‘Hökm vaxtı’ gəlib
MÜQƏDDƏS KİTABIN “Vəhy” adlı sonuncu kitabında göyün ortasında uçan və sevinc təbliğ etmək üçün “əbədi bir Müjdəsi” olan mələk təsvir olunur. O, uca səslə bəyan edir: “Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi” (Vəhy 14:6, 7). ‘Hökm vaxtı’ özünə həm Allahın hökmünün bəyan edilməsini, həm də onun həyata keçirilməsini daxil edir. Bu “vaxt”, yaşadığımız “axır günlərin” zirvəsini təmsil edir (2 Timoteyə 3:1).
‘Hökm vaxtının’ gəlməsi, salehliyi sevənlər üçün xoş xəbərdir. Bu elə bir vaxtdır ki, Allah nifrət və zorakılıqla dolu olan bu dünyada iztirab çəkən xidmətçilərini azad edəcək.
‘Hökm vaxtı’ bugünkü pis dünyanın məhvi ilə başa çatmazdan əvvəl, biz təşviq olunuruq: “Allahdan qorxun! Ona izzət verin!” Sən bu sözlərə müvafiq davranırsanmı? Bu özünə, sadəcə sözdə “Mən Allaha inanıram” deməkdən daha çox şey daxil edir (Matta 7:21-23; Yaqub 2:19, 20). Əgər biz Allaha məqbul qorxuya malikiksə, onda Ona qarşı ehtiram hissi duyacağıq. Bu cür qorxu bizi pis əməllərdən uzaqlaşmağa təşviq edəcək (Süleymanın məsəlləri 8:13). Həmçinin belə qorxu xeyirxahlığı sevmək və pis əməllərə nifrət etmək üçün də yaxşı köməkdir (Amos 5:14, 15). Əgər biz Allaha həmd ediriksə, onda Onun bizə dediklərinə xüsusilə diqqət yetirəcəyik. Başımız başqa işlərlə o dərəcədə qarışmayacaq ki, Onun Kəlamı olan Müqəddəs Kitabı müntəzəm olaraq oxumağa vaxt tapmayaq. Biz hər zaman və bütün ürəyimizlə Allaha güvənəcəyik (Məzmur 62:8; Süleymanın məsəlləri 3:5, 6). Yehovaya həqiqətən həmd edənlər əmindirlər ki, Allah yerin və göyün Yaradanı olduğu üçün Kainatın Hökmdarıdır; onlar bütün məxluqların üzərində hökmranlıq etmək hüququna malik olan Allaha məmnuniyyətlə tabe olurlar. Əgər biz bu sahələrdən hansındasa yaxşılaşmalı olduğumuzu başa düşürüksə, onda gəlin ləngimədən tədbir görək.
Mələyin bəyan etdiyi hökmün yerinə yetiriləcəyi vaxt, həmçinin “Yehovanın günü” (YD) adlanır. Qədim Yerusəlimin sakinləri Yehovanın Öz peyğəmbərləri vasitəsilə onlara verdiyi xəbərdarlıqlara diqqət yetirmədiklərinə görə, həmin “gün” onlar üçün b. e. ə. 607-ci ildə gəldi. Onlar Yehovanın gününü yaddaşlarında tə’xirə salmaqla, həyatlarını təhlükə altına atırdılar. Yehova onları xəbərdar etdi ki, Onun günü “yaxındır və çox tez gəlir” (Tsefanya 1:14). Yehovanın başqa bir “günü” isə b. e. ə. 539-cu ildə qədim Babil üçün gəldi (İşaya 13:1, 6). Öz istehkamlarına və allahlarına güvəndikləri üçün, babillilər Yehovanın peyğəmbərlərinin xəbərdarlıqlarına fikir vermədilər. Bir gecənin içində Böyük Babil midiyalılar və farslar tərəfindən zəbt edildi.
