Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 29 s. 181—s. 185 abz. 3
  • Səs

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Səs
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Aydın diksiya
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • ‘Yadların səsindən’ qorunun
    Gözətçi qülləsi 2004
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 29 s. 181—s. 185 abz. 3

DƏRS 29

Səs

Nə etməlisən?

Başqasını təqlid edərək yox, düzgün nəfəs alaraq və gərginləşmiş əzələlərini boşaldaraq səsini yaxşılaşdırmağa çalış.

Nə üçün vacibdir?

Yaxşı səsi eşidəndə adam özünü rahat hiss edir və onu dinləmək xoş olur. Pis səs ünsiyyətə mane olur və həm danışanın özündə, həm də dinləyicilərdə xoşagəlməz təəssürat oyadır.

TƏKCƏ deyilən sözlər yox, həm də onların necə deyilməsi insanlara böyük təsir göstərir. Biz səsində mülayimlik, mehribanlıq və xeyirxahlıq duyulan adama qulaq asmağa daha meyilli oluruq, nəinki sərt və kobud səsli adama, elə deyilmi?

Yaxşı səs təkcə səsin yaranma mexanizmindən asılı deyil. Bu, həm də insanın xasiyyəti ilə bağlı ola bilər. İnsan Müqəddəs Kitab həqiqətlərini öyrənib, onları tətbiq etdikcə, xasiyyətindəki dəyişikliklər onun danışıq tərzində də özünü büruzə verir. Məhəbbət, sevinc və xeyirxahlıq kimi Allaha məqbul keyfiyyətlər onun səsində əks olunur (Qalat. 5:22, 23). Başqaları ilə səmimi-qəlbdən maraqlanması səsindən görünür. Dərin kök salmış narazılıq hissi minnətdarlıqla əvəz olunanda həm sözlər, həm də səsin tonu bunu aydın göstərir (Mərs. 3:39-42; 1 Tim. 1:12; Yəhuda 16). Hətta dilini başa düşməyəndə də, insanın təkəbbürlə, hövsələsiz, tənqidi, kobud, yoxsa təvazökarlıqla, səbirlə, xeyirxahlıqla və məhəbbətlə danışdığını ayırd etmək çətin olmur.

Bəzi hallarda xoşagəlməz səs qırtlağı zədələyən xəstəliyin, yaxud irsən keçən qüsurun nəticəsi ola bilər. Nə qədər ki, bu sistemdə yaşayırıq bu kimi səbəblərin tamamilə aradan qalxması mümkün olmayacaq. Ancaq nitq orqanlarından düzgün istifadə etməyi öyrənməklə vəziyyəti yaxşılaşdırmaq olar.

İlk öncə, etiraf etmək lazımdır ki, hər kəsin özünəməxsus səsi var. Səsini başqasının səsinə bənzətməyə çalışma. Əksinə, özünəməxsus çalarları ilə birlikdə səsinin potensial imkanlarını üzə çıxarmağa çalış. Bu işdə nəyin köməyi dəyə bilər? İki əsas amilin.

Düzgün tənəffüs. Səsin yaxşı çıxması üçün ağciyərlərdə kifayət qədər hava ehtiyatının olması, eləcə də düzgün nəfəs almaq vacibdir. Əks təqdirdə səs zəif çıxacaq və nitq qırıq-qırıq olacaq.

Ağciyərlərin ən böyük hissəsi döş qəfəsinin yuxarı hissəsində yerləşmir; sadəcə çiyin sümüklərinin sayəsində bu hissə enli görunür. Əksinə, ağciyərlərin ən böyük hissəsi diafraqmanın düz üstündə yerləşir. Alt qabırğalara yapışan diafraqma döş boşluğunu qarın boşluğundan ayırır.

Nəfəs alarkən ağciyərlərin yalnız yuxarı hissəsini hava ilə doldursan, tez bir zamanda nəfəsin tükənəcək, səsin zəifləyəcək və yorulacaqsan. Düzgün nəfəs almaq üçün çiyinlərini arxaya verib, düz oturmaq və ya düz durmaq lazımdır. Diqqətli ol ki, danışmazdan əvvəl nəfəs alanda döş qəfəsinin yalnız yuxarı hissəsi genişlənməsin. Əvvəlcə ağciyərlərinin aşağı hissəsini hava ilə doldur. Bu hissə hava ilə dolanda döş qəfəsinin aşağı hissəsi yanlara genişlənir. Bu an diafraqma mədəni və bağırsaqları yüngülcə sıxaraq, aşağı enir, buna görə də bu zaman kəmərin dartıldığını hiss edirik. Ancaq ağciyərlər qarın boşluğunda yox, döş qəfəsində yerləşir. Düzgün nəfəs alıb-almadığını yoxlamaq üçün əllərini hər iki tərəfdən aşağı qabırğalarının üstünə qoy və dərindən nəfəs al. Əgər düzgün nəfəs alırsansa, qarnın çəkilməyəcək və çiyinlərin qalxmayacaq. Əksinə, qabırğalarının azacıq genişlənib qalxdığını hiss edəcəksən.

