DƏRS 20
Ayələrə keçid
YIĞINCAQ görüşlərində verilən təlim Müqəddəs Yazılara əsaslanır. Həmçinin təbliğdə dediklərimizin də təməlini Müqəddəs Kitab ayələri təşkil edir. Ancaq ayələrin nə qədər fayda gətirəcəyi onlara nə dərəcədə yaxşı keçid ediləcəyindən asılıdır.
Sadəcə ayəni demək və qarşındakı adamı ayəni səninlə birlikdə oxumağa dəvət etmək azdır. Ayəyə keçid alarkən iki məqsədə nail olmağa çalış: 1) maraq oyat və 2) diqqəti ayənin nə üçün oxunduğuna yönəlt. Bu məqsədlərə müxtəlif üsullarla çatmaq olar.
Sual ver. Cavab dinləyicilər üçün dərhal aydın olmayanda sual vermək ən yaxşı üsuldur. Sualı elə qoy ki, insanları düşündürsün. İsa məhz belə edirdi. Fəriseylər məbəddə ona yaxınlaşıb, Müqəddəs Yazıları nə qədər yaxşı başa düşdüyünü camaatın gözü qarşısında yoxlayanda İsa onlardan soruşmuşdu: «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar «Davudun Oğlu», — deyə cavab vermişdilər. O zaman İsa Məzmur 110:1 ayəsinə istinad edərək sual vermişdi: «Elə isə, nə üçün Davud Ruhdan ilham alıb, Ona “Ağa” deyərək xitab edir?» Fəriseylər deməyə söz tapmamışdılar. Xalq isə böyük məmnuniyyətlə İsanı dinləməyə davam etmişdi (Mat. 22:41-46).
Xidmətdə ayələri oxumazdan əvvəl belə suallar vermək olar: «Hər birimizin öz adı var. Bəs Allahın da adı varmı? Bu sualın cavabını Yeşaya 42:8 (KM) ayəsində tapmaq olar». «Nə vaxtsa bəşəriyyət bir hakimiyyət altında birləşəcəkmi? Görün Daniel 2:44 ayəsində bu suala necə cavab verilir». «Sizcə, Müqəddəs Kitabda bizim günlərdə mövcud olan vəziyyət haqqında danışılırmı? Görün 2 Timoteyə 3:1-5 ayələrində yazılanlar sizə tanış gəlirmi?» «Necə düşünürsünüz, nə vaxtsa əzab-əziyyətlərə və ölümə son qoyulacaqmı? Bu sualın cavabını Vəhy 21:4, 5 ayələrində oxuya bilərik».
Məruzə zamanı ayələri oxumazdan əvvəl düşünülmüş suallar vermək dinləyicilərə hətta tanış ayələrə belə yeni nəzərlərlə baxmağa kömək edəcək. Ancaq bu, qaldırdığın sualların onlar üçün həqiqətən də maraqlı olub-olmamasından asılı olacaq. Hətta mövzu dinləyicilər üçün maraqlı olsa belə, dəfələrlə eşitdikləri ayələr oxunanda onların fikri yayına bilər. Bunun qarşısını almaqdan ötrü mövzu üzərində yaxşı düşünmək gərəkdir ki, ayəyə maraqlı keçid etmək alınsın.
Hansısa problemi qeyd et. Hansısa problemi qeyd etmək, sonra dinləyicilərin diqqətini onun həllini göstərən ayəyə yönəltmək olar. Dinləyicilərə əslində ayədə olandan çox şey vəd etmə. Çox vaxt ayədə problemin həlli yalnız qismən təqdim olunur. Buna baxmayaraq, dinləyicilərdən xahiş etmək olar ki, ayə oxunarkən orada problemin həllinə dair hansı rəhbərliyin verildiyinə diqqət yetirsinlər.
Eyni tərzdə, Allaha məqbul davranışa dair hər hansı prinsipi söyləyib, sonra ona riayət etməyin müdriklik olduğunu göstərmək üçün Müqəddəs Kitabdan bir hadisəni nümunə çəkmək olar. Müzakirə olunan mövzu ilə bağlı ayədə iki və ya daha çox fikir olanda bəzi natiqlər dinləyicilərdən onlara diqqət yetirmələrini xahiş edirlər. Əgər hansısa auditoriya üçün bu çox çətindirsə, bir neçə mümkün variantı söyləmək, sonra ayəni oxuyub, onun necə tətbiq edildiyini izah edərək düzgün cavabı göstərmək olar.
