DƏRS 34
Müsbət və faydalı şeylər haqda danış
BƏYAN etməli olduğumuz xəbər xoş xəbərdir. İsa demişdi: «Əvvəlcə bütün xalqlarda Müjdə təbliğ edilməlidir» (Mark 13:10). Elə onun özü də «Allah Səltənətinin müjdəsini» çatdırmaqda bizə nümunə qoyub (Luka 4:43). Həvarilərin çatdırdığı xəbər də ‘Allahın Müjdəsi’ və ‘Məsih haqqındakı Müjdə’ adlanır (1 Salon. 2:2; 2 Kor. 2:12). Bu xəbər müsbət və faydalıdır.
«Göyün ortasında uçan» mələyin bəyan etdiyi ‘əbədi bir Müjdəyə’ uyğun olaraq biz insanları səsləyirik: «Allahdan qorxun! Ona izzət verin» (Vəhy 14:6, 7). Biz hər yerdə həqiqi Allah, Onun adı, heyranedici xüsusiyyətləri, möhtəşəm işləri, məhəbbət dolu niyyəti, Onun qarşısında daşıdığımız məsuliyyət və bizə olan tələbləri barədə danışırıq. Xoş xəbər özünə Allahı rüsvay edən və başqalarının həyatını alt-üst edən pis insanların məhv ediləcəyi haqda məlumatı da daxil edir. Ancaq təbliğ etdiyimiz insanları mühakimə etmək bizim işimiz deyil. Biz ürəkdən arzu edirik ki, mümkün qədər çox insan Müqəddəs Kitabdan olan xəbərə hay versin və bu xəbər onlar üçün sözün əsil mənasında xoş xəbər olsun (Sül. məs. 2:20-22; Yəh. 5:22).
Pis şeylərdən az danış. Sözsüz ki, həyat problemsiz ötüşmür. Biz bunu dana bilmərik. Söhbətə başlamaq üçün ərazinizdə yaşayan insanları narahat edən problemi qeyd edə və qısaca müzakirə edə bilərsən. Ancaq bu barədə uzun-uzadı danışmaq adətən fayda gətirmir. İnsanlar daima pis xəbərlər eşidirlər, buna görə də xoşagəlməyən şeylər haqda danışsaq, onlar ya qapını örtəcək, ya da bizi dinləməyəcəklər. Söhbətin başlanğıcında insanın diqqətini birbaşa Allahın Kəlamındakı təravətləndirici həqiqətlərə yönəltməyə çalış (Vəhy 22:17). Belə olduqda, insan söhbəti davam etdirmək istəməsə belə, sonradan üzərində düşünməsi üçün faydalı nəsə demiş olacaqsan. Ola bilsin, o, başqa vaxt bizi dinləməyə daha meyilli olacaq.
Səni məruzə ilə çıxış etməyə dəvət ediblərsə, pis şeylər haqda çox danışma, çünki onsuz da onlar kifayət qədərdir. Əgər natiq rəhbərlərin pis olması, əxlaqsızlığın dəhşətli dərəcədə yayılması, cinayətkarlıq və zorakılıq haqda xəbərlərin üzərində uzun-uzadı dayanarsa, dinləyicilərin əhvalı pozula bilər. Xoşagəlməyən məlumatı yalnız fayda gətirəcəyi təqdirdə mövzuya daxil et. Məhdud sayda gətirdiyin bu cür məlumat çıxışın yerinə düşdüyünü vurğulayacaq. Bu, həmçinin vəziyyətin əsas səbəblərini açıqlaya və Müqəddəs Kitabın təqdim etdiyi çıxış yolunun nəyə görə praktiki olduğunu göstərə bilər. İmkan daxilində problemin üzərində uzun-uzadı dayanmadan konkret danış.
Mənfi məlumatı nitqdən tamamilə çıxarmaq mümkün deyil, buna heç ehtiyac da yoxdur. Səndən nitqinə həm müsbət, həm də mənfi məlumat daxil edərək müsbət nəticəyə nail olmaq gözlənilir. Buna nail olmaq üçün nitqinə nəyi daxil edəcəyini, nəyi çıxaracağını və nəyi vurğulayacağını müəyyən etməlisən. Dağüstü təbliğində İsa dinləyicilərinə din xadimləri və fəriseylər kimi şəxsi mənfəətlərini güdməməyi məsləhət gördü və bir neçə nümunə ilə fikrinə aydınlıq gətirdi (Mat. 6:1, 2, 5, 16). Eyni zamanda İsa həmin din rəhbərlərinin pis nümunələri barədə çox danışmadı, əksinə, Allahın normalarını başa düşməyin və onlara əsasən yaşamağın vacibliyini vurğuladı (Mat. 6:3, 4, 6-15, 17-34). Bu, çox gözəl nəticə gətirdi.
Müsbət tonda danış. Əgər sənə öz yığıncağında məsihçi fəaliyyətinin bəzi cəhətləri haqqında çıxış etmək tapşırılıbsa, bu zaman tənqidi yox, ruhlandırıcı fikirlər söyləməyə çalış. Başqalarını nəyəsə təşviq edəndə özünün də bunu etdiyinə əmin ol (Rom. 2:21, 22; İbr. 13:7). Qoy sözlərin qəzəbdən yox, məhəbbətdən irəli gəlsin (2 Kor. 2:4). Əgər həmimanlılarının Yehovanı razı salmaq istədiklərinə əminsənsə, bu əminlik sənin sözlərində əks olunacaq və müsbət nəticə gətirəcək. 1 Salonikililərə 4:1-12; 2 Salonikililərə 3:4, 5; Filimona 4, 8-14, 21 ayələrində Pavelin belə əminliyi necə ifadə etdiyinə diqqət yetir.
Hərdən ağsaqqallara yığıncağı yanlış hərəkətlərdən çəkindirmək lazım gəlir. Ancaq təvazökarlıq onlara bacı-qardaşlarla həlimliklə danışmağa kömək edəcək (Qalat. 6:1). Sözü necə demələrindən yığıncağın üzvlərinə hörmətlə yanaşdıqları görünməlidir (1 Pet. 5:2, 3). Müqəddəs Kitab xüsusilə gənc qardaşların bunu yadda saxlamalarını məsləhət görür (1 Tim. 4:12; 5:1, 2; 1 Pet. 5:5). Təlim vermək, məzəmmət və islah etmək lazım gələndə, bu, Müqəddəs Kitab əsasında edilməlidir (2 Tim. 3:16). Natiq özünün əmin olduğu hər hansı fikri təsdiq etmək üçün ayələri təhrif etməməlidir. Hətta məsləhət vermək tələb olunanda əsas vurğunu günahdan necə qaçınmağa, problemləri necə həll etməyə, çətinliklərin öhdəsindən necə gəlməyə, yanlış hərəkəti necə düzəltməyə və Yehovanın tələblərinin bizi necə qoruduğuna vursaq, çıxış ümumilikdə müsbət tonda olacaq (Məz. 119:1, 9-16).
Çıxışını hazırlayarkən hər əsas bəndə və ümumilikdə çıxışa necə yekun vuracağına xüsusi diqqət yetir. Sonluqda deyilənlər çox vaxt uzun müddət yadda qalır. Bəs sənin çıxışının yekun sözləri müsbət olacaqmı?
Həmimanlılarımızla söhbət edəndə. Yehovanın xidmətçiləri məsihçi görüşlərində bir-biriləri ilə ünsiyyət etmək imkanını qiymətləndirirlər. Bu görüşlərdə biz ruhani cəhətdən təravətlənirik. Müqəddəs Kitab bizi həmimanlılarımızla ibadət yerinə yığışanda ‘bir-birimizi ürəkləndirməyi’ unutmamağa səsləyir (İbr. 10:25). Bunu təkcə çıxış etməklə və şərh verməklə yox, görüşdən əvvəl və sonra söhbət etməklə də edə bilərik.
Gündəlik işlər barədə danışmaq qəbahət deyil, ancaq insanı ən çox ruhani mövzular ruhlandırır. Məsələn, müqəddəs xidmətdən duyduğumuz sevinci bölüşə bilərik. Bir-birimizə münasib tərzdə maraq göstərəndə də ruhlanırıq.