Sonra nəfəs vermək üzərində işlə. Ağciyərlərindəki havanın hamısını birdən buraxma. Nəfəsini yavaş-yavaş ver. Nəfəsverməni boğazını gərərək tənzimləməyə çalışma. Yoxsa səsin gərgin, ya da çox hündürdən çıxacaq. Qabırğaarası və qarın əzələlərinin təzyiqi havanı qovur, diafraqma nəfəsvermənin sürətini tənzimləyir.

Diaqram: səhifə 183

Qaçışçı yarışdan əvvəl məşq etdiyi kimi, natiq də məşq edərək tənəffüsünü tənzimləməyi öyrənməlidir. Çiyinlərini geri verərək dik dur, elə nəfəs al ki, ağciyərlərinin aşağı hissəsi hava ilə dolsun. Sonra yavaş-yavaş və mümkün qədər çox sayaraq, tədricən nəfəsini burax. Bundan sonra eyni cür nəfəs alaraq ucadan oxumağı məşq et.

Sıxılmış əzələləri boşalt. Səsin yaxşı çıxması üçün digər vacib amil budur! Danışarkən özünü boş tutmağı öyrənsən, əldə edəcəyin nailiyyətlər səni təəccübləndirəcək. Həm daxili gərginliyini aradan qaldırmalı, həm də bədənini boş tutmalısan, çünki zehni gərginlik əzələləri də gərginləşdirir.

Zehni gərginliyi dinləyicilərinə düzgün münasibət göstərməklə aradan qaldıra bilərsən. Ola bilər, Müqəddəs Kitabı bir neçə aydır öyrənirsən və Padşahlığın yeni təbliğçisisən. Hətta belə olduqda da, yadda saxla ki, xidmət zamanı Yehovanın niyyəti haqqında insanlarla bölüşə biləcəyin dəyərli biliyə maliksən. Həm də özlərinin hiss edib-etmədiklərindən asılı olmayaraq, köməyə ehtiyacları olduğu üçün sən onlara baş çəkirsən. Digər tərəfdən, əgər Padşahlıq Zalında çıxış edirsənsə, yadda saxla ki, auditoriyanın əksəriyyətini Yehovanın xidmətçiləri təşkil edir. Onlar sənin dostlarındır və sənin uğur qazanmağını istəyirlər. Heç bir başqa natiq bizim kimi belə mehriban və məhəbbətli auditoriya qarşısında çıxış etmir.

Boğaz əzələlərində gərginliyi azaltmaq üçün diqqətini bu əzələlərə yönəlt və məqsədyönlü şəkildə onları boşaltmağa çalış. Yadda saxla ki, səs tellərinin arasından hava keçəndə onlar titrəyir. Kamançanın və ya tarın simlərini sıxıb boşaldanda onun səsinin hündürlüyü dəyişdiyi kimi, bizim də səsimizin hündürlüyü boğaz əzələlərinin dartılıb-boşalmasına müvafiq olaraq dəyişir. Səs telləri boşalanda səs alçaqdan çıxır. Boğaz əzələlərini boşaltmaq həm də burun yollarını açıq saxlamağa kömək edir ki, bu da əhəmiyyətli dərəcədə səsə öz təsirini göstərir.

Bütün bədənini — dizlərini, əllərini, çiyinlərini, boynunu boşalt. Bu, səsin bərkdən çıxması üçün lazım olan rezonansın (bədənin müəyyən hissələrində yaranan titrəyiş sayəsində səslərin güclənməsi) yaranmasına kömək edəcək. Bütün bədən rezonator rolunu oynayanda rezonans yaranır, gərginlik isə buna mane olur. Qırtlaqda yaranan səs təkcə burun boşluğunda yüksəlmir; döş qəfəsi, dişlər, damaq və boşluqlar da rezonator rolunu oynayır. Gitaranın dekasına ağır bir şey qoysan, səs boğuq çıxacaq. Səsin yaxşı əks olunması və hündürdən çıxması üçün dekanın üstü boş olmalıdır. Əzələlər sayəsində möhkəm duran skelet haqda da eyni şeyi demək olar. Rezonans səsdə düzgün dəyişikliklər etməyə və müxtəlif hissləri ifadə etməyə kömək edir. Səs tellərini gücə salmadan böyük auditoriyaya müraciət edə biləcəksən.

SƏS NECƏ YARANIR?

Səs ağciyərlərdən gələn hava axını sayəsində yaranır. Ağciyərlər havanı nəfəs borusu vasitəsilə boğazın ortasında yerləşən qırtlağa, yəni səs qutusuna qovan tuluq rolunu oynayır. Qırtlağın içində səs telləri adlanan iki kiçik əzələ büküşü qarşı-qarşıya yerləşir. Əsas səs yaradıcısı onlardır. Bu büküşlər qırtlaqdan keçən havanın girib-çıxması üçün açılıb-bağlanır, eləcə də yad cisimlərin ciyərə düşməsinin qarşısını alır. Normal nəfəs alanda hava səs tellərinin arasından keçərkən səs yaranmır. Lakin adam danışmaq istəyəndə əzələlərin təsiri ilə səs telləri tarım çəkilir, ağciyərlərdən gələn hava səs tellərini basır və onlar titrəməyə başlayır. Beləliklə də səs yaranır.

Səs telləri nə qədər çox gərilsə, onların rəqs tezliyi bir o qədər yüksək, səs də bir o qədər uca olacaq. Digər tərəfdən, səs telləri nə qədər boş olsa, səs bir o qədər alçaqdan çıxacaq. Səs dalğası qırtlaqdan sonra boğazın udlaq adlanan yuxarı hissəsinə qalxır. Sonra ağız və burun boşluğuna daxil olur. Burada səsin əsas tonuna onu gücləndirən, yüksəldən və müxtəlifləşdirən çalarlar əlavə olunur. Damaq, dil, dişlər, dodaqlar, çənə titrəyən səs dalğalarını qırır və bu dalğalar ağızdan anlaşıqlı nitq şəklində çıxır.

İnsan səsi möcüzədir. Onda olan imkanlar insan əli ilə düzəldilən heç bir alətdə yoxdur. Səslə nəvaziş və məhəbbətdən tutmuş, kin və nifrətə kimi ən müxtəlif hissləri ifadə etmək olar. Məşq etdikdə səsin diapazonu üç oktavanı əhatə edə bilər. Səslə təkcə gözəl musiqi ifa etmək yox, həm də ürəyi riqqətə gətirən sözlər də demək olar.

BƏZİ PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ

Zəif səs. Yumşaq səslə zəif səsi qarışıq salmaq olmaz. Əgər səs əlavə xoş çalarlarla zəngindirsə, başqaları ona məmnuniyyətlə qulaq asacaq. Lakin yaxşı eşidilməsi üçün səs kifayət qədər hündür olmalıdır.

Səsin bərk çıxması üçün rezonansı yaxşlaşdırmaq gərəkdir. Bunun üçün bütün bədəni bu dərsdə izah olunduğu kimi boşaltmaq lazımdır. Buna görə də bədənini məqsədyönlü şəkildə boşaltmağa çalış və dodaqlarını möhkəm yox, yüngülcə qapayıb «mmm» səsini çıxar. Bu zaman başında və sinəndə titrəyişi hiss edəcəksən.

Hərdən insan xəstə və ya yuxusuz olduğu üçün səsi zəif, yaxud yorğun çıxır. Aydındır ki, bu səbəblər aradan qaldırıldıqda səs yaxşı çıxacaq.

Həddən artıq gur səs. Səs tellərinin gərginliyi artdıqca səs də artır. Səs gərgin olanda dinləyicilər də özlərini gərgin hiss edirlər. Səs tellərinin gərginliyini azaltmaq üçün boğaz əzələlərini boşaldanda səs bir qədər yavaş çıxacaq. Hər gün adi danışığında belə etməyə çalış. Dərindən nəfəs almağın da köməyi dəyir.

Burunda danışmaq. Həmişə olmasa da, hərdən burunda danışmağın səbəbi burun xəstəlikləri ola bilər. Bəzən boğazın və burunun əzələlərini gərginləşdirməklə insan burun boşluğuna gedən yolu bağlayır və hava burundan sərbəst keçə bilmir. Bunun nəticəsində səs burundan gəlir. Bunu aradan qaldırmaq üçün əzələləri boşaltmaq lazımdır.

Xırıltılı və kobud səs. Belə səs xoş ünsiyyət yaratmağa mane olur. Hətta elə təəssürat yarana bilər ki, insan başqalarına hədə-qorxu gəlir.

Hərdən bu problemin aradan qalxması üçün insanın öz xasiyyətində davamlı olaraq dəyişiklik etməsi tələb olunur (Kolos. 3:8, 12). Əgər artıq bu edilibsə, səsin yaranma mexanizminin prinsiplərini tətbiq etmək olar. Həm boğazını, həm də çənəni boş saxla. Beləliklə, həm bunun sayəsində, həm də ağzını kifayət qədər açdığın üçün səsin təmiz və xoşagələn çıxacaq.

SƏSİ NECƏ YAXŞILAŞDIRMAQ OLAR?

  • Özündə məsihçi keyfiyyətlərini tərbiyə etdir.

  • Ağciyərlərinin aşağı hissəsini hava ilə dolduraraq düzgün nəfəs almağı məşq et.

  • Danışarkən əzələlərini — boğazını, boynunu, çiyinlərini və bütün bədənini boşalt.

ÇALIŞMALAR: 1) Bir həftə ərzində hər gün bir neçə dəqiqə elə nəfəs al ki, ağciyərlərinin aşağı hissəsi hava ilə dolsun. 2) Bir həftə, ən azı gündə bir dəfə, danışarkən boğaz əzələlərini məqsədyönlü şəkildə boşalt.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş