyil ki, onlar bütün diqqətlərini mövzuya cəmləməyə hazırdırlar. Nə üçün? Həyatlarında onlardan diqqət tələb edən çoxlu şey var. Onları ailədəki problemlər və ya həyatın başqa qayğıları narahat edə bilər. Bir natiq kimi qarşında duran çətinlik dinləyicilərin diqqətini cəlb etmək və yayınmağa qoymamaqdır. Bunu etməyin bir neçə üsulu var.

Ən məşhur nitqlərdən biri hesab olunan nitq Dağüstü təbliğdir. O, hansı sözlərlə başlayır? Lukanın verdiyi məlumata əsasən, İsa demişdi: «Nə bəxtiyarsınız yoxsullar!.. Nə bəxtiyarsınız indi ac olanlar!.. Nə bəxtiyarsınız indi ağlayanlar!.. Sizə nifrət edib,.. adınızı pisləyəcəkləri zaman siz nə bəxtiyarsınız» (Luka 6:20-22). Nə üçün bu cür giriş maraq oyatmışdı? İsa bir neçə sözlə dinləyicilərinin üzləşdiyi ciddi problemlərdən bəzilərini vurğuladı. Sonra problemlər haqda uzun-uzadı danışmadı, əksinə, bu cür problemlərə baxmayaraq, insanların yenə də xoşbəxt ola biləcəklərini göstərdi. İsa bunu elə tərzdə etdi ki, dinləyicilərdə ona qulaq asmaq istəyi oyandı.

Maraq oyatmağın digər üsulu sual verməkdir. Ancaq bunu münasib tərzdə etmək lazımdır. Suallarından sadəcə olaraq dinləyicilərin bildikləri şeylər haqda danışacağın aydın olsa, onların marağı tez sönə bilər. Dinləyiciləri pərt edən, yaxud onları pis vəziyyətdə qoyan suallar vermə. Əksinə, elə suallar ver ki, onları düşünməyə təşviq etsin. Həmin suallara öz-özlərində cavab vermələri üçün hər sualdan sonra qısa fasilə et. Əgər dinləyicilər səninlə əqlən dialoqa girdiklərini hiss etsələr, deməli, onların diqqətini cəlb edə bilmisən.

Diqqəti cəlb etməyin başqa gözəl üsulu real həyatdan götürülmüş nümunələrdən istifadə etməkdir. Ancaq danışdığın əhvalat dinləyicilərdən kimisə pərt edərsə, məqsədinə çatmayacaqsan. Hadisə yadda qalsa, ancaq onunla çatdırmaq istədiyin ibrət dərsi unudulsa, yenə də hədəfindən yayınmış olacaqsan. Girişdə danışdığın hadisə məruzənin əsas hissəsində açıqlanacaq hansısa vacib məqam üçün təməl rolunu oynamalıdır. Hadisəni canlı təsvir etmək üçün bəzi təfsilatları danışmaq tələb olunsa da, diqqətli ol ki, çəkdiyin nümunə çox uzun olmasın.

Bəzi natiqlər məruzəyə aktual xəbərlə, yerli qəzetdən və ya məşhur şəxslərin sözlərindən sitatla başlayırlar. Mövzuya və dinləyicilərə uyğun gələrsə, bu üsul da yararlı ola bilər.

Əgər məruzələr silsiləsinə daxil olan nitqlə və ya Xidməti görüşün bir bəndi ilə çıxış edirsənsə, giriş hissəni qısa və konkret etmək yaxşı olardı. Məruzə ilə çıxış edəndə diqqətli ol ki, giriş hissəyə ayrılan vaxtdan kənara çıxmayasan. Dinləyicilər üçün ən dəyərli məlumat məruzənin əsas hissəsində yerləşir.

