Fəsil 2
Müqəddəs Kitab Allahın hədiyyəsidir
Müqəddəs Kitab başqa kitablardan nə ilə fərqlənir?
Müqəddəs Kitab problemlərin öhdəsindən gəlməyə necə kömək edir?
Müqəddəs Kitab peyğəmbərliklərinə nə üçün e’tibar etmək olar?
1, 2. Nəyə görə Müqəddəs Kitab Allahdan olan qiymətli hədiyyədir?
YAXIN dostunuzdan nə vaxtsa xüsusi bir hədiyyə almısınızmı? Yəqin razılaşacaqsınız ki, belə bir hədiyyə insana nəinki sevinc bəxş edir, hətta qəlbi isindirir. Çünki bu hədiyyə dostunuzun sizə hörmət etdiyini və dostluğunuzu qiymətləndirdiyini göstərir. Şübhəsiz, siz, diqqətinə və xeyirxahlığına görə dostunuza səmimi minnətdarlığınızı bildirmisiniz.
2 Müqəddəs Kitab Allahın qiymətli hədiyyəsidir və biz onu minnətdarlıqla qəbul etməliyik. Bu nadir kitab, başqa heç bir mənbədən əldə edə bilməyəcəyimiz biliyi təqdim edir. Məsələn, orada ulduzlu səmanın, Yerin və ilk insanların yaradılmasından danışılır. Müqəddəs Kitabda həyatda qarşılaşdığımız problemlərin öhdəsindən gəlməyə kömək edən dəyişilməz prinsiplər yerləşir. Bu kitab Allahın Öz niyyətini necə yerinə yetirəcəyini və yer üzündəki şəraiti yaxşılığa doğru necə dəyişəcəyini izah edir. Müqəddəs Kitab, həqiqətən də, qiymətli hədiyyədir!
3. Yehovanın Müqəddəs Kitabı bizə bəxş etməsi Onun haqqında nə öyrədir və bu hədiyyə nəyə görə ürəyi isindirir?
3 Müqəddəs Kitab həm də ürəyi isindirən hədiyyədir. Çünki bu hədiyyə onu bəxş edən Yehova Allahın Özü haqqında bizə çox şey öyrədir. Əgər Yaradanımız bu kitabı bizə bəxş edibsə, deməli, bizim Onunla tanış olmağımızı istəyir. Göründüyü kimi, Müqəddəs Kitab Yehovaya yaxınlaşmağa kömək edir.
4. Müqəddəs Kitabın geniş yayılması sizdə hansı təəssüratı yaradır?
4 Bu gün Müqəddəs Kitab, demək olar ki, hər bir evdə var. Müqəddəs Kitab tam və ya qismən 2 300-dən çox dilə tərcümə olunub, bu isə o deməkdir ki, Yer kürəsinin 90 faiz əhalisi bu kitabı öz ana dilində oxuya bilir. Hər həftə orta hesabla milyondan artıq Müqəddəs Kitab paylanır! Bu gün dünyada Müqəddəs Kitabın və ya onun ayrı-ayrı hissələrinin milyarddan çox nüsxəsi mövcuddur. Müqəddəs Kitab, doğrudan da, nadir kitabdır!
«Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» bir çox dillərdə nəşr edilib
5. Nəyə görə demək olar ki, Müqəddəs Kitab «Allahdan ilham almış»dır?
5 Üstəlik, Müqəddəs Kitab «Allahdan ilham almış»dır (2 Timoteyə 3:16). Bu nə deməkdir? Bu suala Müqəddəs Kitabın özü cavab verir: «İnsanlar, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək, Allahdan gələn şeyləri söylədilər» (2 Peter 1:21). Bunu başa düşməyimizə bir nümunə kömək edər. Müdir öz katibinə məktub yazmağı tapşırır. Məktubdakı fikir və qərarlar müdirə aiddir. Buna görə də tam əminliklə demək olar ki, məktubun müəllifi katib yox, müdirdir. Bunun kimi, Müqəddəs Kitabda da onu yazan şəxslərin deyil, Allahın verdiyi mə’lumat yerləşir. Bu səbəbdən, Müqəddəs Kitabı haqlı olaraq «Allahın kəlamı» adlandırmaq olar (1 Salonikililərə 2:13).
DAXİLİ UYĞUNLUQ VƏ DƏQİQLİK
6, 7. Müqəddəs Kitabın ayrı-ayrı hissələri arasındakı uyğunluq nəyə görə xüsusilə diqqətəlayiqdir?
6 Müqəddəs Kitab 1 600 ildən artıq dövr ərzində yazılıb. Onun yazılmasında müxtəlif təbəqəli insanlar iştirak etmişdir. Onlardan bə’ziləri əkinçi, balıqçı və ya çoban, digərləri isə, peyğəmbər, hakim və padşah olmuşlar. Müjdəçi Luka isə həkim idi. Bu insanların müxtəlif dövrlərdə yaşamalarına baxmayaraq, Müqəddəs Kitab daxili uyğunluğa malikdira.
7 Müqəddəs Yazıların birinci kitabında dünyada pisliyin necə baş qaldırdığı haqda danışılır. Sonuncu kitabı isə, bütün yer üzünün Cənnətə, yə’ni gözəl bağa çevriləcəyindən xəbər verir. Müqəddəs Kitabda nəql olunanlar bəşər tarixinin minlərlə ilini əhatə edir və onun hər bir kitabı Allahın niyyətinin nədən ibarət olduğunu və onun necə həyata keçəcəyini başa düşməyə kömək edir. Müqəddəs Kitabın daxili uyğunluğu çox heyranedicidir. Allahın Kəlamını fərqləndirən cəhət də məhz bu olmalıdır.
8. Müqəddəs Kitabın elmi məsələlərdə dəqiq olduğunu hansı nümunələr göstərir?
8 Müqəddəs Kitab elmi nöqteyi-nəzərdən dəqiqdir. Bu nadir kitabda yazılan mə’lumatlar həmin dövrdə mövcud olan təsəvvürləri ötüb-keçmişdi. Məsələn, «Levililər» kitabındakı qanunların sayəsində, qonşu xalqlardan fərqli olaraq, israillilərin karantin və gigiyena qaydaları haqqında mə’lumatları var idi. Qədimdə Yerin formasına dair yanlış təsəvvürlər mövcud olsa da, Müqəddəs Kitabda Yerin dairə, yə’ni kürə formasında olduğu deyilirdi (Yeşaya 40:22, KM). Orada, həmçinin deyilirdi ki, Yer «heçliyin üstündən» asılıb (Əyyub 26:7). Əlbəttə, Müqəddəs Kitab elmi əsər deyil, lakin söhbət elmi məsələlərdən gedəndə, olduqca dəqiqdir. Məgər Allahın Kəlamından məhz bunu gözləməli deyilikmi?
9. a) Nəyə görə demək olar ki, Müqəddəs Kitab tarixi baxımdan doğru və dəqiqdir? b) Müqəddəs Kitabı yazanların dürüstlüyü nə haqda şəhadət edir?
9 Bundan əlavə, Müqəddəs Kitabdakı mə’lumatlar tarixi nöqteyi-nəzərdən də doğru və dəqiqdir. Orada real tarixi hadisələrdən danışılır və sadəcə adlar yox, bir çox insanların nəsil şəcərələri də xatırlanırb. Tarixçilər çox vaxt öz xalqlarının məğlubiyyətləri haqda susurlar, Müqəddəs Kitabı yazanlar isə bu cür faktları gizlətmirdilər. Onlar, hətta öz səhvlərini belə açıq e’tiraf edirdilər. Məsələn, Musa ciddi səhvə yol verdiyini və buna görə necə cəzalandığını «Saylar» kitabında yazmışdır (Saylar 20:2-12). Adətən tarixi sənədlərdə belə düzgünlüyə çox az rast gəlinir. Bütün bunlar Müqəddəs Kitabın Allahdan olduğunu sübut edir.
PRAKTİKİ MÜDRİKLİK TƏQDİM EDƏN KİTAB
10. Müqəddəs Kitabın praktiki müdriklik təqdim etməsi nə üçün təəccüblü deyil?
10 Müqəddəs Kitab Allahdan ilham aldığına görə «tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır» (2 Timoteyə 3:16). Bəli, Müqəddəs Kitab praktiki müdriklik təqdim edən kitabdır. Orada insan təbiəti tam dəqiqliyi ilə təsvir edilir. Bu heç də təəccüblü deyil, çünki Müqəddəs Kitabın müəllifi Yaradanımız Yehova Allahdır! O, düşüncələrimizi və hisslərimizi bizdən daha yaxşı anlayır. Bundan əlavə, Yehova xoşbəxt olmamız üçün nəyə ehtiyac duyduğumuzu və hansı yanlış hərəkətlərdən qaçmalı olduğumuzu da bilir.
11, 12. a) İsa «Dağüstü təbliğ»ində hansı mövzulara toxundu? b) Müqəddəs Kitab prinsipləri həyatın daha hansı sahələrində kömək edir və nəyə görə onun məsləhətləri hər zaman tətbiq ediləndir?
11 Gəlin, «Mattanın Müjdəsi»nin 5-7-ci fəsillərində yazılan və İsanın «Dağüstü təbliğ» adı ilə məşhur olan nitqinə diqqət yetirək. İsa hikmət dəryası hesab olunan bu nitqində, həqiqi xoşbəxtliyi necə tapmağı, münaqişələri necə həll etməyi, necə dua etməyi və maddi tələbatlara tarazlı şəkildə necə yanaşmağı öyrətdi. İsanın sözləri, onun dövründə olduğu kimi, bu gün də tə’sirli və tətbiq ediləndir.
12 Müqəddəs Kitabda ailə həyatına, əməyə münasibətə və insanlarla necə rəftar etməyə dair prinsiplər yerləşir. Müqəddəs Kitabın prinsipləri hər bir insan üçün tətbiq ediləndir və onun məsləhətləri hər zaman faydalıdır. Allah Müqəddəs Kitabdakı müdrikliyin mənbəyinin kim olduğunu Yeşaya peyğəmbər vasitəsi ilə belə açıqlayır: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm» (Yeşaya 48:17).
PEYĞƏMBƏRLİK KİTABI
Yeşaya peyğəmbər Babilin dağıdılacağını əvvəlcədən xəbər vermişdi
13. Yehova Babilin dağıdılması haqqında Yeşaya peyğəmbər vasitəsilə hansı təfsilatları xəbər vermişdi?
13 Müqəddəs Kitabda çoxlu peyğəmbərliklər var və onların əksəriyyəti artıq yerinə yetmişdir. Məsələn, Yehova Babil şəhərinin məhv ediləcəyini, b. e. ə. VIII əsrdə yaşamış Yeşaya peyğəmbər vasitəsilə qabaqcadan xəbər vermişdi (Yeşaya 13:19; 14:22, 23). Peyğəmbərlikdə, bunun necə həyata keçəcəyi tam təfərrüatı ilə təsvir olunmuşdu: düşmən qoşunu Babildən keçən çayı ‘qurudacaq’ və şəhərə döyüşmədən girəcək. Bundan əlavə, Yeşayanın peyğəmbərliyində Babili ələ keçirəcək padşahın adının Kir olduğu da deyilmişdi (Yeşaya 44:27–45:2).
14, 15. Babilin dağıdılması haqqında Yeşayanın peyğəmbərliyi necə yerinə yetdi?
14 Təxminən 200 ildən sonra, b. e. ə. 539-cu il oktyabrın 5-dən 6-na keçən gecə, böyük bir qoşun Babil yaxınlığında düşərgə saldı. Qoşuna kim başçılıq edirdi? Bu, Fars padşahı Kir idi. Bununla da, Müqəddəs Kitab peyğəmbərliyi yerinə yetməyə başladı. Doğrudanmı Kirin qoşunu şəhərə döyüşsüz girdi?
15 Həmin gecə Babilin sakinləri böyük ziyafət qurmuşdular və şəhərin möhtəşəm divarları arxasında özlərini tam təhlükəsiz hiss edirdilər. Bu vaxt Kir Babildən keçən çayın səmtini dəyişdi. Suyun səviyyəsi aşağı endikdə, əsgərlər çayın dayaz yerindən keçə bildilər. Bəs Kirin qoşunu Babil divarlarını necə aşacaqdı? Təəccüblü haldır ki, həmin gecə darvaza diqqətsizlik ucbatından açıq qalmışdı!
16. a) Yeşaya Babilin aqibəti haqqında əvvəlcədən nəyi xəbər vermişdi? b) Yeşayanın Babilin viranəliyi haqqındakı peyğəmbərliyi necə yerinə yetdi?
16 Babil haqqında peyğəmbərlik edilmişdi: «Orada bir daha heç kim yaşamayacaq, nəsildən-nəslə kimsə məskunlaşmayacaq. Ərəblər çadırlarını qurmayacaq, çobanlar sürülərini orada saxlamayacaq» (Yeşaya 13:20). Göründüyü kimi, bu peyğəmbərlikdə yalnız Babilin dağıdılmasından yox, həm də həmişəlik viranə qalmasından danışılır. Bu gün bu sözlərin həqiqət olduğuna əmin olmaq mümkündür. Qədim Babil — İraqın paytaxtı Bağdad şəhərindən 80 kilometr cənubda yerləşən xarabalıqdır. Bu isə, Yehovanın Yeşaya vasitəsilə «süpürgə ilə süpürəcəyəm» deyə bəyan etdiyi sözlərinin yerinə yetməsinə parlaq sübutdur (Yeşaya 14:22, 23)c.
Babilin xarabalıqları
17. Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi imanımızı necə möhkəmləndirir?
17 Müqəddəs Kitabın e’tibarlı peyğəmbərliklər kitabı olması bizim imanımızı necə də möhkəmləndirir!d Əgər Yehova keçmişdə Öz və’dlərini hər zaman yerinə yetirmişdisə, deməli, O, Yerin Cənnətə çevrilməsinin də qayğısına qalacaqdır (Saylar 23:19). Bəli, bizdə olan «iman və idrak əbədi həyat ümidinə əsaslanır. Yalan danışmayan Allah o həyatı zaman başlamazdan qabaq və’d etmiş»dir (Titusa 1:2).
‘ALLAHIN KƏLAMI CANLIDIR’
18. Həvari Pavel ‘Allahın kəlamının’ gücü haqqında nə demişdir?
18 Bu fəsildə gətirilən faktlar göstərir ki, Müqəddəs Kitab həqiqətən də nadir kitabdır! Ancaq Müqəddəs Kitabı dəyərli edən yalnız onun daxili uyğunluğu, elmi və tarixi dəqiqliyi, praktiki müdriklik və e’tibarlı peyğəmbərliklər təqdim etməsi deyil. Həvari Pavel yazmışdır: «Allahın kəlamı canlı və tə’sirli, hər cür ikiağızlı qılıncdan itidir; o, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıracaq qədər dəlib keçir və ürəyin düşüncə və niyyətlərini ayırd edir» (İbranilərə 4:12).
19, 20. a) Müqəddəs Kitab özümüzü daha yaxşı tanımağa necə kömək edə bilər? b) Allahın qiymətli hədiyyəsi olan Müqəddəs Kitaba görə minnətdarlığınızı necə göstərə bilərsiniz?
19 Allahın «kəlamı», yə’ni Müqəddəs Kitabda yazılmış xəbəri həyatımızı dəyişməyə qadirdir. O özümüzü yoxlamağa və ürəyimizin dərinliklərində olanları anlamağa kömək edə bilər. Biz Allahı sevdiyimizi iddia edə bilərik, fəqət Onun Müqəddəs Kitabda yazılmış sözlərinə necə hay verməyimiz həqiqi məqsədlərimizi və ürəyimizin niyyətlərini aşkar edəcək.
20 Gördüyümüz kimi, Müqəddəs Kitab həqiqətən də Allahdandır. Bu kitabı qiymətləndirmək, oxumaq və öyrənmək lazımdır. Bu hədiyyəyə görə öz minnətdarlığınızı, həmişə ona müraciət etməklə göstərə bilərsiniz. Belə etməklə siz, Allahın insanlar üçün niyyətinin nədən ibarət olduğunu və Onun bu niyyəti necə həyata keçirəcəyini daha aydın başa düşəcəksiniz. Bu mövzu növbəti fəsildə müzakirə ediləcək.
a Belə bir fikir mövcuddur ki, Müqəddəs Kitabın bə’zi hissələri arasında ziddiyyət var, lakin belə iddialar əsassızdır. Bu sual, Yehovanın Şahidləri tərəfindən bir çox dillərdə dərc edilən «Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?» kitabının 7-ci fəslində (rus.) müzakirə edilir.
b Məsələn, Luka 3:23-38 ayələrində İsanın nəsil şəcərəsi təfərrüatı ilə yazılmışdır.
c Müqəddəs Kitab peyğəmbərlikləri haqqında daha çox mə’lumatı Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Hamı üçün olan kitab» broşürasının 27-29-cu səhifələrində tapmaq olar.
d Babilin dağıdılması Müqəddəs Kitabın yerinə yetmiş peyğəmbərliklərindən yalnız biridir. Müqəddəs Kitabda Sur və Ninevanın dağıdılması da əvvəlcədən xəbər verilmişdir (Yezekel 26:1-5; Sefanya 2:13-15). Bundan əlavə, Danielin peyğəmbərliyində Babili əvəz edəcək dünya dövlətlərindən də danışılır. Onların arasında Midiya-Fars və Yunanıstan vardı (Daniel 8:5-7, 20-22). Məsihlə bağlı peyğəmbərliklərin İsa Məsihin üzərində necə yerinə yetdiyini «Əlavələr» bölməsində, 199-201-ci səhifələrdə yerləşən mə’lumatdan öyrənə bilərsiniz.