Bölmə 3
Ən yüksək müdrikliyin yeganə mənbəyi
1 Ən yüksək müdrikliyin mənbəyi Müqəddəs Kitabdırmı? Bu kitab, həyatın mə’nasına dair vacib suallara düzgün cavab verə bilirmi?
2 Əlbəttə, Müqəddəs Kitab bizim tədqiqimizə layiq kitabdır. Bunun bir səbəbi ondan ibarətdir ki, bu kitab, bir zaman tərtib edilmiş kitablar arasında qeyri-adidir və başqa kitablardan tamamilə fərqlənir. Növbəti sübutları nəzərdən keçirək.
Ən qədim və ən geniş yayılmış kitab
3 Müqəddəs Kitab, bir zamanlar yazılmış kitablardan ən qədimidir: onun bə’zi hissələri təxminən 3 500 il bundan əvvəl tərtib olunmuşdur. Bu kitab, müqəddəs hesab olunan bütün başqa kitablardan çox əsrlər əvvəl yazılmışdır. Müqəddəs Kitabdakı 66 kitablardan birincisi Buddanın və Konfusinin yazılarından təxminən min il, Qur’an kitabından isə iki min il əvvəl yazılmışdır.
4 Müqəddəs Kitabda təsvir edilən tarixi hadisələr, başlanğıcını bəşər ailəsinin yaranmasından götürür və bizim yer üzündə necə peyda olduğumuzu izah edir. Bu hadisələr, hətta dünyanın yaranması barədə də düzgün təsvir təqdim edərək, bizi hələ insanların mövcud olmadıqları dövrə aparıb çıxarır.
5 Dini və dini olmayan digər kitabların yalnız bir neçə surəti mövcuddur. Qədim yəhudi və yunan dillərində Müqəddəs Kitabın tam və ya qismən surətləri isə təxminən 11 000-ə yaxındır və bunlardan bə’ziləri orijinal yazıların yazıldığı dövrə aid edilir. Müqəddəs Kitaba qarşı təsəvvür olunmaz şiddətli müqavimətlərə baxmayaraq, bu surətlər qorunub saxlanılmışdır.
6 Həmçinin Müqəddəs Kitab tarixdə ən geniş yayılmış kitabdır. Müqəddəs Kitabın və ya onun hissələrinin üç milyarddan artıq nüsxəsi təxminən iki min dildə paylanmışdır. Hesab olunur ki, bu kitab Yer kürəsinin 98 faiz əhalisi üçün öz ana dilində əlçatandır. Heç bir başqa kitab, hətta təxminən də olsa, bu nüsxəyə malik deyil.
7 Əlavə etmək olar ki, qədim kitablardan heç biri dəqiqliyinə görə Müqəddəs Kitabla müqayisə oluna bilməz. Alimlər, tarixçilər, arxeoloqlar, coğrafiyaşünaslar, dilşünaslar və başqa mütəxəssislər Müqəddəs Kitabda yazılan hadisələri dönə-dönə təsdiq edirlər.
Elmi dəqiqliyi
8 Məsələn, Müqəddəs Kitab elmi əsər kimi yazılmasa da, elmi məsələlərə toxunduqda mö’təbər elm ilə uzlaşır. Lakin müqəddəs hesab olunan digər qədim kitablarda elmi nöqteyi-nəzərdən uydurma, qeyri-dəqiqlik və ya aşkar yalanlar var. Müqəddəs Kitabın elmi cəhətdən dəqiqliyini təsdiq edən bir çox nümunələrdən yalnız dördünü nəzərdən keçirək.
9 Yer fəzada necə durur? Müqəddəs Kitabın yazıldığı qədim dövrdə Yerin fəzada necə durduğu barədə çoxlu fərziyyələr mövcud idi. Bə’ziləri Yerin nəhəng dəniz tısbağasının belindəki dörd filin üstündə durduğuna inanırdılar. Eramızdan əvvəl dördüncü əsrdə yaşamış yunan filosofu və alimi Aristotel öyrədirdi ki, Yer heç cür boş fəzadan asılı dura bilməz. Onun tə’liminə görə göy cisimləri bir-birinə taxılmış möhkəm şəffaf kürələrə bərkidilmişdir. Fərz edilirdi ki, ən daxildəki kürədə Yer, ən xaricdəki kürədə isə ulduzlar yerləşir.
10 Lakin Müqəddəs Kitab həmin dövrün bu əfsanəvi, qeyri-elmi fikirlərini əks etdirmək əvəzinə, sadəcə olaraq deyir (təxminən b. e. ə. 1473-cü ildə): “[Allah] heçliyin üzərinə dünyanı” asıb (Eyub 26:7). “Heçlik” kimi tərcümə olunan yəhudi sözünə, orijinal Müqəddəs Kitabda yalnız bir dəfə rast olunur. Alimlər, Yerin boş fəza ilə əhatə olunması haqda Müqəddəs Kitabın təsvirini həmin dövrün ən böyük uzaqgörənliyi kimi qəbul edirlər. “Əhdi-Ətiqin İlahiyyat lüğəti”ndə deyilir: “Eyub 26:7 ayəsi o zaman mə’lum olan dünyanın fəzada asılı vəziyyətinin valehedici mənzərəsini təsvir etmişdir, bununla da, elmin gələcəkdə olacaq kəşfini əvvəlcədən aşkar edirdi” (“Theological Wordbook of the Old Testament”).
11 Müqəddəs Kitabın dəqiq açıqlaması Aristoteldən 1 100 il əvvəl olmuşdur. Buna baxmayaraq, Aristotelin fikirlərini, onun ölümündən sonra təxminən 2 000 il ərzində həqiqət kimi öyrətməyə davam etmişdilər! Nəhayət, 1687-ci ildə ser İsaak Nyuton, Yer və başqa səmavi cisimlər arasındakı qarşılıqlı cazibə qüvvəsi sayəsində Yerin fəzada durması haqda öz kəşfini nəşr etdirdi. Ancaq Müqəddəs Kitabın Yerin “heçlik üzərində” asıldığını sadə incəliklə bildirdiyi dövrdən artıq 3 200 il keçmişdir.
12 Təsəvvür edin, təxminən 3 500 il bundan əvvəl Müqəddəs Kitab, Yerin görünən dayağının olmadığını düzgün olaraq qeyd etmişdi; bu fakt, yaxın vaxtlarda kəşf olunmuş cazibə və hərəkət qanunları ilə uyğunlaşır. Bir alim qeyd edir: “Eyub bu həqiqəti haradan bilirdi? Bu, Müqəddəs Yazıların Allahdan ilham aldığını inkar edənlərin cavab verə bilmədikləri sualdır”.
13 Yerin forması. “Amerika ensiklopediyası”nda deyilir: “İnsanların ən qədimdə mə’lum olan təsəvvürlərinə əsasən, Yer kainatın mərkəzində yastı, tərpənməyən platforma idi... Yerin şarabənzər olması fikri, İntibah dövrünə qədər geniş surətdə qəbul edilməmişdi” (“The Encyclopedia Americana”). Hətta bə’zi ilk dəniz səyyahları yastı kimi düşünülən Yerin kənarına üzməyə qorxurdular. Lakin kompas və başqa cihazların ixtira edilməsi nəticəsində uzun müddətli dəniz səyahətləri mümkün oldu. Başqa bir ensiklopediya izah edir: “[Bu] kəşf səyahətləri, əvvəllər bir çox insanların düşündükləri kimi, Yerin yastı yox, dairəvi olduğunu sübut etdi”.
14 Lakin bu səyahətlərdən hələ çox əvvəl, təxminən 2 700 il əvvəl Müqəddəs Kitab demişdi: “Dünya dairəsi üzərində oturan odur” (İşaya 40:22). Müxtəlif arayış kitabları qeyd edir ki, burada “dairə” kimi tərcümə olunan yəhudi sözü, “kürə” mə’nasını da verir. Buna görə də, Müqəddəs Kitabın başqa tərcümələrində bu ifadə “yer kürəsi” (“Douay Version”) və ya “dairəvi yer” (“Moffatt”) kimi tərcümə olunub.
15 Beləliklə, Yerin dayağı və onun forması haqqında o zaman hökm sürən qeyri-elmi nöqteyi-nəzərlər Müqəddəs Kitaba tə’sir göstərməmişdir. Bunun səbəbi sadədir: Müqəddəs Kitabın Müəllifi, kainatın da Müəllifidir. Yeri O yaradıb, buna görə də onun necə durduğunu və formasını O bilir. Beləliklə, Müqəddəs Kitabın ilhamla yazılmasının qeydinə qalarkən, hamı tərəfindən qəbul edilmiş olsa da, qeyri-elmi fikirlərin bu kitaba daxil olmamasına O diqqət yetirmişdi.
16 Canlı təbiət nədən ibarətdir? Təkvin 2:7 ayəsində deyilir: “Rəbb Allah yerin torpağından adamı yaratdı”. “Uorld buk” ensiklopediyasında deyilir: “Canlı təbiəti təşkil edən bütün kimyəvi elementlərin hamısı cansız materiyada da iştirak edir” (“The World Book Encyclopedia”). Beləliklə, canlı orqanizmləri təşkil edən bütün əsas kimyəvi elementləri torpaqda da tapmaq olar. Bu, Allahın insanları və digər canlı orqanizmləri yaradarkən istifadə etdiyi materialı göstərən Müqəddəs Kitabın təsdiqi ilə uyğundur.
17 “Cinslərinə görə”. Müqəddəs Kitab bildirir ki, ilk insan cütünü Allah yaradıb və digər bütün insanlar onlardan törənib (Təkvin 1:26-28; 3:20). Bu kitab mə’lumat verir ki, balıq, quş və məməlilər kimi qalan başqa canlı orqanizmlər də eyni şəkildə “cinslərinə görə” törəniblər (Təkvin 1:11, 12, 21, 24, 25). Alimlər canlı təbiətdə məhz elə bunu aşkar etmişlər: hər bir canlı orqanizm həmin cinsdən olan valideyndən törəyir. Burada istisna yoxdur. Fiziologiya mütəxəssisi Reymo özünün bu sahədəki müşahidələri barədə deyir: “Həyat başqa bir həyat əmələ gətirir; bu, hər bir hüceyrədə fasiləsiz olaraq baş verir. Bəs cansız materiyadan həyat necə əmələ gəlmişdir? Bu, biologiyada cavabsız qalan ən böyük məsələlərdən biridir və biologiya mütəxəssisləri hələlik mə’nasız fərziyyələrdən başqa heç bir şey təklif edə bilmirlər. Lakin cansız materiya necə olsa da, özünü canlı vəziyyətə gətirməyə müvəffəq olmuşdur... Belə çıxır ki, “Təkvin” kitabının müəllifi, haqlı imiş”.
Tarixi faktların dəqiqliyi
18 Müqəddəs Kitabda, bütün başqa kitablarla müqayisədə, qədim tarixin ən dəqiq faktları var. Bu kitabın tarixi dəqiqliyi, “A Lawyer Examines the Bible” kitabında bu şəkildə qeyd olunur: “Biz vəkillər öyrənirik ki, məhkəmədə yaxşı çıxış qaydaları “ərizədə zaman və yerin göstərilməsindən” ibarətdir”. Romanlar, əfsanələr və uydurma əhvalatlar, söylənilən hadisələri uzaq bir yerə və müəyyən olmayan bir zamana aid etməyə çalışaraq məhkəmə çıxışlarının əsas qaydalarını pozduqları halda, Müqəddəs Kitab hekayələri, bizə çatdırdığı hadisələrin tarixini və yerini son dərəcə dəqiq xəbər verir”.
19 “The New Bible Dictionary” qeyd edir: “[“Həvarilərin işləri” kitabının yazıçısı] öz hekayələrini dövrünün çərçivəsində yerləşdirir; onun səhifələri şəhər məhkəmələri, əyalət hökmdarları, Roma himayəsində olan padşahlar haqqında və buna bənzər xatırlatmalarla doludur və bu xatırlatmalar, mə’lumat verilən yer və vaxtı həmişə düzgün göstərir”.
20 S. Ostin Allibon “The Union Bible Companion” kitabında yazır: “Ser İsaak Nyuton... eyni zamanda qədim yazıların görkəmli tənqidçisi idi və Müqəddəs Yazıları çox dərindən tədqiq edirdi. Bəs o bu barədə nə düşünürdü? O, bunu bildirdi: “Bütün dünya tarixində olduğundan artıq, həqiqətin daha inandırıcı sübutlarını Əhdi-Cədiddə aşkar etdim”. Dr. Conson qeyd edir ki, “İncil” kitabının xəbər verdiyi kimi, İsa Məsihin Qolqotada öldüyünü göstərən sübutlar, Yuli Sezarın Kapitolidə vəfatı barədə sübutlardan daha çoxdur. Əslində bizdə daha çox sübutlar var”.
21 Həmin mənbə əlavə edir: “İncil” kitabının tarixi doğruluğuna şübhə etdiyini söyləyən hər bir kəsdən soruşun: o, nəyə əsaslanaraq inanır ki, Sezar Kapitolidə ölüb və ya 800-cü ildə papa III Leo tərəfindən, imperator Böyük Karla qərb imperatoru titulu verilib?.. Siz haradan bilirsiniz ki, [İngiltərədə] I Karl kimi bir şəxs yaşamiş, onun boynu vurulmuş və yerinə Oliver Kromvel hökmdar olmuşdur?.. Cazibə qanununun kəşfi ser İsaak Nyutona aid edilir... Biz bu insanlar haqqında sadəcə olaraq söylənilən bütün fikirlərə inanırıq; çünki onların düzgünlüyünü göstərən tarixi sübutlarımız var... Belə sübutların olmasına baxmayaraq, əgər kim isə yenə də inanmaq istəmirsə, belə insanı ağılsız inadkar və ya ümidsiz cahil kimi tərk edirik”.
22 Sonra həmin mənbə belə bir nəticə çıxarır: “Bəs Müqəddəs Yazıların doğruluğuna dair bu qədər sübutlar olduğu halda, yenə də inanmadıqlarını bildirənlər haqqında nə demək olar? Əminliklə belə nəticə çıxarmaq olar ki, burada təqsir başda deyil, ürəkdədir; onlar, qürurlarına toxunan və onları başqa cür həyat sürməyə təhrik edən şeylərə inanmaq istəmirlər”.
Daxili uyğunluq və açıq e’tiraf
23 Təsəvvür edin: bir kitabın yazılması Roma imperiyası dövründə başlamış, orta əsrlər ərzində yazılmağa davam etmiş və XI əsrdə sona çatmışdır; bu kitabın yazılmasında çox müxtəlif adamlar iştirak etmişdir. Həmin yazıçılar arasında əsgərlərin, padşahların, kahinlərin, balıqçıların, çobanların və həkimlərin olduğu nəzərə alınarsa, hansı nəticəni gözləyə bilərsiniz? Siz bu kitabda uyğunluq və ardıcıllıq olacağını gözləyə bilərsinizmi? Aydın məsələdir ki, “xeyr” deyəcəksiniz. Bəli, Müqəddəs Kitab məhz bu cür şəraitlərdə yazılıb. Buna baxmayaraq, o yalnız ümumi fikirlərdə deyil, ən kiçik təfərrüatlarda da tam uyğunluğa malikdir.
24 Müqəddəs Kitab, eramızdan əvvəl 1513-cü ildən başlanan və eramızın 98-ci ilində sona çatan, təxminən 1 600 il ərzində 40 nəfər kişi tərəfindən yazılmış 66 kitabdan ibarətdir. Həmin yazıçılar cəmiyyətin müxtəlif təbəqələrindən idilər və onlardan çoxu bir-birlərini tanımırdılar. Buna baxmayaraq, bu kitabda ardıcıllığına görə sanki bir şəxsin dərrakəsində hasil olmuş bir mövzu izlənir. Bə’zilərinin inamlarının əksinə olaraq, Müqəddəs Kitab Qərb mədəniyyətinin məhsulu deyildir, bu kitab Şərq əhalisi tərəfindən yazılmışdır.
25 Qədim yazıçıların yalnız öz nailiyyətləri və ləyaqətləri haqqında yazdıqları bir halda, Müqəddəs Kitab yazıçıları həm özlərinin, həm də öz padşah və rəislərinin nöqsanlarını açıqca e’tiraf edirlər. Saylar 20:1-13 və Təsniyə 32:50-52 ayələrində Musanın səhv hərəkəti haqqında xəbər verilir və bu kitabları Musanın özü yazıb. Yunus 1:1-3 və 4:1 ayələrində Yunusun səhv hərəkətləri sadalanır, bu xəbərləri də onun özü yazıb. Matta 17:18-20; 18:1-6; 20:20-28 və 26:56 ayələrində, İsanın şagirdlərinin göstərdikləri pis xüsusiyyətlər təsvir olunur. Beləliklə, Müqəddəs Kitabı yazan insanların dürüst olmaları və açıq e’tirafları, onların Allahdan ilham aldıqlarına dair irəli sürdükləri fikri təsdiq edir.
Müqəddəs Kitabın ən fərqləndirici xüsusiyyəti
26 Müqəddəs Kitab elmi, tarixi və başqa məsələlərdə belə dəqiq, uyğun və dürüst olmasının səbəbini özü aşkar edir. Müqəddəs Kitab göstərir ki, onun Müəllifi Küll-İxtiyar, Qadir Allah, kainatın Yaradanıdır. O, Müqəddəs Kitabı yazan insanları sadəcə olaraq öz katibləri kimi istifadə etmiş və güclü fəal qüvvəsi ilə ilham verdiyi fikirləri yazmaları üçün onları təşviq etmişdir.
27 Həvari Pavel Müqəddəs Kitabda xəbər verir: “Hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin”. Həvari Pavel bu sözləri də deyir: “Siz Allahın bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etdiniz” (2 Timoteyə 3:16, 17; 1 Saloniklilərə 2:13).
28 Beləliklə, Müqəddəs Kitab yalnız bir Müəllif, yə’ni Allah tərəfindən düşünülmüşdür. Və nüfuzlu qüdrəti sayəsində, yazılanların bizim günlərimizə qədər qorunmasının qayğısına qalmaq Onun üçün çətin olmamışdır. Müqəddəs Kitabın əlyazmaları üzrə qabaqcıl mütəxəssis ser Frederik Kenyon 1940-cı ildə demişdir: “Müqəddəs Yazıların, bizə yazıldığı kimi gəlib çatmasına dair hər hansı şübhənin son səbəbi də indi aradan qaldırılıb”.
29 İnsanlar kosmosdan, min kilometrlərlə məsafədən, hətta Aydan da Yer kürəsinə radio və telesiqnallar göndərə bilirlər. Tədqiqat raketləri, yüz milyonlarla kilometr uzaqda olan planetlərdən fiziki mə’lumatları və şəkilləri yer üzünə göndərirlər. Şübhəsiz ki, insanın və radio dalğalarının Yaradanı, ən azı həmin şeyi edə bilərdi. Əslində Müqəddəs Kitabı yazdırmaq üçün seçdiyi insanların şüuruna söz və rö’ya qoymaq üçün qüdrətli qüvvəsindən istifadə etmək Ona heç də çətin deyildi.
30 Bundan əlavə, Yerlə və oradakı həyatla əlaqədar olan çoxlu sübutlar, Allahın bəşəriyyətlə maraqlandığına şəhadət edir. Beləliklə tamamilə aydındır ki, Özünün kimliyini və insanlarla əlaqədar niyyətinin nədən ibarət olduğunu onların öyrənmələrinə kömək etmək istəyərək, O, bu fikirləri daimi sənəd olan bir kitabda aydın şəkildə ifadə edir.
31 Müəllifi Allah olan kitabın, insanlar tərəfindən yalnız şifahi olaraq verilən mə’lumatlardan üstünlüyü haqqında da düşünün. Ağızdan-ağıza keçən sözlərə inanmaq olmazdı, çünki müjdənin mə’nası təhrif olunar və vaxt keçdikcə insanlar onu başqa cür izah edə bilərdilər. Onlar həmin mə’lumatı öz nöqteyi-nəzərlərinə əsasən danışardılar. Lakin Allahdan ilham almış, dəyişməz yazıda səhv ehtimalı olduqca azdır. Bundan əlavə, kitabı çoxaltmaq və başqa dillərdə danışan insanların faydalanması üçün tərcümə etmək olar. Bu səbəbdən, hər hansı mə’lumatı çatdırmaq üçün Yaradanımızın belə bir üsuldan istifadə etməsi məntiqə uyğun deyilmi? Doğrudan da bu çox məntiqidir, çünki Yaradan özü, məhz bunu etmiş olduğunu bildirir.
Yerinə yetmiş peyğəmbərliklər
32 Bundan əlavə, Müqəddəs Kitab Allahdan ilham aldığına dair əlaməti əhəmiyyətli surətdə göstərir: bu kitab, artıq dəqiqliklə yerinə yetmiş və yetmək üzrə olan peyğəmbərliklər kitabıdır.
33 Məsələn, Müqəddəs Kitabda qədim Surun dağılması, Babilin məğlub olması, Yerusəlimin bərpa edilməsi, Midiya-Fars və Yunanıstan padşahlarının hakimiyyətə gəlməsi və devrilməsi əvvəlcədən təfsilatı ilə deyilmişdi. Bu peyğəmbərliklər o dərəcədə dəqiq yerinə yetmişdir ki, bə’zi tənqidçilər, nəticəsiz olsa da, onların həmin hadisələrdən sonra yazıldığını təsdiq etməyə çalışmışlar (İşaya 13:17-19; 44:27-45:1; Hezekiel 26:3-6; Daniel 8:1-7, 20-22).
34 İsanın Yerusəlimin dağıdılması haqqında söylədiyi peyğəmbərliklər b. e. 70-ci ilində dəqiq yerinə yetdi (Luka 19:41-44; 21:20, 21). İsanın və həvari Pavelin “axır günlər” haqqında söylədikləri peyğəmbərliklər də, bizim zəmanəmizdə tam təfsilatı ilə yerinə yetir (2 Timoteyə 3:1-5, 13; Matta 24; Mark 13; Luka 21).
35 Nə qədər dahi olursa-olsun, heç bir insan düşüncəsi gələcəkdə baş verəcək hadisələri əvvəlcədən belə dəqiqliklə xəbər vermək iqtidarında deyil. Bunu yalnız kainatın qadir və tam müdrikliyə sahib olan Yaradanı edə bilər. Bu barədə 2 Peter 1:20, 21 ayələrində oxuyuruq: “Yazılarda olan heç bir peyğəmbərlik sözü xüsusi şəkildə təfsir edilə bilməz. Çünki peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar”.
Cavab bu kitabda verilir
36 Beləliklə, Müqəddəs Kitab, Həqq-Təala Allahın ilhamlanmış Kəlamı olduğuna dair çoxlu sübutlar təqdim edir. Belə bir kitab olaraq o, insanların nə üçün yer üzündə olduqlarını, iztirabların nə üçün olduğunu, bizim gələcəyimizin necə olacağını və şəraitlərin hansı tərzdə yaxşılaşacağını izah edir. Bu kitab, insanları və Yer kürəsini müəyyən niyyətlə yaradan Qadir bir Allahın mövcud olduğunu və Onun niyyətinin yerinə yetəcəyini bizə aşkar edir (İşaya 14:24). Müqəddəs Kitab, həqiqi dinin nə olduğunu və onu necə tapa biləcəyimizi də göstərir. Beləliklə, o, həyat üçün vacib olan bütün suallara düzgün cavab verən ən yüksək müdrikliyin yeganə mənbəyidir (Məzmur 146:3; Süleymanın məsəlləri 3:5; İşaya 2:2-4).
37 Müqəddəs Kitabın e’tibara layiq və doğru kitab olduğunu göstərən çoxlu sübutlar olsa da, onu qəbul etdiklərini söyləyən insanların hamısı bu kitabın tə’liminə riayət edirmi? Misal üçün, xristianlığa e’tiqad etdiklərini iddia edən ölkələr, yə’ni Xristian dünyası haqqında fikirləş. Onlar çox əsrlər ərzində Müqəddəs Kitaba sahibdirlər. Bəs onların düşüncə və hərəkət tərzləri, Allahın ən yüksək müdrikliyini əks etdirirmi?
[Oyrənilmə üçün olan suallar]
1, 2. Biz nə üçün Müqəddəs Kitabı tədqiq etməliyik?
3, 4. Müqəddəs Kitab nə qədər qədimidir?
5. Başqa qədim əlyazmalarla müqayisədə, Müqəddəs Kitabın nə qədər qədim əlyazmaları mövcuddur?
6. Müqəddəs Kitab nə dərəcədə geniş yayılmışdır?
7. Müqəddəs Kitabın dəqiqliyi haqqında nə demək olar?
8. Müqəddəs Kitab elmi məsələlərdə nə dərəcədə dəqiqdir?
9, 10. Müqəddəs Kitab öz dövrünün qeyri-elmi fikirlərini əks etdirmək əvəzinə, Yerin dayağı haqqında nə deyir?
11, 12. İnsanlar Eyub 26:7 ayəsinin həqiqət olduğunu nə zaman dərk etdilər?
13. İnsanlar əsrlər əvvəl Yerin formasını necə təsəvvür edirdilər, amma onların fikirlərini nə dəyişdi?
14. Müqəddəs Kitab Yerin formasını necə və nə vaxt təsvir etmişdir?
15. Nə üçün Yer haqqındakı qeyri-elmi fikirlər Müqəddəs Kitaba tə’sir etməmişdir?
16. Canlı orqanizmlərin tərkibi, Müqəddəs Kitabın mə’lumatları ilə necə uyğunlaşır?
17. Canlı orqanizmlər əslində necə yaranıblar?
18. Bir hüquqşünas Müqəddəs Kitabın tarixi dəqiqliyi haqqında nə deyir?
19. Bir mənbə Müqəddəs Kitabdakı tarixi təfsilat barədə nəyi qeyd edir?
20, 21. Müqəddəs Kitabı yaxşı bilənlərdən biri, bu kitabın tarixi haqqında nə deyir?
22. Nə üçün bə’zi insanlar Müqəddəs Kitabın dəqiq olduğunu qəbul etməkdən imtina edirlər?
23, 24. Müqəddəs Kitabda olan uyğunluq nəyə görə belə qeyri-adidir?
25. Müqəddəs Kitabdakı dürüstlük və açıq e’tiraf etmək tərzi, onu yazanların hansı fikrini təsdiq edir?
26, 27. Müqəddəs Kitab elmi və başqa məsələlərdə nə üçün belə dəqiqdir?
28. Beləliklə, Müqəddəs Kitab kim tərəfindən düşünülüb?
29. Allahın mə’lumat vermək qabiliyyətinə aid hansı əyani misalı göstərmək olar?
30. Allah istəyirmi ki, insanlar, Onun onlara dair niyyətini öyrənsinlər?
31. Nəyə görə Allahın ilhamı altında yazılmış bir müjdə, ağızdan-ağıza keçən mə’lumatdan daha üstündür?
32-34. Başqa kitablardan fərqli olaraq, Müqəddəs Kitabda nə var?
35. Nəyə görə Müqəddəs Kitabın peyğəmbərlikləri yalnız Yaradandan gələ bilər?
36. Müqəddəs Kitab bizə nəyi izah edir?
37. Xristian dünyası ilə əlaqədar hansı sual yaranır?
[11-ci səhifədə olan şəkil]
Ser İsaak Nyuton əmin idi ki, Yer kürəsi digər göy cisimləri ilə qarşılıqlı cazibə qüvvəsi sayəsində fəzada durur.
Alimlər, yerin boş fəza ilə əhatə olunması haqda Müqəddəs Kitabın təsvirini həmin dövrün ən böyük uzaqgörənliyi kimi qəbul edirlər.
[12-ci səhifədə olan şəkil]
Hətta bə’zi ilk dəniz səyyahları, yastı kimi düşünülən Yerin kənarına üzməyə qorxurdular.
[13-cü səhifədə olan şəkil]
İsa Məsih haqqında olan sübutlar, Yuli Sezar, imperator Böyük Karl, Oliver Kromvel və ya papa III Leo haqqındakı sübutlardan daha çoxdur.
[15-ci səhifədə olan şəkil]
İsanın Yerusəlimin dağıdılması haqqında söylədiyi peyğəmbərliklərin eramızın 70-ci ilində yerinə yetdiyini, Romadakı Titus Tağı təsdiq edir.