Biz bu gün nə ilə üz-üzə durmuşuq? Yehovanın daha vacib olan başqa bir günü ilə (2 Peter 3:11-14). Allahın hökmü “böyük Babil”ə qarşı bəyan edilib. Vəhy 14:8 ayəsinə əsasən mələk ucadan deyir: “Yıxıldı!.. böyük Babil şəhəri yıxıldı!” Bu artıq baş vermişdir. Bu şəhər bir daha Yehovanın xidmətçilərini öz əsarəti altına ala bilməyəcək. Onun satqınlığı və müharibələrdə iştirak etdiyi artıq hamıya mə’lumdur. Tezliklə o tamamilə məhv ediləcək. Bu səbəbdən Müqəddəs Kitabda olan çağırış bu gün bütün insanlara yönəldilib: “Ey xalqım, oradan [Böyük Babil şəhərindən] çıxın ki, onun günahlarına şərik olmayasınız və onun bəlalarının birinə düçar olmayasınız. Çünki onun günahları göyə qədər çatdı və Allah onun haqsızlıqlarını yada saldı” (Vəhy 18:4, 5).
Böyük Babil nədir? Bu, qədim Babil ilə oxşar xüsusiyyətlərə malik olan ümumdünya din sistemidir (Vəhy 17, 18-ci fəsillər). Bu xüsusiyyətlərin bə’zilərini nəzərdən keçirək.
• Qədim Babilin kahinləri siyasi işlərdə çox iştirak edirdilər. Bu gün bir çox din xadimləri də eyni tərzdə davranırlar.
• Babilin kahinləri çox vaxt öz ölkələrinin müharibələrdə iştirak etməsini dəstəkləyirdilər. Bizim günlərdə müharibələr zamanı çox vaxt din rəhbərlərinin əsgərlərə necə xeyir-dua verdiklərini görmək olar.
• Qədim Babilin tə’lim və ayinləri xalqın son dərəcədə əxlaqsızlaşmasına səbəb olurdu. İndiki din rəhbərləri Müqəddəs Kitabın əxlaq normalarını inkar etdiklərinə görə, ruhanilər və ibadətə gələnlər arasında əxlaqsızlıq geniş yayılmışdır. Həmçinin diqqətəlayiq olan fakt odur ki, bu dünya və onun siyasi sistemi ilə fahişəlik edən Böyük Babil “Vəhy” kitabında fahişə kimi təsvir olunur.
• Müqəddəs Kitabda həmçinin deyilir ki, Böyük Babil “küstah şəhvətpərəstlik içində” yaşayır. Qədim Babildə mə’bədlərə böyük torpaq sahələri məxsus idi, kahinlər isə kommersiya fəaliyyəti ilə məşhur idilər. Bu gün Böyük Babil dini binalara malik olmaqdan başqa, geniş kommersiya fəaliyyətilə də məşğuldur. Onun tə’limləri və bayramları necə ki özünə, eləcə də işgüzar aləmin digər nümayəndələrinə böyük gəlir gətirir.
• Bu gün dünyanın bir çox yerlərində olduğu kimi, qədim Babildə də surətlərə ibadət, magiya və cadugərlik geniş yayılmışdı. Ölümə bir həyatdan digər həyata keçid kimi baxırdılar. Babildə müxtəlif allahların şərəfinə ucaldılmış çoxlu böyük və kiçik mə’bədlər var idi, Yehovaya ibadət edənlərə isə babillilər düşməncəsinə yanaşırdılar. Eyni e’tiqad və adət-ən’ənələr bu gün Böyük Babilə də xasdır.
Qədim zamanlarda siyasi və hərbi cəhətdən qüvvətli olan dövlətlərdən istifadə edərək, Yehova Ona və Onun iradəsinə laqeydlik göstərənləri cəzalandırdı. Məsələn, b. e. ə. 740-cı ildə Samariya assuriyalılar tərəfindən dağıdıldı. B. e. ə. 607-ci ildə Yerusəlim babillilər tərəfindən və b. e. 70-ci ilində romalılar tərəfindən dağıdıldı. Babilin özü isə b. e. ə. 539-cu ildə midiyalılar və farslar tərəfindən işğal edildi. Bizim yaşadığımız günlər haqqında Müqəddəs Kitabda qabaqcadan deyilmişdir ki, siyasi hökumətlər, vəhşi heyvan kimi, “fahişəyə” hücum edəcəklər. Onlar onun əsl mahiyyətini ifşa edərək, onu çılpaq qoyacaq və tamamilə məhv edəcəklər (Vəhy 17:16).
Bu dünyanın hökumətləri həqiqətənmi belə davranacaqlar? Müqəddəs Kitabda deyilir ki, bunu “Allah onların ürəyinə” salacaq (Vəhy 17:17). Bu yavaş-yavaş yox, qəfildən, sarsıdıcı tərzdə baş verəcək.
Sən hansı tədbiri görməlisən? Özündən soruş: “Tə’lim və adət ən’ənələrlə murdarlandığı üçün onu Böyük Babilin bir hissəsi edən dini təşkilatla indiyə kimi mənim bir əlaqəm varmı?” Hətta belə bir dinə mənsub olmasan da özündən soruşa bilərsən: “Onun ruhunun mənə tə’sir göstərməsinə yol verirəmmi?” Burada söhbət nədən gedir? Əxlaqsız hərəkət tərzinə yol verən ruhdan, maddi şeyləri və zövqü Allahdan daha çox sevməkdən və ya hətta cüz’i məsələlərdə belə Yehovanın Kəlamına bilərəkdən e’tinasızlıq göstərməkdən. Bu sahələrdə özünü diqqətlə yoxla.
Yehovanın bizə iltifat göstərməsi üçün həm əməllərimizlə, həm də ürəyimizdə olan arzularla sübut etməliyik ki, Böyük Babil ilə heç bir əlaqəmiz yoxdur. İndi yubanmağın vaxtı deyil. Müqəddəs Kitab bizə sonun qəflətən gələcəyi haqda xəbərdarlıq edərək deyir: “Böyük şəhər Babil... şiddətlə devriləcəkdir və artıq tapılmayacaqdır” (Vəhy 18:21).
‘Hökm vaxtının’ digər cəhəti də odur ki, Yehova Allah dünyanın siyasi sistemini, onun rəhbərlərini və İsa Məsih başda olmaqla səmavi Padşahlıq vasitəsilə Allahın həyata keçirdiyi ədalətli hakimiyyətə tərəfdar olmayanları məs’uliyyətə cəlb edəcək (Vəhy 13:1, 2; 19:19-21). Daniel 2:20-45 ayələrində yazılan peyğəmbərlik rö’yasında qızıldan, gümüşdən, misdən, dəmirdən və gildən düzəldilmiş böyük bir heykəl təsvir olunur. O, qədim Babildən başlayaraq bizim günlərə kimi mövcud olan siyasi hakimiyyətləri təmsil edir. Bizim günlərə dair peyğəmbərlikdə deyilir: “Göylərin Allahı əbədiyyən dağılmayacaq bir padşahlıq quracaq”. Həmçinin Müqəddəs Kitabda bu Padşahlığın Yehovanın ‘hökm günündə’ nə edəcəyi haqda da deyilir: ‘[İnsan] padşahlıqlarının hamısını o parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq’ (Daniel 2:44).
Müqəddəs Kitab Allahın həqiqi ibadətçilərini “dünyada olan şeyləri”, yə’ni Allahdan uzaqlaşmış dünyaya xas olan həyat tərzini sevməkdən çəkindirir (1 Yəhya 2:15-17). Sənin qərarların və işlərin tamamilə Allahın Padşahlığına tərəfdar olduğunu göstərirmi? Həqiqətənmi Padşahlıq sənin həyatında başlıca yeri tutur? (Matta 6:33; Yəhya 17:16, 17).
[14-cü səhifədə olan çərçivələr]
Son nə zaman gələcək?
“İnsan Oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir” (Matta 24:44).
“Oyaq durun, çünki siz nə... günü və nə də saatı bilirsiniz” (Matta 25:13).
“Gecikməyəcək” (Habakkuk 2:3).
Əgər bilsəydin, başqa cür yaşamağa başlayardınmı?
Əgər sən Allahın hökm vaxtının yaxın bir neçə il ərzində baş verməyəcəyini dəqiq bilsəydin, başqa cür yaşamağa başlayardınmı? Əgər bu pis dünya sisteminin sonu sən gözlədiyin vaxtda gəlməyibsə, Yehovaya xidmətdə zəifləmisənmi? (İbranilərə 10:36-38).
Allahın hökm vaxtını dəqiq bilməməyimiz bizə imkan verir ki, Allaha təmiz niyyətlə xidmət etdiyimizi göstərək. Yehovanı tanıyanlar başa düşürlər ki, hər kəsin ürəyini görən Allaha bilavasitə son gəlməzdən əvvəl göstərilən sə’ylə təəssürat bağışlamaq mümkün deyil (Yeremya 17:10; İbranilərə 4:13).
Yehova, Onu həqiqətən sevənlərin həyatında ən başlıca yeri tutur. Başqa insanlar kimi, Məsihin həqiqi davamçıları da özlərinin gündəlik tələbatlarının qayğısına qalmalıdırlar. Lakin onların məqsədi varlanmaq yox, özlərini zəruri olan şeylərlə tə’min etmək və ehtiyacı olanlara kömək göstərmək imkanına malik olmaqdır (Efeslilərə 4:28; 1 Timoteyə 6:7-12). Həmçinin onlar faydalı istirahətə və vərdiş etdikləri həyat ritminin dəyişilməsinə sevinirlər. Lakin onlar bu dünyanın istirahət tərzini təqlid etmirlər, amma çalışırlar ki, istirahət onları təravətləndirsin (Mark 6:31; Romalılara 12:2). İsa Məsih kimi, onlar da Allahın iradəsini yerinə yetirməkdən məmnunluq duyurlar (Məzmur 37:4; 40:8).
Məsihin həqiqi davamçıları Yehovaya əbədiyyən xidmət edərək yaşamaq istəyirlər. Bə’zi xeyir-duaları başlanğıcda düşündüyümüzdən bir qədər artıq gözləməli olduğumuz üçün, bu ümid heç də öz dəyərini itirmir.
[15-ci səhifədə olan çərçivə və şəkil]
Hökmranlığa dair mübahisəli sual
Allahın bu qədər iztirablara nəyə görə yol verdiyini anlamaq üçün, biz əvvəlcə hökmranlığa dair mübahisəli sualın nədən ibarət olduğunu başa düşməliyik.
Yehova Yaradan olduğu üçün, Yer və onun bütün sakinləri üzərində hökmranlıq etmək hüququna malikdir. Lakin Müqəddəs Kitabda izah olunur ki, bəşər tarixinin başlanğıcında Yehovanın hökmranlıq etmək hüququ sual altına qoyulmuşdur. Şeytan İblis iddia edirdi ki, Yehova insanlarla həddindən artıq sərt davranır və verdiyi qanunlarına itaətsizlik göstərməyin nəticələrinə dair ulu valideynlərimizə yalan söyləmişdir. Həmçinin İblis iddia edirdi ki, onlar tamamilə Allahsız keçinə bilərlər və Allahdan asılı olmayan hakimiyyət forması onlar üçün ən yaxşısı olacaq (Təkvin 2, 3-cü fəsillər).
Əgər Allah üsyançıları dərhal məhv etsəydi, O bununla Öz qüdrətini təzahür etdirmiş olardı, lakin qaldırılan mübahisəli sual həll olunmamış qalardı. Buna görə də Yehova yol verdi ki, bütün şüurlu varlıqlar üsyanın nə ilə nəticələnəcəyini görsünlər. Bu yolda insanları iztirablar gözləməsinə baxmayaraq, onlara dünyaya gəlmək imkanı verildi.
Bundan əlavə, bu, Yehovaya çox baha başa gəlsə də, O, Öz Oğlunu fidiyə qurbanı kimi məhəbbətlə təqdim etdi. Bunun sayəsində, bu qurbanlığa iman gətirən və Allaha itaət edən bütün insanların günah və onun nəticələrindən azad olunub Cənnətdə yaşamaq imkanları olacaqdır. Ölülərə isə bu cür imkan dirilmə vasitəsilə təqdim olunacaqdır.
Həmçinin mübahisəli sualın həllinə ayrılan vaxt sayəsində imkan yarandı ki, Allahın xidmətçiləri Onun məhəbbətinə görə minnətdar olduqlarını əməllərində göstərsinlər və ən müxtəlif vəziyyətlərdə belə Yehovanın qarşısında nöqsansızlıqlarını qoruyub saxlasınlar. Allahın hökmranlığına dair mübahisəli sualın və onunla bağlı olan insanların nöqsansızlığına dair məsələnin həlli, Kainatdakı bütün süurlu varlıqların Allahın qanununa lazımi hörmətlə yanaşmaları üçün olduqca vacibdir. Bu cür hörmət olmadan, həqiqi sülhün olması qeyri-mümkündüra.
Siyasi hakimiyyətin dünya sistemi öz sonuna çatacaq.
[Haşiyələr]
a Bu mübahisəli suallar və onlarla əlaqəli olan məsələlər Yehovanın Şahidləri tərəfindən dərc olunan “Yehovaya yaxınlaş” kitabında müzakirə olunur.