Fəsil 15
Allah hansı ibadəti qəbul edir?
Bütün dinlər Allahı razı salırmı?
Həqiqi dini necə müəyyən etmək olar?
Bu gün Allahın həqiqi xidmətçiləri kimlərdir?
1. Allaha düzgün tərzdə ibadət etməklə hansı xeyir-duaları alacağıq?
YEHOVA ALLAH bizi çox sevir və məhəbbət dolu rəhbərliyindən faydalanmağımızı istəyir. Biz Allaha düzgün tərzdə ibadət etməklə, xoşbəxtliyə nail olacaq və bir çox problemlərdən qaçacağıq. Eyni zamanda Allahdan xeyir-dua və kömək də alacağıq (Yeşaya 48:17). Ancaq Allah haqqında həqiqəti öyrətdiyini iddia edən yüzlərlə din var. Bu dinlərin Allah və Onun normaları haqqında təsəvvürləri isə bir-birindən olduqca fərqlənir.
2. Yehovanın hansı ibadəti düzgün hesab etdiyini necə öyrənmək olar və bunu başa düşməyə hansı nümunə kömək edir?
2 Yehovanın hansı ibadəti düzgün hesab etdiyini necə öyrənmək olar? Bunun üçün bütün dinlərin tə’limlərini tədqiq edib, onları müqayisə etmək lazım deyil. Sadəcə, Müqəddəs Kitabın əslində nə öyrətdiyini və orada həqiqi ibadət haqqında nə deyildiyini öyrənmək kifayətdir. Bir nümunəni nəzərdən keçirək. Əksər ölkələrdə pulların saxtalaşdırılması böyük problemə çevrilib. Əgər sizə saxta pulları müəyyən etmək tapşırılsaydı, siz bunu necə edərdiniz? Bütün saxta pulları tədqiq etməyə çalışardınızmı? Əlbəttə, yox. Əsl pulu öyrənməyə vaxt ayırmaq daha müdrik hərəkət olardı. Əsl pulun necə olduğunu bildikdə, saxtanı müəyyən etmək asan olacaq. Bunun kimi, hansı dinin həqiqi olduğunu öyrənməklə, yalan dinləri müəyyən edə bilərik.
3. İsanın sözlərinə əsasən, Allahı razı salmaq istəyiriksə nə etməliyik?
3 Yehovaya, Onun qəbul etdiyi tərzdə ibadət etmək çox vacibdir. Əksər insanlar bütün dinlərin Allahı razı saldığını düşünürlər, lakin Müqəddəs Kitab bunu öyrətmir. İnsanın özünü sadəcə məsihçi hesab etməsi də kifayət deyil. İsa demişdir: «Mənə: “Ya Rəbb, ya Rəbb”, — deyən hər kəs Səmavi Səltənətə girməyəcəkdir; ancaq göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcəkdir». Allahı razı salmaq üçün Onun tələblərini bilməli və onlara müvafiq yaşamalıyıq. İsa Allahın iradəsini yerinə yetirməyənləri «haqsızlıq edənlər» adlandırdı (Matta 7:21-23). Saxta pul kimi, yalan dinin də heç bir dəyəri yoxdur, üstəlik də çox zərərlidir.
4. İsa hansı iki yoldan danışırdı və onlar hara aparır?
4 Yehova hər bir insana yerüzü Cənnətdə əbədi yaşamaq imkanı verir. Bunun üçün biz Allaha düzgün tərzdə ibadət etməli və Onu razı salmağa çalışmalıyıq. Təəssüflər olsun ki, çoxları belə davranmaq istəmir. Buna görə İsa demişdir: «Dar qapıdan girin; çünki həlaka aparan qapı geniş və yol enlidir; və ondan girənlər çoxdur. Çünki həyata aparan qapı dar və yol ensizdir və onu tapanlar azdır» (Matta 7:13, 14). Həqiqi din əbədi həyata, yalan din isə məhvə aparır. Yehova heç kimin ölməsini istəmir, buna görə də bütün insanların Onun haqqında həqiqəti öyrənmələrinə imkan yaradır (2 Peter 3:9). Həqiqətən də, həyatımız Allaha necə ibadət etməyimizdən asılıdır.
HƏQİQİ DİNİ NECƏ MÜƏYYƏN ETMƏK OLAR?
5. Həqiqi dinə mənsub olanları necə tanımaq olar?
5 «Həyata aparan qapı»nı necə tapmaq olar? İsa dedi ki, həqiqi dini, ona qulluq edən insanların hərəkətlərindən müəyyən etmək olar. «Onları bəhrələrindən tanıyacaqsınız» deyərək, İsa əlavə etdi: «Hər yaxşı ağac xeyirli meyvə verər» (Matta 7:16, 17). Başqa sözlərlə desək, həqiqi dinə mənsub olanları e’tiqad və davranışlarından tanımaq olar. Allahın həqiqi xidmətçilərinin qeyri-kamil olmalarına və səhvə yol vermələrinə baxmayaraq, onlar bir xalq kimi Onun iradəsini yerinə yetirməyə çalışırlar. Gəlin həqiqi dinə mənsub olanları tanımağa kömək edən altı cəhətə baxaq.
6, 7. Allahın xidmətçiləri Müqəddəs Kitaba necə münasibət göstərirlər və İsa bu sahədə hansı nümunəni qoyub?
6 Allahın xidmətçilərinin tə’limləri Müqəddəs Kitaba əsaslanır. Müqəddəs Kitabda deyilir: «Hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin» (2 Timoteyə 3:16, 17). Həvari Pavel isə həmimanlılarına bu sözləri yazmışdır: «Siz Allahın bizdən eşitdiyiniz kəlamını qəbul etdikdə, onu bəşəri söz olaraq deyil, əslində olduğu kimi, Allahın kəlamı olaraq qəbul etdiniz» (1 Salonikililərə 2:13). Göründüyü kimi, həqiqi dinin tə’limləri insan adət-ən’ənələrinə və düşüncələrinə deyil, Allahın Kəlamı olan Müqəddəs Kitaba əsaslanır.
7 İsa Məsih öz tə’limlərini həmişə Allahın Kəlamına əsaslandırmaqla, bizə gözəl nümunə qoyub. O, duasında səmavi Atasına demişdir: «Sənin sözün həqiqətdir» (Yəhya 17:17). İsa Allahın Kəlamına e’tibar edir və həmişə Müqəddəs Yazılara müvafiq öyrədirdi. O, çox vaxt: «Yazılmışdır» deyərək, Müqəddəs Yazılardan sitat gətirirdi (Matta 4:4, 7, 10). Bunun kimi, Allahın müasir xidmətçiləri də öz nöqteyi-nəzərlərini öyrətmirlər. Onlar Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna əmindirlər və buna görə də bütün tə’limlərini orada yazılanlara əsaslandırırlar.
8. Yehovaya ibadət özünə nəyi daxil edir?
8 Həqiqi dinə mənsub olanlar yalnız Yehovaya ibadət edir və Onun adını bəyan edirlər. İsa demişdir: «Allahın olan Rəbbə [«Yehovaya», YD] səcdə qıl və yalnız Ona qulluq et» (Matta 4:10). Allahın həqiqi xidmətçiləri yalnız Yehovaya ibadət edirlər. Onlar insanlara Onun adı və xüsusiyyətləri haqqında danışaraq müqəddəs xidməti icra edirlər. Yeşaya 42:8 ayəsində (KM) deyilir: «Mən Yehovayam, ismim odur; və izzətimi bir başqasına və həmdimi oyma bütlərə verməyəcəyəm». İnsanların Allahı tanımalarına kömək etməklə, İsa bizə gözəl nümunə verdi. O, duasında Yehovaya demişdir: «Dünyadan Mənə verdiyin adamlara Sənin adını açdım» (Yəhya 17:6). Bu gün Allahın həqiqi xidmətçiləri də insanlara Onun adı, niyyətləri və gözəl xüsusiyyətləri barədə öyrədirlər.
9, 10. Həqiqi məsihçilər bir-birlərinə necə məhəbbət göstərirlər?
9 Allahın xidmətçiləri bir-birlərinə qarşı əsl və təmənnasız məhəbbət təzahür etdirirlər. İsa demişdir: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:35). İlk məsihçilər bir-birlərinə qarşı belə məhəbbət təzahür etdirirdilər. Həqiqi məhəbbət sosial, milli və irqi maneələri aşır, insanları qırılmaz qardaşlıq bağı ilə birləşdirir (Koloslulara 3:14). Yalan dinə mənsub olanlarda qardaşlıq məhəbbəti yoxdur. Bunu haradan bilirik? Onlar milli və etnik münaqişələrə görə öz həmimanlılarını öldürürlər. Həqiqi məsihçilər isə öz həmimanlılarını və ya başqa insanları öldürmək üçün əllərinə silah almırlar. Müqəddəs Kitabda deyilir: «Kimin Allahın övladı, kimin də şeytanın övladı olduğu bundan bəlli olur: saleh iş görməyən, Allahdan deyildir, öz qardaşını sevməyən də həmçinin... Biz bir-birimizi sevək, Şərirdən olan, öz qardaşını öldürən Qabil kimi olmayaq» (1 Yəhya 3:10-12; 4:20, 21).
10 Əlbəttə, əsl məhəbbətə öldürməməkdən daha çox şey daxildir. Həqiqi məsihçilər başqalarına kömək etmək və həmimanlılarını ruhlandırmaq üçün öz vaxtlarını, qüvvələrini və vəsaitlərini qurban verməyə hazırdırlar (İbranilərə 10:24, 25). Onlar çətin anlarda bir-birlərinə dəstək olur, başqaları ilə dürüst davranır və Müqəddəs Kitabın «hamıya... yaxşılıq edək» məsləhətini tətbiq edirlər (Qalatiyalılara 6:10).
11. Nəyə görə qəbul etməliyik ki, Allah xilası yalnız İsa Məsih vasitəsilə verir?
11 Həqiqi məsihçilər qəbul edirlər ki, Allah xilası yalnız İsa Məsih vasitəsilə verir. Müqəddəs Kitabda deyilir: «Başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək» (Həvarilərin işləri 4:12). 5-ci fəsildən öyrəndiyimiz kimi, İsa itaətkar insanlar uğrunda öz həyatını fidiyə olaraq qurban verdi (Matta 20:28). Həmçinin öyrəndik ki, Allah onu bütün yer üzünü idarə edəcək səmavi Padşahlığın Padşahı tə’yin etmişdir. Əbədi yaşamaq istəyiriksə, Allahın tələb etdiyi kimi, İsaya qulaq asmalı və onun tə’limlərini izləməliyik. Buna görə də, Müqəddəs Kitabda deyilir: «Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir» (Yəhya 3:36).
12. Dünyadan olmamaq nə deməkdir?
12 Allahın həqiqi xidmətçiləri dünyadan deyillər. İsa məhkəmə qarşısında duran zaman Roma imperatoru Pilata dedi: «Mənim Səltənətim bu dünyadan deyildir» (Yəhya 18:36). Hansı ölkədə yaşamalarından asılı olmayaraq, İsanın həqiqi davamçıları özlərini səmavi Padşahlığın vətəndaşları hesab edir və bu dünyanın siyasi işlərinə qarşı qəti surətdə bitərəf mövqe tuturlar. Onlar toqquşmalarda və qarşıdurmalarda iştirak etmirlər. Bununla belə, Yehovanın xidmətçiləri başqalarının siyasi partiyalara üzv olmalarına və seçkilərdə öz namizədliklərini irəli sürmələrinə və ya səsvermədə iştirak etmələrinə mane olmurlar. Həqiqi məsihçilər siyasi işlərdə öz bitərəfliklərini qorusalar da, qanunlara tabe olurlar. Nə üçün? Çünki Allahın Kəlamı «hər adam öz üzərində olan hakimlərə tabe olsun» deyərək, bizi dövlətə tabe olmağa təşviq edir (Romalılara 13:1). Ancaq dövlətin qanunları Allahın qanunlarına zidd gedərsə, həqiqi məsihçilər «insanlardan artıq, Allaha itaət etmək gərəkdir» deyən həvarilərin nümunəsini izləyirlər (Həvarilərin işləri 5:29; Mark 12:17).
13. Allahın Padşahlığı İsa Məsihin həqiqi davamçıları üçün nə mə’na daşıyır və onlar hansı işlə məşğuldurlar?
13 İsanın həqiqi davamçıları Allahın Padşahlığının bəşəriyyətin yeganə ümid yeri olduğunu bəyan edirlər. İsa qabaqcadan demişdir: «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Matta 24:14). İsa Məsihin həqiqi davamçıları insanları insan hakimiyyətlərinə yox, Allahın Padşahlığına ümid bağlamağa təşviq edirlər, çünki bəşəriyyətin problemlərini yalnız o həll edə bilər (Məzmur 146:3). İsa növbəti sözləri deməklə, bizə bu səmavi hökumət haqqında dua etməyi öyrətmişdir: «Səltənətin [Padşahlığın] gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun» (Matta 6:10). Allahın Kəlamında deyilir ki, bu Padşahlıq «[mövcud olan] padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44).
14. Sizcə, kimlər həqiqi dinin tələblərinə cavab verir?
14 Yuxarıda deyilənləri nəzərə alaraq özünüzdən soruşun: «Hansı dinin tə’limləri tamamilə Müqəddəs Kitaba əsaslanır? Yehovanın adını kimlər bəyan edir? Sözün əsl mə’nasında kimlər bir-birlərini sevir və İsa Məsihə iman gətirir? Kimlər bu dünyanın işlərində iştirak etmir və Allahın Padşahlığının bəşəriyyət üçün yeganə ümid yeri olduğunu bəyan edir? Bütün bu şərtlərə kimlər müvafiqdir?» Faktlar açıq-aydın sübut edir ki, bunlar Yehovanın Şahidləridir (Yeşaya 43:10-12).
SİZ NECƏ DAVRANACAQSINIZ?
15. Allaha inanmaqla yanaşı daha nə tələb olunur?
15 Allahı razı salmaq üçün, sadəcə Ona inanmaq kifayət deyil. Çünki Müqəddəs Kitabda deyilir ki, Allahın mövcudluğuna, hətta cinlər də inanır (Yaqub 2:19). Lakin aydındır ki, onlar Allahın iradəsini yerinə yetirmirlər və Allah onlardan narazıdır. Allaha məqbul olmaq üçün isə, sadəcə Onun mövcudluğuna inanmaq yox, həmçinin Onun iradəsini yerinə yetirmək də lazımdır. Biz yalan dindən çıxmalı və həqiqi ibadətə qoşulmalıyıq.
16. Yalan dinlə hansısa əlaqəmiz varsa, nə etməliyik?
16 Həvari Pavel göstərdi ki, bizim yalan dinlə heç bir əlaqəmiz olmamalıdır. O yazmışdır: «Rəbb deyir ki, “İmansızların arasından çıxın və onlardan ayrılın; murdar bir şeyə toxunmayın, Mən də sizi qəbul edəcəyəm”» (2 Korinflilərə 6:17; Yeşaya 52:11). Buna görə də, həqiqi məsihçilər yalan dinlə bağlı olan hər şeydən uzaq dururlar.
17, 18. «Böyük Babil» nədir və nə üçün ondan mümkün qədər tez çıxmaq lazımdır?
17 Müqəddəs Kitab göstərir ki, yalan dinin hər bir növü «Böyük Babil»in bir hissəsidira (Vəhy 17:5). Bu ad, Nuhun günlərində baş verən daşqından sonra yalan dinin baş qaldırdığı qədim Babil şəhərini xatırladır. Yalan dində geniş yayılmış tə’lim və adət-ən’ənələrin çoxu məhz bu qədim şəhərdə yaranmışdır. Məsələn, Babilin sakinləri Üç üqnuma, yə’ni üç allahlığa inanırdılar. Bu gün isə, Üç üqnum bir çox dinlərin əsas tə’limidir. Ancaq Müqəddəs Kitab aydın şəkildə öyrədir ki, Yehova vahid həqiqi Allahdır, İsa Məsih isə Onun Oğludur (Yəhya 17:3). Babillilər, həmçinin insanda bədən öldükdən sonra yaşamağa davam edən ölməz canın olduğuna və onun işgəncələrə mə’ruz qaldığına inanırdılar. Bu gün ölməz can və ya ruh, o cümlədən cəhənnəm əzabı tə’limləri dinlərin əksəriyyətində geniş yayılmışdır.
18 Qədim Babilin tə’limləri bütün yer üzünə yayıldığı üçün, müasir Böyük Babili yalan dinin dünya imperiyası adlandırmaq məntiqə uyğundur. Allah bu imperiyanın qəflətən məhvə uğrayacağını əvvəlcədən bildirmişdi (Vəhy 18:8). Böyük Babillə bütün əlaqələri kəsməyin nə üçün vacib olduğunu anlayırsınızmı? Yehova Allah, hələ vaxt var ikən, yalan dindən mümkün qədər tez çıxmağımızı istəyir (Vəhy 18:4).
Yehovaya Onun xalqı ilə birlikdə xidmət etməklə, itirə biləcəyinizdən daha çox şey qazanacaqsınız.
19. Yehovaya xidmət etməklə nə qazanacaqsınız?
19 Yalan dinlə əlaqənizi kəsmək istədiyinizi bilərək, bə’ziləri sizinlə münasibətlərinə son qoymaq istəyə bilər. Lakin siz, Yehovaya Onun xalqı ilə birlikdə xidmət etməklə, itirə biləcəyinizdən daha çox şey qazanacaqsınız. Hər şeyini atıb İsanın ardınca gedən ilk şagirdlər kimi, sizin də çoxlu ruhani bacı-qardaşlarınız olacaq. Siz, əsl məhəbbət təzahür etdirən milyonlarla həqiqi məsihçilərdən ibarət ümumdünya ailənin bir hissəsi ola biləcəksiniz. Bundan əlavə, «gələcək dövrdə» əbədi yaşamaq ümidiniz yaranacaq (Mark 10:28-30). İmanınıza görə sizinlə münasibətlərini kəsən insanlar, bəlkə də müəyyən vaxtdan sonra Müqəddəs Kitab tə’limləri ilə tanış olmaq istəyəcək və onlar da Yehovanın xidmətçisi olacaqlar.
20. Həqiqi dinə mənsub olanları nə gözləyir?
20 Müqəddəs Kitab öyrədir ki, Allah tezliklə bu pis sistemi məhv edəcək və Öz Padşahlığının rəhbərliyi altında salehlik ömür sürən yeni dünya yaradacaq (2 Peter 3:9, 13). O zaman həyat necə də gözəl olacaq! Yer üzündə yalnız bir din, bir həqiqi ibadət olacaq. Məgər indidən sə’y göstərmək və Allahın həqiqi xidmətçilərinə qoşulmaq müdrik davranış olmazdımı?
a Böyük Babilin yalan dinin dünya imperiyası olduğuna dair daha geniş mə’lumatı «Əlavələr» bölməsindən, 219, 220-ci səhifələrdən öyrənmək olar.