Müqəddəs Kitabı nüfuzlu mənbə kimi təqdim et. Dinləyicilərdə mövzuya maraq oyatmısansa və onun bəzi məqamlarına dair bir-iki nöqteyi-nəzəri söyləmisənsə, ayəyə sadəcə: «Görün, Allahın Kəlamında bu məqamla bağlı nə deyilir» — deməklə keçid almaq olar. Bu, oxumaq istədiyin sözlərin nüfuzlu mənbədən olduğunu göstərəcək.
Yehova Müqəddəs Kitabın hissələrinin yazılması üçün Yəhya, Luka, Pavel və Peter kimi adamlardan istifadə etmişdi. Ancaq onlar bu hissələri sadəcə qələmə almışlar; Müəllif Yehovadır. Xüsusən də Müqəddəs Yazıları öyrənməyən insanlarla söhbət edərkən «Peter yazmışdır», «Pavel demişdir» kimi sözlərlə ayəyə keçid almaq elə də təsirli olmayacaq. Bu halda ayəni oxumazdan əvvəl onu Allahın Kəlamı kimi təqdim edən sözlər söyləmək daha yaxşı olar. Diqqətə layiqdir ki, müəyyən hallarda Yehova Yeremyaya «Ordular Rəbbi belə deyir» deməklə sözünə başlamağı tapşırmışdı (Yer. 7:2; 17:20; 19:3; 22:2). Ayələri oxumazdan əvvəl Yehovanın adını çəkib-çəkməməyimizdən asılı olmayaraq, müzakirə zamanı Müqəddəs Kitabda yazılanların Onun sözləri olduğunu aydın göstərməliyik.
Konteksti nəzərə al. Ayəyə necə keçid almağı düşünərkən konteksti nəzərə almaq lazımdır. Bəzi hallarda kontekstdə nədən danışıldığını demək gərəkdir. Ancaq kontekst nə deyəcəyinə dolayısı ilə də təsir göstərə bilər. Məsələn, Allahdan qorxan Əyyubun sözləri ilə onun saxta təsəllivericilərinin sözlərinə eyni cürmü keçid alacaqsan? «Həvarilərin işləri» kitabını Luka yazsa da, orada Yaqubun, Peterin, Pavelin, Filipin, Stefanın, mələklərin, eləcə də Qamliyelin və məsihçi olmayan başqa yəhudilərin sözləri sitat gətirilir. Sitat gətirdiyin ayəni kimin adından söyləyəcəksən? Yadda saxla ki, məzmurların hamısı Davudun deyil, həmçinin «Süleymanın məsəlləri» kitabını yalnız Süleyman yazmayıb. Bundan başqa, kitabı yazanın kimlərə müraciət etdiyini və orada müzakirə olunan ümumi mövzunu bilmək vacibdir.
Əlavə məlumat gətir. Gətirdiyin əlavə məlumat Müqəddəs Kitabdan olan hadisənin yazıldığı vaxt mövcud olan vəziyyətin müzakirə etdiyin vəziyyətlə oxşar olduğunu göstərdiyi təqdirdə, xüsusilə faydalı olacaq. Digər hallarda, müəyyən ayəni başa düşmək üçün əlavə məlumat gətirmək zərurəti yaranır. Məsələn, fidyə haqqındakı məruzədə İbranilərə 9:12, 24 ayələrini gətirəcəksənsə, ola bilər, ayəni oxumazdan əvvəl müqəddəs məskənin iç otağını qısaca təsvir etmək lazım gəlsin; ayəyə əsasən həmin yer İsanın göyə qalxdıqdan sonra daxil olduğu yeri təmsil edir. Lakin gətirdiyin əlavə məlumat çox olmamalıdır ki, oxumaq istədiyin ayə kölgədə qalmasın.
Ayələrə daha yaxşı keçid almaq üçün təcrübəli natiqləri müşahidə et. Onların istifadə etdiyi üsullara diqqət yetir. Bu üsulların nə üçün effektiv olduğu haqda fikirləş. Öz çıxışlarını hazıralayarkən əsas ayələri müəyyən et və hər birinin hansı məqsədə xidmət etdiyinə xüsusi diqqət yetir. Ayələrin təsirli səslənməsi üçün hər birinə necə keçid alacağını diqqətlə planlaşdır. Tədricən, istifadə etdiyin bütün ayələrə bunu tətbiq et. Bu sahədə irəlilədikcə, diqqəti Allahın Kəlamına daha çox yönəldəcəksən.