ƏLAVƏLƏR
«Can» və «ruh» anlayışlarının mə’nası nədir?
CAN və ruh deyəndə ağlınıza nə gəlir? Çoxları bunun, insanda ölməz bir başlanğıc olduğuna inanırlar. Onlar hesab edirlər ki, bu gözəgörünməz qüvvə ölüm zamanı bədəni tərk edərək, yaşamağa davam edir. Belə təsəvvürlər bu gün geniş yayıldığından, çoxları bu cür baxışların Müqəddəs Kitaba əsaslanmadığını biləndə təəccüblənirlər. Bəs «can» və «ruh» anlayışları Allahın Kəlamında necə izah edilir?
CAN NƏDİR?
Əvvəlcə canın nə olduğunu nəzərdən keçirək. Ehtimal ki, siz Müqəddəs Kitabın orijinal mətninin əsasən qədim ibrani və yunan dillərində yazıldığını xatırlayırsınız. Müqəddəs Kitabda «can» anlayışına ibranicə nefeş və yunanca psixi sözləri müvafiqdir. Bu sözlərə Müqəddəs Yazılarda 800 dəfədən çox rast gəlinir və onlar «Yeni Dünya Tərcüməsi»ndə ardıcıl olaraq «can» kimi tərcümə olunmuşdur. Müqəddəs Kitabda «can» və ya «canlar» sözünün necə işləndiyini araşdırdıqda, bu sözlər altında əsasən 1) insan, 2) heyvan, həmçinin 3) insan və heyvan həyatının nəzərdə tutulduğunu görəcəksiniz. Gəlin, «can» sözünün bu üç halda işləndiyini göstərən Müqəddəs Kitab ayələrini nəzərdən keçirək.
İnsanlar. «Nuhun günlərində... az adam, başqa sözlə, səkkiz nəfər [«can», KM] sudan sağ-salamat çıxdı» (1 Peter 3:20). Bu ayədə «can» sözü altında, şübhəsiz ki, insanlar, yə’ni Nuh, arvadı, üç oğlu və onların arvadları nəzərdə tutulur. Allahın israillilərə verdiyi mannaya dair göstərişin yazıldığı Çıxış 16:16 ayəsində deyilir: «Öz çadırında olan adamların [«canlarınızın», KM] sayına görə adambaşı bir omer götürsün». Göründüyü kimi, mannanı ailədəki insanların sayına görə yığmaq lazım idi. «Can» və ya «canlar» sözlərinin Müqəddəs Kitabda insan və ya insan qrupunu bildirdiyinə dair digər nümunələri Yaradılış 46:18 (KM); Yeşua 11:11 (KM); Həvarilərin işləri 27:37 (KM) ayələrindən tapmaq olar.
Heyvanlar. Müqəddəs Kitab heyvanların yaranmasını belə təsvir edir: «Allah dedi: “Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun”. Sonra Allah dedi: “Qoy yer üzü hər növ canlı məxluqlar — hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin”. Belə də oldu» (Yaradılış 1:20, 24). Bu ayələrdən göründüyü kimi, ev və çöl heyvanları, həmçinin suda yaşayanlar da «candır». Quşlar və heyvanlar Yaradılış 9:10 və Levililər 11:46 ayələrində də «can» adlanır.
İnsanın həyatı. Hərdən «can» sözü altında insanın həyatı nəzərdə tutulur. Yehova Musaya dedi: «Sənin canını almaq istəyən adamların hamısı ölüb» (Çıxış 4:19). Musanın düşmənlərinin axtardığı nə idi? Onlar onun həyatına son qoymaq istəyirdilər. Rəhilə oğlu Binyamini dünyaya gətirən zaman ‘ölüm ayağında can verirdi’ (Yaradılış 35:16-19). Həmin an Rəhilə həyatını itirdi. Həmçinin İsanın sözlərinə diqqət yetirək: «Mən yaxşı çobanam; yaxşı çoban qoyunlar uğrunda canını verər» (Yəhya 10:11). İsa bəşəriyyət uğrunda öz canını, yə’ni həyatını verdi. Müqəddəs Kitabın bu ayələrinin hamısında «can» sözü altında insan həyatı nəzərdə tutulur. «Can» sözünün bu mə’nada işlənməsinə 1 Padşahlar 17:17-23; Matta 10:39; Yəhya 15:13 və Həvarilərin işləri 20:10 ayələrində də rast gəlinir.
Allahın Kəlamını öyrənməyə davam edərək əmin olacaqsınız ki, Müqəddəs Kitabın heç bir yerində canın ölməz və ya əbədi olduğu deyilmir. Əksinə, Müqəddəs Yazılar canın öldüyünü göstərir (Yezekel 18:4, 20, KM).
RUH NƏDİR?
İndi isə gəlin, Müqəddəs Kitaba əsasən ruhun nə olduğunu nəzərdən keçirək. Bə’ziləri elə düşünürlər ki, ruh və can eyni şeydir. Lakin bu belə deyil. Müqəddəs Kitabdan aydın görünür ki, bunlar tamamilə fərqli anlayışlardır. Onların fərqi nədədir?
Müqəddəs Kitabın orijinal mətnində «ruh» anlayışı ibranicə ruah və yunanca pnevma kimi sözlərlə ifadə olunmuşdur. Bu sözlərin mə’nasını Müqəddəs Yazıların özü açıqlayır. Məsələn, Məzmur 104:29 ayəsində Yehova haqqında deyilir: «Sən onların nəfəsini [ruah] kəsərkən ölüb torpağa qarışırlar». Yaqub 2:26 ayəsində isə deyilir: «Bədən ruh [pnevma] olmadıqda... ölüdür». Bu ayələrdən göründüyü kimi, ruh bədəni canlandıran qüvvədir. Ruh olmadıqda bədən ölüdür. Buna görə də, ibranicə ruah sözü Müqəddəs Kitabda yalnız «ruh» kimi yox, həm də həyat nəfəsi, yə’ni həyat qüvvəsi kimi tərcümə olunur. Allah Nuha dedi: «Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi [ruah] olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək» (Yaradılış 6:17; 7:15, 22). Deməli, ruh — bütün canlı varlıqları hərəkətə gətirən gözəgörünməz qüvvədir (həyat qığılcımıdır).
Can və ruh eyni şey deyil. Elektrik cihazının işləməsi üçün cərəyan tələb olunduğu kimi, bədənin də yaşaması üçün ruh lazımdır. Radioqəbuledici aparatını təsəvvür edin: onun işləməsi üçün içinə batareya qoyulmalı və ya şəbəkəyə qoşulmalıdır. Əgər radioqəbuledicidə batareya olmasa və ya şəbəkədən çıxarılsa, o işləməyəcək. Buna bənzər şəkildə, ruh da bədəni cana gətirən qüvvədir. Elektrik cərəyanı kimi, ruhun da hissləri və düşüncəsi yoxdur. O şəxsiyyət deyil. Lakin məzmurçunun sözlərinə əsasən, insanlar ruh, yə’ni həyat qüvvəsi olmadan «ölüb torpağa qarışırlar».
İnsan öləndə nə baş verdiyi haqda Vaiz 12:7 ayəsində deyilir: «Torpaq [yə’ni bədən] gəldiyi yerə qayıtmamış, həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla». Həyat nəfəsi, yə’ni həyat qüvvəsi bədəni tərk edəndə bədən ölür və götürüldüyü torpağa qayıdır. Buna bənzər tərzdə, həyat qüvvəsi onu verənə — Allaha qayıdır (Əyyub 34:14, 15; Məzmur 36:9). Bu o demək deyil ki, həyat qüvvəsi həqiqətən də göyə qalxır. Sadəcə olaraq bu onu göstərir ki, ölən adamın həyatını yalnız Yehova qaytara bilər. Məcazi dildə desək, onun həyatı Allahın əlindədir. Çünki insanın yenidən yaşaya bilməsi üçün ona həyat qüvvəsini Öz gücü sayəsində yalnız Allah qaytara bilər.
Allahın ‘qəbirlərdə olanların hamısını’ həyata qaytaracağını bilmək necə də təsəllivericidir! (Yəhya 5:28, 29). Dirilmə zamanı Yehova insanlara yeni bədən verəcək və onların daxilinə ruh, yə’ni həyat qüvvəsi qoyaraq həyata qaytaracaq. Həmin dövr necə də sevindirici olacaq!
Müqəddəs Kitabda «ruh» və «can» anlayışının necə istifadə edildiyi haqda əlavə mə’lumatı «İnsan öləndə nə baş verir?» broşürasından və «Müqəddəs Yazıların əsasında mülahizə» kitabının 375-384-cü səhifələrindən (ing.) əldə etmək olar. Bu nəşrlər Yehovanın Şahidləri tərəfindən dərc edilib.