Hərdən sənə tənqidi və hətta nifrətlə yanaşan insanlar qarşısında danışmalı ola bilərsən. Onların diqqətini necə cəlb edə bilərsən? Erkən məsihçilərdən birini, «Müqəddəs Ruh və hikmətlə dolu» olan Stefanı zorla yəhudi Sinedrionunun qarşısına aparmışdılar. Stefan orada məsihçiliyin müdafiəsinə qalxaraq bəlağətli nitq söyləmişdi. O, sözünə necə başlamışdı? Hörmətcil şəkildə müraciət etməklə, sonra isə hamının qəbul etdiyi fikirləri söyləməklə. «Qardaşlar və atalar! Dinləyin. Atamız İbrahim... Mesopotamiyada olarkən, izzətli Allah ona göründü» (Həv. iş. 6:3; 7:2). Afinadakı Areopaqda çıxış edərkən həvari Pavelin qarşısında duran auditoriya digərlərindən fərqlənirdi. Buna görə də o, nitqinə belə giriş sözləri ilə başlamışdı: «Ey Afina ərləri! Mən sizi hər cəhətdən çox dindar görürəm» (Həv. iş. 17:22). Hər iki halda giriş hissənin yaxşı olması sayəsində, dinləyicilər natiqlərə həvəslə qulaq asmışdılar.

Təbliğ xidmətində olanda da insanların diqqətini cəlb etmək tələb olunur. Əgər gələcəyin haqda qabaqcadan sözləşməmişdinizsə, ev sahibi həmin vaxt başqa işlə məşğul ola bilər. Bəzi yerlərdə çağırılmamış qonaqdan gəlişinin məqsədini dərhal deyəcəyi gözlənilir. Başqa yerlərdə isə adətə görə, gəlişin səbəbini bildirməzdən öncə müəyyən rəsmiyyət qaydalarına riayət edilir (Luka 10:5).

Bu vəziyyətlərin hər birində səmimi mehribanlıq söhbətə yol açan ab-hava yarada bilər. Adətən söhbətə insanın fikirləşdiyi şeydən başlamaq faydalı olur. Söhbətə nədən başlayacağını necə müəyyən edə bilərsən? İnsana yaxınlaşanda o, nə iləsə məşğul olurdumu? Ola bilsin, bağda işləyir, evinin həyətini təmizləyir, avtomobilini təmir edir, yemək bişirir, paltar yuyur, yaxud uşaqlarla məşğul idi. Bəlkə, qazet oxuyur və ya küçədə baş verən hadisəni müşahidə edirdi? Əşyalarından balıqçılığa, idmana, səyahət etməyə, musiqiyə, kompüterə və ya başqa şeylərə xüsusi marağı olduğu görünürmü? İnsanları çox vaxt təzəlikcə radiodan və ya televizordan eşitdikləri şeylər narahat edir. Bu şeylərə dair sual vermək və ya qısa fikir söyləmək maraqlı söhbətə yol aça bilər.

İsa Məsihin Suxar şəhəri yaxınlığında samariyalı qadınla quyu başında etdiyi söhbət şahidlik etmək üçün söhbətə başlamaqda bizə gözəl nümunədir (Yəh. 4:5-26).

Yığıncağın ərazisi tez-tez işlənirsə, giriş sözlərini diqqətlə hazırlamaq xüsusilə vacibdir. Əks təqdirdə, şahidlik etmək alınmaya bilər.

Mövzunu aydın bildir. Görüşə sədrlik edən, yaxud səndən əvvəl çıxış edən qardaş nitqinin adını elan edəcək və səni təqdim edəcək. Lakin yaxşı olar ki, giriş hissədə dinləyicilərinə mövzunu bir də xatırladasan. Bunun üçün mövzunun adını sözbəsöz təkrar etmək olar, ancaq belə etmək şərt deyil. Hər necə olsa da, mövzu çıxış boyunca tədricən açıqlanacaq. Buna baxmayaraq, girişdə mövzunu necəsə vurğulamaq lazımdır.

Şagirdlərini təbliğə göndərərkən İsa çatdırmalı olduqları xəbəri onlara aydın şəkildə bildirdi: «Gedərkən: “Səmavi Səltənət yaxındır”, — deyə təbliğ edin» (Mat. 10:7). Bizim günlərimizlə bağlı İsa demişdi: «Səmavi Səltənət haqqında olan bu Müjdə... təbliğ olunacaqdır» (Mat. 24:14). Müqəddəs Kitab bizi ‘kəlamı təbliğ etməyə’, yəni şahidlik edərkən Müqəddəs Yazılara əsaslanmağa təşviq edir (2 Tim. 4:2). Lakin Müqəddəs Kitabı açmazdan və ya diqqəti Padşahlığa yönəltməzdən əvvəl, çox vaxt hazırda insanları narahat edən hansısa məsələni qeyd etmək lazımdır. Cinayət, işsizlik, ədalətsizlik, müharibə, gənclərin qarşılaşdığı problemlər, xəstəlik və ya ölümdən söz açmaq olar. Lakin mənfi şeylər haqda çox danışma; sənin çatdırdığın xəbər xoş xəbərdir. Çalış söhbəti Allahın Kəlamına və Padşahlıq ümidinə yönəldəsən.

Mövzunun dinləyicilər üçün vacib olduğunu göstər. Əgər yığıncaqda çıxış edəcəksənsə, əmin ola bilərsən ki, danışdıqların ümumilikdə dinləyicilər üçün maraqlı olacaq. Ancaq insan şəxsən özünə aid olan şeyə necə qulaq asırsa, onlar da elə maraqla qulaq asacaqlarmı? Eşitdiklərinin öz şəraitlərinə uyğun gəldiyini başa düşdükləri və bununla əlaqədar onlarda nə isə etmək arzusu oyatdığın üçün dediklərinə diqqət yetirəcəklərmi? Çıxışı hazırlayarkən dinləyicilər, onların vəziyyəti, narahatçılıqları, baxışları haqda diqqətlə düşünsən, buna nail ola biləcəksən. Əgər belə etmisənsə, onda bu, giriş sözlərindən aydın görünəcək.

Çıxış edərkən, yaxud şahidlik edərkən mövzuya maraq oyatmağın ən yaxşı üsulu onun bilavasitə dinləyicilərə aid olduğunu göstərməkdir. Bunun üçün müzakirə etdiyin mövzunun onların problemləri, tələbatları, yaxud onları narahat edən şeylərlə necə bağlı olduğunu göstər. Əgər ümumi fikirlərdən başqa konkret sahələrə də toxunacağını aydın bildirsən, onlar daha böyük maraqla qulaq asacaqlar. Bunun üçün isə yaxşı hazırlaşmaq lazımdır.

Təqdim etmə tərzi. Ən vacibi girişdə nə deməyindir, amma onları necə deməyin də maraq oyada bilər. Bu səbəbdən, hazırlaşarkən təkcə nə deyəcəyin yox, həm də necə deyəcəyin haqda düşünməlisən.

Məqsədinə çatmaq üçün sözləri düzgün seçmək vacibdir, buna görə də ilk iki və ya üç cümləni son dərəcə diqqətlə hazırlamaq faydalı olardı. Ən yaxşısı qısa və sadə cümlələrdən istifadə etməkdir. Yığıncaqda çıxış edərkən giriş sözlərinin lazımi təsiri göstərməsi üçün onları sözbəsöz yazmaq, yaxud əzbərləmək olar. Giriş hissəni yaxşı-yaxşı, tələsmədən söyləsən, çıxışın qalan hissəsini də təmkinlə çatdıra biləcəksən.

Giriş hissəni nə vaxt hazırlamaq lazımdır? Bu məsələ ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi təcrübəli natiqlər düşünürlər ki, çıxışa hazırlaşmağa giriş hissədən başlamaq lazımdır. Digərlərinin fikrincə, giriş nitq tamamilə hazır olandan sonra hazırlanmalıdır.

Əlbəttə, giriş hissəni təfərrüatı ilə hazırlamağa başlamazdan əvvəl mövzunu və əsas bəndləri bilmək gərəkdir. Bəs əgər çıxışı hazır plana əsasən hazırlayırsansa, onda necə? Planı oxuduqdan sonra beynində girişlə bağlı fikir yaranarsa, onu yazmağın heç bir ziyanı olmaz. Həmçinin yadda saxla ki, girişin effektiv olması üçün dinləyiciləri, eləcə də plandakı materialı nəzərə almaq lazımdır.

NECƏ NAİL OLMAQ OLAR?

  • Dinləyiciləri, onların vəziyyətini, narahatçılıqlarını, baxışlarını, mövzu ilə bağlı artıq nələri bildiklərini nəzərə al.

  • Mövzuda nəyin onlar üçün xüsusilə maraqlı və faydalı olacağını müəyyən et.

ÇALIŞMALAR: 1) Evdən-evə təbliğə getməzdən əvvəl, həm çatdırdığın xəbərə, həm də təzəlikcə ərazinizdə baş verən hadisəyə uyğun olan giriş hazırla. 2) «Gözətçi Qülləsi» jurnalının beş-altı məqaləsinin ilk abzasını nəzərdən keçir. Girişin nəyin sayəsində effektiv olduğu haqda düşün.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş