FƏSİL 2
Allah haqqında bilik verən kitab
SEVƏN Yaradanımızın bəşəriyyəti göstəriş və rəhbərlik təqdim edən bir kitabla tə’min etməsi tamamilə məntiqəuyğundur. Məgər bəşəriyyətin rəhbərliyə ehtiyac duyduğu ilə razı deyilsinizmi?
2 Təxminən 2 500 il bundan qabaq bir peyğəmbər və tarixçi yazmışdır: “Addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” (Yeremya 10:23). Bu gün bu fikrin doğruluğu həmişəkindən daha qabarıq şəkildə görünür. Məsələn, tarixçi Uilyam H. Maknil belə qeyd edir: “Planetimizdə bəşəriyyətin tarixi — tə’yin olunmuş ictimai qayda-qanunların sonsuz dərəcədə böhrana və iflasa uğramasından ibarətdir”.
3 Müqəddəs Kitab bizə ehtiyac duyduğumuz müdrik rəhbərliyi təqdim edir. Doğrudur, çoxlarına ilk baxışdan elə gəlir ki, onu mənimsəmək qeyri-mümkündür. Bu böyük bir kitabdır və onun bə’zi hissələrini anlamaq bir o qədər də asan deyil. Lakin sizə böyük mirası necə əldə etməyi izah edən hüquqi bir sənəd versəydilər, onunla tanış olmaq üçün vaxt ayırmazdınızmı? Əgər sənədin bə’zi hissələrini başa düşməkdə çətinlik çəksəydiniz, yəqin ki, bu işdə səriştəli olan şəxsə müraciət edərdiniz. Nəyə görə Müqəddəs Kitaba da bu cür yanaşmayasınız? (Həvarilərin işləri 17:11). Söhbət adi mirasdan daha vacib olan bir şeydən gedir. Əvvəlki fəsildə öyrəndiyimiz kimi, Allah haqqındakı bilik əbədi həyata aparır.
4 Gəlin, Allah haqqında bilik verən kitabla daha yaxından tanış olaq. Əvvəlcə Müqəddəs Kitabın qısa xülasəsini edək. Sonra isə bir çox ziyalı şəxslərin Müqəddəs Kitabı Allahdan ilham almış Kəlam hesab etmələrinin səbəbini müzakirə edək.
MÜQƏDDƏS KİTABIN MƏZMUNU
5 Adətən Əhdi-Ətiq və Əhdi-Cədid adlanan iki hissədən ibarət olan Müqəddəs Kitaba 66 kitab daxildir. Müqəddəs Kitabın otuz doqquz kitabı əsasən ibrani, iyirmi yeddisi isə yunan dilində yazılmışdır. “Təkvin”dən “Malaki”yə qədər olan kitabları özünə daxil edən İbranicə Müqəddəs Yazılar yaradılış dövrünü və ondan sonrakı 3 500 illik bəşər tarixini əhatə edir. Müqəddəs Kitabın bu hissəsi ilə tanış olarkən, biz israillilərin b. e. ə. XVI əsrdə bir xalq kimi yarandığı dövrdən, b. e. ə. V əsrə qədər Allahın onlarla necə davrandığını öyrənirik. “Mattanın Müjdəsi” ilə başlanıb “Vəhy” kitabı ilə sona çatan Yunanca Müqəddəs Yazılar İsa Məsihin və onun şagirdlərinin eramızın I əsrindəki tə’lim və fəaliyyətlərinə həsr edilib.
6 Bə’ziləri iddia edirlər ki, “Əhdi-Ətiq” yəhudilər, “Əhdi-Cədid” isə xristianlar üçün yazılmışdır. Ancaq 2 Timoteyə 3:16 ayəsinə əsasən “hər Müqəddəs Yazı Allahdan ilham almış və... faydalıdır”. Buna görə də, Müqəddəs Kitabı bütünlüklə öyrənməyə tam əsasımız var. Əslində, Müqəddəs Kitabın hər iki hissəsi biri digərini tamamlayaraq, ümumi bir mövzunu ahəngdar surətdə inkişaf etdirir.
7 Bəlkə siz dini ibadətlərdə iştirak etmiş və bə’zən Müqəddəs Kitabın xalq qarşısında oxunduğunu eşitmisiniz. Yaxud da, ola bilsin, şəxsən özünüz onun ayrı-ayrı hissələrini oxumusunuz. Bilirdinizmi ki, Müqəddəs Kitabı “Təkvin”dən “Vəhy”ə qədər ümumi bir mövzu bağlayır? Bəli, bütün Müqəddəs Kitab bir mövzudan bəhs edir. Bu hansı mövzudur? Allahın bəşəriyyət üzərində hökmranlıq etmək hüququ olduğunun sübuta yetirilməsi və Onun məhəbbət dolu niyyətlərinin Padşahlıq vasitəsilə həyata keçməsi. Daha sonra biz Allahın bu niyyəti necə yerinə yetirəcəyini görəcəyik.
8 Müqəddəs Kitabda Allahın niyyətindən başqa, Onun şəxsiyyəti barədə də söz edilir. Misal üçün, Müqəddəs Kitabdan öyrənirik ki, Allah hisslərə malikdir və bizim necə qərarlar qəbul etməyimiz Onun üçün əhəmiyyət kəsb edir (Məzmur 78:40, 41; Süleymanın məsəlləri 27:11; Hezekiel 33:11). Məzmur 103:8-14 ayələrində deyilir: “Rəbb rəhmlidir və mərhəmətlidir, çox səbirlidir və inayəti çoxdur”. O, bizə anlayışla yanaşır, torpaqdan yaradıldığımızı və ölərkən yenidən torpağa qayıtdığımızı unutmur (Təkvin 2:7; 3:19). O necə də gözəl xüsusiyyətlər təzahür etdirir! Məgər bu cür Allaha ibadət etmək istəməzdinizmi?
9 Müqəddəs Kitab Allahın normaları haqqında bizə aydın təsəvvür verir. Bə’zən bu normalar qanunlar şəklində ifadə edilir. Lakin əksər hallarda onlar ibrət dərslərindən aydın görünən prinsiplərdə əks olunur. Allah qayğı göstərmişdir ki, qədim İsrailin tarixində baş vermiş bə’zi hadisələr bizim xeyrimiz üçün qeydə alınsın. Həqiqətən baş vermiş bu hadisələr insanların Allahın niyyətinə müvafiq davrandıqları, yaxud Ondan asılı olmadan hərəkət etdikləri zaman nə baş verdiyini nəql edir (1 Krallar 5:4; 11:4-6; 2 Tarixlər 15:8-15). Bu kimi tarixi hadisələri oxuyan heç bir insan buna e’tinasız yanaşa bilməz. Əgər bu hadisələri təsəvvür etməyə çalışsaq, özümüzü həmin insanların yerinə qoya bilərik. Beləliklə, biz müsbət nümunələrdən faydalana və bə’zilərinin düşdüyü tələlərdən qaçına bilərik. Lakin biz vacib bir suala cavab verməliyik: Müqəddəs Kitabda yazılanların Allahdan ilham aldığına inanmağa bizim hansı əsaslarımız var?
MÜQƏDDƏS KİTABA E’TİBAR ETMƏK OLARMI?
10 Yəqin ki, siz məsləhətlər verilən bir çox kitabların artıq bir neçə ildən sonra köhnəldiyinə diqqət yetirmisiniz. Bəs Müqəddəs Kitab haqqında nə demək olar? Bu çox qədimi kitabdır, onun axırıncı sözlərinin yazılmasından, demək olar ki, təxminən 2 000 il keçib. Buna görə də, bə’ziləri elə düşünürlər ki, Müqəddəs Kitab bizim günlərdə tətbiq edilə bilməz. Lakin əgər Müqəddəs Kitab Allahdan ilham almışsa, qədimliyinə baxmayaraq, onda verilən məsləhətlər həmişəki kimi müasir olmalıdır. Müqəddəs Yazılar yenə də “tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin” (2 Timoteyə 3:16, 17).
11 Müqəddəs Kitabı yaxşı öyrəndikcə aydın olur ki, onun prinsipləri yazılan dövrdə olduğu kimi indi də tətbiq oluna bilər. Məsələn, Müqəddəs Kitab insan təbiəti haqqında danışarkən hər bir nəslə xas olan səciyyəvi xüsusiyyətləri məharətlə vurğulayır. Bu, “Mattanın Müjdəsi”nin 5-ci fəslindən 7-ci fəslinə qədər yazılmış İsanın Dağüstü təbliğindən yaxşı görünür. Bu təbliğ Hindistanın görkəmli lideri Mohandas Qandiyə elə təəssürat bağışlamışdı ki, o, Britaniyanın yüksək vəzifəli bir mə’muruna demişdi: “Əgər sizin və mənim ölkəm Məsihin Dağüstü təbliğində verdiyi tə’limlərin əsasında birləşərsə, onda biz yalnız öz ölkələrimizin deyil, həm də bütün dünyanın problemlərini həll edə bilərik”.
12 İsanın verdiyi tə’limlərin insanlarda bu cür təəssürat yaratması təəccüblü deyil! O, Dağüstü təbliğində bizə həqiqi xoşbəxtliyin yolunu göstərdi. İsa mübahisələri necə həll etməyi öyrətdi. Necə dua etməyi izah etdi. Maddi tələbatlara necə müdrikliklə yanaşmağı göstərdi və insanlar arasındakı münasibətlərə dair “qızıl qanun” verdi. Bundan əlavə, İsa həmin təbliğində dini yalanı necə aşkar etməyi və təhlükəsiz gələcəkdə yaşamaq üçün necə davranmaq lazım olduğunu izah etdi.
13 Müqəddəs Kitab, Dağüstü təbliğdə və özünün digər səhifələrində həyatımızın yaxşılığa doğru dəyişməsi üçün nə etməli və nədən qaçınmalı olduğumuzu aydın şəkildə göstərir. Onun məsləhətləri o qədər praktikidir ki, bir müəllim növbəti sözləri deməyə təşviq olunmuşdu: “Mən orta məktəbdə məsləhətçi işləyirəm, bakalavr və magistr dərəcəm var, həmçinin psixiatriya və psixologiya üzrə çoxlu kitablar oxumuşam, lakin bütün bunlara baxmayaraq mən özüm üçün aşkar etdim ki, Müqəddəs Kitabın nikahı müvəffəqiyyətli etməyə, uşaq cinayətinin qarşısını almağa, dostlar qazanıb, dostluğu qorumağa dair verdiyi məsləhətlər kollecdə öyrəndiklərimin hamısından üstündür”. Müqəddəs Kitab yalnız praktiki və müasir deyil, həm də tam e’tibara layiqdir.
DƏQİQ VƏ E’TİBARA LAYİQDİR
14 Müqəddəs Kitab elmi əsər olmasa da, elmi nöqteyi-nəzərdən dəqiqdir. Məsələn, insanların əksəriyyəti Yerin yastı olduğuna inandıqları halda, İşaya peyğəmbər onun “dairə” olduğunu deyirdi (ibrani sözü olan xuq burada “kürə” mə’nasını verir) (İşaya 40:22). Yerin kürəyəbənzər olması haqda təsəvvür İşayadan yalnız min illər sonra geniş qəbul olundu. Bundan başqa, təxminən 3 000 il bundan əvvəl Eyub 26:7 ayəsində Allahın Yeri ‘heçliyin üzərində asdığı’ haqqında yazılmışdır. Bir Müqəddəs Kitab alimi deyir: “Eyub astronomlar tərəfindən açılan həqiqəti, yə’ni Yer kürəsinin görünən dayağı olmadığını haradan bilirdi? Bu, Müqəddəs Yazıların Allahdan ilham aldığını inkar edən kəslərin cavab verməyə çətinlik çəkdikləri bir sualdır”.
15 Müqəddəs Kitabın yazılış üslubu da bu qədim kitaba olan e’tibarı möhkəmləndirir. Əfsanələrdən fərqli olaraq, Müqəddəs Kitabda yazılmış hadisələr konkret tarixi şəxslər və tarixlərlə bağlıdır (1 Krallar 14:25; İşaya 36:1; Luka 3:1, 2). Qədim tarixçilər öz rəhbərlərinin qələbələrini şişirdib, onların məğlub olmaları və səhvləri haqqında susduqları halda, Müqəddəs Kitabı yazan kəslər, hətta söhbət şəxsən onların ciddi günahlarından getsə də, açıq və dürüst olmuşlar (Saylar 20:7-13; 2 Samuel 12:7-14; 24:10).
PEYĞƏMBƏRLİK KİTABI
16 Yerinə yetmiş peyğəmbərliklər Müqəddəs Kitabın Allahdan ilham aldığını əsaslı surətdə sübut edir. Müqəddəs Kitaba cüz’i təfərrüatına qədər yerinə yetən bir çox peyğəmbərliklər daxildir. Aydındır ki, bu, sadəcə insan əlinin işi ola bilməzdi. Bəs bütün bu peyğəmbərliklərin arxasında duran nədir? Müqəddəs Kitabda deyilir ki, “peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən”, yə’ni Allahın fəal qüvvəsi ilə “hərəkətə gətirilərək danışırdılar” (2 Peter 1:21). Bir neçə nümunəni nəzərdən keçirək.
17 Babilin süqutu. İşaya və Yeremya Babilin midiyalılar və farslar tərəfindən süquta uğrayacağını əvvəlcədən demişdilər. Diqqətəlayiqdir ki, İşayanın peyğəmbərliyi bu hadisələr haqqında Babilin zəbt olunmasından təxminən 200 il əvvəl yazılmışdır! Peyğəmbərliyin növbəti cəhətləri öz tarixi təsdiqini tapdı: bu, Fərat çayının suyunun sün’i gölə axıtmaqla qurudulması (İşaya 44:27; Yeremya 50:38); Babilin çay tərəfə açılan darvazalarının təhlükəsizliyinə e’tinasızlıq göstərilməsi (İşaya 45:1); habelə Kir adlı hökmdarın şəhəri müvəffəqiyyətlə ələ keçirməsidir (İşaya 44:28).
18 ‘Yunan padşahının’ yüksəlişi və süqutu. Daniel rö’yasında bir keçinin, qoçu vurub iki buynuzunu sındırdığını gördü. Sonra keçinin böyük buynuzu sındı, onun yerinə isə iki buynuz çıxdı (Daniel 8:1-8). Gördüyü rö’ya haqqında Danielə belə izahat verildi: “Gördüyün iki buynuzu olan qoç Midiya və Fars padşahlarıdır. Və o qıllı keçi Yunan elinin padşahıdır və gözləri arasında olan böyük buynuz birinci padşahdır. Və qırılmış və yerinə dörd buynuz çıxmış olana gəlincə, o millətdən dörd padşahlıq çıxacaq, fəqət onun qüvvətində olmayacaqlar” (Daniel 8:20-22). Bu peyğəmbərliyə əsasən, iki əsr keçdikdən sonra ‘Yunan padşahı’ Makedoniyalı İsgəndər ‘ikibuynuzlu’ Mido-Fars imperiyasını zəbt etdi. İsgəndər eramızdan əvvəl 323-cü ildə öldü, onun yerini isə dörd sərkərdə tutdu. Lakin bu yeni yaranmış padşahlıqların heç biri İsgəndərin əzəmətli imperiyası ilə müqayisə edilə bilməzdi.
19 İsa Məsihin həyatı. İbranicə Müqəddəs Yazılara İsanın doğulması, xidməti, ölümü və dirilməsi haqqında çoxlu peyğəmbərliklər daxildir. Məsələn, Mika təxminən 700 il əvvəl Məsihin Beyt-lehemdə doğulacağını demişdir (Mika 5:2; Luka 2:4-7). Mikanın müasiri olan İşaya Məsihin döyüləcəyini və üzünə tüpürüləcəyini peyğəmbərlik etmişdir (İşaya 50:6; Matta 26:67). 500 il əvvəl Zəkarya peyğəmbərlik etmişdir ki, Məsih 30 gümüş pula ələ veriləcəkdir (Zəkarya 11:12; Matta 26:15). Davud min ildən çox əvvəl Məsih İsanın ölümü ilə bağlı hadisələrdən danışmışdır (Məzmur 22:7, 8, 18; Matta 27:35, 39-43). Təxminən beş əsr əvvəl isə Daniel peyğəmbərliyində Xilaskarın gəlişi, onun xidmətinin müddəti və ölümü haqqında xəbər vermişdi (Daniel 9:24-27). Bu, İsa Məsihin üzərində yerinə yetən peyğəmbərliklərdən yalnız bir neçəsidir. Sonradan İsa haqqında daha çox bilmək sizin üçün çox maraqlı olacaqdır.
20 Müqəddəs Kitabın bir çox başqa peyğəmbərlikləri artıq yerinə yetib. Amma siz sual verə bilərsiniz: “Bunun mənə nə aidiyyatı var?” Əgər kim isə uzun illər ərzində sizə həqiqəti danışıbsa, birdən-birə onun dediklərinə şübhə edərdinizmi? Əlbəttə ki, yox! Allah Müqəddəs Kitabın vasitəsilə həqiqəti söyləyir. Bu, Müqəddəs Kitabın və’dlərinə, məsələn, yer üzünün Cənnət olacağı və’dinə e’tibarınızı möhkəmləndirməli deyilmi? Sözsüz ki, biz də İsanın birinci əsrdə yaşamış şagirdlərindən biri olan və ‘Allah yalan danışmır’ deyən Pavel kimi əmin ola bilərik (Titusa 1:2). Bundan əlavə, Müqəddəs Yazıları oxuyaraq və onun məsləhətlərini həyata keçirərək, biz insan sə’yi ilə qazanıla bilməyən müdrikliyi əldə edirik, axı Müqəddəs Kitab — Allah haqqında bilik verən kitabdır, bu bilik isə əbədi həyata aparır.
ALLAH HAQQINDAKI BİLİYİ “ARZULAYIN”
21 Siz Müqəddəs Kitabı tədqiq etdikcə öyrənəcəksiniz ki, bə’zi məsələlərdə onun nöqteyi-nəzəri sizin keçmişdə öyrəndiklərinizdən fərqlənir. Hətta sizə əziz olan bə’zi dini adətlərin Allaha məqbul olmadığını da görəcəksiniz. Siz öyrənəcəksiniz ki, Allahın yaxşılıq və pislik normaları hər şeyə yol verilən indiki dünyada geniş yayılmış normalardan üstündür. İlk baxışdan elə gələ bilər ki, onlar həddindən artıq yüksəkdir. Ancaq səbirli olun! Allah haqqındakı biliyi tapmaq üçün Müqəddəs Yazıları diqqətlə tədqiq edin. Müqəddəs Kitabın məsləhətlərinə riayət edin və əgər lazım gələrsə, düşüncə tərzinizdə və hərəkətlərinizdə dəyişiklik etməyə hazır olun.
22 Dost və qohumlarınız ən yaxşı niyyətlərdən irəli gələrək Müqəddəs Kitabı öyrənməyinizə müqavimət göstərə bilərlər, amma İsa demişdir: “Kim Məni insanlar qarşısında iqrar edərsə, Mən də onu göylərdə olan Atamın qarşısında iqrar edərəm. Amma kim Məni insanlar qarşısında inkar edərsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edərəm” (Matta 10:32, 33). Bə’ziləri sizin hansısa təriqətə düşəcəyinizdən və fanatik olacağınızdan ehtiyat edə bilərlər. Əslində isə siz sadəcə olaraq Allah haqqında bilik əldə etməyə və həqiqəti bilməyə can atırsınız (1 Timoteyə 2:3, 4). Başqaları da bunu anlasın deyə, mübahisə etməyin, öyrəndiklərinizi danışarkən mülayim olun (Filipililərə 4:5). Unutmayın ki, Müqəddəs Kitabdan əldə edilən biliyin insanların həyatına müsbət tə’sir göstərdiyini görəndə çoxları ‘söz söylənmədən fəth edilirlər’ (1 Peter 3:1, 2).
23 Müqəddəs Kitab bizi təşviq edir: “Anadan təzə olmuş körpələr kimi, hiyləsiz südü andıran kəlamı arzulayın” (1 Peter 2:2). Körpənin həyatı ana südündən asılıdır və körpə onu almayınca sakitləşmir. Bunun kimi, bizim həyatımız da Allahın verdiyi bilikdən asılıdır. Allah Kəlamını “arzulayın” və onu öyrənməyə davam edin. Müqəddəs Kitabı hər gün oxumağı qarşınıza məqsəd qoyun (Məzmur 1:1-3). Bu, Məzmur 19:11 ayəsində Allahın qanunları haqqında deyildiyi kimi, bizə böyük fayda gətirəcəkdir: “Onları tutmaqda böyük qarşılıq vardır”.
BİLİYİNİZİ YOXLAYIN
• Hansı sahələrdə Müqəddəs Kitab başqa kitablarla müqayisə edilməzdir?
• Nəyə görə Müqəddəs Kitaba e’tibar etmək olar?
• Müqəddəs Kitabın Allahdan ilham aldığına hansı faktlar sizi əmin edir?
[Öyrənilmə üçün olan suallar]
1, 2. Nəyə görə Yaradanımızın rəhbərliyinə ehtiyacımız var?
3, 4. a) Müqəddəs Kitabı öyrənməyə necə yanaşmalıyıq? b) Müqəddəs Kitabla tanışlığa nədən başlayacağıq?
5. a) İbranicə Müqəddəs Yazılarda hansı mə’lumat var? b) Yunanca Müqəddəs Yazılara nə daxildir?
6. Müqəddəs Kitabı nəyə görə bütünlüklə öyrənmək lazımdır?
7. Müqəddəs Kitabın əsas mövzusu nədir?
8. Müqəddəs Kitabda Allahın şəxsiyyəti haqqında nə deyilir?
9. Müqəddəs Kitab Allahın normaları haqqında bizə necə aydın təsəvvür verir və biz bu biliklərdən necə faydalana bilərik?
10. a) Nəyə görə bə’ziləri Müqəddəs Kitabın köhnəldiyini düşünürlər? b) 2 Timoteyə 3:16, 17 ayələrində Müqəddəs Kitab haqqında nə deyilir?
11-13. Nəyə görə deyə bilərik ki, Müqəddəs Kitab bizim günlərdə də praktiki əhəmiyyətə malikdir?
14. Müqəddəs Kitabın elmi nöqteyi-nəzərdən dəqiq olduğunu nə sübut edir?
15. Müqəddəs Kitabın yazılış üslubu ona olan e’tibarımızı necə möhkəmləndirir?
16. Müqəddəs Kitabın Allahdan ilham aldığına ən güclü sübut nədir?
17. Babilin süquta uğraması hansı peyğəmbərliklərdə əvvəlcədən deyilmişdir və bu peyğəmbərliklər necə yerinə yetdi?
18. Müqəddəs Kitabın ‘Yunan padşahının’ yüksəlişi və süqutu haqqında peyğəmbərliyi necə yerinə yetdi?
19. İsa Məsihin üzərində hansı peyğəmbərliklər yerinə yetmişdir?
20. Müqəddəs Kitabda yazılmış peyğəmbərliklərin dəqiq yerinə yetməsi bizdə hansı əminliyi doğurmalıdır?
21. Müqəddəs Kitabdan öyrəndiklərinizi həyata keçirmək ilk baxışdan qeyri-mümkün görünərsə, nə etmək lazımdır?
22. Nəyə görə Müqəddəs Kitabı öyrənmək qərarına gəlmisiniz və bunu başqalarına necə izah edərdiniz?
23. Allah haqqındakı biliyi ‘arzulamaq’ nə deməkdir?
[14-cü səhifədəki çərçivə]
MÜQƏDDƏS KİTABDAN NECƏ İSTİFADƏ ETMƏK LAZIMDIR?
Müqəddəs Kitabdan istifadə etməyi öyrənmək heç də çətin deyil. Bunun üçün Müqəddəs Kitabın mündəricatından istifadə edin və onun kitablarının ardıcıllığını və düzülüş sırasını yadınızda saxlayın.
Müqəddəs Kitabdan istifadə etmək asan olsun deyə, onun kitabları fəsillərə və ayələrə bölünmüşdür. Fəsillərə ayrılma XIII əsrdə başlamışdır və göründüyü kimi, Yunanca Müqəddəs Yazılar XVI əsrdə bir fransız naşiri tərəfindən ayələrə bölünmüşdür ki, bu da günümüzə qədər gəlib çıxmışdır. Fəsillərə və ayələrə bölünmüş ilk tam Müqəddəs Kitab 1553-cü ildə fransız dilində nəşr edilmişdir.
Bu kitabda Müqəddəs Yazılardan ayələr gətirildikdə, birinci rəqəm fəsli, ikincisi isə ayəni göstərir. Məsələn, əgər “Süleymanın məsəlləri 2:5” yazılarsa, bu o deməkdir ki, həmin sözlər “Süleymanın məsəlləri” kitabının 2-ci fəslinin 5-ci ayəsində yerləşir. Əgər göstərilən ayələri açıb oxusanız, tezliklə görəcəksiniz ki, lazım olan Müqəddəs Kitab ayələrini tapmaq asandır.
Müqəddəs Kitabdan istifadə etməyi öyrənməyin ən yaxşı üsulu — onu gündəlik oxumaqdır. Bu, əvvəlcə sizə çətin gələ bilər. Amma əgər siz hər gün, həcmindən asılı olaraq, üç-beş fəsil oxusanız, bir ilin içində Müqəddəs Kitabı bütünlüklə oxuyub qurtararsınız. Nəyə görə bu gündən başlamayasınız?
[19-cü səhifədəki çərçivə]
MÜQƏDDƏS KİTAB — NADİR KİTABDIR
• Müqəddəs Kitab “Allahdan ilham almış”dır (2 Timoteyə 3:16). Bu kitab insanlar tərəfindən yazılmış olsa da, onların fikirlərinə Allah istiqamət vermişdir, buna görə də Müqəddəs Kitab həqiqətən də “Allahın kəlamı”dır (1 Saloniklilərə 2:13).
• Müqəddəs Kitab 16 əsr ərzində təxminən 40 nəfər müxtəlif mənşəli kişilər tərəfindən yazılmışdır. Buna baxmayaraq, onda yazılanlar əvvəldən axıra qədər bir-birinə uyğun gəlir.
• Müqəddəs Kitab hər hansı başqa kitablardan daha çox hücuma mə’ruz qalmışdır. Müqəddəs Yazılara malik olan insanları orta əsrlərdə tonqalda yandırırdılar.
• Müqəddəs Kitab dünya bestsellerləri arasında birinci yeri tutur. Tam, yaxud qismən 2000-dən çox dilə tərcümə olunub. Müqəddəs Kitabın milyardlarla nüsxəsi çap edilib və dünyada elə bir yer tapmaq çətindir ki, orada bu kitabın nüsxəsi olmasın.
• Müqəddəs Kitabın ən qədim hissəsi eramızdan əvvəl XVI əsrə aid edilir. Çox illər keçdikdən sonra hinduizmin müqəddəs kitabı “Riqveda” (təxminən b. e. ə. 1300-cü il), buddanın “Üç səbət” qanunu (b. e. ə. V əsr), islamın müqəddəs kitabı Qur’an (eramızın VII əsri) və sintoizmin müqəddəs kitabı “Nihonqi” (eramızın 720-ci ili) işıq üzü görmüşdür.
[20-ci səhifədəki şəkil]