Dünyanın təsiri altına düşməmək üçün diqqətli olmalıyıq. Pavel Efesdəki məsihçilərə məktubunda yazmışdı: «Yalanı kənara atın, hər biriniz öz qonşusuna həqiqəti söyləsin» (Efes. 4:25). Həqiqəti söyləməyə dünyanın bütləşdirdiyi şeyləri və insanları ilahiləşdirməmək daxildir. Buna bənzər tərzdə İsa xəbərdarlıq etmişdi ki, ‘zənginliyin aldadıcılığından’ özümüzü qoruyaq (Mat. 13:22). Buna görə də həmimanlılarımızla söhbət edərkən diqqətli olmalıyıq ki, maddi şeylərə sahib olmağı cəlbedici şəkildə göstərərək bu yalanı dəstəkləməyək (1 Tim. 6:9, 10).
Həvari Pavel başqalarını ruhlandırmağı məsləhət görəndə ‘imanı zəif olduğu’, yəni məsihçi azadlığını tam başa düşmədiyi üçün müəyyən şeylərdən qaçınan qardaşları mühakimə etməməyə və alçaltmamağa səsləyirdi. Söhbətimiz həqiqətən də ruhlandırıcı olsun deyə, həmsöhbətimizin kim olduğunu və ruhani cəhətdən nə dərəcədə inkişaf etdiyini nəzərə almalıyıq. ‘Qardaşımıza [və ya bacımıza] büdrəmək, yaxud yolunu azmaq üçün səbəb vermək’ necə də kədərli olardı! (Rom. 14:1-4, 13, 19).
Ruhlandırıcı söhbət ciddi problemi olan, məsələn, xroniki xəstəlikdən əziyyət çəkən insan üçün çox əhəmiyyətlidir. Yığıncaq görüşlərinə gəlmək belə insandan çoxlu səy tələb edir. Onun bu vəziyyətindən xəbərdar olanlar soruşa bilərlər: «Özünü necə hiss edirsən?» Şübhəsiz ki, o, bu qayğını qiymətləndirəcək. Digər tərəfdən, sağlamlığı haqda danışmaq ona elə də xoş gəlməyə bilər. Tərifləmək və dəyərli olduqlarına əmin etmək onları daha çox ruhlandırar. Yehovaya məhəbbətinin tükənmədiyi və çətin vəziyyətlərdə dözümlülük göstərdiyi nədən görünür? Verdiyi şərhlər səni ruhlandırırmı? Diqqəti onun xəstəliyinə yox, güclü cəhətlərinə və yığıncaq üçün etdiklərinə yönəltmək daha yaxşı olmazdımı? (1 Salon. 5:11).
Söhbətlərimizin ruhlandırıcı olması üçün müzakirə etdiyimiz suala Yehovanın münasibətini nəzərə almaq xüsusilə vacibdir. Qədim İsraildə Yehovanı təmsil edən şəxslərə qarşı çıxan və mannaya görə deyinən kəslər Allahın qəzəbinə tuş gəlmişdilər (Say. 12:1-16; 21:5, 6). Ağsaqqallara hörmət edəndə, eləcə də sadiq və ağıllı qulun təqdim etdiyi ruhani qidanı qiymətləndirəndə bu nümunələrdən dərs götürdüyümüzü sübut edirik (1 Tim. 5:17).
Söhbət zamanı həmimanlılarımızla bölüşmək üçün faydalı fikirlər tapmaq çətin deyil. Bununla belə, kimsə həddindən artıq tənqidi danışarsa, bu zaman söhbəti müsbət məcraya yönəltmək üçün təşəbbüs göstər.
İstər təbliğ edəndə, istər çıxış edəndə, istərsə də həmimanlılarımızla söhbət edəndə gəlin uzaqgörən olub ürəyimizin xəzinəsindən ruhani ‘inkişaf üçün yaxşı söz söyləyək ki, bizi dinləyənlərə nemət versin’ (Efes. 4:29).